“...Mənim nostaljim gələcəklə
bağlıdır”
Görkəmli filosof Səlahəddin Xəlilovun rəhbərlik etdiyi “Fəlsəfə dünyası”na daxil olmaq üçün həqiqi və həm də abstrakt anlamda ən azı 40 pilləkən qalxmalıydım. Ucalığa varmaq cəhdi yormadı, çünki böyük
alimlə söhbətimiz ərzində zaman və məkan
anlayışı dəyişmişdi sanki... Filosof
nostaljisinin tam fərqli olacağını
düşündüyümdə yanılmamışdım...
Mükaliməmizi sadəcə nostalji söhbət
adlandırmaq mahiyyəti bəsitləşdirmək olardı,
əslində mən böyük mütəfəkkiri dinlərkən
tam bir zamansızlıq və məkansızlıq duyğusu
yaşamaqla bərabər, həm də yeni ideyaların
doğuluşuna şahidlik etmək şansını
yaxalamışdım...
Səlahəddin
Xəlilov təkcə Azərbaycanda deyil, bütün
dünyada tanınan, etiraf və qəbul edilən alim, filosof,
onlarla fəxri adın və rütbənin
daşıyıcısı olmaqla bərabər, bunların
hamısının fövqündə dayanan və əsl
varlığının mahiyyətinə uyğun ünvan
sahibidir: Milli ruhun daşıyıcısı! Filosof
söhbət zamanı vurğulamışdı ki, millət,
Vətən milli ruhun daşıyıcıları ilə
xarakterizə olunur. Düşünürəm
ki, bu anlamda Səlahəddin Xəlilov MİLLƏT-dir,
VƏTƏN-dir. Nostaljinin mahiyyəti də elə əslində
VƏTƏN üçün qəribsəmək deyilmi?
Elə isə, Millətimizi, Vətənimizi bir daha
yaxından tanımaqda çox fayda var... “Qərib
ünvanlar”ın, “yad qürbətlər”in saxta cazibəsinin,
süni parıltısının göz qamaşdırdığı
çağdaş zəmanəmizdə bu VƏTƏN-in
nostaljisi ÖZÜMÜZƏ, ÖZLÜYÜMÜZƏ,
ÖZÜLÜMÜZƏ qayıtmaq üçün bizə
vacibdir, çox vacibdir...
“Nostalji
xatirə və duyğu kontekstində ortaya çıxır”
Nostalji –
dərəcəsindən və xarakterindən asılı
olaraq dilimizdə bir neçə fərqli sözlə ifadə
olunur: nisgil, xiffət, qəribsəmək... Etimoloji
baxımdan nostaljini ən dəqiq ifadə edən söz qəribsəməkdir.
Başqa cür desək, vətənə, evə-eşiyə,
elə-obaya cazibə mənasında qəriblik duyğusu.
Sadəcə olaraq, burada məkanca uzaq
düşməkdən daha çox, zamanca uzaq düşmək
nəzərdə tutulur.
Müəyyən bir situasiyanın, hadisənin insanı
yenidən duyğulandırması... Bu heç
də həmin hadisəyə və ya zamana qayıdış
istəyi deyil və daha çox dərəcədə
insanın öz həqiqi varlığının, daha dərin
yaşantılarının məhz hansı duyğularda
qaldığını sezməkdir.
Sadəcə insan özünü birdəfəlik yox,
vaxtaşırı olaraq dərk etməyə
çalışmalıdır. Hərdən bir
“papağını qarşısına qoyub düşünməlidir”.
Keçdiyi yolu götür-qoy etməli, yenidən
dəyərləndirməlidir.
Lakin keçmişə ağıl süzgəcindən,
prizmasından baxmaq, düşünülmüş
özünütəhlil bir şeydir, keçmiş hisslərin
adamın özündən asılı olmadan yenidən
canlanması, adamın zehnini “işğal etməsi” başqa
şeydir. Nostalji ağıl və bilik kontekstində deyil,
xatirə və duyğu kontekstində ortaya çıxır.
