"Burdan
Kəlbəcərə elə yaxındı..."
...Qazaxımı görmüşdüm
bir gecə yuxuda, Azərbaycanımın
şeiriyyət ocağını,
söz xiridarlarının
vətənini, müqəddəsliyi
canıma-qanıma hopmuş
elimi... İllər öncə Qarabağımı
qamarlamış yad əllər, yuxumda Qazaxıma da uzanmışdı. Torpaq
davası, qan davası gedirdi yenə...
Gözlərimi açdığımda nəfəsim
kəsilirdi. Göz yaşlarımda boğulur,
kiriyə bilmirdim.
Ölmək qorxusundan
daha ötə imiş - torpağını
itirmək, onu bir daha görməmək,
həsrətilə yaşamağa
məcbur olmaq, havasını ala bilməyəcəyinin,
oylaqlarında dolaşa
bilməyəcəyinin qorxusu...
vətənsizlik kabusu...
Bir daha, itirilmiş torpaqlarımızı, o torpaqların
yetişdirdiyi qələm
dostlarımı, onların
ürək titrədən
yazılarını xatırladım.
Bu dərdi duymaq,
yaşamaq, bu dərdlə yazıb-yaratmaq
nə demək olduğunu düşündüm
bir daha. Qürbətdəki yazarlarımızı,
ən əsas da, hər birimizin
sevimlisi, kövrək
qəlbli, duyğulu, mehriban, həsrətli
şeirlərilə qəlbləri
riqqətə gətirən
şairimizi - Nəsib
Nəbioğlunu və
onun "Kəlbəcər"
adlı sağalmayan yarasını düşündüm...
Baloğlan Cəlil
...Ağır kişilərə
məxsus yerişi və mərdanə duruşu ilə fərqlənən Nəsib
müəllim - bu dağlar oğlu - qürbətdə yaşasa
da, bənövşə
misali ruhu zindanlarda inləyən Kəlbəcərdə, doğma
nəfəslərə həsrət
qalmış qayalarda və türfə gözəllərin yolunu gözləyən gözü
yaşlı buz bulaqlardadır...
Nəsib Nəbi oğlu
1980-ci ildən Moskvada
ömür sürür,
qəm çəkir,
həsrət çəkir,
amma şükür Allaha ki, bir
şair ömrü, sənətkar taleyi yaşayır.
M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirən Nəsib Nəbioğlu müxtəlif xalqların
klassik yazarlarını,
xüsusiylə də,
V. Şukşini, V. Rasputini,
A.S.Puşkini, S.Yesinini
və Jan Pol Sartrı dilimizə çevirib doğmalaşdırıb.
Öz zəhməti ilə və istedadı ilə Rəsul Rza və Yuri Dolqoruki adına
beynəlxalq ədəbi
mükafatları almış
Nəsib müəllim,
öz səmimiliyi və bənzərsizliyi ilə yaddaşımın
ədəbi zirvəsində
çiçəklənən şairlərdəndir.
Afaq Şıxlı
...İlk dəfə bu şeirlə tanımışam onu, bu şeirlə sevmişəm Nəsib Nəbioğlu yaradıcılığını:
"O dağlar Nəsibdən küsülü
qalıb...
Həsrətdən qamətim qısılı
qalıb!
Bir əlim ümiddən asılı qalıb,
Bir əlim
Tanrının ətəyindədir!"
Elə ilk gündən
aramızda bir ata-bala sevgisi yaranıb. Nəsib müəllimi tanıyan hər bir adam belə bir insanla ünsiyyətdə
olmaq fürsətinə
görə Tanrıya
şükürlər edir.
Moskvada yaşadığım
uzun illər ərzində bu insandan inciyən, küsən, onun davranışından narazı
qalan kimsəni görmədim. Hər kəsə yardım
əlini uzatmağa hazırdır. Xoş bir
kəlmədən gözləri
dolacaq qədər həssas, insanları hər zaman saf və səmimi
biləcək qədər
məsumdur. Nəsib Nəbioğlu
öz nadir istedadına,
şair duyumuna güvənib qürrələnmir.
O, bu vergini dürüstlüklə və
adiliklə qəbul edən şəxslərdəndir.
