Nüfuzlu ziyalı, dəyərli alim

 

  "İnsan mənəviyyat üçün yaşamalıdır"

    Heydər Əliyev

 

Mənəviyyat-mənalandırılmış dünyadır. Mənasını bilmədiyimiz məqamların mənəvi dünyaya aidiyyatı yoxdur. İnsan bu dünyadakı hadisələrin mənasını anladıqca,  özü üçün məqsədi, amalı bəlli olan, duyulmuş, dərk olunmuş bir dünya qurur ki, bu da onun mənəvi dünyasıdır.

Mənəvi dəyərlərimizin, eyni zamanda Azərbaycan elminin qorunub saxlanmasında və inkişafında xüsusi xidmətləri olan və dövlətçilik hissini daima qəlbində yaşatmış xalqımızın nüfuzlu ziyalısı və çox dəyərli alimimiz Əhməd Əkbər oğlu Mahmudov 1923-cü il may ayının 25-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. 1950-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) uçot-statistika fakültəsini, 1954-cü ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisad bölməsinin (indiki EA-nın İqtisadiyyat İnstitutu) aspiranturasını bitirib.

1956-1958-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş elmi işçi, 1958-1964-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu direktorunun müavini, 1964-cü ildən ömrünün sonunadək isə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru vəzifələrində çalışıb.

1976-1988-ci illərdə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda İqtisad elmləri namizədi və doktoru alimlik dərəcəsi üzrə ixtisaslaşdırılmış şuranın sədri, 1981-1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix, İqtisadiyyat, Fəlsəfə və Hüquq bölməsinin akademik katibinin müavini vəzifələrində işləyib.

Siyasi iqtisad, aqrar-sənaye komplekslərinin iqtisadiyyatı, ictimai istehsalın intensivləşdirilməsinin iqtisadi problemləri Azərbaycanda, o cümlədən Naxçıvan MR-da kənd təsərrüfatının intensivləşdirilməsinin mahiyyəti və nəzəri əsasları, intensivləşdirmənin səviyyəsini müəyyən edən metodika və göstəricilər sistemi, onun əsas yolları, mənbə və xüsusiyyətləri sahəsində tədqiqatlar aparıb. Bir neçə kitab və monoqrafiyanın, 150-dən çox elmi məqalənin müəllifidir. Bir sıra mötəbər elmi sualların, elmtexnika üzrə Respublika Dövlət Mükafatları Komitəsinin üzvü olmuşdur. Elmi kadrlar hazırlanmasında xidmətləri isə saysız-hesabsızdır. AMEA-nın akademiki Əhməd Mahmudov Azərbaycan SSR-i Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna 25 il rəhbərlik edib.

Əhməd Mahmudova Ulu Tanrımız daha nələr verməyib. Müdriklik, alicənablıq, səxavətlik, mərdlik və sair. Onun uzaqgörənliyi  imkan verirdi ki, hər hansı bir məsələdə ən kiçik bir səhvə belə yol vermədən qərar qəbul etsin. O, hələ çox gənc yaşlarından zəhmətə alışmışdır. Əlbəttə, insan özünəməxsus düşüncəsi və hissiyyatı müqabilində özünü idarə edir. O, qəlbinin hökmünü zamanında dəyərləndirməyi bacaran bir şəxsiyyət idi. Əhməd Mahmudov hər şeyə ani reaksiya verməz, yüz ölçüb, bir biçdikdən sonra münasibət bildirərdi. Onun ən üstün cəhətlərindən biri də yaşından və vəzifəsindən asılı olmayaraq, hər kəsi dinləmək qabiliyyəti idi. O, həqiqətdə ruhən zəhmətkeş insan olub. Onun təkrarsız, müsbət və ibrətamiz xarakterləri həmişə istər yuxarılar, istərsə də aşağılar tərəfindən rəğbətlə qarşılanıb. Çünki o, bir müdrik insan olaraq bilirdi ki, hərəni öz düşüncə tərzində dindirsən və ya tələb etsən, daha effektli, daha faydalı ola bilər. Bu baxımdan Əhməd Mahmudov soy-kökünə bağlı bir insan olub. O, yaşadığı ömrü boyunca el-obasıyla bağlı ən kiçik hadisələri belə unutmayıb. Onun keçmişi gələcəyi üçün hər zaman bir örnək, nümunə olub. Həmişə söhbət düşəndə deyərdi:

- Yadınızdan çıxarmayın ki, siz gələcəyinizi keçmişinizin üzərində qurursunuz. Faydalı keçmişimiz olmasaydı, dəyərli gələcəyimiz də ola bilməzdi.

