"Bilinsin
ki, mənəm baxan..."
61 il ömür sürmüş Nazim Hikmətin Vətən həsrətini onun mavi gözlərində, titrək dodaqlarında görənlərdən biri də
mənəm. Moskvada, 1961-ci ildə Nazim Hikmətin "Qəribə adam"
pyesinin 250-ci tamaşasından
sonra, onun dediyi: "pyeslərimi sevgili İstanbulumda görə biləydim"
sözləri indi də qulaqlarımda səslənir və Nazim Hikmətin heykəltəraş Münəvvər
Rzayevaya vəsiyyətini
dönə-dönə xatırlayıram:
"Heykəlimi mən
öləndən sonra
yaradarsan. Özü də bilirsən
necə? Yalnız iki
gözlərimi verərsən.
Bilinsin ki, mənəm baxan. Bilinsin ki, bu şəffaf damcılar ömrünün sonuna qədər Vətən həsrəti ilə yanan bir insanın
gözləridir".
N.Hikmətin bir şeiri var. Ölümlə, onun dəhşəti ilə bağlıdır. Şair yazırdı: "Güneye
götürmeyin beni, ölmek istemiyorum. Ölmek istemiyorum, Kuzeye götürmeyin beni. Doğuya
götürmeyin beni, ölmek istemiyorum. Batıya götürmeyin beni.
Beni burda burakmayın, götürün bir yerlere. Ölmek istemiyorum, ölmek
istemiyorum." ("Nerden gelip nereye
gidiyoruz." 22.11.1962)
Həmişə bu misraları oxuyanda əli hər yerdən üzülmüş, əlacsızlıq
içərisində çabalayan,
ömrü çırpıntılı,
səksəkəli bir
yuxuya bənzəyən
Nazim Hikmətin taleyini düşünürəm...
Son dəfə həmişəlik
gəldiyi Moskvadan geriyə - Türkiyəyə
yolu bağlı idi. Sovetlərdə yaşadığı mühit onu alqışlara, gül-çiçək
dəstələrinə bürüsə
də, sonralar o, bu zahiri dəbdəbənin
arxasında cəmiyyətin
eybəcərliklərini apaydın
görə bilmişdi.
Sadəlövh, günahsız türk
inqilabçılarının, o cümlədən Nazimin dostu Affan İkmekin
Azərbaycanda yaşadığı
dövrdə Sibirə
sürgün edilməsinin,
Müşfiqin, Cavidin
faciəsinin köklərini
araşdırır, araşdırdıqca
da dəhşətə
gəlirdi. Belə müdhiş
duyğularla yaşayır,
səbr edirdi. Günlərin birində bu səbr daşı
çat-çat oldu...
Nazim Hikmətin son şeirindəki "Gelsene
dedi bana. Kalsana dedi bana.
Gülsene dedi bana. Ölsene dedi bana. Geldim. Kaldım. Güldüm.
Öldüm" misraları,
sanki arvadı Veraya yox, bütün
Sovet Rusiyasına müraciətlə deyilmişdi.
Gənclik illərində Moskvaya məftun olmuş Nazim Hikmət 50-ci illərin sonunda bağlandığı ideala
inamını itirmişdi. İnamı itirmək
isə onun üçün bütün
faciələrin ən
dəhşətlisi idi.
Anlamağa çalışıyorum inanmayı
yitirmenin pahasına.
Bir söz söyleyecektim sana
söyleyemedim.
Dünyamda sabahleyin aç
karına
içilen cıgaramın
tadı,
ölüm kendinden
önce
bana yalnızlığını
yolladı...
("Kocalmağa
alışıyorum," 12. I. 1963)
Nazim sosializm
cəmiyyətinin eybəcərliklərini
gördükdən sonra
buna dözə bilmirdi. Bir yandan da məmləkət həsrəti.
Oğluna göndərdiyi oyuncaqların
geri qayıtması acısı. Varnadan oğluna səslənməsi,
tək-tənha, hər
əzaba qatlaşan Münəvvərini xatırlayarkən
çəkdiyi vicdan əzabı, dərin peşimançılıq hissi,
əsərlərinin Türkiyədə
işıq üzü
görməməsi, Nazimi
sevənlərin təqib
edilməsi,-bütün bunlar
Nazimi sarsıtdı və şairin gənclik dostu Vala Nurəddinin sözləri ilə desək: "Bu dünyadan
Nazim keçdi".
Bu yerdə, Moskvada yaşayan həmyerlimiz, görkəmli türkşünas,
professor Tofiq Məliklinin
məşhur türk şairi Fazıl Hüsnü Dağlarcaya həsr etdiyi yenicə çapdan çıxmış çox
dəyərli kitabındakı
bir məqamı oxucuların nəzərinə
çatdırmaq istəyirəm.
Tofiq Məliklinin
"Siz Nazim Hikmətlə görüşdünüzmü?"
sualına F.H.Dağlarca
belə cavab vermişdi: "Təəssüf
ki, yox. Mən orduda xidmət edirdim. İstanbulda nadir hallarda olurdum.
Onunla çox görüşmək
istəyirdim, ancaq alınmırdı. 1937-ci ildə onu həbs
etdilər. Bundan sonra
hökumət Nazimin bütün kitablarını
yasaq etdi. Və tez bir vaxtda
bizə təcili olaraq Nazimin bütün kitablarını
toplayıb təhvil vermək əmri verildi. Ancaq mən Nazimin
kitablarını əldən
vermək istəmirdim.
