UNESCO-da İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi
qeyd edilib
Mayın 19-da Azərbaycan Respublikasının UNESCO yanındakı Daimi Nümayəndəliyinin təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Parisdə, qurumun mənzil iqamətgahında əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirən, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri - yazıçı-dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinə həsr olunan təntənəli tədbir keçirilib.
Tədbirdən əvvəl Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev UNESCO-nun baş direktoru xanım İrina Bokova ilə görüşmüşdür.
Söhbət zamanı E.Əfəndiyev Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səmimi salamlarını baş direktora çatdırmış, ölkəmizlə nüfuzlu qurum arasındakı sıx əməkdaşlığı qeyd etmiş, bu əlaqələr sayəsində Azərbaycan ilə bağlı yaddaqalan yubileylərin UNESCO-da yüksək səviyyədə keçirildiyini xatırlatmış, atasının yubileyi ilə əlaqədar yaradılan şəraitə görə
İ.Bokovaya təşəkkür
etmişdir.
Baş direktor səmimi salamlara görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmiş, UNESCO ilə Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət, təhsil, səhiyyə və elm sahəsində sıx əlaqələrin inkişafından razı qaldığını diqqətə çatdırmışdır. İ.Bokova onun da salamlarını Azərbaycan Prezidentinə və Mehriban Əliyevaya çatdırmağı Baş nazirin müavinindən xahiş etmişdir.
Yubiley tədbirini açan Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Anar Kərimov XX əsr Azərbaycan ədəbiyyatında həm yazıçı, həm də dramaturq kimi tanınan İlyas Əfəndiyevin 100 illiyində iştirakına görə İrina Bokovaya təşəkkürünü bildirmiş və tədbirin proqramı barədə qonaqlara məlumat vermişdir.
İ.Əfəndiyevin həyat və yaradıcılığı ilə bağlı nümayiş etdirilən sənədli filmdə yazıçı-dramaturq Qarabağın ən tanınan və böyük hörmət sahib olan nəsillərindən və valideynlərindən, uşaqlıq illərindən, valideynlərinə görə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsində təhsilini yarımçıq qoymasından, gənclik dövrünün çətinliklərindən bəhs etmiş, rus şair və yazıçılarından A.Puşkinin, A. Çexovun, M.Lermantovun, İ.Turgenevin, M.Qorkinin əsərlərinin mütaliəsinin onun ədəbiyyata gəlişində böyük rol oynadığını, Akademik Milli Dram Teatrı ilə 50 ilə yaxın əməkdaşlıq etdiyini, onlarla pyesinin teatrın səhnəsində oynanıldığını xatırlatmışdır.
Təbirdə çıxış edən UNESCO-nun baş direktoru İrina Bokova nasir və dramaturq İlyas Əfəndiyevin öz zəngin yaradıcılığına görə Azərbaycan ədəbiyyatında xüsusi yeri olduğunu, onun yoxluğunun ədəbiyyatımız üçün bir itki olduğunu xüsusi vurğulamış, Azərbaycanın Şərqlə Qərb arasında yerləşməsinin müxtəlif mədəniyyətlərin yaxınlaşmasına xidmət etdiyini, yazıçının yaradıcılığının mənsub olduğu xalqın zəngin ənənəvi mədəniyyəti ilə sıx bağlı olduğunu bildirmişdir. O, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın öz ölkəsinin mədəniyyətini tanıtmaq istiqamətində mühüm layihələri həyata keçirdiyini diqqətə çatdırmış, Azərbaycanın mədəniyyət müxtəlifliyinin dünyanın mədəni dəyərlərini zənginləşdirdiyini qeyd etmişdir.
Azərbaycanın maddi və qeyri-maddi mədəni irslərinin Ümumdünya Mədəni İrs siyahısına daxil edildiyini xatırladan İ.Bokova keçən ilin dekabr ayında Bakıda keçirilən Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitənin 8-ci iclasının yüksək səviyyədə təşkil edildiyini vurğulamış və buna görə ölkəmizin daimi nümayəndəliyinə təşəkkür etmişdir.
Yazıçının ailəsi adından çıxış edən Elçin Əfəndiyev qonaqları salamlayaraq demişdir: Mən ilk növbədə Azərbaycan hökuməti adından xanım İrina Bokova başda olmaqla UNESCO-nun bütün əməkdaşlarına öz təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm ki, XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin 100 illiyini bu cür yüksək səviyyədə qurumun böyük salonunda qeyd edirlər. Deməliyəm ki, hörmətli xanım İrina Bokova İlyas Əfəndiyevin yaradıcılığı haqqında burada əsl ədəbiyyatşünas kimi, çox ətraflı danışdı. Ona görə də mən İlyas Əfəndiyevin yaradıcılığından xüsusi danışmağa ehtiyac hiss etmirəm. Yalnız onu bildirmək istəyirəm ki, İlyas Əfəndiyevin yaradıcılığının 95 faizi və ondan da artığı sovet dövrünə təsadüf edir. Ancaq onun yaradıcılığı, yazdığı pyeslər, romanlar və hekayələr, qələmindən çıxan əsərlər qəti surətdə sovet ideologiyasına yox, əsl ədəbiyyata xidmət etmişdir.
