Məsiağa Məhəmmədi:
“Xosrov və Şirin”, əslində, bir romandır”
Tanınmış
şərqşünas alim, tərcüməçi Məsiağa
Məhəmmədi “Kulis.az”ın “Ən sevdiyim əsər”
layihəsində Nizami Gəncəvinin “Xosrov və Şirin”
poemasından danışır.
– Məsiağa
müəllim, hansı məziyyətlərinə və bədii
keyfiyyətlərinə görə “Xosrov və Şirin” poeması
sizin ən sevdiyiniz əsərdir?
– Bu əsərə
sevgim gənclik illərində başlayıb, “Xosrov və
Şirin”lə bağlı ilk araşdırmamı hələ
tələbəykən aparmışam. O zaman bizə ədəbiyyat
nəzəriyyəsindən dərs deyən mərhum Xalq
yazıçısı Gülhüseyn Hüseynoğlu həmin
araşdırmanı yüksək qiymətləndirdi və
öz münasibətini Sədidən bir beyti xatırlatmaqla
ifadə etdi.
Məsələ burasındadır ki, “Xosrov və
Şirin” istər Nizaminin öz
yaradıcılığında, istərsə də Azərbaycan
və bütövlükdə Şərq ədəbiyyatı
tarixində tamamilə yeni bir hadisə idi. Bu əsərdə
Nizami ilk dəfə şəxsi və ictimai harmoniya barədə
təlimini irəli sürüb və həmin təlim onun
sonrakı əsərlərində inkişaf etdirilib. Əsərin məzmunu, çoxplanlı süjeti,
mükəmməl kompozisiyası, surətlərin təqdiminin
xarakteri və ümumən pafosu onu Azərbaycan ədəbiyyatı
tarixində roman janrının ilk nümunəsi hesab etməyə
tam əsas verir. Bu barədə Mikayıl
Rəfilidən tutmuş Y.Meletinskiyə qədər bir
çox alimlər fikirlər söyləyib. Yəni əsərin ənənəvi olaraq poema
adlandırılması şərti səciyyə
daşıyır. “Xosrov və Şirin” əslində,
bir romandır. Daha dəqiq demək istəsək,
mənzum roman. Roman, bilindiyi kimi, qəhrəmanlıq
eposunun fəlsəfi mənada inkarı kimi meydana
çıxıb. Nizami ilə Firdovsinin
yaradıcılıq münasibətləri də bu aspektdə
dəyərləndirilməlidir. Yəni
Firdovsidən fərqli olaraq, Nizami Xosrovu bir hökmdar kimi
deyil, bir insan kimi təsvir edir. Əsərin
mərkəzində insan şəxsiyyəti, onun daxili aləmi,
mənəvi təbəddülatı dayanır və məhəbbət
macərası fonunda Nizami fərd və cəmiyyət
problemini, şəxsi istəklərlə ictimai vəzifələrin
kolliziyasını misilsiz bir məharətlə təqdim edir.
Bu əsərdə Nizami özünə qədərki
epik ədəbiyyata xas olan fantastikadan imtina edir,
yaradıcı təxəyyülünə meydan verir, diqqəti
insan xarakterlərinin dinamikasına yönəldir, tarixi və
mifoloji həqiqətlərə o qədər əhəmiyyət
verməyib əsas fikri insan münasibətlərinin məntiqi
üzərində cəmləşdirir. Əsərdə
əsas maraq obyekti zahiri macəralar deyil, daxili
yaşantılardır, bu da incə psixoloji təhlilə,
“daxili insan”ın açılmasına şərait
yaradır.
“Xosrov və Şirin”in kompozisiyası da roman səciyyəlidir. Burada iki hissə
aydın seçilir. Birinci hissə
giriş mahiyyəti daşıyır, qiyabi aşiq olma,
tanıyıb-tanımama, qəhrəmanların birləşməsinə
mane olan təsadüfi hadisələr və başqa elementləri
ehtiva edir. Roman əsas ikinci hissədən
başlayır, yəni qəhrəmanların qovuşması
üçün xarici maneələr aradan qalxır, lakin
daxili kolliziyalar yaranır, ləyaqətli şahla ləyaqətli
aşiqin bir yerə sığması məsələsi,
başqa sözlə, məhəbbətlə ictimai vəzifənin
konflikti meydana çıxır. Xosrov özü də
deyir:
Hər
ikisi olsa, həm şahlıq, həm yar,
Ürək də şahlıqdan bir ləzzət alar.
