Elçin və Azərbaycan mühacirətşünaslığının problemləri

 

XX əsrin 80-ci illərindən başlayaraq müstəqil elm sahəsi kimi formalaşan mühacirətşünaslıq (emiqrantologiya) mühacirət prosesinin subyekti olan insan tipini, mühacirətin axınları və istiqamətlərini, insanın qürbətdəki həyatının özəlliklərini, yeni sosial mühitə uyğunlaşması prosesini, habelə mühacirətin yaradıcılığını və bu yaradıcılığın xüsusiyyətlərini öyrənirriy Borev. Gmiqrantoloqiə. “Russkoe zarubejğe: priqlaşenie k dialoqu” (sbornik nauçnıx trudov). Kalininqrad: İzd. KQU, 2004, s. 6-7).

“Emiqrantologiya” terminini ilk dəfə Polşanın Yaqillon Universitetinin professoru Lyusian Suxanek slavistlərin 1998-ci ildə Krakovda keçirilmiş XII Ümumdünya konqresi çərçivəsində təşkil olunmuş dəyirmi masa müzakirələri zamanı irəli sürüb (Öriy Borev. Gmiqrantoloqiə. “Russkoe zarubejğe: priqlaşenie k dialoqu” (sbornik nauçnıx trudov). Kalininqrad: İzd. KQU, 2004, s. 6; Lucjan Suchanek. Literaturovedenie i kulğturoloqiə. Sbornik praci filozoficke fakulty Brnenske Univerzity studia minora facultatis philosophicae universitatis Brunensis, 2005, ¹8, s. 12).

Mühacirətşünaslıq müstəqil elm sahəsi kimi XX əsrin sonlarında təşəkkül tapsa da, mühacirətin, o cümlədən, konkret olaraq Azərbaycan mühacirətinin öyrənilməsi tarixi daha əvvəllərdən – həmin əsrin 20-30-cu illərindən başlayır. Milli mühacirətşünaslığımızın banisi rolunda biz M.B. Məhəmmədzadəni görürük. Belə ki, onun mühacirət tariximizə dair bir sıra məqalələri, xüsusilə “Milli Azərbaycan hərəkatı” adlı dəyərli araşdırmasının “Mühacirətdə “Müsavat” və “Müsavat”ın Yeni proqram əsasları” fəsilləri buna əsas verir.

70 illik totalitar sovet rejimi dövründə isə Azərbaycan siyasi mühacirəti haqqında əsasən qərəzli, subyektiv fikirlər söylənilmiş, mühacirət hərəkatının görkəmli xadimlərinin ünvanına təhqirlər yağdırılmış, onların elmi araşdırmaları, bədii-publisistik yaradıcılığı marksist-leninçi metodologiyanın prinsipləri baxımından tənqid edilmişdir. Akademik Firidun Köçərlinin “Böhtançıya cavab” (“Kommunist”, 10 mart 1974), Azərbaycan MEA-nın müxbir üzvü Əziz Mirəhmədovun “Burjua elminin saxtakarlığı əleyhinə (Azərbaycan ədəbi-ictimai fikri məsələləri)” (“Azərbaycan kommunisti”, 1974, ¹2, s. 48-59), İsmayıl Kərimovun “Agent kafedra arxasında” (“Kommunist”, 26 mart 1974) məqalələri bu qəbildəndir.

Lakin bu təəssüf doğuran faktları xatırlamaqla yanaşı, ədalət və qədirşünaslıq naminə belə bir gerçəkliyi də iqrar etmək vacib və zəruridir ki, milli ədəbiyyat klassiklərimizin yaradıcılığı haqqında sovet Azərbaycanında nəşr olunmuş bəzi monoqrafiyalarda (Xəlil Yusifovun “Nizaminin lirikası”, Həmid Məmmədzadənin “Mirzə Fətəli Axundov və Şərq”, qismən Kamran Məmmədovun “Nəcəf bəy Vəzirov”) yeri gəldikcə, mühacir ədəbiyyatşünasların da araşdırmalarına istinad edilib, onların bir sıra məziyyətləri, əsasən, obyektiv dəyərləndirilib. Doğrudur, bu zaman həmin mühacir müəlliflər, konkret olaraq, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Əbdülvahab Yurdsevər, Əhməd Cəfəroğlu Türkiyə alimləri kimi təqdim olunur, onların Azərbaycan siyasi mühacirətinə mənsubluğu üzərindən sükutla keçilirdi. Bu isə artıq sovet dövrünün rəsmi qadağaları ilə bağlı gerçəklik idi. Biz X.Yusifovun, H.Məmmədzadənin, K.Məmmədovun sözügedən araşdırmalarının uyğun məqamlarından “Mühacirət və klassik ədəbi irs (Azərbaycan mühacirət ədəbiyyatşünaslığında klassik irs problemi)” monoqrafiyamızda (Nikpur Cabbarlı. Mühacirət və klassik ədəbi irs. Bakı: Elm, 2003, s. 14-18) ətraflı bəhs etdiyimizdən burada onların üzərində dayanmırıq. Yalnız onu əlavə etmək istərdik ki, bu araşdırmaları Azərbaycan mühacirətşünaslığının inkişafında sovet mərhələsi kimi qəbul və təhlil etmək mümkündür.

