Şeir – tənhalıqdan əzab çəkən sözlərin ən gözəl qurtuluşu,
Sözün ən məğrur,
ən eşqli şəkildə Tanrıya
doğru uçuşu...
Vaqif Bayatlı
Odərin yeni “Bəy atlı şeirlər” kitabı çapa hazırlanır.
Kitabdan bir
neçə şeiri
təqdim edirik.
Min illər də ötər, amma
Tanrım,
yenə, yenə
bütün qadın
barmaqları
tikiş tikən
anlar
onlara göylərdən
kiminsə
baxdığını duyar, anlar
Harda tikiş tikən qadın, qız görəndə
mən uşağa dönmək,
onların ayaqları
altına yıxılmaq
istəyirəm,
onların iynə
batan barmaqlarını,
hətta iynələrini
min illərin analarının
min illərdi ağrıyan barmaqlarıtək
üfürüb ovutmaq istəyirəm.
Min illərdi tikiş tikmək qədər,
qırılmış düyməni
tikmək qədər,
nəyisə nəyəsə
bərkitmək,
birləşdirmək qədər
doğma duyğu yox,
min illərdi qızların bəyləriyçün ilk hədiyyəsi
onların qırılmış
düymələrini tikmək,
onları daha çox dimdik, şahanə görmək,
həm də heç vaxt ayrılmayan o düymələrlə
özlərinə, evlərinə
daha çox bağlamaq olub.
Bilirəm, sevgili iynəm,
düyməm mənim,
min illərdi elə sevəndə də kişilər
xəncərlə, gülləylə,hayla,
küylə,
qadınlarsa daha çox tikdikləri iynəylə,
bərkitdikləri düyməylə,
üzlərini qoyduqları
göylə sevərlər.
Min illər ötər, amma yenə, yenə
bütün qadın
barmaqları tikiş tikən anlar
onlara iynələrin,
düymələrin,
həm də göylərin baxdığını
duyar, anlar.
Napoleonun
qlobusları
O hələ Alp dağlarını
yəhərtək
Avropanın belinə basıb
çapan kozır
tuzikən,
bütün kozır
dövlətlərin
kozır krallarını
fərələşdirən
lovğa fransız
xoruzuykən,
həm də güzgü xəstəliyinə
tutulmamışkən –
yəni qarnının aşağılarını döngəsiz,
tinsiz,
atının belindənsə
bütün dünyanı
teleskopsuz,
durbinsiz görürkən,
dəli Rusiya qarışıq bütün
Avropanı
bir böyük toyuq hini sayır,
dövlətləri bir hinin toyuqlarıtək
qabağına qatır,hala
gətirirdi.
Ancaq qarnı qlobuslaşdıqca,
dünya qlobusu şəklində
ancaq öz qarnını görür,
qarnını qucaqladıqca
tutduğu torpaqları
–
qucaqladığı dünya
qlobusunu itirirdi.
Tanrım,
əzabı qıymırsan
heç bir fikrə, heç bir sözə
Tanrım,
özün duydurdun bu sirri, –
hər alın yazısı bir Tanrı şeiri,
hər alın yazısı bir Tanrı şeiri,
Həm də duydurdun,
bəndələrə yazdırdığın
sevincə
bəndədən də çox sevinirsən özün,
bilirəm, İlahi
sevinci belə ola bilər ancaq –
sevindirdiyi bəndədən
daha çox sevinir Tanrı özü,
Duyuram, qazandığımız əzab
da yenə
bizdən çox
əzab verir Sənin özünə,
Həm də sözlərə əzab verəndə duyuram,
o an sözdən çox, əzab veririk Sənin özünə,
duyuram, sən tək insanlara yox,
əzabı qıymırsan,
hətta heç bir fikrə, sözə,
həm də o fikirləri, sözləri
dünyanın ən gözəl, ən dadlı əzablarıyla
əzabsız yazdıra-yazdıra
bizə.
Yaşamaq çox kiçik
hərflərlə
Bəzən hər yerdə
idarə edənlər
sözünü
çox kiçik
hərflərlə yazmaq,
hərdən də hətta bu sözü
asmaq istəyirəm.
Ancaq sözü necə asmaq olar?!
Həm də görürəm bunu yazarkən,
bütün sözlər qəmli-qəmli baxırlar mənə –
dostumuzun beyni dəbərib yenə.
Məni bağışlayın, sözlər,dostlar,
Sizi çox incitdim ömrüm boyu,
əslində, adam özünü öldürməkdən
yazanda da,
hətta özünü
asanda da tək özünü asmır,
özünün həm hökm verəni,həm tamaşaçısı,
həm cəlladı, həm də qurbanı olur,
həm də hətta ölümü düşünərkən sözlərə
əzab verir,
ancaq özünü
asıb, özünə
ölüm fərmanı
vermək,
həm də özünün cəlladı
olub günaha batmaq,
üstəlik də sözlərə də əzab vermək,
həm də kimlərinsə hökmüylə
asılıb
hökm verənləri də, asanları da cəllad eləmək,
günaha batırmaq
hamısı zor, hətta günah,
elə ona görə də özünü öldürməyin
bircə əbədi
yolu qalır həmişə ancaq –
yaşamaq hələ,
yaşamaq
çox kiçik hərflərlə.
"Eheyy! Göyüzünün
o üzündəkilər! Kimsiniz?"
Göyüzünün o üzünə
qonub göyüzünün
bu yüzünü dinləyən şair
Vaqif Bayatlı Odər.
525-ci qəzet.- 2014.- 24 may.- S.25.