Bu
kontekstdə qəhrəmanların təkamülü və
münasibətlərin harmoniyası kimi uzun bir proses baş
verir və önəmlisi odur ki, həmin prosesdə hər bir
hadisə üzvi surətdə özündən əvvəlki
situasiyadan doğur, roman üçün vacib hesab olunan səbəb
əlaqəsi, hadisələrin qanunauyğun inkişafı və
konfliktin zəruri həlli kimi xüsusiyyətlər
özünü göstərir.
Yadındadırsa, əsərin əvvəlində
atası tərəfindən cəzalandırılaraq dörd
şeydən məhrum olan Xosrova babası Ənuşirəvan
yuxuda “dörd gövhər” əldə edəcəyini
bildirir. Xosrovun həyat məqsədini təşkil edən
“dörd gövhər”dən ikisi – Şirin və hakimiyyət
– əsasdır və əslində, şəxsiyyətin fərdi
və ictimai istəklərini simvolizə edir. Odur ki, onların mahiyyətindəki ziddiyyət
Xosrovun simasında fərd – sosium konflikti kimi təcəssümünü
tapır, onun daxili təzad və mübarizələrini şərtləndirir.
Nizami
özü də əsərin yaradıcılığında
yeni bir hadisə olmasına açıq işarə edir,
“Xosrov və Şirin”in əvvəlində yazırdı:
Mənim
xəzinəm var “Məxzənül-əsrar”,
Boş zəhmət çəkməyin nə mənası
var?
Lakin bir adam yox dünyada bu gün
Zövqdən, əyləncədən uzaq
görünsün.
Sonuncu misra orijinalda “həvəsnaməyə həvəsi
olmasın” şəklindədir. Yəni şair əsəri
“həvəsnamə”, yəni hisslər haqqında kitab
adlandırır. Başqa sözlə,
Nizami “Məxzənül-əsrar”da – “Sirlər xəzinəsi”ndə
olan mücərrəd hikmətlər və didaktikadan real
insan hisslərinin təsvirinə keçir. Bu sözlərdən sonra əsərdə şairin
eşq haqqında məşhur fikirləri gəlir. Qeyd edim ki, Nizaminin eşq konsepsiyası o dövrdə
filosofların və sufilərin irəli sürdüyü
eşq təlimindən daha geniş və əhatəlidir.
Şair həmin konsepsiyanı hətta bu şəkildə dilə
gətirir:
Köpək kimi yemək, içmək nədir, nə?
Bir
pişik olsa da, can ver eşqinə!
Pişiyin
eşqiylə yaşamaq, inan,
Yaxşıdır, şir olub yalnız qalmaqdan.
Rəhmətlik Mikayıl Rəfili doğru olaraq
yazırdı ki, Nizami “Xosrov və Şirin”də eşqin
alçaq ehtirasdan tutmuş yüksək etik ideala qədər
bütün təzahürlərini əks etdirib.
Əsəri mənə sevdirən cəhətlərdən
biri də onun Azərbaycan mühiti ilə
bağlılığıdır. Bu məsələ
dahi Məhəmməd Əmin Rəsulzadənin Nizami
haqqında kitabında gözəl şərh olunub.
– Nizami əsərin
girişində Allaha dua edir:
Şahın
gözlərində onu et şirin,
Şirin haqqındadır özü əsərin.
Sizcə, niyə əsərin məhz Şirin haqında
olduğunu vurğulayır?
– Nizami
burada hər şeydən əvvəl söz oyunundan istifadə
edib. Amma orası da var ki, əsərin iki əsas
surətinin – Xosrov və Fərhadın – istək obyekti məhz
Şirindir və bu mənada əsərin Şirin haqqında
olduğunu söyləməkdə qeyri-adi heç nə
yoxdur.
Yetmiş iki iz var yolumda
müşkül,
Yetmiş biri tikan, ancaq biri gül.
