"Bir ulduz azalsa..."
Yüz Gözəl Sevgi Şeiri
P ƏRVİNin
təqdimatında
Sevdiklərinə
nə qədər bağlısansa, həyata, dünyaya da
bağlılığın o qədərdi. Yaşadıqca adiləşir çox şey. Elə həyatın özü
də. Məhəbbəti
bitmiş, hissləri soyumuş aşiq bir vaxt çılğın
eşqlə sevdiyi qadına baxan kimi baxırsan həyata... Hansısa bir doğmalıq, məhrəmlik var, işıqlı xatirələr,
keçmişdə qalmış
fərəh, sevinc, xoşbəxtlik... hamısı
var. Amma indi o bağlar gün-gündən
zəifləyir, nazilir, üzülür... Ölüm elə
sabah sənə eşq
elan eləsə, ardınca gəlsə, əl-ələ
tutub gedə bilərsən onunla. Həyata sevgin
azalıb, bitib, ona
görə! Amma həyatı elə-belə
bilmə... Həyat gözlənilməzlikləri
ilə gözəldi! Heç
ağlına da gətirməzdin, yatsan yuxuna da
girməzdi, desələr inanmazdın, danışsalar kinayə
ilə gülümsəyərdin. Hə! Sən
qapatmışdın eşq səhifəni!
Həyatın bu üzüylə
vidalaşmışdın artıq. Qələm çəkmişdin
o duyğularının üstündən.
Bundan sonra nə
düşündürə, təəccübləndirə,
heyrətləndirə bilər ki səni?!
Heç nə! Heç nə?
Elə-belə bilmə həyatı... Sənə
xoş bir sürprizi var! Ürəkli
ol bir az!
Çətinliklərdən qorxma.
Əziyyətdən qaçma. Axı sevgi də, yaşamaq da hər şeydən öncə zəhmət
istəyir, bilirsən! Sən də zəhmətkeşsən.
Qorxaq deyilsən yaxşı ki... İkinci nəfəs
açılır həyatında. Vurulursan,
sevirsən. Taleyin bu şirin, göylərdən göndərilmiş payına açırsan
qollarını... Bu, həyatla sonuncu bağdı. Onu sevdiyin üçün, həyatı
da sevirsən, ondan ötrü yaşamaq istəyirsən!
Hər gün bir az daha bağlanırsan dünyaya. Bu dünyada o var, sevdiyin var,
ona görə! Dünənki biganəliyindən,
ölümü səsləyən
şikayətlərindən əsər-əlamət
qalmayıb. İndi əksinə, qovursan o düşüncələri...
Hələ çox yaşayacam,
min il ömür
sürəcəm – deyirsən! Meydan oxuyursan: yaşa, mühitə,
qadağalara, dedi-qodulara,
paxıllara, yazıqlara... hamısına, hər şeyə. Ancaq qəfildən qəribə bir təlaş alır içini.
Birdən! Bəlkə! Yox, ola bilməz... Amma olsa... Hə, yenə ölümü
düşünürsən. Bu dəfə
başqa cür
baxırsan ona. Daha ölümün də mənası
başqadı. Dünyanı dəyişmək, bioloji varlığa son qoymaq, vəfat eləmək, nə bilim daha nə
anlamını vermir... İndi
ölüm ayrılıq mənasını
daşıyır! Sevdiyinlə ayrılıq! Təkcə ona görə yaşamaq
istəyirdin, yalnız ona görə
ölmək istəmirsən... Axı necə tərk edəsən,
nə cür
tək qoyasan onu...
Sənsiz neyləyəcək, necə yaşayacaq
bu zalımlar arasında?! Hərdən
vahiməli yuxular da
görürsən. Tabutun başında
görürsən sevgilini... Ürəyin
dağılır, için
sızıldayır, hövlnak durursan yuxudan... Sevinirsən
yuxu olduğuna. Amma bir gün
gerçəkdə olsa?! Özünü
düşünmürsən artıq. Onun
əzab çəkəcəyini fikirləşib dəli olursan. Yoxluğunun
acısını indidən, var ikən ovutmaq istəyirsən. Ağlına gələn
təsəlliləri düzürsən sapa...
Vəsiyyət yüngüllükdü – deyib elə hey
danışırsan... Xalq şairi
Sabir Rüstəmxanlının “Vəsiyyət”
şeirindəki kimi... Şeirin
elə ilk misraları təsəlli ilə
başlanır. Üzülmə! – deyir şair... Qəribə bir
təmkin duyulur aşiqin
vəsiyyətində. Ölümü adi, gündəlik bir xəbərə
bənzədir Sabir Rüstəmxanlı. Amma o təmkinin, sakitliyin arxasında, gizlində, lap dərində kədər də, qorxu da duyulur.