Azərbaycana, onun hər
qarışına məftunluğu
şeirlərinə hopub
Nəsib müəllimin
və oxuyan hər kəsə sirayət edir.
"Vətəndə çiçəklərin də
ətri fərqlidir..."
- deyirdi Kuprin. Nəsib müəllimin
dilindən bu kəlmələrdən daha
ötəsini eşidirik.
Vətən dərdinin
böyüklüyü, Vətən
həsrətinin sonsuzluğu
duyulur onun şeirlərdən... və
yandırır qəlbimizi:
Burdan Kəlbəcərə elə
yaxındı...
Bu yollar keçilməz
qayadı, daşdı.
Zirvələrə baxdım, özümə
baxdım,
Xəyalım qəfildən ilişdi, çaşdı.
Apardı uzağa xəyallar məni,
Qəm aldı
üstümü cığırda,
düzdə.
İşə bax, ay Allah, bu necə sirdi -
Xəyalım o üzdə, mənsə bu üzdə?
Bəs necə adlayım, bəs necə keçim,
Yollarımı kəsən bu sədlər nədir?
O üzdə o tutur sönmüş ocaqlar,
Bu üzdə qəm, həsrət məni göynədir!..
Nəsib Nəbioğlu özü bu haqda, böyük
ürək ağrısıyla,
belə deyir:
"...Bu
illər ərzində
kəlbəcərlilərin nələr çəkdiklərini
bir Allah bilir... Özüm əslən Kəlbəcərdən
olduğumdan, Kəlbəcər
haqqında yazmaq, daha doğrusu onun işğalını
dilə gətirmək
mənin üçün
çox çətindir.
Hər bir insanın böyük vətəniylə
bərabər kiçik
bir vətəni də olur. O kiçik Vətən hər birimizin doğulduğu ev, böyüyüb, boya-başa
çatdığımız həyət, məhlə,
cığırlarında yüyürüb-yıxıldığımız
kənd, çılğın
yeniyetməlik illərimizi
keçirdiyimiz yurd,
ilk sevginin yaşandığı
məkan, böyüdükcə
ruhumuza, qanımıza
daha çox hopan, gecələr yuxumuzdan əl çəkməyən, ömrümüz
boyu hər birimizi rahatlanmağa qoymayan varlıqdır.Və
bu varlığın işğal altında olması asan məsələdirmi? İllər boyu
yaşadığı ata-baba
torpağından qovularaq
didərgin salınan,
qaçqına, köçkünə
çevrilən insanların
dərdini hələm-hələm
adamlar anlamaz. Bu, böyük dərddir,
nədənsə davası-
dərmanı tapılmayan
dərddir. Üstəlik
də qəribçilik! Onun da yükü adi yük deyil
axı..."
"...İşimlə, tutduğum
vəzifəylə bağlı
dünyanın irili-xırdalı
30-dan çox ölkəsində
olmuşam, demək olar ki, bütün
Avropanı gəzmişəm,
Asiyada, Afrikada olmuşam, xoşuma gələn ölkələr,
şəhərlər çox
olub, amma Kəlbəcərin gözəlliyini
heç yerdə görməmişəm. Bu, aydındır,
hər kəsə öz yurdu, öz eli,
öz obası gözəldir".
"...Mənim kimi yüzlərlə, bəlkə
də minlərlə oğulların anaları ağlar qaldılar, doğma yurdlarını görmədən dünyalarını
dəyişdilər. Təmiz
dağ havasında böyüyən, dupduru axan çaylarımızın
suyunu bəyənməyən,yalnız durna gözlü bulaqlarımızın
suyundan içən kəlbəcərlilər məskunlaşdıqları yerlərə öyrəşə bilmədilər,
onların sıraları
seyrəlməkdədir... Kəlbəcərin həsrətinə, çarəsiz
dərdinə dözməyən
minlərlə kəlbəcərli
vaxtsız dünyalarını
dəyişdilər. Şamil Əsgərov, Bəhmən
Vətənoğlu, Sücaət,
Allahverdi Qəmkeş,
Dəmirçi Abbas kimi istedadlı şair və aşıqlarımız, Kəlbəcərin
işğalına, nisgilinə
dözə bilmədilər.