– Nizami bu
beytdə dünyada yetmiş iki əqidə olması haqda məşhur
rəvayətə işarə edir. Lakin bu
yetmiş iki əqidədən ancaq birinin (islamın) gül
olduğunu irəli sürür. Bu beyt Məhəmməd
peyğəmbərin tərifi zamanı deyilir. N.Gəncəvi kimi böyük şəxsiyyətin
bu cür birmənalı düşünməsi qəribə
görünür, deyilmi?
– Yox,
burada qəribə bir şey görmürəm. Və həmin beytdə Nizaminin tolerant
düşüncəsinə zidd olan heç nə yoxdur.
Nizami bunu Allaha müraciətlə deyir, Ondan
doğru yola hidayət olunmasını diləyir. Əlbəttə,
burada 72 millət (və ya 73 firqə) barədə məşhur
hədisə işarə var. Özü də söhbət islam daxilində olan firqələrdən gedir və
bunun indinin özündə də birmənalı şərhi
yoxdur, yəni “firqeyi-naciyə” (nicat tapacaq firqə) barədə
fikirlər müxtəlifdir. Ümumiyyətlə, Fərid,
bu, bir az qəliz mövzudur və mən məzhəb
mübahisələrinə varmaq istəmirəm. Ən
yaxşısını Hafiz Şirazi deyib: “Yetmiş iki millətin
davasını üzrlü say, çünki həqiqəti
görmədiklərinə görə, əfsanə yolunu
tutdular”.
Bu
dünya fanidir, qalma eyşindən,
Bu mənim fikrimdir, özün bilərsən.
– Sizcə,
bu misrada eyş birbaşa mənadamı işlədilib?
– Əlbəttə, Nizami heç də oxucusunu
eyş-işrətə qurşanmağa, əyyaşlığa
çağırmır. O, tərki-dünyalığı rədd edən
düşüncəsinə uyğun olaraq, insanı dünya
nemətlərindən, gözəlliklərdən həzz
almağa səsləyir və bu həzz qətiyyən maddi,
bioloji çərçivə ilə məhdudlaşmır.
Xosrovdan, Şirindən qalan yadigar
Gizlində deyildir, durur aşikar.
Şəbdiz
atın şəkli, Bisütun dağı,
Pərviz sarayının eyvanı, tağı.
– Nizami
xüsusi olaraq dastanın real hadisələrdən
qaynaqlandığını vurğulayır, amma sonra da “Leyli
və Məcnun” kimi əfsanə yazıb. Nizami bu dastanda real
hadisələrdən yazmağı tərəfdarı kimi
görünür:
Qiymətdən
salmışdır sözü yalanlar,
Doğrunu söyləyən möhtəşəm olar.
Sizcə, Nizami bu dastanı nə dərəcədə
real yarada bilib?
– Nizami hər
bir əsərini, o cümlədən, “Xosrov və Şirin”i
yazarkən, mövzu ilə bağlı mövcud yazılı
və şifahi qaynaqları dərindən araşdırıb,
sonra bu materialı öz yaradıcılıq məqsədinə
uyğun şəkildə təxəyyülünün
ixtiyarına verib. Bu baxımdan dediyin parçadan əvvəlki
beytlər daha böyük maraq doğurur:
Məlum
hekayədir “Xosrov və Şirin”,
Dastan yoxdur əsla bu qədər şirin.
Ruhu
oxşasa da bu gözəl dastan,
Pərdədə qalmışdı bu gəlin
çoxdan.
Tanıyan
yoxdur bu gözəl alması,
Bərdədə var idi bir əlyazması.
O ölkənin
qədim tarixlərindən
Bu dastanı tamam öyrənmişəm mən.
O yerdə
yaşayan qoca adamlar
Təşviq etdi, işə mən verdim qərar.
Ağıl
bu dastanı bəyənsin gərək,
Sözləri şirindir, məzmunu gerçək.
Göründüyü kimi, Nizami əsərin
yazılmasında həm də yerli mənbələrdən,
dəqiq desək, Bərdədə qorunan unikal əlyazmasından
istifadə edib, bu əlyazma onun sələflərinə və
xələflərinə bəlli olmayıb. Digər tərəfdən,
şair yaşlı insanların söhbətlərindən də
nələrisə əxz edib. Özü
onun məzmununun gerçək, yəni sən demişkən,
real olduğunu vurğulayır. Amma
şübhəsiz, Nizami təsvir etdiyi hadisələrin tarixi
baxımdan yüzdə yüz gerçəkliyini deyil, təsvirin
özünün, xüsusən insan xarakterlərinin
reallığını nəzərdə tutur və bu, həqiqətən
belədir. Bu mənada, “Xosrov və
Şirin” bütövlükdə Şərq ədəbiyyatı
tarixində nadir bədii nümunədir.