1980-ci illərin sonlarında keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda gedən ictimai-siyasi proseslər obyektiv olaraq mühacirət problemini də aktuallaşdırmış, beləliklə, Azərbaycan mühacirətşünaslığı özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Əgər milli mühacirətşünaslığımızın təşəkkül mərhələsi       M.B. Məhəmmədzadənin şərəfli adı və fəaliyyəti ilə bilavasitə bağlıdırsa, sözügedən yeni mərhələsi, heç şübhəsiz, ilk növbədə Elçinin, onun rəhbəri olduğu “Vətən” Cəmiyyətinin və bu cəmiyyətin mətbu orqanı “Odlar yurdu” qəzetinin adı və fəaliyyəti ilə səciyyələnir.

Biz burada yalnız Elçinin milli mühacirətşünaslığımızın inkişafındakı rolundan bəhs edəcək, onun mühacirət probleminə dair elmi-nəzəri baxışlarını dəyərləndirməyə çalışacağıq. Çünki istər “Vətən” Cəmiyyətinin, istərsə də “Odlar yurdu” qəzetinin fəaliyyəti ayrıca və ətraflı araşdırma tələb edir.

Azərbaycanın Xaricdə Yaşayan Həmvətənlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən”in 1987-ci il dekabrın 27-də keçirilən təsis konfransında Elçin bu qurumun  Rəyasət Heyətinin sədri seçilir. Elçinin bu vəzifəyə seçilməsi bir təsadüf idimi? Bir qədər sonra milli mühacirətşünaslığımızın problemləri ilə peşəkar səviyyədə məşğul olmağa başlaması yalnız bu vəzifədən irəli gələn bir borc, mükəlləfiyyət idimi? Axı bu zamana qədər yazıçı, publisist, tənqidçi və ədəbiyyatşünas kimi məşhur olan Elçin mühacirət problemləri ilə bilavasitə ilgilənməmişdi. Hər halda 1980-ci illərin sonlarına qədər “Yaxın, uzaq Türkiyə” oçerkindəki qısa qeydlər (Elçin. Seçilmiş əsərləri. 10 cilddə, 6-cı cild. Bakı: ÇİNAR-ÇAP, 2005, s. 93) istisna olmaqla, onun bu sahəyə dair bircə yazısı belə dərc olunmamışdı. Bununla belə, Elçini Azərbaycan mühacirəti ilə, bilavasitə də olsa, bağlayan məqamlar da yox deyildi. Bu məqamlardan ikisi barədə yazıçı özü yazıb.

Birinci məqam: “İlyas Əfəndiyevin daima xatırladığı bir uşaqlıq və yeniyetməlik dostu haqqında da yazmaq istəyirəm: Məhəmməd adlı o oğlanla Füzulidə bir məktəbdə oxuyublar. Məhəmməd iki sinif irəlidə imiş və təxminən 16-17 yaşları olanda – 30-31-ci illərdə – yeni hakimiyyəti, yerli bolşeviklərin rəhbərliyini və əməllərini heç cürə qəbul etmədikləri üçün, İlyasla Məhəmməd qərar veriblər ki, İrana qaçıb, oradan Türkiyəyə gedib Azərbaycan uğrunda mübarizə aparacaqlar, həmfikirlərini başlarına toplayıb yenidən Azərbaycana qayıdacaqlar. Nəhayət, bir gün sözləşirlər ki, səhər tezdən görüşüb Arazı keçsinlər. Sübh tezdən sözləşdikləri yerdə görüşürlər.

