“Mən musiqiçiyəm, sözdən çox, səs adamıyam”

 

    (Məşhurların xanımları)

 

    İdeya müəllifi: Tofiq Abdin

Məmməd Quliyev xalqı yolunda fədailik etmiş sənətkarlarımızdandır. 14 il əvvəl əbədi olaraq gözlərini həyata yumdu, amma özü getsə də ölümsüzlük qazanmış  musiqi əsərləri qaldı. Bu gün Məmməd Quliyev haqqında xatirələri bizə həyat yoldaşı Culyetta xanım danışacaq.

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi, təcrübəli pedaqoq, ictimai musiqi xadimi Məmməd Quliyev milli musiqi mədəniyyəti tariximizdə öz maraqlı əsərləri ilə silinməz iz qoyub getmiş sənətkarlarımızdandır.

Məmməd Mehdi oğlu Quliyev 1936-cı il fevralın 9-da Azərbaycanın Göyçay rayonunda anadan olub. 1958-ci ildə Bakı Musiqi Texnikumunu tar sinfi üzrə müvəffəqiyyətlə bitirərək Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına – zəmanəmizin böyük bəstəkarı Qara Qarayevin sinfinə daxil olub və 1963-cü ildə təhsilini uğurla başa vurub.

Məmməd Quliyev 7 simfoniyanın, “Aldanmış ulduzlar” operasının, instrumental konsertlərin, iri həcmli xor əsərlərinin, o cümlədən Fikrət Qocanın sözlərinə yazılmış “Dədə Qorqud diyarı” kantatasının, M.Füzulinin sözlərinə “Şəbi-hicran” lirik poemasının, Xocalı hadisələrinə həsr olunmuş “Simfoniya – rekviyem”in, “20 Yanvar” şəhidlərinə həsr olunmuş “Rekviyem”in və çoxsaylı kamera-instrumental əsərlərin müəllifidir.

Qayğı dolu uşaqlıq illəri

Adımın Culyetta olmağına baxmayın. Damarlarımda əsl azərbaycanlı qanı daşıyıram. Atam Şamaxıdan, anamsa Naxçıvandandır. Valideynlərim peşəcə müəllim olub. Mən Bakıda doğulub, boya-başa çatmışam. Uşaqlığım olduqca çətin keçib. Biz görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun nəslindən idik. N.Nərimanov mənim bibimlə ailə həyatı qurmuşdu. Amma ailə quranda bibim azyaşlı olduğundan Nərimanov onu və bibimlə birlikdə atamı da övladlığa götürüb. Sonralar Nəriman Nərimanova qarşı olan təqiblər ailənin bütün üzvlərinə şamil edildi. Yadıma gəlir, təqib zamanı mən uşaq idim, dövlət əhəmiyyətli sənədləri atam mənim sinəmdə gizlədirdi. Atam illər sonra Bakı şəhərinin məkləblərindən birində müəllim kimi işə düzəldi. Mir Cəfər Bağırov sonradan onu bağışladı. Nəriman Nərimanovun həyatda qalan azsaylı qohumlarındanıq. İllər ötdü, orta məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət Universitetinin (indiki BDU)  filologiya fakultəsinə daxil oldum. 10 il akademiyada rəyasət heyətində köməkçi kimi çalışmışam.

Ailə qurduqdan sonra Asif Zeynallı adına musiqi məktəbində  ümumi təhsil şöbəsinin müdiri vəzifəsində işləmişəm. İndi  təqaüddəyəm.

Qapımın önündə yatan “Romeo”

Məmməd Quliyevlə Filarmoniyada tanış olmuşuq. Asudə vaxtlarımızda çox vaxt yoldaşlarımla birlikdə konsertlərə gedirdik. Və beləcə konsertlərin birində Məmmədlə qarşılaşdıq. Məmmədlə tanış olanda  mənim yaşım az idi. Düz səkkiz il Məmməd bizim qapının kəndarından çəkilmədi. Dərsə gedib-gəldikcə görürdüm ki, qapımızın yanında dayanıb. Həttə bəzən gecələr yatmayıb, qapımızın ağzında otururdu. İndi qocalığım sizi aldatmasın, deyilənə görə o vaxtlar çox gözəl olmuşam (gülür).

Atam Məmmədi müşahidə edirmiş. Bir gün onu evə çağırıb soruşdu ki, kimsən, niyə burda oturursan?