– Nizami
“Xosrov və Şirin” mövzusuna ilk dəfə müraciət
edən Firdovsinin “Şahnamə”də bu mövzunu yarada bilmədiyini
vurğulayır. Bildirir ki, Firdovsi qoca idi deyə bu dastanı
lazımınca əks etdirə bilməyib:
Altmışda,
sevginin, eşqin həyəcanı
Titrədə bilməzdi yorğun qocanı.
– Həqiqətən
də, belədir və bu təkcə Firdovsinin “qocalığı”
ilə deyil, “Şahnamə”nin qayəsi ilə
əlaqədardır. Firdovsi
şahlığın və şahların tarixini
yazırdı, sevgi macəraları onun əsas
yaradıcılıq məqsədi deyildi. Bu mənada təkcə
Xosrov və Şirin əhvalatı deyil, Zal və Rüdabə,
Bijən və Mənijə kimi məhəbbət süjetləri
də “Şahnamə”də epizodik yük və mahiyyət
daşıyır. Nizami isə özünün dediyi kimi,
eşqi qələmə almaq istəyib və bu üzdən
süjetə “Şahnamə”də ümumiyyətlə, olmayan
Fərhad obrazını da daxil edib. Azacıq dəyişikliklə
akademik N.İ.Konradın ifadəsi ilə desək, Firdovsidə
qəhrəmanlığın özü, Nizamidə isə qəhrəmanlığı
edən insan tərənnüm olunur; Firdovsi xəyanətin
özünü, Nizami isə xəyanəti edən insanı
təsvir edir. Bu mənada Nizami “Xəmsə”si
Firdovsi “Şahnamə”sinə nə qədər bağlı
olsa da, onunla antiteza təşkil edir. Həmin
qarşılaşmada tarixi-ədəbi perspektiv
baxımından Nizami qalib gəlir.
– Şirinin sevgisiylə Xosrov mənəvi yüksəliş
yaşayır, Dantenin “İlahi komediya”sında
Beatriçanın da sevgisiylə aşiq yüksəlir. Yaxud Şirini
sevən Xosrov onunla yaxınlıq etmək istəyəndə
Şirin kəbinsiz yaxınlığa razı olmur, eyni
situasiya Romeo və Cülyetta arasında da yaşanır.
İstərdim ki, bu bənzərliklərdən
danışasınız.
– Məhəbbət
mövzusunda yazılmış əsərlər arasında bu
cür ümumiliklərin olması təbiidir və onlar həm
tipoloji, həm də genetik səciyyə daşıya bilər.
Konkret olaraq, indiki halda, mənim qənaətimə
görə, bu bənzərliklər zahiridir və
adını çəkdiyin əsərlər “Xosrov və
Şirin”lə müqayisəyə gələ bilməz.
Nizami sadəcə məhəbbət dastanı
deyil, bütöv sosial-fəlsəfi konsepsiyanı ehtiva edən
möhtəşəm bir roman yaradıb.
–
Şirin ideal hesab oluna bilər. Deyilənə
görə, Şirin obrazının prototipi Nizaminin
dünyadan vaxtsız köçən xanımı
Afaqdır. Sizcə, bu fikir nə dərəcədə
əsaslıdır?
– Şübhəsiz, Afaq tam mənada Şirinin prototipi
deyil, amma bu da həqiqətdir ki, Nizami bu obrazı yaradarkən,
çox sevdiyi Afaqdan təsirlənib, onun müəyyən
keyfiyyətlərini Şirinin simasında canlandırıb. Necə ki, Şirinin
ölümünü təsvir edərkən özü də
deyir:
Oxu bu dastanı qəlbində kədər,
O gözəl
Şirinçün ağla bir qədər.
Çünki
tez tərk etdi o bu aləmi,
Cavanlıqda soldu qızılgül kimi.
Qıpçaq
bütüm təki ox kimi süzdü,
Afaq sevgilimin sanki özüydü.