Bir məsələni qeyd etmək istəyirəm ki, İlyas Əfəndiyev sadəcə olaraq Sovet İttifaqında səviyyəli yazıçılar arasında çox nadir bir hadisə kimi kommunist partiyasının üzvü də deyildi. Onun əsərləri Sovet İttifaqının süqutundan sonra sovet ədəbiyyatının bir çox generalları kimi unudulmadı. Sovet İttifaqı ilə bir yerdə tarixin səhifəsinə çevrilmədi. Bu gün müstəqil Azərbaycanda əsərləri teatrlarda ən çox tamaşaya qoyulan böyük yazıçılardan birincisidir. Bu günlər müstəqil Azərbaycanın nəşriyyatlarında çap olunan romanların, hekayələrin, povestlərin, ümumiyyətlə, bədii əsərlərin müəllifi İlyas Əfəndiyev çox az yazıçılardan biridir ki, onun əsərləri böyük tirajla nəşr olunur. Bu günlər müstəqil Azərbaycanın elm xadimləri onun əsərlərinə yeni gözlə baxırlar. Yazıçının əsərləri və yaradıcılığı haqqında çoxlu sayda dissertasiyalar, monoqrafiyalar və yeni kitablar çap olunur.
Ölməz dramaturqun əsərlərinə, yaradıcılığına və şəxsiyyətinə hörmətin, ehtiramın ifadəsi olaraq müstəqil Azərbaycanın Prezidenti İlham Əliyev Xalq Yazıcısı İlyas Əfəndiyevin 100 illiyinin bayram edilməsi barədə xüsusi Sərəncam imzalamışdır. Qeyd etmək istəyirəm ki, on il bundan əvvəl İlyas Əfəndiyevin 90 illiyi ilə əlaqədar da Prezident İlham Əliyev Sərəncam imzalamışdı.
Yazıçının 90 illiyi də çox yüksək səviyyədə qeyd olunmuşdu. Müstəqil Azərbaycan dövlətinin ən çətin vaxtlarının birində - 1994-cü ildə Ümummilli Lider, o dövrdəki Prezident, unudulmaz Heydər Əliyev İlyas Əfəndiyevin 80 illiyi ilə bağlı xüsusi bir Sərəncam imzalamışdı. O vaxt ki çətin dövrlərə baxmayaraq Azərbaycanda yazıçının özünün iştirakı ilə yubileyi təntənəli şəkildə qeyd olunmuşdu. Bu gün UNESCO kimi mötəbər təşkilatda İlyas Əfəndiyevin 100 illiyi qeyd edilir. Mən bu fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, müstəqil Azərbaycan ilə UNESCO arasında çox yüksək səviyyəli işgüzar bir münasibət mövcuddur. Zəngin fəaliyyət UNESCO ilə Azərbaycanı birləşdirməkdədir. Əlbəttə, bu münasibətlərin yaranmasında ilk növbədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi xidmətlərini qeyd etmək istəyirəm. Mehriban xanımın fəaliyyəti, UNESCO-ya bağlılığı, hörməti, İrina Bokova ilə şəxsi əlaqələri Azərbaycan ilə UNESCO arasındakı münasibətlərin inkişafında mühüm rol oynamışdır.
Son olaraq İlyas Əfəndiyevin ailəsinin bir üzvü kimi xanım İrina Bokova başda olmaqla UNESCO-nun bütün əməkdaşlarına dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Əminəm ki, belə nüfuzlu təşkilatda İlyas Əfəndiyevin 100 illiyinin bu cür təntənə ilə qeyd edilməsi zalda əyləşən nəvələrinin və nəticələrinin xatirələrindən heç vaxt silinməyəcək və yaddaşlarında əbədi iz salacaqdır.
Sonda Azərbaycan incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Mərasim iştirakçıları İlyas Əfəndiyevin nəvəsi Günay Əfəndiyevanın və nəticəsi Eldar Salayevin pianoda ifalarını böyük maraqla qarşılamışlar.
Yubiley mərasimində UNESCO-nun rəsmləri, fransız ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Fransada və Belçika Krallığındakı səfirləri, təşkilatda akkreditə olunan diplomatik korpusun əməkdaşları, diasporamızın təmsilçiləri iştirak etmişlər.
Tədbirin gedişi zamanı İlyas Əfəndiyevin həyat və yaradıcılığı, əsərlərindən fraqmentlərlə yanaşı ölkəmizin tarixini, mədəniyyətini, təbiətini, turizm imkanlarını, xalq sənəti nümunələrini əks etdirən video çarx nümayiş etdirilmiş, yazıçı haqqında ingilis dilində kitablar və bröşürlar qonaqlara paylanmışdır.
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərov yubiley tədbiri ilə bağlı təəssüratlarını AzərTAc-la bölüşmüşdür: Parisdə, UNESCO-da Azərbaycanın böyük yazıçısı və dramaturqu İlyas Əfəndiyevin 100 illiyinin qeyd olunması əlbəttə, çox böyük hadisədir. Bu, o deməkdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra öz mədəniyyətini, yazıçılarının yaradıcılığını dünyada təbliğ edə bilir.
Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə İ.Əfəndiyevin 100 illiyinin yalnız ölkəmizdə deyil, belə geniş miqyasda, dünyanın mədəniyyət paytaxtı olan Parisdə keçirilməsi əlbəttə, bizim üçün fəxrdir, həm də bizim ədəbiyyatımızın dəyərini göstərən bir hadisədir.
Yaddaqalan çox
gözəl bir tədbir keçdi.
Azərbaycan incəsənət
ustalarının çıxışı, xüsusilə, İlyas Əfəndiyevin ata-baba
yurdu Qarabağ
haqqında mahnıların ifası hamıda xoş
təəssürat yaratdı. Əminəm ki,
bu tədbir təsirsiz ötüşməyəcək,
İlyas Əfəndiyevin, Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin dünyada tanınmasında
çox mühüm
hadisə kimi yadda
qalacaqdır.
Əsgər Əliyev
525-ci qəzet.-2014.-
22 may. - S.7.