“Bir ulduz axsa vətənin göylərindən, bir nəğmə sussa dodaqda...” Axı doğrudan
da, sevirsənsə, yaşadıqların
nəğmədi, hər günün
bayramdı, hər anın sevincdi... Və
bir gün ölüm o bayramı matəmə
çevirirsə, nəğmələr də rekviem
kimi səslənir... Amma
Sabir Rüstəmxanlı düşünmür
bunu, hər halda bu şeirində. Şairin
uğurlu bir priyomu görünür “Vəsiyyət”ində.
Təbiəti, yurdun gözəlliklərini
sevgilisinə tapşırmaqla, ona vəsiyyət
eləməklə peyzaj yaradır şair. Aşiqin vətəninə
sevgisi, doğma yerlərə
bağlılığı qadına sevgisiylə paralel verilir burda. Amma bəlkə əslində,
Abşeron, Xəzər, tut,
əncir, meynələr, şanı, bağların kimsəsizliyi
və hətta neft qoxuyan
hava da, hamısı,
hər şey bu
Qadına görə gözəldi, sevimlidi.
Aşiqi elə bu
yazdığı təbiətlə, yerlərlə də bağlayan sevgidi,
Qadındı. Dünyayla bağlayan
odu, ona görə.
Şeirin əsas üstünlüyü səmimiliyidir. Sabir Rüstəmxanlı özünə, sözünə,
üslubuna sadiqdi bu əsərdə. Həmişəki ictimai mövqeyi,
xalqına görə narahatlığı sevgi
şeirində də öz yerindədi. Aşiqin sevgidən başı gicəllənsə
belə, savaşı, şəhid qəbiristanlarını unutmur. Dərdləşir sevgilisi
ilə, ağrılarını bölüşür.
Gözləri yol da çəkir
bu anlarda...
Məncə, şeirin ən
qəmli anı, həm də vida məqamı
“Adını yaz qumlara...
Göz yaşımla yuyulacaq
şübhəsiz...” misralarındadı... Şairin
ağrısı burda görünür,
məhz bu misralarda, bütün şeir boyu sevgilisini üzməməkdən
ötrü qoruduğu
təmkini də həmin misralarda pozulur. Elə bil ürəyi
partlamağa gəlir... Hisslər bir-birinə
qarışır. Həm sevdiyi
qadını tərk eləməyin ağrısı, həm də
ona qoşulub öz yoxluğuna
ağlaması... Qumlara yazılmış
adı yuyan göz
yaşları!
Və son! İndən belə dağlara qalxmağın, güzgülü bulaqlara baxmağın, çəmənləri gəzməyin bir anlamı yoxdu... Çünki şair özü dediyi kimi – sevgisiz qalmaq çətindir, sevgini yaşatmaq qədər!
Amma həyatı elə-belə bilmə! Bir də gördün o dünyada görüşdüz... bu dəfə çox gözlətməz!
Sabir Rüstəmxanlı: “Yorulma yaşamaqdan!”
... Və günlərin birində...
Üzülmə!
Qəfil Bakı küləyinə bənzər bir söz
Uçub keçsə başının üstündən
Yüz-yüz yeni xəbərtək,
Tellərin qırmac-qırmac çırpılsa xatirələrimizə
Bir ulduz azalsa vətənin göylərindən,
Bir
nəğmə sussa dodaqda...
Kimsə kimsənin ömrünə şərik deyil
Yorulma yaşamaqdan!
Tam tərsinə!
Dünyaya mənim gözümlə də bax!
Özəlliklə sübh çağı...
Günəşin Xəzərdə yuyunub çıxmasına...
Qupquru budaqların yaz ağzı
Yarpaqdan öncə tut, əncir doğmasına.
Abşeron mənim də qara sevdamdı,
Bilirsən!
Qışda bağlarının kimsəsizliyində
Boy atan bahar həvəsiylə...
Dağıtdı dünyamı savaş,
şəhid qəbiristanları
və “xlor var” səsiylə...
Bir daha çək sinənə neft qoxuyan havanı
Sənin nəfəsin hər
zaman sevgi qoxuyardı.
Bir salxım şanı dərdin,
Mənim yerimə də dər!
Üstümüzə
çətir hörən
meynələrə
Anamın barmaqları kimi
toxunardım.
Mənim əllərimlə də toxun mavi sulara,
Səninlə bir məni də
alsın qoynuna dəniz...
Adını yaz qumlara,
Göz yaşımla yuyulacaq şübhəsiz!
Vaxtın yetsə hər mövsüm qalxa bilsən dağlara,
Salsan doğma rəsmini güzgülü budaqlara,
Dodaqlarım səssizcə öpəcək
dodağından.
Hər şeh damlasında görəcəksən gözümü
Çəhlimli
çəmənlərə çıxan zaman...
Əziyyətin artacaq bilirəm...
İtki, gizli yaşanan kədər!
Sevgisiz qalmaq çətindir,
Sevgini yaşatmaq qədər...
525-ci qəzet.-2014.- 17 may. - S.21.