–
Poemanın içində Xosrov-Şirin-Fərhad
üçbucağının müstəqil əsər kimi –
“Fərhad və Şirin dastanı”
adlandırılmasının səbəbi nədir? Bu, müasir ədəbi cərəyanlarda rast gəldiyimiz
roman içində roman texnikası deyilmi?
–
Yuxarıda dediyim kimi, “Xosrov və Şirin” janr etibarilə
romandır. Özü də bu, müasir meyarlar
baxımından belədir. Odur ki, əsərdə
müasir roman texnikası elementlərinə rast gəlməyimizdə
təəccüblü bir şey yoxdur.
- Nizami bu
əsərdə göstərir ki, ağıl (Fərhad)
heç də gücdən və var-dövlətdən (Xosrov)
geri qalmır. Nəzərə alsaq ki, “Xosrov və
Şirin” şah sifarişi ilə yazılıb, onda bu cəsarətli
ideya sayıla bilər. Ancaq Nizami
ardıcılları (Nəvai, Arif Ərdəbili və s.) bu
ideyadan uzaqlaşdılar, Fərhadı da şahzadə kimi təqdim
etdilər. Məsiağa müəllim, istərdim
söhbətimiz bu dastanın Nizamidən sonra ideya dəyişiminə
sarı yön alsın.
–
Çox maraqlı sualdır. Şərq ədəbiyyatında
Nizami məktəbinin təşəkkülü və
inkişafı ilə bağlı araşdırmaların
sayı az olmasa da, bu sahədə öyrənilməmiş
problemlər də çoxdur. Xüsusən də,
məlum mövzu və süjetlər çərçivəsində
Nizaminin ideya-estetik prinsiplərinin transformasiyası, yəni sən
demişkən, “ideya dəyişimi” proseslərinin tədqiqi
sahəsində. Görkəmli şərqşünas
Qəzənfər Əliyevin “Nizaminin mövzu və süjetləri
Şərq ədəbiyyatlarında” adlı kitabında bu qəbildən
müxtəlif dillərdə 600-ə yaxın əsər
haqqında məlumat verilir. Təkcə
“Xosrov və Şirin” mövzusunda Əmir Xosrov Dəhləvidən
tutmuş Nazim Hikmətə və Səməd Vurğuna qədər
çoxsaylı əsərlər yazılıb. Belə uzun tarixi dövr ərzində həmin dəyişimin
olması tamamilə təbiidir.
Konkret olaraq, orta əsrlərdən danışaq. Məlum
olduğu kimi, Nizamidən sonra ilk “Xəmsə” müəllifi
böyük hind şairi Əmir Xosrov Dəhləvi olub, o
cümlədən, “Şirin və Xosrov” adlı əsər
yazıb. Dediyin dəyişimi artıq
Əmir Xosrovda görürük. Onun əsərində
Nizamidə olan psixoloji təhlil, sosial-mənəvi problematika
arxa plana keçir, öz yerini əyləncəvi
başlanğıca, süjetin cəlbediciliyinə verir,
romantik məhəbbət macərası əsas qayəyə
çevrilir.
Sonrakı
əsrlərdə də bu proses davam edir. Romantik
hisslərə aludəlik Fərhadı əsas qəhrəman
mövqeyinə çıxarır. Buradan
süjetin mistik planda, təsəvvüf ruhunda şərhinə
bir addım qalır və XV-XVI əsrlərdə bu,
reallaşır. Yəni süjet, tematika,
formal əlamətlər (vəzn və s.) saxlanılsa da,
Nizaminin “Xosrov və Şirin”də qoyduğu ciddi sosial-fəlsəfi
və psixoloji problemlər unudulur, baxmayaraq ki, bu mövzuda əsər
yazan hər bir şair Nizamini öz ustadı olaraq yad edir.
Burada bir
maraqlı məqamı da qeyd etmək lazımdır: bu da
Nizaminin davamçılarına Əmir Xosrovun ədəbi
metodunun təsiri məsələsidir, yəni XIV əsrdən
başlayaraq, Nizaminin ardıcılları ikili təsirə məruz
qalırlar və bir çox hallarda Dəhləvi irsi dominant
mövqedə olur. Bütövlükdə
Nizaminin davamçılarının heç biri bu mövzunun
ideya-bədii həllində onun səviyyəsinə yüksələ
bilmir.