Hərbi
hissədə saxlaya bilməzdim, evə poçtla göndərmək
də təhlükəli
idi. Bax, o vaxt mənim
Nazimlə dəhşətli
bir "vidalaşmam"
oldu. Mən səhərəcən onun bütün kitablarını bir daha oxudum, sonra...
yandırdım. Bu mənim heç vaxt unutmayacağım müdhiş, əzablı
bir günahım oldu". Nazim Hikmət ilk şeirini qələmə alan
gündən özünü
təsdiq edən şairlərdən olub və həmin andan etibarən də yaradıcılığı
birmənalı qarşılanmayıb.
İstər məfkurəsinə görə, istərsə
də türk poeziyasına yeni ideya, yeni vəzn
gətirdiyinə görə.
Amma bu bir həqiqətdir
ki, dövrünün
Əbdülhəqq Hamid
kimi nəhəng sənətkarı Nazim Hikməti bəyənmişdi.
Özü də təkcə
Əbdülhəqq Hamid
yox, yaşadığı
dövrün əksər
qüdrətli ədəbi
simaları Nazim Hikmətin sənətini yüksək qiymətləndirmişdi.
Amma şairin kommunist ideyalarına sədaqətini
bəyənməyib onu
tənqid, hətta təhqir də etmişdilər.
Nazim Hikmət
ilk dəfə Moskvaya
gəldiyi vaxt sovet cəmiyyətini ideal
bir quruluş kimi görmüşdü. 1937-1950-ci illərdə
Türkiyədə həbsxanada
yatdığı vaxtlarda
"Zoya", "Moskva
simfoniyası" kimi
əsərlərində Sovetlər
ölkəsini, faşizmə
qarşı sovet xalqlarının mübarizəsini
gur səslə vəsf etmişdi. Sovet yazıçıları da
Nazimin müdafiəsinə
qalxmışdılar. Azərbaycanın söz ustaları
da Nazim Hikmətin məhbəsdən
azad edilməsi uğrunda öz səslərini dünyanın
mütərəqqi insanlarının
səsinə qatmış,
şairin zindandan azad olunmasını tələb etmişdilər.
Ömrünün son illərində Nazim Hikmət kommunizm ideyalarının, sosializm
cəmiyyətinin mahiyyətini
başa düşmüşdü. Onun hər
addımının izlənilməsi,
Sovet bürokratizmini ifşa edən "İvan İvanıç
varmıydı, yoxmuydu"
pyesinin repertuardan çıxarılması şairdə
xəyal qırıqlığı
yaratmışdı.
Moskvada yaşadığı
illərdə şairin
ümid yeri ancaq Azərbaycan idi. Mikayıl Rəfili,
Süleyman Rüstəm,
Rəsul Rza kimi şairlərlə, Əkbər Babayev kimi tədqiqatçılarla
olan dostluğu ona dayaq idi.
Bu dostluq qardaşlıq
zirvəsində idi.
Xüsusən sabahın
şairi olan ( N.Hikmətin sözləridir) Rəsul Rza ilə olan
dostluğu onun üçün aman eviydi .
Nazim məmləkətinə
bütün varlığı
ilə bağlı idi. Şeirlərinin ana vətənində
nəşr olunmaması
onu çox üzürdü. Şair deyirdi
ki, mən bilirəm ölümümdən
sonra əsərlərim
Türkiyədə işıq
üzü görəcək.
Ona görə də "ölmək zorundayım."
Əgər bir gün Nazimin
Vətən həsrətinə
həsr olunmuş şeirləri ayrıca kitab şəklində nəşr olunsa, o zaman şairin çəkdiyi iztirablar daha aydın şəkildə gözlərimiz
önündə canlanar. Həmin
şeirlər bir deyil, beş
deyil. "Ağcaqayın
meşəsində", "Yeni il", "Gəmi", "Balkon",
"Ceviz ağacı",
"Mavi liman",
"Münəvvərə məktub yazdım, dedim ki...", "Sağ əlim", "Sebastyan Baxın bir nömrəli Dominor konserti", "Dunay çayı",
"Məmləkətim haqqında",
"Bir Üsküdar
balkonunda", "Faustun
evi" və s. sənət nümunələri
buna sübutdur. Bu şeirlərdə qürbət eldə yaşayan Nazimin böyük həsrəti,
ürək ağrısı
bütün incəliklərinə
qədər duyulur.
Nazimin bir gün, yəqin ki, "Məmləkətim"
adlı bir kitabı çapdan çıxar. Və o kitabda Nazimin təkcə şeirləri
deyil, Türkiyə haqqında düşüncələri,
uca kürsülərdən
Türkiyə, Türk
xalqı, Türk dili haqqında dediyi dəyərli sözlər, dostlarına,
yaxınlarına yana-yana
açıb söylədiyi
ürək duyğuları
da öz əksini tapar... Məsələn bu sözləri: "Dünyanın
ən yaxşı insanlarından olan türk xalqının və dünyanın ən gözəl dillərindən biri və bəlkə də ən başda gələnlərindən
olan türk dilinin yabançı diyarlarda tanınmasına vəsilə ola
bilmək, ömrümün
ən böyük sevinci və şərəfi olur. Bir kəndli torpağını
və öküzünü,
bir dülgər taxtasını və rəndəsini necə sevirsə, mən də türk dilini elə sevirəm".
3 iyun 1963-cü il.
Nazimin qəfil ölümü onu tanıyanları, sevənləri qəlbən
sarsıtdı. Onun ölümünə
ağılar deyildi, şeirlər yazıldı.
Bu ağıların, şeirlərin böyük
bir qismi Nazimi həmişə yaşadan, heç zaman unutmayan Azərbaycanın payına
düşdü. "Bakıya gəldim, dünyalar mənim oldu" deyirdi şair. Nazim Hikmət həmişə
Bakıdadır, Azərbaycandadır,
xatirəmizdədir, ürəyimizdədir.
Aqşin BABAYEV
Filologiya elmləri doktoru,
professor
525-ci qəzet.-2014.- 22 may. - S.7.