İlyas Əfəndiyev deyirdi: “Çayı keçməyə hazırlaşırdıq ki, birdən-birə anam, atam, balaca qardaşlarım, bacılarım yadıma düşdü. Fikirləşdim ki, bunları burada qoyub gedirəm, axırları necə olacaq? Bolşeviklər atama, anama, bütün ailəmizə zülm edirdilər, fikirləşdim ki, bu zülmə necə tab gətirəcəklər? Bunlar bu vəziyyətdə qalır burada, mən Türkiyədə necə rahat yaşaya bilərəm? Məhəmmədə dedim ki, yox, mən getmirəm. Nə qədər elədisə də, getmədim. Məhəmmədlə vidalaşdıq, onu ötürdüm, üzüb Arazı keçdi, mən geri qayıtdım”.

İlyas Əfəndiyev, dediyim kimi, Məhəmmədi tez-tez xatırlayırdı, onun çox ağıllı və bacarıqlı olduğunu deyirdi və şübhə etmirdi ki, əgər, salamat qalıbsa, hörmətli bir adam olub.

Sonralar mən Türkiyə səfərlərim zamanı həmişə bu adamı axtarırdım, onun haqqında soraqlaşırdım və nəhayət 90-cı illərin əvvəllərində Türkiyədəki azərbaycanlıların – Məhəmməd Kəngərlinin, Əhməd Qaracanın, Cəmil Ünalın köməkliyi ilə onun kimliyini müəyyənləşdirə bildim: mühacirətdəki Azərbaycan milli azadlıq hərəkatının görkəmli xadimlərindən biri Məmməd (əslində Məhəmməd – N.C.) Azər Aran” (Elçin. İlyas Əfəndiyev. Şəxsiyyəti və sənəti haqqında bir neçə söz. İlyas Əfəndiyev. Seçilmiş əsərləri. 7 cilddə, 1-ci cild. Bakı: ÇİNAR-ÇAP, 2002,      s. 32-33 ).

İkinci məqam: “ Onda mən 190 nömrəli məktəbin 5-ci sinfində oxuyurdum və yaxşı yadımdadır, Novruz bayramı ərəfəsi idi. Məktəbdən gəlib heç evə girməmişdim və Mirzə Fətəli küçəsində yaşadığımız 110 nömrəli evdən azacıq yuxarıda, Sarı hamamın qabağında məhəllə uşaqları ilə futbol oynayırdım. Bir azdan atam Yazıçılar İttifaqından işdən qayıtdı və mən onunla birlikdə evə getdim. Atam çox qayğılı idi, sözlü adama oxşayırdı və nənəm də çox hissiyyatlı adam olduğu üçün, o saat bunu duydu və sual dolu nəzərlərlə atama baxdı.

Atam əvvəlcə qapı-pəncərəyə nəzər saldı, sonra az qala, pıçıltı ilə:

— Deyirlər, kişi rəhmətə gedib... — dedi. Nənəm yavaşdan:

— Nə bildin? — soruşdu. Atam:

— Deyirlər, guya, o tərəfdən radio ilə xəbər veriblər... Nənəm titrəyən barmaqlarının arasına bir papiros alıb yandırdı. “Kişi” kim idi? Yadıma gəlir, fikirləşdim ki, bəlkə Mir Cəfər Bağırovu deyirlər? Yox, Bağırov ola bilməzdi, çünki onun haqqında bizim evdə belə həyəcanla danışmazdılar... özü də ki, Moskva Bağırovu işdən götürüb, ondan danışanda daha qapı-pəncərəyə baxmaq lazım deyildi...

Özümü saxlaya bilmədim və:

— Kim ölüb? — soruşdum. Atam:

— Get, oyna... — dedi.