– Əsərdəki lirik ricətlər də olduqca
maraqlıdır. Həmin lirik ricətlərin əsərin
mahiyyətinə gətirdiyi gücdən, enerjidən də
danışmağa dəyər.
– Bəli,
Nizami lirik ricətlərin böyük ustasıdır. Güc, enerji öz yerində, bu ricətlər əsərin
kompozisiyasında önəmli rol oynayır, müəllif-oxucu
ünsiyyətinin baş tutmasında ciddi əhəmiyyət
kəsb edir. Lirik ricətlər süjetin
arxasınca gedən oxucunun bir növ nəfəsini dərməsinə,
müəlliflə birgə baş verənlərin sosial-fəlsəfi
mahiyyətinə varmasına şərait yaradır. Məsələn,
Xosrovun öldürülməsi səhnəsinin ardınca
şair yazır:
Günəş
tək açılmış bir gül, görürsən,
Edir təravətlə dünyanı rövşən.
Əlində
od qılınc bir bulud gələr,
Onun vəhməsindən solar bitkilər.
Elə
dolu yağar qara buluddan
Ki,
gül budağından qalmaz bir nişan.
Yatmış
bağban birdən oyanıb qalxar,
Görər
nə gül qalıb bağda, nə gülzar...
– Tərcümədə
də ciddi səhvlər olduğu vurğulanır, məsələn,
biri elə mənim gözümdən də yayınmadı.
Xəznəsi vardı ki, düz qırx otaqlı tək
biri açıqdı, onusa bağlı.
Bundan başqa da, qafiyə xətrinə həcmin
artırılıb, azalmasını müəyyən tədqiqatçılar
da vurğulayır. Fars dilini bilən mütəxəssis kimi
istərdim bu barədə danışasınız.
– Qətiyyən
“ciddi səhvlərdən” söhbət gedə bilməz. Elə gətirdiyin nümunə də orijinala
uyğundur, sadəcə, ifadədə müəyyən
qüsur var. Yəni ikinci misra “Biri açıq idi, onusa
bağlı” şəklində verilsəydi, daha dəqiq
olardı. Həmin beytin işləndiyi
kontekstə baxsan, şairin nə üçün belə
dediyini asanca başa düşərsən.
Ümumiyyətlə, böyük şairimiz Rəsul
Rzanın tərcüməsi “Xəmsə”yə daxil olan əsərlərin
dilimizə tərcümələri arasında həm orijinala
uyğunluq, həm də bədiilik baxımından xüsusi
yer tutur.
Sözə son dərəcə məsuliyyətlə
yanaşan, Nizami düşüncəsinə və
poetikasına dərindən bələd olan Rəsul Rzanın
tərcüməsi başqa cür ola da
bilməzdi. Mən bu barədə bir dəfə
danışmışam, yenə deyirəm, tərcümədə
elə yerlər var ki, orijinalla tutuşdurub mütərcimin məharətinə
heyran qalmaya bilmirsən. Misal üçün, Şirinin
ölümü zamanı deyilən:
Alqış
bu ölümə, əhsən Şirinə!
Öldürən
Şirinə, ölən Şirinə!
Məhəbbət
yolunda ölüm budur, bax,
Canana belədir
canı tapşırmaq! –
misraları həm orijinal mətni maksimal dəqiqliklə əks
etdirir, həm də bədii baxımdan təsirlidir.
Onu da nəzərə
almaq lazımdır ki, həm Rəsul Rza, həm də “Xəmsə”nin digər tərcüməçiləri bu
işi fars dilindən sətri tərcümələr əsasında
həyata keçiriblər. Əgər 1980-ci
illərdə görkəmli mütəxəssislərin etdiyi
filoloji tərcümələrdə müəyyən
nöqsanlar tapılır və bunun ətrafında mübahisələr
olurdusa, poetik tərcümələrdə də hansısa
çatışmazlıqların olması təbiidir, amma bu,
həmin böyük işin üzərinə kölgə
salmağa əsas verməməlidir. Bir də
bu tərcümələrə dodaq büzənlər qoy əvvəlcə
özlərinin tərcümə anlayışlarını dəqiqləşdirsinlər,
sonra başqalarının işinə qiymət vermək
iddiasında bulunsunlar.
