Vyanadakı Azərbaycan Mədəniyyət
Mərkəzində bayram tədbiri
Mayın 22-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində 28 May – Respublika Günü münasibətilə sərgi keçirilmişdir. Sərgidə Azərbaycan və Rusiya Rəssamlar İttifaqlarının üzvü, rəssam Elmira Abbaslının əsərləri nümayiş olunmuşdur.
Tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, mədəniyyət xadimləri və işgüzar dairələrin nümayəndələri, bu ölkədə fəaliyyət göstərən müxtəlif mədəniyyət mərkəzlərinin əməkdaşları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, mövcud olduğu qısa dövr ərzində xalqımızın yaddaşında buraxdığı izlərdən danışmışdır. Bildirilmişdir ki, ötən əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan hazırda ciddi beynəlxalq nüfuza malik, sosial-iqtisadi cəhətdən sürətlə inkişaf edən və yerləşdiyi regionda aparıcı qüvvəyə çevrilmiş bir dövlətdir.
L.Qasımova sərgidə Azərbaycan və Şərq ədəbi və bədii-estetik dünyasını əks etdirən əsərlərin nümayiş olunduğunu diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, Elmira Abbaslı müəllifi olduğu bədii kuklaların hazırlanması ilə 1983-cü ildən məşğuldur. O, həm də Azərbaycanda peşəkar bədii müəllif kuklalarının ilk yaradıcısıdır. E.Abbaslının hazırladığı əsərlər real həyatı əks etdirməyə cəhd edən mum fiqurlar və kuklalardan tamamilə fərqlənirlər. Bu əsərlərin hər bir detalı sırf əl əməyinin məhsulu olmaqla, bütöv bir kompozisiyadır və hər biri ayrılıqda sanki bir hekayəti nəql edir. Bu əsərlər mahiyyət etibarilə fəlsəfi, məna cəhətdən yüksək mənəvi, mürəkkəb fantaziyalı kompozisiyalardan ibarətdir.
Həmçinin qeyd olunmuşdur ki, əsərləri Rusiya, ABŞ, İngiltərə, Şotlandiya, Yaponiya, Çin, Malta, Almaniya, Fransa kimi ölkələrdə sərgilərdə nümayiş etdirilmiş, bir çox muzey və şəxsi kolleksiyalarda saxlanılır.
Rəssam Elmira Abbaslı çıxışında sərginin Vyanada təşkil olunmasına göstərdiyi dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirmişdir. O, canlı insan obrazlarını özlərində ehtiva edən kompozisiyalar və bədii keyfiyyətləri barədə sərgi iştirakçılarına məlumat vermişdir.
Tədbirdə Ayzenştadt Yozef Haydn Konservatoriyasının tələbəsi Müşfiq Quliyev Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən və xalq mahnılarından ibarət kompozisiyalar ifa etmişdir.
Sərgi sentyabrın 15-ə kimi incəsənət həvəskarları üçün açıq olacaqdır.
525-ci qəzet.- 2014.- 24 may.- S.17.