Xatirə biliklər şəklində deyil, təsəvvürlər
şəklində saxlanır. İnsan
başına gələn hadisələri duyduğu,
qavradığı kimi də yadında saxlayır və ona
görə də xatirə həyatın ikinci – mənəvi-duyğusal
mövcudluğudur, həm də maddi həyatdan fərqli
olaraq zamanın dönməzliyi qanununa tabe olmayan və istənilən
vaxt bərpa oluna bilən, yenidən baş verən bir
mövcudluğudur. Xatirə “acı” və ya “şirin”, “solğun” və
ya “al-əlvan” ola bilər, insanın vaxtilə keçirdiyi
hissləri yenidən təkrar etdirə bilər.
“Mənə
görə bu gün keçmişin davamı olmaqdan daha
çox, gələcəyin
başlanğıcıdır”
Adətən insanlar keçmişin xiffətini çəkirlər. Paradoksal
görünə bilər, amma mənim nostaljim gələcəklə
bağlıdır. Mənim
üçün bu yeni gün keçmişin davamı deyil,
gələcəyin başlanğıcıdır. Yəni, mən həmişə gələcəyimi
yaşayıram. Mənim üçün həyat xəyalımda
qurduğum həyatdır, planlarımdır,
arzularımdır, istəklərimdir və bunların layihələri,
müxtəlif modelləri və nəhayət canlı
yaşantılarıdır. Əbu Turxanın bir
aforizmini həmişə epiqraf kimi gətirirəm: “Bu
günü olmayan xalqın keçmişi də yoxdur”. Önəmli olan gələcək yüklü bu
gündür, keçmiş deyil. Bu
gün yoxdursa, keçmişdən nə fayda var?
Əslində,
keçmişin də meyarı bizim bu
günümüzdü, bugünkü mənəvi
varlığımızdı. Keçmiş
ancaq gerçək ruhi-mədəni varlığımızda
təmsil olunduğu dərəcədə var. Bu mənada
keçmişi canlandıran, ruhlandıran,
işıqlandıran və onun meyarına çevrilən bu
gündür. Müəyyən mənada
bu günündən narazı olanlar keçmişin xiffətini
çəkirlər. Və ya dünənində
yaşadığı, amma davam elətdirə bilmədiyi bir
keçmiş üçün qəribsəyirlər. Təəssüf ki, insanların böyük əksəriyyəti
keçmişə yönəlik, keçmişi xəyalında
canlandıraraq xatirələrlə yaşayır. Daha çox xatirələrlə yaşayan insanda
keçmiş üçün nostalji də çox olur.
Arzularla, məqsədlərlə, idealla
yaşayan insanda isə nostalji gələcək
üçün olar.
Sual oluna
bilər: Axı gələcək hələ
yaşanmayıbsa, nostalji mümkündürmü? O zaman ki, gələcəyə
doğru addımlamaqda özündə qüvvət
tapırsan, özünlə millətinin ahəngdarlığını,
vəhdətini hiss eləyirsən və məqsədlərinin
öz xalqına və ya heç olmasa, kiməsə lazım
olduğuna əminsən, onda yaradıcılıq əzmi
yaranır. Gərək gələcəyi əvvəlcə
fikrində yaşadasan ki, sonra həyatında yaşaya biləsən.
