Üzümüz yaza doğrudu...
MUSA URUDUN
QARANQUŞ RUHLU ŞEİRLƏRİ
Hə dəfə bu adı, soyadı eşidəndə ürəyimi qəribə hisslər bürüyür, dərhal yadıma yağı əlində qalmış kəndimiz düşür. Xəyalım qanadlanan
doğma yerlərlə bağlı xatirələr ruhumu dara
çəkir.
Musanın atası İsa əmini, orta məktəbdə
mənə dərs demiş Xatın müəlliməni daha
neçə əzizimizi xatırlayıram. Musa elə uşaqlıqdan seçilən, dərslərini
hamıdan yaxşı oxuyan, nəzakətli,
ağıllı, elmə, ədəbiyyata maraq göstərən
idi. Rəhmətlik bacım
danışardı ki, kitabxanada elə bir kitab qalmayıb Musa
oxumamış olsun. Dərs əlaçıları
da sonralar əsasən ya Tibb İnstitutunda, ya da Azərbaycan
Dövlət Universitetində oxuyardılar. Musanın həkim olmaq istəyi də yəqin ki, bu
səbəblə bağlı idi. Ali məktəbi
bitirdikdən sonra bir müddət həkim kimi
çalışıb da. İndi neçə
seçkidir ki, Milli Məclisin deputatı kimi səmərəli
fəaliyyət göstərir. Səsi beynəlxalq
tədbirlərdən gəlir, bir sıra qanunların
hazırlanmasında əməyi şəksizdir.
Bunuinla bərabər Musa Urud mənə kəndimizin
adınını özünə təxəllüs
seçmiş bir şair kimi daha əziz və
doğmadır. Özünün bir üzüntüsü məni
çox düşündürdü :
"Şeir yazıların ən ucada olanıdır. Dərin
bir təəssüflə etiraf edirəm ki, ictimai-siyasi fəaliyyətlə
məşğul olmağa başladığım andan
şeirə xəyanətim də başladı: hər məqalə,
hər çıxış, yaxud tarixi tədqiqat məni
şeirin ucalığından həyatın
reallığına endirdi:
Ömrümü
arzuma kəmənd eylədim,
Adımı üzümə rübənd eylədim.
Haqq
sözü cır işə peyvənd eylədim,
İçimdə bir şair öldü, bilmədim.
Əslində, Musa Urudun bu dərəcədə narahat
olmağına elə də ciddi səbəb yoxdur. Çünki
o, hansı işin qulpundan yapışıbsa millətin,
xalqın, dövlətin və nəhayət ədəbiyyatın
özünün, tarixin xeyirinə olub. Əlbəttə,
bu başqa bir mövzudur kı, daha çox yaza bilərdi,
poetik nümunələrinin sayı lap çox olardı.
Musa Urudun yaradıcılığı çoxşaxəlidir. Onu ədəbi
aləmə ilk dəfə 1984-cü ildə Məmməd Araz
təqdim edib. Böyük şairimizin
xeyir-duası ilə "Azərbaycan gəncləri" qəzetində
şeirləri dərc olub. İlk şeir
kitabı da 1994-cü ildə işıq üzü gorüb.
Bu elə bir zaman idi ki, torpağımız-ana
yurdumuz erməni işğalında saralırdı. Bu ağrı-acıdan, başımıza gələn
müsibətlərdən yana-yana seirlər yazan Musa Urudun
yaradıcılığından Vətən həsrəti,
yurd xiffəti sarı sim kimi keçdi. Nəticədə
gərəkli, elmi, tarixi əhəmiyyəti çox yüksək
olan kitablar yarandı. Əvvəlcə, "Urud" adlı
tarixi-etnoqrafik əsəri oxuculara təqdim edildi. Qədim türk torpağı-doğma kəndimiz
haqqında ilk yazılı abidəni də məhz Musa Urud
yaratdı. Apardığı araşdırmalar, tədqiqatlar
ona bu imkanı da verdi ki, "Zəngəzur",
"Zəngəzur toponimləri" kitablarını da
hazırlayaraq oxucularına çatdırdı. Tale elə gətirdi ki, bu dolaşıq zamanda onun
güzarı Uruda düşdü. Yadların
qəsb etdiyi doğma yurdun ağlar görkəmi ürəyinə
dağ çəkdi. Bu qeyri-adi
görüşün təəssüratlarından
yazdığı kitab üç dildə nəşr edildi.
Bütün bu fədakarlığı və vətənsevərliyi
üçün ona bir daha təşəkkür edirəm.
Açığı, Musa Urudun vətəndaşlığı,
hünəri, cəsarəti məni riqqətə gətirdi.
İftixarla deyim ki, o, həmişə öz
mövqeyilə seçilən, haqqın tərəfini verməyən,
sözübütöv, vətənini, millətini sevən,
dövlətinə sadiq, soy-kökünə sayğısı
olan həssas bir insandı. Bütün bu
saydıqlarım isə çox ali məziyyətlərdir.