– Xosrovun
ölümü Şiruyənin xəyanətindən daha
çox, Xosrovun Mustafanı (Məhəmməd peyğəmbəri)
yuxuda görməsi, peyğəmbərin ona dinini dəyişməsini
məsləhət görməsi, ancaq onun razılaşmaması
ilə əlaqələndirilir. Baxmayaraq ki, əsər
sevgi dastanıdır, ancaq insanların aqibəti dini kontekstdə
həll edilir. Sizcə, bunun səbəbi nədir?
–
Yaxşı sualdır. Yada salaq ki, qeyd etdiyin məsələ
əsərin süjeti bitdikdən sonra vurğulanır. Yəni əsas personajlar öldükdən sonra
Nizami əsərə “Xosrovun səltənətinin
dağılmasının səbəbləri” adlı bir fəsil
daxil edir və dediyin yuxu epizodundan da orada söz açır,
daha sonra peyğəmbərin Xosrova məktub yazmasından bəhs
edir. Tarixi baxımdan bu, doğrudur,
söhbət ümumiyyətlə, islamla
qarşılaşmada Sasani səltənətinin süqutundan
gedir. Nizami bir müsəlman kimi bunda ilahi
iradənin gerçəkləşməsini görür.
Həmin hissədə şair yazır:
Mustafa
dininin möcüzəsindən,
Məhv oldu Pərvizin şahlığı birdən.
Taxtını
altından götürdü fələk,
Oğlu qılınc çəkdi ona düşmən tək.
Yəni Şiruyə ilahi iradənin gerçəkləşməsində
bir alət, bir vasitə kimi qiymətləndirilir. Məsələnin
bu cür şərhi ilə əsərin sevgi dastanı
olması arasında uyğunsuzluq yoxdur.
– Qulamhüseyn Beqdelinin “Şərq ədəbiyyatında
Xosrov və Şirin mövzusu” adlı maraqlı bir
kitabını oxudum. Kitabdakı bəzi məqamlar Nizaminin
“Xosrov və Şirin” əsərini yazarkən Fəxrəddin
Əsəd Gürganinin “Veys və Ramin” əsərindən bəhrələndiyi
deyilir. Bəhrələnmənin həm
forma, həm də məzmun kontekstində olduğu iddia edilir.
Onu da deyim ki, bu əsər İran və başqa islam ölkələrində məzmuna görə
qadağan edilib. XIV əsrin satirik şairi və dövlət
xadimi Übeyd Zakani bu əsər haqda dediyi bu sözlər əsərin
uzun illər oxuculara gedən yollarını bağlamışdı:
“Veys və Ramin” hekayəsini oxuyan bir qadından... əxlaq və
ismət... gözləməyin”. İndi isə əsərlər
arasındakı oxşarlıqları deyim:
a) Hər
iki əsərdə xalqa belə bir ismarıc
ötürülür: “Görün sizin başınızda
kimlər dayanıb: Bütün gününü eyşdə
keçirən, sərxoşlar. Onlarda saf
eşq yoxdur”.
b) “Veys və
Ramin”də Raminin Güraba gedib Gülə aşiq olması,
onunla evlənməsi, sonra da Gülü atıb Veysin
sorağında Mərvə qayıtması. “Xosrov
və Şirin”də Xosrovun İsfahana gedib Şəkərlə
evlənməsi, sonra da onu atıb Qəsri-Şirinə getməsi.
c) Gürabdan Mərvə qayıdan Ramin gəlib saraya
çatanda at üstündə dayanıb eyvanda dayanan Veys ilə
danışıq aparır. Eyni situasiya Qəsri-Şirində
Xosrov və Şirin arasında baş verir.
d) Hər
iki əsər məsnəvi janrında həcəz bəhrində
yazılıb.
– Dediyin
kitabla çoxdan tanışam, doğrudan da, qiymətli
araşdırmadır. Bununla yanaşı, ondan xeyli əvvəl
yazılmış bir kitabı da qeyd edə bilərəm: bu
da mərhum şərqşünasımız Qəzənfər
Əliyevin “Şərq xalqları ədəbiyyatında Xosrov
və Şirin əfsanəsi” adlı fundamental tədqiqatıdır.