Xalqımızın da müdrik bir misalı
var ki, ağla gələn başa gələr. Gələcək
bizim idealımız istiqamətindədir. O zaman ki,
insanın idealı onun təsəvvür elədiyi kimi olmur,
o zaman ideal öz mənasını itirir. Gələcək
üçün idealdan uzaqlaşma, yadlaşma hiss edəndə,
sən bir məqsəd uğrunda çalışarkən o
başqa səmtə üz tutanda və bəri başdan bəlli
olanda ki, ideal baş tutmayacaq, deməli, xəyalda qurduğun
bir həyatın bəri başdan sapıntılarını,
onun uğursuzluğunu, bu reallığın xəyal
qırıqlığını yaşayırsan. Amma o biri tərəfdən, hələ sənin xəyal
qırıqlığına uğramadığın, hələ
inandığın məqam ki var; bu xalq, vətən həmin
ideala doğru gedir bu vətən məhz sənin xəyalında
yaratdığın, uğrunda ölməyə hazır
olduğun vətəndir, bu ideal da həmin idealdır-nə qədər
gözəl idi. O zamana qədər ki, mənim daxili
varlığımla kənar varlığım, milli
varlığımla fərdi varlığım bir-birini
tamamlayırdı. Bax, həmin
yaşantılarım indi ancaq mənim xəyalımda
qaldı. Haçalanma oldu, amma o xəyalı
mən hələ də yaşadıram. Əslində
gerçəklik başqadı, amma yaşatdığım xəyal
üçün nostalji yaranır. Belə bir adam ilk
fürsətdəcə gələcəyinin
yaşantısına, xəyallarına çəkiləcək. Sonra
onu oyadırlar,
gerçəkliyə qaytarırlar. Sonra yenə həmin
dilemma, həmin təzadlar, həyatın həmin
riyakarlığı, ictimai həyatla fərdi ideal
arasındakı uyğunsuzluq...Bax, bu halda xəyaldakı gələcəyin
nostaljisi yaranır...
“Fəlsəfi
söhbəti anlaya biləcək bir auditoriyanın nisgilini
çəkirəm”
Bir müəllim kimi çoxdandır həsrətini
çəkdiyim – auditoriyadır, tələbələr, dinləyicilərdir. Axı, fəlsəfə
qarşı tərəflə dialoq tələb edir. Əlbəttə, düşünmək olar ki,
auditoriyadan çox auditoriya var. Amma mən auditoriya dedikdə,
əlində tələbə bileti olan gənclərin
toplaşdığı hansısa sinif otağını, yaxud
məmurlarınmı, fəlsəfə
professorlarınınmı toplaşdığı hansısa dəyirmi
masanı nəzərdə tutmuram. Mən fəlsəfi
söhbəti anlaya biləcək, tərəf-müqabil ola biləcək, əks-əlaqə yaradılmasını
təmin edəcək bir auditoriyanın nisgilini çəkirəm.
Heç olmasa, üç-dörd nəfər... Təəssüf, indi ölkəmizdə belə bir
auditoriya yığmaq çox çətindir. Elə əvvəllər də çətin idi.
Bu məqsədə nail olmaq üçün 15 il əvvəl ölkənin ən istedadlı
gəncləri arasında müsabiqə elan edərək, “Gənc
istedadlar klubu” yaratmışdım.
Maraqlıdır ki, 50 nəfər fəlsəfi
təfəkkürlü “istedad” arasına fəlsəfə
fakültəsindən heç bir nəfər də
düşə bilməmişdi. 50 nəfər gənc və
20 nəfər sayılıb-seçilən elm adamları:
Cavad Heyət, Yaşar Qarayev, Nurəddin Rzayev, Fəraməz
Maqsudov, Kamal Talıbzadə, Budaq Budaqov, Asəf Nadirov kimi
görkəmli ziyalıların iştirak etdiyi məclisdə
bir növ nəsillərin dialoqu təmin olunurdu. Hər dəfə mühüm bir fəlsəfi
problem müzakirəyə çıxarılır və gənc
istedadlar sərbəst mühakimə yürüdür, öz
intellektlərini ümummilli problemlərin
araşdırılmasına yönəldirdilər. Bu
diskurs bir neçə il davam etdi. İndi də belə bir auditoriyanın arzusundayam.
“Vətən
mənim üçün milli ruhun varlığıdır”
Doğulduğum yerlərə çoxdandır ki, getmirəm. Mənim üçün
cismani dünya və onun hər hansı guşəsi, hadisə
tərəfləri artıq o qədər uzaqda qalıb ki... Təbiət özü də rəmziləşib.
