Yetim  dağlara  layla

 

Bu bahar yaylaqlar  yadıma düşdü,

 Dindi xatirələr, dil fağır oldu.

 Ağladı şehlərlə Leyli qönçələr,

 Bülbül cəh-cəh vurdu, gül fağır oldu.

 

 Məzəm tamaşaydı, Göy dağ şəkildi

 Dağdağan o döşdə qıvrım kəkildi.

 Ayğır bulağından duman çəkildi,

 Açıldı köysündən, tül fağır oldu...

 

 Ot-ələf göyərdi köç yollarında,

 Bədöylər kişnəməz doloylarında.

 O ötən illərin aloylarında,

 Ocaqlar qaraldı, kül fağır oldu.

 

 lll

 “YAHU” Allaha sevdadı,

 Sevdalı dillər Yahudu.

 Üstündə şehlər titrəşən

 Çiçəklər , güllər Yahudu.

 

 Kimi nisgilli, kimi şən.

 Bizik ağlaşan, gülüşən.

 Sonalar, qular çimişən

Dəryalar, göllər Yahudu

 

 Hər zirvənin öz qarı var,

 Hər bağın öz nübarı var.

 Hər aşiqin bir yarı var,

 Lilparlar, lillər Yahudu.

 

 Kimdi o neyi dinləyən,

 Varmı dinləyib ölməyən?

 Sazda, kamanda inləyən

 Pərdələr, tellər Yahudu.

 

 Quş söylər,daş dilər,

 Bilməyənlər hardan bilər.

 Meh söylədər, yarpaq dinər

 Yarpaqlar, yellər Yahudu. 

 Getmək, gəlmək sevdadı,

 Yanmaq, sönmək sevdadı.

 Billah, ölmək sevdadı,

 Ocaqlar, küllər Yahudu.

 

 

Kədərin mənzərəsi

 

 Bu gün ötdü beləcə.

 Hardasa quşlar oxudu

 ətəyində nərgizlər bitmiş

 çiçəkli zoğal ağacının budaqlarında.

 Sular daşlar üstündən

 sığallanıb axdılar

 şırşırlı döngələrdən.

 Payız yarpaqlarının

 torpağa dönən yerindən

cücərib ağ-ağ çiçəklər hardasa.

 Uzaqdan göy dağlar görunür 

sıldırımın üstündən burulan yerdən.

 Hardasa duman sürünür

 dərələrin ətəyindən...

 Bu günüm belə ötür

 qüruba enən günəşlə,

pəncərəmin önündən.

 Saraldı pəncərəmdə

 

rəngli pərdələr

 Sapsarı şəfəqlərdən.

 bu gün

  darıxdığım dostları gördüm,

  çiçəkli zoğal ağacında

  oxuyan quşu,

  şırşırları,

  o çiçəkləri.

 Bu gün belə ötdü

 Pəncərəmin önündən.

Bir qəfəs bülbülü tək

Arxasınca boylandım

 sükutla ötən günümün

 Ömrümdən lələk kimi

 Düşən varağına.

 sil gözünün yaşını”-

 dedilər hardansa.

 lll

 Bu bahar da gəldi,

 Sən, baxçanızda puçurlayan

Qızıl gül kollarına bax.

 Xatırla son payızda

 Sazağa düşmüş,

 Açılmamış qönçəni.

 O mənim güldanımda

 

Ölümə gülümsəyərək

Açıldı da, soldu da.

 Bir o böcəyi xatırla.

 Su qabına düşüb,

 Məhkum olmuş ölümdən

 Azad etdiyim o böcək

 Alğış eyləmişdi bizə.

 Güldanda solmuş o gül

 Sənin yaş dolu gözlərindən

 Su içə bilmədi.

  mən silə bilmədim

 Göz yaşlarını

Qarğadı bizə göz yaşların.

Bu qarğışdan

Məni qurtara bilmədi

O böcəyin alqışları

İndi batıram özümdə

Ölümə məhkum böcək kimi,

Əlini uzat mənə.

lll

Bir sözün qapısında

Hənir işıq gözləyən

 Ümidlər kimiyəm

Səhərini itirmiş

Səfil yorğun gecənin

 zümzüməsində.

 Səmitsiz küləklər gətirən

 Sahibsiz lələklər kimi

 Qurd ağzında ulayan,

 maral baxışlı, bənövşə qoxulu,

 yarı oyaq yarı yuxulu

 

bir kəlmə söz yazmaq istəyirəm.

