Azərbaycanda Beynəlxalq
Muzeylər Günü silsilə tədbirlərlə
qeyd edilib
18 May Beynəlxalq Muzeylər Günü ilə əlaqədar paytaxtda və regionlarda silsilə tədbirlər keçirilib.
Azərbaycanın bir çox muzeyləri Beynəlxalq Muzeylər Günü və "Avropa Muzeylər Gecəsi" münasibətilə "Qala"
Dövlət Tarix-Etnoqrafiya
Qoruğunda bir araya gəliblər. Tədbir
Beynəlxalq Muzey Şurasının (İCOM) Azərbaycan
Milli Komitəsinin təşkilatçılığı, Mədəniyyət və
Turizm Nazirliyinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
və Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin
birgə dəstəyi
ilə reallaşdırılıb.
İCOM-un
qərarı ilə bu il Beynəlxalq Muzeylər Günü "Muzey kolleksiyaları ünsiyyət
yaradır" devizi altında keçirilir.
Muzeylərin mədəniyyətin zənginləşməsində,
mədəni əlaqələrin
inkişafında mühüm
rol oynadığını
nəzərə aldıqda,
muzey kolleksiyaları xalqın keçmiş adət-ənənələrini və bu gününü
gələn ziyarətçilərə
aşılayır və
ünsiyyət yaradır. Onlar tarixin,
mədəniyyətin zənginliklərini,
sirlərini özlərində
saxlamır, həm də bizə kolleksiyalar vasitəsilə
bələdçilik edib
zəngin keçmişimizlə
bağlayır.
Mədəniyyət və Turizm Nazirliyinin muzey işi sektorunun müdiri Azadə Hüseynova Beynəlxalq Muzeylər Gününün yaranma tarixi barədə məlumat verib: "Bu gün İCOM-un təşəbbüsü
ilə 1977-ci ildən
təsis olunub. Ölkəmizdə də bu bayram müxtəlif tədbirlərlə qeyd edilir, muzeylərdə
"Açıq qapı"
günləri təşkil
olunur. Bu ilki Beynəlxalq Muzeylər Günü muzey işçiləri üçün ikiqat bayram olub. Bir sıra muzey
direktorları və əməkdaşları Prezident
İlham Əliyevin
2014-cü il 16 may tarixli müvafiq sərəncamları ilə
təltif olunub və fəxri adlara layiq görülüblər.
Bu, muzey işçilərinə
dövlətin diqqətinin
əyani təzahürüdür".
Bayram tədbirində Azərbaycan
Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi,
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Qobustan
Milli Tarix-Bədii Qoruğu, İçərişəhər
Tarixi Muzeyi, Gömrük Tarixi Muzeyi, "Qala" Dövlət Tarix-Etnoqrafiya
Qoruğu ərazisində
yerləşən muzeylər,
Cəfər Cabbarlının,
Cəlil Məmmədquluzadənin,
Leopold və Mstislav Rostropoviçlərin, Səməd
Vurğunun, Tahir Salahovun ev-muzeyləri, Bülbülün memorial muzeyi
və digər muzeylər olmaqla 20-dək
muzey iştirak edib. Bu muzeylər
bayram mərasimində
səyyar ekspozisiya və müvafiq proqramları ilə təmsil olunub.
Tədbirdə, həmçinin İCOM-un Azərbaycan
Milli Komitəsinin peşə bayramı ərəfəsində fəaliyyətini
əks etdirən
"Beynəlxalq Muzeylər
Şurası (ICOM) Azərbaycan
Milli Komitəsi. Birgə fəaliyyətimiz"
bukleti də təqdim edilib.
İçərişəhərdə də Beynəlxalq Muzeylər Günü qeyd edilib.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsindən
verilən məlumata görə, Qız qalası və Şirvanşahlar Sarayı
Kompleksi yeni muzey ekspozisiyaları ilk dəfə olaraq mayın 17-də - "Avropa
Muzeylər Gecəsi"ndə
"Açıq qapı"
formatında işləyiblər.
Əlamətdar gün münasibətilə
"İçərişəhər"
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
tabeliyində fəaliyyət
göstərən bütün
muzeylərdə "Açıq
qapı" günü
elan edilib.
Mayın
18-də Bakı sakinləri
və şəhərimizin
qonaqları İçərişəhərdə
yerləşən Qız
qalası, Şirvanşahlar
Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq
Kompleksi, numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, həmçinin "Qala"
Dövlət Tarix-Etnoqrafiya
Qoruğu ərazisində
fəaliyyət göstərən
muzey ekspozisiyaları ilə ödənişsiz
tanış olmaq imkanı əldə ediblər.
Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında "Avropa
Muzeylər Gecəsi"
aksiyası çərçivəsində
Beynəlxalq Muzeylər
Gününə həsr
olunmuş tədbir-sərgi
təşkil edilib. Tədbirdə
Azərbaycan İstiqlal
Muzeyinin direktoru Fəridə Şəmsi,
Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının
dosenti, Əməkdar İncəsənət Xadimi
Ziyadxan Əliyev çıxış edərək
bildiriblər ki, Beynəlxalq Muzeylər Gününün əsas məqsədi muzeylərin
cəmiyyətin həyatında
nə dərəcədə
mühüm bir rol oynadığını
göstərməkdir. Muzeylərin əsas
vəzifəsi əşyaların
və eksponatların,
sadəcə, qorunub öyrənilməsi deyil,
həm də onu təbliğ etməkdən ibarətdir.
Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində
Beynəlxalq Muzeylər
Günü qeyd olunub. Tədbirdə Azərbaycan
Dövlət Qədim
Musiqi Alətləri Ansamblının, beynəlxalq
müsabiqələr laureatı
Aleksandr Vdriya (Ukrayna), Seyidxanım Babayeva (Azərbaycan), Polina Desyatniçenko (Kanada) və Yoşito Katanodanın (Yaponiya) ifasında dünya xalqlarının musiqisi səslənib.
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən
verilən məlumata görə, gün ərzində muzeyi çoxlu sayda insan ziyarət edərək buradakı sərgi, ekspozisiya, müxtəlif sənədlər,
əlyazmalar haqqında
müxtəlif məlumatlar
əldə edib, qədim və orta əsrlərə aid mədəniyyət nümunələri,
rəsm və heykəltəraşlıq əsərləri
ilə yaxından tanış olublar. Ziyarətçilərə, həmçinin Azərbaycanın zəngin
mədəni irsini və qədim tarixini əks etdirən muzeyin tarixi haqqında ətraflı məlumatlar
da verilib.
AMEA Hüseyn Cavidin ev-muzeyində 18 May Beynəlxalq
Muzeylər Günü
münasibətilə "Açıq
qapı" günü
keçirilib.
Bu münasibətlə Hüseyn Cavidin ev-muzeyini gün ərzində 250-dən çox
tamaşaçı ziyarət
edib.
Beynəlxalq Muzeylər Günü münasibətilə Üzeyir
Hacıbəylinin ev-muzeyində
də "Gələcəyin
muzey mütəxəssisləri
Üzeyir Hacıbəylinin
ev-muzeyində" mövzusunda
tədbir keçirilib. Tədbirdə Üzeyir Hacıbəylinin
həyat və yaradıcılığı haqqında
görkəmli bəstəkarın
səs yazılarının
və görüntülərinin
də yer aldığı sənədli
film nümayiş etdirilib.
Qax Rayon Tarix-Diyarşünaslıq
Muzeyində də
"açıq qapı
günü" elan olunub. Aksiya çərçivəsində
gün ərzində məktəb kollektivlərinin
muzeyə ekskursiyaları
təşkil olunub, ziyarətçilərə muzeyin
fəaliyyəti, rayonun
və bölgənin tarixi barədə ətraflı məlumat verilib. Bundan əlavə, aksiya
çərçivəsində muzeydə əməkdaşlar
və qonaqların iştirakı ilə
"Muzey kolleksiyaları
ünsiyyət yaradır"
adlı tədbir keçirilib. Muzeyin direktoru
Mahir Əfəndi bildirib ki, "açıq qapı günü"nün keçirilməsində
əsas məqsəd milli mənəvi dəyərlərimizin qorunması
və təbliği istiqamətində muzeylə
insanlar arasında daha canlı əlaqənin yaradılmasına
nail olmaqdır. Çünki muzey kolleksiyaları xalqın keçmiş adət-ənənələrini və bu gününü
gələn ziyarətçilərə
aşılayır və
ünsiyyət yaradır.
Muzeylər mədəni mübadilə,
mədəniyyətlərin zənginləşdirilməsi, qarşılıqlı
anlaşma, əməkdaşlıq,
insanlar arasında sülhün bərqərar
olmasında mühüm
vasitə kimi çıxış edir.
Həmin
gün rayonun digər muzeylərində
də "açıq
qapı günü"
elan olunub, müxtəlif tədbirlər
keçirilib.
Azərbaycanın Fransadakı səfirliyinin
təşkilatçılığı ilə dünyanın bir çox ölkələrində qeyd
olunan Avropa "Muzeylər gecəsi" ilə bağlı Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində
ölkəmizin qədim
tarixi və zəngin mədəniyyətindən
bəhs edən eksponatlardan ibarət sərgi açılıb. "Açıq
qapı" günü
altında ilk dəfə
təşkil edilən
sərgidə qonaqlar xalqımıza məxsus qədim dövrlərə
aid qadın və kişi geyimləri,
müxtəlif silah növləri, misgərlik
və dulusçuluq nümunələri, kiçik
həcmli xalçalar,
heybələr, xurcunlar,
bəzək əşyaları
və digər eksponatlarla tanış olublar. Qonaqlara Azərbaycan mədəniyyəti
və incəsənəti
ilə bağlı Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş kitablar, broşürlər
və digər əyani vəsaitlər paylanıb.
S.ABDULLAYEVA
525-ci qəzet.-2014.- 20 may. - S.7.