Bu hissi izah etmək üçün əvvəlcə
başqa bir misal gətirmək istəyirəm. İnsanlar
müəyyən günlərdə yaxınlarını,
doğmalarını yad eləmək üçün məzarlığa
gedirlər. Mənə təəccüblü
gəlir ki, insan bir qəbir daşının altında öz
doğmasını necə axtara bilər? Yəni
doğmalarımız həmişə bizimlə deyilmi? Ya mən onun
ruhunu yad eləmək istəyəndə öz daxili aləmimdə,
öz ruh aləmimdə yad eləmirəmmi ki, hansısa əlahiddə
bir məkana gedim? Axı o məzarlıq
doğmam üçün səciyyəvi məkan deyil. Doğmam ömründə o məkana bir dəfə,
o da dünyasını dəyişəndən sonra gedib.
Onun mənimlə bərabər
yaşadığı anlar mənim xatirimdədirsə,
arzuları, idealları yadımdadırsa bunları yenidən
işıqlandırmaq, yaşatmaq daha önəmli deyilmi?
Əlbəttə, cismani yadigarlar rəmzi səciyyə
daşıyır. Lakin rəmzin
arxasında mənəvi-ruhani məzmun olmayanda o, rəmziliyini
də itirir. Əsl fəlsəfə cismani dünyanı, əşyalar
aləmini qəbul eləmir. Yəni, var
olan ruh aləmidir. İnsan onun ruhu,
sonrakı planda şüuru, düşüncəsidir. İnsan onun bədəni deyil, cəsədi heç
deyil. Doğmamın ruhu daha çox mənim ətrafımda
dolaşır və onu yad etdiyimdə qəlbimdə olur.
Bunu izah
eləyəndən sonra bəsit vətən
anlayışı, ilkin doğulduğum ev, kənd, bölgə
ilə
bağlı onu deyə bilərəm ki, getməsəm
də, oralardan nə qalıbsa, hamısı zatən mənimlədir.
Mənim ruh aləmimdə yaşayanları gedib
hansısa cismani məkanda, hansısa daşda-kəsəkdə
axtarmağım gülməli şeydi. Vətən
mənim üçün milli ruhun varlığıdır.
“Doğulduğum yerlərə illərdir getmirəm”
deyəndə də bunu nəzərdə tuturam. Uşaqlıqda biz yayda Dağ Sarvan adlanan yerə gedərdik,
ora alp zonasıdır, ancaq çiçəklər vardı,
heç ağac da bitmirdi. Ordakı o
dağ çayı, buz kimi bulaqlar, o havanın saflığı
ruhuma çöküb. Mənim
filosofluğumda onların da payı var. Mən bütün bu
təbii rəmzləri öz ruhumda yaşadıram, niyə
gedib orda axtarmalıyam ki? Bəlkə gedib
oraların dəyişdiyini görsəm, xəyal
qırıqlığı yarana bilər. Önəmli
olan kənd-kəsək yox, insanlardı, münasibətlərdi.
Mənim üçün nostalgiya daha çox
insanlarla bağlıdır, insanlar da hardasa müəyyən
mənada şəxssizləşir, konkretlik itir, ortada
hansısa bir ideya, mənəvi prinsip qalır. Mənim gəncliyimin formalaşmasında rolu olan mənəvi
prinsiplər rəmzi mənada konkret hadisələrlə
bağlı olsa da, onlar yavaş-yavaş ümumiləşib
və zamandan, məkandan asılılıq aradan qalxıb.
İnsan hər şeydən önəmlidir. Vətən də
təbii sərvətinə görə yox, mədəni-mənəvi
sərvətinə, insanlarına görə, elm və sənət
adamlarına görə tanınmalıdır. Milli ruhun daşıyıcıları var olduqca, millət
də mövcudluğunu saxlayacaq, Vətən də
qorunmuş olacaq.
Gələcək üçün nostaljinin bir özəlliyi
də bundadır ki, onun nə vaxtsa gerçəkləşməsi
şansı var. Yəni nostaljilər güclü olsa,
duyğular ağıl və tədbirlə birləşə
bilsə, o yenidən yaradıcılıq əzminə
çevrilə bilər.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2014.- 24 may.- S.19.