 Min ildi gözləyirəm

 bir sözün qapısında

 Solmayan ümidlər

 Sahibsiz lələklər kimi

 Bir udumluq nəfəs

 Bir baxımlıq işıq həsrətiylə.

  lll

 Yuxusuz gecələr puçurladı

 Açıq pəncərəmdən dolan

 Ay işığının budaqlarında

 Bahar qoxulu ümidlər kimi.

 Min ilin yuxusuzluğu

 Sönmüş şam piltəsinin

 Tustülü kölgəsində

 Uyudu ruh adlı səyyarələr kimi.

 Yuxusuz gecələrin çiçəkli budaqları

 Solacaq səhərədək.

 Uçub gedəcək yuxulu səyyarələr,

 Yenə qalacaq

 Piltəsi tüstülənən şam kölgəsində

 Yazılmamış bir varaq.

 lll

 Bütün dostlar tükəndi,

 Varılacaq yer yox.

 Mənə həmdəm olacaq

 Daha bu yerlərdə yox.

  Perikdi yuvalardan

 Qərib quşlar hürkərək.

 Perikirəm içimdən,

 İçimə sığınan tək.

 

 

Hara vardı olanlar,

 Qalanlar niyə yaddır.

 Sabah yenə təzədi,

Dünən yenə boyatdı.

 

 Heç kim ölmək istəmir,

 Baldı dünyanın tamı.

 Amma hamı tələsir,

 Ölümə qaçır hamı...

 

 Məni tərk edə bilmir,

 Bir nəfəsdi bu həvəs.

 Tanrımdan əmanətdi,

 Uçub getmir bu nəfəs.

 

 Qərib quşdan betərdi,

 Neyə sal nəfəsimi.

 Bu nəfəs qoymur öləm,

 Allah, al nəfəsimi.

 

 Dəvəsi ölmüş ərəbə

  Bulud kölgələri səhrada xaldı,

 Buludlar da laldı, səhra da laldı.

 Sarvansız karvanlar səhrada qaldı,

 Gəlmədi, gəlmədi bir ərəb atdı.

 

 Yarı şiyələrik, yarı sünnülər,

 Qarı düşmən bizə onunçün gülər.

Atılan nizələr, oxlar, süngülər

 Tuşlanıb, tuşlanıb bir ərə batdı.

 

 

Sağalmaz yaramız sarı, ha sarı,

 Keçilməz bu yolun ilğım hasarı.

 Dayanır, yol gedir ilğıma sarı,

 Bir ərəb piyada, bir ərəb atdı.

  

Yoxun mənzərəsi

  İşıqlar axıb gəlir,

 Bizdən o yana yoxdan.

 Əyan olan varsa,

 Gəlib bəyana yoxdan.

 

 Bu dünyanın surəti,

 Yeddi rəngli işıqdı.

 Yer ilə göy arası,

 Yox ilə barışıqdı.

 

 İçində gizlənibdi,

 Baxıb gördüyün adam.

 Vardan yoxa varışdı,

 Yerə hördüyün adam.

 

 Mən yoxun adamıyam,

 Yoxdan vara gətirmə.

Gətirsən sal könlünə,

 Yerə salıb itirmə.

 

 Sarıbulaq yaylağına

  Yenə yaylaqların bahar vaxtıdı,

 Yenə binə qurdu el yaxasından.

 Çiçəkli ağaclar gəlinlik geyib,

 

Asıldı dağların tül yaxasından.

 Qarlı gədiklərə göllər aynadı,

 Port-portun suları coşub qaynadı...

 Göylər guruldadı, şimşək oynadı

 Axdı quzeylərin sel yaxasından.

 

 Qarannıq dərədən sular sallanıb,

 Daşlar şır-şırları içib, hallanıb.

 Çiçəklər allanıb, qönşə ballanıb

 Arılar sallanıb gül yaxasından.

 

 Körpəcə bulaqlar sızlar yenə,

 Başına cəm olub o qızlar yenə.

 Sallaşdı lilparlar, yarpızlar yenə

 Köklü yoxuşların lil yaxasından...

 

 Dostum, gəl sevindir bu oylaqları,

 Küsgün bənövşəyə bənd olan yarı.

 Nisgili, həsrəti, dərdi,qübarı,

 Mamırlı daşların sil yaxasından.

 

Məmməd Dəmirçioğlu

525-ci qəzet.-2014.- 17 may. - S.31.