Məmməd çox utancaq oğlan idi. Başını aşağı salıb zəif səslə danışmağa başladı. Elə həyəcanlanmışdı ki, adı da yadından çıxdı.

– Mən gənc bəstəkaram.

– Adın nədir?

– Quliyev.

– Bəs soyadın?

– Məmməd...

Həyəcandan özünü itirmişdi. O gündən Məmməd bizə necə deyərlər, ayaq açdı (gülür).

Bir gözəl qız, iki dəfə adaxlandı

Bizim nişan tarixçəmiz olduqca maraqlıdır. İki dəfə nişanımız olub. Məmməd ailəsinə deyəndə ki, mənimlə evlənmək istəyir, anası şəhərli qızla kəndli oğlanın bir-birlərinə uyğun olmadıqlarını düşünərək bu evliliyə razı olmayıb. Məmməd Bakıda yaşayan əmisi ilə bizə nişana gəldi. Ənənələrimizə uyğun şəkildə nişanlandıq. Nişandan bir il sonra məlum oldu ki, Məmmədin ailəsinin bu xeyir işdən xəbəri yox imiş. Bir il sonra anasıyla dayısı bizim haqqımızda bilib ailəmlə tanış olmaq istədilər. Məmməd gəlib dedi ki üzüyu qaytar, biz yenə elçi gələciyik. Bu dəfə anası ilə birlikdə gəlib nişan etdilər. Bu hadisəyə atam yaman hirslənmişdi. Birinci dəfə güllərlə, hədiyyələrlə gələndə biz hardan biləydik ki, oğlanın ailəsinin heç nədən xəbəri yoxmuş(gülür).

25 yaşım olanda biz ailə qurduq. Bakıda nigah bağlayıb, Göyçaya getdik.  Ayağımın altında qoyun kəsdilər, başıma pullar atdılar(gülümsəyir). Bir sözlə toyumuz gözəl keçdi.

Gecə də, gündüz kimi işıqlı

Məmmədin anasından və dayısından başqa heç kəsi yox idi. Atası onun 4 yaşı olanda dünyasını dəyişmişdi, anası isə xəstə idi. Çox kasıb idilər. Məmməd Bakıya gələndə qoltuğuna vurub gəzdirdiyi tardan başqa heç nəyi yoxmuş. O qədər istedadlı gənc idi ki, notları belə bilmədən musiqi məktəbinə daxil oldu. Süleyman Ələsgərov notları öyrənmək üçün Məmmədə 1 il vaxt verdi. Gecə, hamı yatandan sonra Məmməd Konservatoriyaya gedib orada məşq edirdi. Qara Qarayev Məmmədin istedadına bələd idi və çox böyük dəyər verirdi. Biləndə ki Məmmədin məşq etməsi üçün musiqi aləti yoxdur, Qara Qarayev öz royalını Məmmədə hədiyyə etdi. Gecələr bilikdə işləyirdik. Əziyyət çəksək də maraqlı günlər idi. Mən dəftərləri yoxlayırdım, Məmmədsə çox sevdiyi royalında çalırdı.

Adi ailə həyatı, qeyri-adi həyat yoldaşı

Hər ailədə olduğu kimi bizim də ailəmizdə söz-söhbətlər olub. Hansısa bir musiqi əsəri yazanda, bəstəkar dostlarıyla yığışıb bu əlamətdar hadisəni qeyd edirdilər. Belə yığıncaqlardan sonra evə içkili gələndə mən küsürdüm (gülür).

Məmməd gözəl həyat yoldaşı idi, amma eyni zamanda məni yaman qısqanırdı. Təsəvvür edin ki, indi əlimdə cavanlıqdan bir şəkil də qalmayıb ki, sizə göstərim.

Birinci dəfə infarkt keçirəndən sonra, bütün şəkillərimi yandırdı.  Bu yaxınlarda onun haqqında sənədli film çəkəndə məndən şəkil istədilər. Uzun axtarışdan sonra, bacımgildən bir cavanlıq şəkli tapa bildik. Şəkillərimi niyə yandırdı, bilmirəm.  Yəqin bu hərəkəti də qısqanclıqdan irəli gəlib.