Və mən sonralar bildim ki, söhbət Məmməd Əmin Rəsulzadədən gedirmiş... Daha sonralar isə bildim ki, o, 1955-ci il martın 6-da, o zaman bizim üçün əlçatmaz, ünyetməz bir məmləkət olan Türkiyədə vəfat edib. Bizə xəbər bir az gec gəlib çatıbmış...” (Elçin. Seçilmiş əsərləri. 10 cilddə, 8-ci cild. Bakı: ÇİNAR-ÇAP, 2005, s. 13)

Göründüyü kimi, Elçinin doğulub boya-başa çatdığı ailədə – İlyas Əfəndiyev ocağında mübhəm bir mühacirət ab-havası hökm sürürmüş. Türkiyəyə mühacirət etmək qərarından yalnız son anda daşınan gənc İlyas Əfəndiyevin ömrünün axırına qədər Sovet İttifaqı Kommunist Partiyasının sıralarına daxil olmaması da, yəqin ki, məhz bu ab-havanın, bu dissident əhvali-ruhiyyəsinin təsiri ilə bağlı idi. Şübhəsiz ki, bu ab-hava, bu əhvali-ruhiyyə hələ yeniyetmə yaşlarından başlayaraq Elçinə də zaman-zaman sirayət etmiş, onda Azərbaycan siyasi mühacirətinə romantik bir maraq oyatmışdı. Bu baxımdan, Elçinin “Vətən” Cəmiyyəti Rəyasət Heyətinin sədri seçilməsi, müəyyən mənada, təbii və qanunauyğun görünür.

1991-ci ilin 1-6 aprelində Bakıda keçirilən “Azərbaycan mühacirət ədəbiyyatı” beynəlxalq elmi simpoziumunun təşkilatçıları sırasında Nizami adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Milli Yaradıcılıq Qurumu, Azərbaycan Kültür Dərnəyi (Ankara) ilə yanaşı, “Vətən” Cəmiyyətini də görürük. Simpoziumun plenar iclasında “Azərbaycan mühacirəti müasir dövrdə: əməkdaşlıq və əlaqə problemləri” mövzusunda məruzə edən Cəmiyyətin Rəyasət Heyətinin sədri Elçinin bir qədər sonra həmin məruzə əsasında hazırladığı “Mühacir nəsillər” (“Tarix” qəzeti, 6 aprel 1991) və “Azərbaycan mühacirətinə dair” (“Odlar yurdu” qəzeti, noyabr 1991, ¹ 21) məqalələri dövri mətbuatda işıq üzü görür. Əslində ikinci məqalə özündə birincinin də məzmununu bütünlüklə ehtiva edir. Çox güman ki, müəllif mövzu ilə bağlı qənaətlərini elə bir məqalədə ifadə etmiş, “Elm” qəzetinin əlavəsi “Tarix”in yuxarıda sözügedən simpoziuma həsr olunan xüsusi sayı üçün redaksiyanın xahişi ilə həcm mülahizələrini nəzərə alaraq, araşdırmasının bir hissəsini – bilavasitə mühacir nəsillərdən bəhs edən qismini çapa təqdim etmişdir. Yeri gəlmişkən onu da qeyd edək ki, nədənsə ikinci məqalənin həm sərlövhəsində, həm də bütün mətnində “mühacirət” sözü yanlış olaraq “mühacirat” kimi verilmişdir. Hərçənd birinci məqalədə doğru olaraq “mühacirət” kimi yazılıb. Biz də burada məqalənin adını qeyd edərkən və ondan sitatlar verərkən çağdaş Azərbaycan dilinin orfoqrafiyasını əsas götürərək “mühacirət” yazacağıq.

Həmin məqaləsində Elçin Azərbaycan mühacirətinin tarixi köklərindən danışarkən XIX əsrin əvvəllərində baş vermiş Rusiya-İran və Rusiya-Osmanlı müharibələrini mühacirət dalğası yaradan səbəblər kimi təqdim edir və bu məqamda onun mövqeyi müəyyən mənada M.B. Məhəmmədzadənin “Milli Azərbaycan hərəkatı” əsərində əksini tapmış mövqe ilə üst-üstə düşür. Bunun ardınca isə Elçin sanki bir qədər ehtiyatla belə bir tezis irəli sürür ki, “bu gün biz “Azərbaycan mühacirəti”, “Azərbaycan diasporu” dedikdə, elə bilirəm ki, söhbət əsas etibarilə XX əsrdə baş vermiş hadisələr nəticəsində vətəni tərk etməyə məcbur olmuş həmvətənlərimizdən və onların törəmələrindən gedir” (Elçin. Mühacir nəsillər. “Tarix” qəzeti, 6 aprel 1991). Elçinin qənaətincə, bu baxımdan, Azərbaycan mühacirətini şərti olaraq dörd nəslə ayırmaq olar: birinci nəsil – XIX əsrin sonlarında-XX əsrin əvvəllərində mühacirət edənlər; ikinci nəsil – Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirət edənlər; üçüncü nəsil – İkinci Dünya müharibəsindən sonra stalinizmin qorxusundan vətənə qayıda bilməyənlər; dördüncü nəsil – əsas etibarilə Cənubi Azərbaycandan mühacirət edənlər (İran-İslam inqilabından sonrakı mühacirət – N.C.) (“Odlar yurdu” qəzeti, noyabr 1991, ¹ 21).