Yeri gəlmişkən, həmin tədqiqatda
Nizaminin istifadə etdiyi mənbələr, əsərdəki
surətlərin prototipləri barədə bir çox suallara
cavab tapa bilərsən.
Gələk, “Veys və Ramin” məsələsinə. Həqiqətən
də, Nizaminin bu əsərdən bəhrələnməsi
ilə bağlı fikirlər irəli sürülüb.
Amma Q.Beqdelinin adını çəkdiyin
kitabında fərqli baxışlar da əksini tapıb.
Məsələn, görkəmli İran alimi Səid Nəfisi
yazırdı ki, “Veys və Ramin”lə “Xosrov və Şirin” məhəbbət
macərasına həsr olunub eyni bəhrdə yazılsalar da,
həm söykəndiyi eşq anlayışı, həm məzmun
və qayəsi, həm də bədii keyfiyyətləri
baxımından bir-birinə zidd mahiyyət daşıyır,
müxtəlif düşüncə və təfəkkürü
əks etdirir.
Mən də bu fikirlə şərikəm. Nizami olsa-olsa,
Fəxrəddin Gürganinin bəzi süjet gedişlərindən
istifadə edib, hərçənd həmin gedişlərin məhz
Gürgani tərəfindən kəşf edildiyini də
söyləmək mümkün deyil. Nizaminin
dinamik personajları müqabilində Gürganinin qəhrəmanları
son dərəcə statik görünür və ən
başlıcası, bunlardan biri ehtiras, digəri isə eşq
haqqında hekayətdir.
– Bu əsərdə
indiki ədəbi terminlərlə desək,
intertekstuallığa və “postmodern istinad”a bir neçə
yerdə rast gəlirik. Məsələn, Nizami yazır:
Bilici deyəni etmədim təkrar.
Məlumu deməyin nə mənası var?
Bununla özündən əvvəl bu mövzuda yazanlara
işarə edir. Nizami Xosrovun Ruma gedib Qeysərlə
görüşərək Məryəmlə evlənməsini
təsvir etmir. Çünki Firdovsi
“Şahnamə”də həmin epizodu geniş nəql eləmişdi.
Bunları
demişdir bir başqa yazan
İndi mən oyağam, yatmış o insan.
Sındırsam
özgənin nırxını əgər,
Mənim də nırxımı özgə yox edər.
İstərdim bu cür istinadların, özündən
əvvəlkilərin xatırlanmasının Nizami
yaradıcılığındakı rolundan danışaq.
– Bu
cür faktlara Nizaminin başqa əsərlərində də
rast gəlmək mümkündür. İndi
adını nə qoyursan, qoy. Bu, bir
növ ənənə ilə dialoq cəhdinin də təzahürüdür.
Həm də əsərin uydurma deyil, “sənədli”
olması təsəvvürünün yaradılmasına xidmət
edən vasitədir. İstər “Xosrov və
Şirin”, istərsə də şairin digər əsərləri
əvvəllər işlənmiş, tarixi qaynaqlarda və ədəbi
mətnlərdə əksini tapmış mövzularda
yazılıb. Nizami belə
xatırlatmalarla həm də oxucunun yaddaşına istinad
edir, öz yaradıcılığının fərqini
anlatmağa çalışır.
Bütün bunlar həmin dövrdə orijinallıq barədə
təsəvvürlərin xarakterindən də irəli gəlirdi. Bu təsəvvürlər
naməlum olana deyil, məlum olanın yenidən işlənməsi
və mənalandırılmasına söykənirdi. Təkrara, təqlidə və “plagiata” yol verməmək
şərtilə.
İndi həmin yanaşmada müasir ədəbi-estetik cərəyanlara uyğun cəhətlər varsa, bu, “hər bir yenilik yaxşıca unudulmuş köhnəlikdir” deyiminin daha bir təsdiqidir. Həm də o deməkdir ki, gənc yazarlarımız onun-bunun ağzına baxmaqdansa, klassiklərimizi dərindən öyrənməli, onlardan bəhrələnməyi bacarmalıdırlar. Necə ki, bunu edənlər də var.
Fərid
HÜSEYN
525-ci qəzet.-2014.- 17 may. - S.24.