Qısqanc olmağına baxmayaraq, olduqca diqqətcil idi. Mən işləyəndə bir də görürdün, Məmməd uşaq kimi bir küncə çəkilib oğrun-oğrun mənə baxır (fikrə dalır).

Gözümün ağı-qarası

Bizim evliliyimizdən Mehdi adlı bir övladımız dünyaya gəldi. Mehdi də atası kimi olduqca istedadlı oğlandır. Orta məktəbi qızıl medalla bitirdi. Arzusu jurnalist olmaq idi. Amma mən ona məsləhət gördüm ki, bizim xalqımızın onun kimi istedadlı insanlara ehtiyacı var. Ana məsləhətinə qulaq asıb sənədlərini Tibb Universitetinə verdi. Psixologiya üzrə güclü mütəxəssisdir. Yeni elmi iş üzərində çalışır. Dünyanın bir çox nüfuzlu ölkələrindən dəyərli diplom və hədiyyələr alıb. Mehdiyə Amerikadan iş təklifi gəldi. Amma oğlum qəbul etmədi. Bilirsiz niyə? Çünki atası xəstə idi. Atamın məndən başqa dayağı yoxdur deyib, təklifi rədd etdi. Məmməd Mehdiyə gözəl ata olduğu kimi, Mehdi də Məmmədə gözəl övlad oldu. Əli çörəyə çatan kimi, atasının bütün arzularını reallaşdırmağa çalışdı. Mən oğlumla fəxr edirəm.

Dəniz kənarındakı Dərya

Səhhəti çox ağır olanda  Məmmədə dəniz havası xeyir edər deyə, Xəzər dənizinin sahilinə yaxın bir bağ evi aldıq. Ömrünün son gününü də elə həmin bağda keçirdi. İşə gedirdim, Məmməd dedi ki, mən bağa gedirəm. İcazə vermək niyyətində deyildim. Mən işdən qayıdım birlikdə gedərik, dedim, amma mənə qulaq asmadı. Özünə çörək almağa gedəndə, ürəyi tutub, ağacların kölgəsindəcə canını Allaha tapşırmışdı. 3 dəfə infarkt keçirmişdi. Amma onun həyatdan köçəcəyi fikri ilə heç vaxt barışmamışdım. Əlbəttə onsuz bizə çox ağır oldu. Tək dayağım oğlum Mehdidir. Həyatımın qaranlıq, problemlərlə dolu səhifələrini sizlərə danışsam, gərək günlərlə oturub yazasınız.

Sənət rəmzi

Məmməd qəliz insan idi. Hər kəsin beynində formalaşan sənət adamının obrazı Məmmədin xarakterində toplanmışdı. Onun tək düşüncəsi musiqi idi. Həyatının maraqlı məqamlarından biri odur ki, Məmməd heç vaxt iclaslarda iştirak etməzdi. Səbəbini soruşanda deyərdi ki, mən musiqiçiyəm, sözdən çox, səs adamıyam.

Qara Qarayev onun müəllimi olsa da, aralarında çox isti münasibət var idi. Sonralar Qara Qarayevin Məmmədə hədiyyə etdiyi royal sındırıldı deyə ona pis təsir etmişdi. Elə birinci infarktı da bu hadisədən sonra keçirdi. Məmmədin gözəl xüsusiyyətlərindən biri o idi ki, səmimi insan idi. Yalanla işi olmazdı. Nə mənə yalan danışardı, nə də iş yoldaşlarına. Zəng edib:

– Mən bu gün işə gəlmirəm, futbol var. Oturub ona baxacam – deyirdi.

Onun musiqidən sonra ən önəm  verdiyi tələbələri idi. Onlara çox diqqət yetirərdi. Bəzən elə olurdu ki, dərsdən sonra əlavə olaraq uşaqlarla məşğul olurdu. Bəzənsə musiqi üzərində çalışmaq istəyəndə heç dərslərə də getməzdi. Heç kim də, heç nə demirdi. Bilirdilər ki, Məmməd adi müəllimlərin bir ildə tələbəyə öyrədə biləcəyini, bircə dərsə edən bəstəkardır. Bunu mən yox, onun şagirdləri deyir. Hə, mən xoşbəxt qadınam ki, həyatımı belə şəxsiyyətlə birlikdə yaşamışam.

 

Məhəbbət HACIYEVA

Firəngiz AĞALAR

525-ci qəzet.-2014.- 17 may. - S.20.