Əlbəttə, Elçinin bu təsnifatı ilk təşəbbüslərdən biri kimi diqqətəlayiq və əhəmiyyətlidir. Sonralar elmi ədəbiyyatda Azərbaycan mühacirətinin mərhələləri və nəsilləri ilə bağlı digər fikirlər də meydana çıxdı ki, bunların da təhlili tarix üzrə elmlər doktoru, professor Xaləddin İbrahimlinin “Azərbaycan mühacirəti tarixi” adlı dəyərli monoqrafiyasında verilib (Bakı: Elm və təhsil, 2012, s. 9-10). Biz yalnız onu əlavə edərdik ki, Azərbaycan siyasi mühacirətinin, əsas etibarilə, XX əsr hadisəsi olması barədə Elçinin tezisini əvvəlki araşdırmalarımızda inkişaf etdirmiş və yazmışdıq ki, istər XIX əsrin, istərsə də XX əsrin əvvəllərinin Azərbaycan mühacirəti təşkilatlanmış toplum deyildi, ideoloji mübarizə vasitələrinə, mətbuata, nəşriyyata malik deyildi; onun fəaliyyəti heç bir siyasi qurum tərəfindən istiqamətləndirilmirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yaranıb, zaman-zaman inkişaf etmiş mühacirətimiz isə daha kütləvi və mütəşəkkil xarakter daşıyırdı, müxtəlif ölkələrdə özünün siyasi qurumlarına, mətbuat orqanlarına malik idi. Ən başlıcası isə bu mühacirət məskunlaşdığı ölkələrdə özünün siyasi, ədəbi-mədəni mühitini yaratmış, yetmiş il ərzində müxtəlif vasitələrlə Azərbaycan milli hərəkatını davam etdirmiş, zəngin ideoloji-siyasi və ədəbi-elmi irs qoyub getmişdir (Nikpur Cabbarlı. Mühacirət və klassik ədəbi irs. Bakı: Elm, 2003, s. 9-10).

Zamanına görə bəzi mübahisəli məqamlarına baxmayaraq, Elçinin Azərbaycan mühacirəti haqqında məqaləsi mühacirətşünaslığımızın  yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir, bu sahənin qarşısında duran həlli vacib məsələləri müəyyənləşdirirdi.

1991-ci ildə dərc etdirdiyi “Ədəbi proses: olum, ya ölüm?” silsiləsindən üçüncü məqaləsində Elçin mühacirətimizin ədəbi-elmi irsi barədə də peşəkar mülahizələr söyləyir. Azərbaycan ədəbiyyatı tarixinin yeni konsepsiyasının hazırlanmasında mühacirət ədəbiyyatşünaslığından da faydalanmağın zəruriliyini vurğulayan alim eyni zamanda belə bir narahatlığını da ifadə edir ki, “burada da aludəçilik yox, elmi obyektivlik əsas götürülməlidir, yəni dünənə kimi oxunmadan tənqid olunan müəlliflər, əsərlər, bu gün oxunmadan tərif edilməməlidir, çünki bu  da eyni medalın iki üzü olar və yenə də bizim ədəbiyyatşünaslıq elmimizi, nəzəri fikrimizi elə bir dalana gətirib çıxarar ki, bu dəfə də magistral kənarda qalar” (Elçin. Seçilmiş əsərləri. 10 cilddə, 7-ci cild. Bakı: ÇİNAR-ÇAP, 2005, s. 544).

