“Naxçıvan – bəşəriyyətin
beşiyi” II beynəlxalq rəsm festivalının
açılış mərasimi keçirilib
“Naxçıvan – bəşəriyyətin beşiyi” II beynəlxalq rəsm festivalının açılış mərasimi keçirilib
Mayın 22-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş “Naxçıvan-bəşəriyyətin beşiyi” II beynəlxalq rəsm festivalının açılış mərasimi olub.
“Naxçıvan-bəşəriyyətin beşiyi” II beynəlxalq rəsm festivalı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən keçirilir.
Muxtar Respublika Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva mərasimdə çıxış edərək deyib ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkə həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsində də əsl intibaha nail olunub. Ulu Öndər əsasını qoyduğu mədəniyyətə qayğı və mədəni inkişaf siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə məqsədyönlü tədbirlər görülüb, tarixi-mədəniyyət abidələri bərpa olunub və ya yenidən qurulub, mədəniyyət müəssisələrinin şəbəkəsi genişləndirilib.
Bildirilib ki, son illər muxtar respublikada Bəhruz Kəngərli Muzeyi yaradılıb, Muxtar Respublikanın Rəssamlar Birliyi üçün yeni bina tikilib və birliyin Bəhruz Kəngərli adına sərgi salonu yaradılıb. Naxçıvan Dövlət Universitetində təsviri incəsənət və rəsmxətt, Naxçıvan Müəllimlər İnstitutunda isə təsviri incəsənət müəllimliyi ixtisasları açılıb. Bu gün Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq və Estetik Tərbiyə mərkəzlərində Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılıb. Bununla yanaşı, muxtar respublikada Naxçıvan Dövlət Rəsm Qalereyası, 10 məktəbdənkənar müəssisədə və 3 uşaq incəsənət məktəbində rəsm dərnəkləri fəaliyyət göstərir. Həmçinin muxtar respublikada incəsənət adamlarına, eləcə də rəssamlara xüsusi diqqət və qayğı göstərilir. “Naxçıvan-bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalının keçirilməsi də bu diqqət və qayğının daha bir ifadəsidir.
Ülviyyə Həmzəyeva tədbir iştirakçıları adından festivalın keçirilməsinə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.
Muxtar respublikanın mədəniyyət və turizm naziri Sarvan İbrahimov deyib ki, qədim tarixə, zəngin mədəniyyətə malik olan Naxçıvan torpağı əsrlərdən bəri Şərqin mədəniyyət mərkəzlərindən biri kimi tanınıb. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Naxçıvan-bəşəriyyətin beşiyi” II Beynəlxalq rəsm festivalı qədim diyarımızın zəngin tarixi və bu günü ilə səsləşən gözəl mədəniyyət və sənət bayramıdır.
Qeyd olunub ki, Naxçıvanın mədəni həyatı rəngarəng və çoxçalarlıdır. Bu mədəniyyət hadisələri içərisində təsviri incəsənət və rəssamlıqla bağlı keçirilən tədbirlərin də özünəməxsus yeri var. Naxçıvanda istedadlı rəssamların sərgilərinin keçirilməsi ənənə halı alıb. Son illər tanınmış rəssamlarımızın albom kataloqlarının nəşri, sərgilərinin təşkili təsviri incəsənətə olan diqqətin ifadəsidir. Naxçıvan rəssamlarının əsərləri ABŞ, Almaniya, Türkiyə, Bolqarıstan, İran, Niderland və başqa ölkələrdə nümayiş etdirilir.
“Naxçıvan-bəşəriyyətin beşiyi” II Beynəlxalq rəsm festivalının açılış mərasiminin rəsmi hissəsi başa çatdıqdan sonra muxtar respublikanın musiqi kollektivlərinin çıxışları olub.
Festival iştirakçıları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar. Muxtar respublikanın ərazisində aşkarlanan tarixi əşyalar haqqında qonaqlara məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar qiymətli eksponatlardır. Naxçıvanın 5 min illik şəhər mədəniyyəti qonaqlarda böyük maraq doğurub.
Muzeylə tanışlıqdan sonra fırça ustaları Nuh Peyğəmbərin məzarüstü türbəsini də ziyarət ediblər.
Sonra festivalın yaradıcılıq hissəsi başlayıb.
Festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya, Gürcüstan, İtaliya və İrandan 33 rəssam iştirak edir.
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin, Naxçıvan Müəllimlər İnstitutunun təsviri incəsənət müəllimliyi ixtisasının müəllim və tələbələri, Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinin üzvləri, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq məktəbinin şagirdləri tanınmış rəssamların iş proseslərini izləyiblər.
Qeyd edək ki, mayın 23-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda festivalda iştirak edən rəssamların çəkdikləri əsərlərdən ibarət sərgi təşkil olunacaq. Bununla yanaşı, rəsm festivalının iştirakçıları Naxçıvan Dövlət Universitetinə gələrək tələbə rəssamların əsərlərindən ibarət sərgiyə baxacaqlar.
S.Abdullayeva
525-ci qəzet.-
2014.- 24 may.- S.16.