Kəlbəcərsiz doğulan, Kəlbəcərsiz
böyüyən uşaqlarımıza,
gənclərimizə necə
sevdirəcəyik o torpaqları.
Bu özü də bir faciə
deyilmi?"
Baloğlan Cəlil
Nə demək olar?
Sözün bitən yeridir.
Amma inamın deyil! İnam sabaha köklənən,
qələbəyə, ümidlərimizin
doğrulacağına köklənib.
Biz buna inanırıq,
Nəsib müəllim!
Biz buna inanırıq,
Vətən!
...Dünyaya əvəzsiz sənətkarlar bəxş
edən qolu bağlı Kəlbəcər
torpağının dağ
qürurlu oğlu, Azərbaycan Yazıcılar
Birliyinin və Rusiya Yazıcılar İttifaqının üzvü
Nəsib Nəbioğlunun
60 yaşı tamam oldu bu il.
Və bir neçə gün öncə, Moskvada Mərkəzi Ədiblər evində, bu yubileyə həsr olunmuş təntənəli gecə
keçirildi.
Afaq Şıxlı
...Bu gecədə əziz şairimizə Rusiya Yazarlar Birliyi tərəfindən Lermontov mükafatı
təqdim olundu. Bu çox böyük
uğurdur. Dünyanın möhtəşəm dövlətlərindən
birinin belə ünlü ödülünə
layiq görülmək,
rus ədəbi mühitində bu qədər hörmət qazanmaq - əlbəttə
ki, hər yazara nəsib olmur və bu,
fərəhli bir haldır. Nəsib müəllim buna öz əməyi, çalışqanlılığı, təmiz ürəyi və çoşqun ilhamı ilə nail olmuş insandır! Və biz: bütün dostları, qələm yoldaşları, soydaşları
- onunla fəxr edirik!
Baloğlan Cəlil
Gəlin, ömrünün çiçəklənən
vaxtında ona - gözləri daim yol çəkən Nəsib Nəbioğluna uzun, şərəfli ömür yolu, cansağlığı və
könül azadlığı
arzu edək! Axı onun könlü
o ulu torpaqlarda, doğma beşiyi olan Kəlbəcərindədir...
Ürək sözlərimizi dəyərli
şairimizə, eləcə
də, onun timsalında, qürbətdə
yaşayan bütün
yazarlarımıza ithaf
etdiyim bir şeirlə tamamlamaq istəyirəm:
...İtirdiyin başını
alarsan əllərinə,
Gəzərsən dəvəsini axtaran ərəb kimi.
Üzünə mələkləri gülsə
də məmləkətin,
Bir gün çəkərlər
səni meydana, Hələb kimi...
"Gəl-gəl"
deyər uzaqdan qos-qoca Qız Qalası,
Bakı sehirbaz təki tutub sehirlər səni.
Daim edam edərlər Azadlıq meydanında,
Vaxt edib yazmadığın sözlü
şeirlər səni.
Bir vaxt könlündən keçən qadınlar keçib gedər,
Qərib
durnalar kimi gəzərsən öz ölkəni...
Bir yandan da beynini
kotan kimi şırımlar,
Qürbət limanlarında ayrılığın
yelkəni.
Sonsuz bir qəhər kimi tıxanar boğazına,
Torpağın inildəyən, tapdalanan haqları.
Qürbət nəğmələrində ancaq qələbə çalar
Meydanlarda uyuyan Vətənin bayraqları.
Tutub qəlbini sıxar qəribliyin sancısı,
Gözlərin həsrət çəkər
bir ata ocağına.
Dərdini dağıtmağa bir
adam axtararsan,
Pıçıldayar dodağın gecə yazdığın
şeiri,
Zilləyib gözlərini bir
qayın ağacına...
P.S.
Su gələr arxa, haray!
Tökülər çarxa, haray!
İgid
qürbətə düşsə,
Çağırar arxa,
haray!...
Baloğlan CƏLİL,
Afaq ŞIXLI
Ufa-Moskva, 2014
525-ci qəzet.-2014.-23 may.- S.8.