Əhməd Cəfəroğlunun “Azərbaycan dil və ədəbiyyatının dönüm nöqtələri”, Əbdülvahab Yurdsevərin “Azərbaycan ədəbiyyatında Vidadi və Vaqifin yaradıcılığı”, Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsərlərini, həmçinin mühacirət ədəbiyyatşünaslığının digər örnəklərini istər metodoloji prinsiplər, istərsə də elmi-nəzəri səviyyə baxımından diqqətəlayiq və aktual araşdırmalar kimi dəyərləndirən Elçin düzgün olaraq bu qənaətə gəlir ki, sözügedən araşdırmalar “sosialist realizmi ədəbi metodunun” inzibati çərçivələrindən azad elmi-nəzəri təfəkkür bəhrəsi kimi maraqlıdır və bu mənada, onların müqayisəli şəkildə öyrənilməsi həmin yeni konsepsiyanın (Azərbaycan ədəbiyyatı tarixinin yeni konsepsiyası nəzərdə tutulur – N.C.) işlənilməsi baxımından effektli elmi nəticələrə gətirib çıxara bilər, eyni zamanda, ədəbi prosesi də canlandırar, ona yeni bir nəfəs, ab-hava gətirər” (Elçin. Seçilmiş əsərləri. 10 cilddə, 7-ci cild. Bakı: ÇİNAR-ÇAP, 2005,       s. 544-545).

Mühacirət ədəbiyyatşünaslığı ilə sovet dövrü Azərbaycan ədəbiyyatşünaslığının müqayisəli şəkildə araşdırılmasına dair tezisini Elçin sözügedən məqaləsində Ə.Yurdsevərin “Azərbaycan ədəbiyyatında Vidadi və Vaqifin yaradıcılığı” əsərini Həmid Araslının və Araz Dadaşzadənin uyğun fundamental araşdırmaları ilə qarşılaşdırmaq əsasında əyaniləşdirir və belə bir maraqlı nəticəyə gəlir ki, “mühacir ədəbiyyatşünasın bu kiçik kitabçası bizim üçün dünənə qədər əlçatmaz ideoloji  uzaqlıqda olan sadə həqiqətləri açıqlaması ilə dəyərlidir” (Elçin. Seçilmiş əsərləri. 10 cilddə, 7-ci cild. Bakı: ÇİNAR-ÇAP, 2005, s.545). Məqalə müəllifi bu qənaətini Ə.Yurdsevərin sözügedən araşdırmasındakı bir fikrin qısa şərhi əsasında təsdiqləyir: “A.V.Yurdsevər (əslində Ə.V. Yurdsevər, müəllif Əbdül adını türk transkripsiyasında verib – N.C.), “Vaqif realizminin başlıca özəlliyi onun qoşmalarına və həmən bütün müxəmməs və qəzəllərinə hakim bulunan dərin və coşğun bir iyimserlikdir (nikbinlikdir — E.)”— dedikdə (səh. 30), burada bizim üçün yeni bir şey yoxdur, lakin biz oxuduqda ki, “Vaqif İslam dininə qarşı dərin və səmimi inanc duyğularıyla bağlı bulunur” (səh. 35) və bu fikrin əsaslandırıldığını gördükdə, elə bil ki, nəsə bir qeyri-adiliklə üzləşirik, halbuki, söhbət məhz həmin “sadə həqiqətlərdən” gedir. Yetmiş ilin bəslədiyi eybəcər stereotip heyrətə gəlir: necə yəni Vaqif bir tərəfdən realistdir, digər tərəfdən isə “dərin və səmimi duyğularla” İslama bağlıdır? Axı, bizim ədəbiyyatşünaslıqda, bəzən özünün ən yaxşı nümunələrində belə, realizm ilə din bir-birinə qarşı qoyulmuşdur!” (Elçin. Seçilmiş əsərləri. 10 cilddə, 7-ci cild. Bakı: ÇİNAR-ÇAP, 2005, s. 545).

Azərbaycan mühacirət ədəbiyyatının araşdırılmasını və ədəbi prosesə cəlb edilməsini ədəbiyyatşünaslıq elmimizin və ədəbi tənqidimizin mühüm vəzifələrindən biri kimi irəli sürən Elçin, eyni zamanda, keçid dövrünü yaşayan cəmiyyətlər üçün səciyyəvi olan şüarçılıq və emosiyaları, onların daha çox ziyanlı nəticələrini göz önünə alaraq yazırdı: “Hissə qapılmadan, “mühacirətdə nə yazılıbsa, hamısı əladır!” – kimi prinsiplə yox, obyektiv elmi-nəzəri meyarlarla aparılan araşdırmalar nəticəsində xalqımızın uzun müddət ayrı düşmüş mənəvi sərvəti, təbii ki, özünə qaytarılmalıdır” (Elçin. Seçilmiş əsərləri. 10 cilddə, 7-ci cild. Bakı: ÇİNAR-ÇAP, 2005, s. 546).