Xüsusi bir vəzifə daşıyıcısı olmağına baxmayaraq, o, hər zaman  doğulduğu rayonunun xeyrində və şərində iştirak edib.Bu, bir həqiqətdir ki, , əməl, zəhmət insanın bir peşəkar kimi formalaşmasına təsir etməklə yanaşı, onu mənəvi müstəvidə də cilalayır, daha nəcib edir. Əhməd Mahmudov yaşadığı və çalışdığı dövr ərzində sanki malik olduğu quruculuq və yaradıcılıq əzmini sınaqdan çıxarırdı. Onu heç vaxt hazır bir ya fəaliyyət növü qane etməyib. O, hər zaman yeniliyə, gələcəyə doğru addımlarında israrlı idi. İstər ictimai fəaliyyətində, istərsə də şəxsi təşəbbüslərində haqqı hər şeydən üstün tutardı. Çalışardı ki, həqiqətin-haqqın mizan-tərəzisi pozulmasın. Bu baxımdan onun xeyirxahlığı və halallığı hər kəsə bəlli idi.

Əhməd Mahmudov harada olursa-olsun azərbaycanlı olmağı ilə qürur duyar, fəxr hissi keçirər, o vaxtki dövr üçün çətin olmasına baxmayaraq, milli-mənəvi dəyərlərimizi təbliğ etməkdən çəkinməz, yorulmazdı. Onun milli xarakterlərini duyan və dəyərləndirən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Əhməd Mahmudov haqqında həmişə müsbət fikirdə olub.

İnsanın yaratdığı özünə doğmadır. Lakin insana xas olan ideyaların yaradıcılığından kənarda, gerçəkliyin özündə belə, hazır şəkildə də təcəssümləri vardır. İnsan bu uyğunluğu, bu adekvatlığı duyunca doğmalıq üzə çıxır, mənəvi qohumluq yaranır. Bu baxımdan Əhməd  Mahmudov bir şəxsiyyət olaraq özü bir təkrarsız ideya daşıyıcısı kimi hər zaman insanlıq üçün bir mayak olmuşdur. Necə deyərlər: "Ya hüdudsuz sevinc hissi, ya xəfif kədər, ya da faciə!" Əlbəttə, bu mütləq dünyanı lazımınca yaşayanlar üçündür.

Əhməd  Mahmudovun həyat fəaliyyətinin ən vacib məqamlarından biri də çoxlarına örnək ola biləcək ailə həyatı olmuşdur. O, nümunəvi ailə başçısı və qayğıkeş bir ata idi.Atalarımız əbəs yerə deməyiblər ki: "Ot kökü üstə bitər". Heç təsadüfi deyil ki, dəyərli professorumuzun övladları da onun şərəfli yolunu xalqa xidmət etməklə davam etdirirlər.Əhməd Mahmudovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Çox hörmətli akademikimiz keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalına layiq görülüb. II dərəcəli Vətən müharibəsi ordeni, digər ordenmedallarla təltif edilib.

Mənim düşüncəmə görə, Əhməd Mahmudovun təkrarsız, bənzərsiz, hamıya nümunə, örnək ola biləcək ömür yolu özü-özlüyündə bir məktəbdir. İnanıram ki, bu müqəddəs məktəbdən hələ çox insanlar uzun illər bəhrələnəcək, yararlanacaq. Hərdən onu xatırlayarkən Fəxri Xiyabana gəlirəm. Onu anmaq üçün məzarını ziyarət edirəm.Əhməd müəllim bir çox başqaları kimi mənim də həyatımda, arzularımın həqiqətə çevrilməsində böyük rol oynamışdır. Nəinki bir məqaləyə, eyni zamanda çoxsaylı kitablara sığmayan ürək sözlərimi belə ifadə edərdim: "Kaş ki, AMEA-nın İqtisadiyyat İnstitutuna Əhməd Əkbər oğlu Mahmudovun adının verildiyi günü görə biləydim".

 

Xanhüseyn Kazımlı, Azərbaycan Respublikası

Milli Məclisinin üzvü, iqtisad elmləri doktoru, professor

525-ci qəzet.-2014.-23 may.- S.4.