Elçin bu fikirləri qələmə aldığı zaman 1991-ci ilin avqustu idi. Hələ “Azərbaycan Respublikasının dövlət müstəqilliyi  haqqında” Konstitusiya Aktı qəbul edilməmiş, suverenliyimiz dünya birliyi tərəfindən tanınmamış, ölkəmizdə söz və mətbuat azadlığı bərqərar olmamışdı. Lakin təəssüflərə rəğmən, Əlahəzrət Zaman təəssübkeş ziyalının bu narahatlığının əsassız olmadığını təsdiq etdi. Düz iyirmi il sonra – 2011-ci ilin avqust ayında  Yaşarla “Ədəbiyyat söhbəti”ndə Elçin yenidən mühacirət ədəbiyyatının tədqiqi problemlərindən eyni həyəcan və eyni narahatlıqla danışır: “Sovet İttifaqı çökdü, müstəqilliyimizi bərpa etdik, mühacirət ədəbiyyatını bilavasitə oxumaq, öyrənmək imkanımız yarandı və paralel olaraq da, mühacirət ədəbiyyatına tendensiyalı münasibət, gözüyumulu tərifnamələr söyləmək dəbi açıq-aşkar özünü göstərməyə başladı. Elə həmin Almas İldırımı götürək. O, vətəndə min bir məşəqqətə düçar edilmiş və vətəndən kənarda mühacir həyatı yaşamağa məcbur olmuş istedadlı Azərbaycan şairidir. Ancaq hərdən elə məqalələrə, mülahizələrə rast gəlirsən ki, əndazə hissi itir və Almas İldırım XX əsrin az qala ən böyük şairi kimi təqdim olunur. Yaxud Ə.Cəfəroğlu, ya da M.B. Məmmədzadə bizim ən böyük ədəbiyyatşünasımız kimi qiymətləndirilir. Artıq bu – hissə qapılmaq, əndazəni itirmək yox, təmiz konyukturadır” (Elçinlə ədəbiyyat söhbəti (Yaşarın Xalq yazıçısı Elçinlə müsahibəsi). Bakı: Təhsil, 2012, s. 176).

Bizim üçün olduqca xoş və fərəhləndiricidir ki, bu tənqidi mülahizələrdən sonra Elçin müəllim hələ gənc (27-29) yaşlarımızda (1995-1997-ci illərdə) qələmə aldığımız, fəqət maliyyə çətinlikləri üzündən yalnız 2003-cü ildə çap etdirə bildiyimiz “Mühacirət və klassik ədəbi irs” monoqrafiyamız barədə təqdiredici fikirlər söyləmiş, əsəri yüksək dəyərləndirmişdir (Elçinlə ədəbiyyat söhbəti (Yaşarın Xalq yazıçısı Elçinlə müsahibəsi). Bakı: Təhsil, 2012, s.176).

Ümumiyyətlə, Yaşarla “Ədəbiyyat söhbəti”ndə Elçinin mühacirət ədəbiyyatımızın araşdırılması problemləri ilə bağlı söylədiyi fikirlər onun bu sahəni daim diqqətdə saxladığını, mövzu ilə bağlı yazılanları müntəzəm izlədiyini və yeri gəldikcə, bu barədə öz nüfuzlu alim-tənqidçi sözünü ədəbi-elmi ictimaiyyətə çatdırmaq ehtiyacı duyduğunu göstərir. Məhz bu elmi maraq və mənəvi ehtiyac Elçini 1980-ci illərin sonlarından etibarən mühacirətşünaslığımızın problemləri ilə peşəkarcasına məşğul olmağa sövq etmiş və yuxarıda yazılanlardan göründüyü kimi, görkəmli yazıçı, tənqidçi və ədəbiyyatşünas alim bu sahənin də inkişafında əhəmiyyətli rol oynamışdır.

 

 

Nikpur CABBARLI

Filologiya üzrə fəlsəfə doktoru,

dosent, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı

525-ci qəzet.- 2014.- 24 may.- S.20-21.