Hər kəsdə var olmaz ki?!
Mənim düşüncəmə görə, Musa Urud
hər şeydən öncə, zərif ruhlu, Vətən
sevdalı, həsrət yüklü bir şairdir. Şeirlərindəki məna
dərinliyi, fikir yeniliyi, hiss və duyğuların nəhayətsizliyi,
oxucunun ürəyindən xəbər vermək həssaslığı
diqqət çəkir:
Şeytanı
mələk dünyanı,
Mələyi
kələk dünyanı,
Tanrısı
fələk dünyanı
Bölüb qurtarmaq vaxtıdır.
Musanın
misralarda çırpınan bir diləyi var ki, çoxumuzun
arzusudur, desəm yanılmaram.Dan yeri söküləndən
axşamın şərinədək, hətta yuxularımda da
dilimin əzbəri, vətən həsrətindən qubar
bağlamış könlümün səsidir: "İlahi,
Sən məni o yurda döndər, İlahi, Sən məni
Uruda göndər"! Kaş ki, uca
Tanrımız bu yalvarışlarımızı, təvəqqəmizi
eşidəydi. Bizdən xoşbəxti
olardımı onda?!
Şair qardaşımın misraları söz
yükünü elə incilərdən tutub ki, oxuduqca
düşüncələr səni haralara aparmır?! Fikirlərin dərinliyi, sərrastlığı,
ifadə tərzinin təbiiliyi, məqsəd
aydınlığı, ruh yaxınlığı, incə mətləblərin
hədəfi, misraların təsir gücü, sadəliyi amma
qeyri-adi pıçıltısı anlayanın sinəsində
tufan qoparır: "Bir parça Vətən torpağı,
it yuvasına, yağı qapısına apardı bizi";
"Kafir atlarının dırnaqlarında ölən
torpaqları kim qaldıracaq"; "Dünyanın ən
uzaq yolu Şuşadan Allaha qədər"; "Quşu
göyündən asılıb qona bilmir yuvasına";
"Yuxulu-yuxulu qoyub gəldik yuxumuza gəldi bu kənd".
"Balıqların gözləri qum, ovmağa barmağı
yox"; "Tanrı dərgahına yaxındı dağlar,
gəl gedək dağlara, dağlar gözəldir";
"Baxtı olan haqdan qaçır, haqqa qaçanın
baxtı yox"; "Tanrı mənə çörək
verdin, tabağı nadan əlində"; "Köhnə
dünya gərdişində, dəmi kimdə, dərdi kimdə";
"Qapın açılsın üzünə,
qabağına uşaq gəlsin"; "Susuz qalan su saxlayan
çalanın, su saxlamaz su qabından fərqi yox"...
Musa Urudun
Vətənə ünvanlanmış şeirlərinin ahəngindəki kədərin,
həsrətin mayasında bir qürbət havası, qəriblik
xiffəti var. Səni səndən alıb haralara aparmır? Xəyalımız qanadlanan yerlərə səsimiz
yetməz, əlimiz çatmaz. Ürəyimizdən
keçənə bax, quş olub doğma yerlərə
uçmaq istəyirik. Bu da dəhşətli
bir aldanışdır. Allahın daşı da,
bör-böcəyi də,fəsillərin
ahəngi də bizdən qüdrətli, bizdən etibarlı,
bizdən xoşbəxtdir. Kimdi onlara mane olan,
qarşısını kəsən? Bu məqamda
özümə yazığım gəldi. Axı nə qədər
xəyallarla ovunmaq, aldanmaq olar?
Neçə əzizimiz bir ovuc torpaq həsrətilə
dünyasını dəyişdi. Vətənə
dönən yolların qara buludları çəkilmədi.
Yalan dünyanın min sifəti, min üzü, min riyası,
hiyləsi var. Musanın misraların yaddaşına
pıçıldadığı bayatılar, gəraylılar,
qoşmalar varlığıma köz kimi sıxıldı:
Yarımadım
boş umuddan,
Bir
daş olmadım o yurddan,
Musa Urudun
Uruddan
Payı qalmadı, qalmadı.
Eh, ay
qardaş, gediş-gəlişlərimiz kimi sovqatımız,
payımımız da kəsildi Uruddan. Vədlərdən,ümidlərdən isə səbir,
dözüm göyərdi.Bu ayrılığın, bu həsrətin
əzabları sinəmizdə düyün bağladı. Yurdumuzdan qovulanda bələkdə gələnlərin
indi 25-26 yaşı var. Doğrudur, övladlarım mənim
göz yaşlarıma şərik olurlar.Amma nəvələrimin
nə vecinə olacaq? Qınaqlıq deyil,
görmədiyin yerlər yuxuya da gəlməz. Musa Urudun Urudla bağlı yazdığı
ılk şeirlərin birində yurd sevgisi, istəyi, vətənlə
bağlı nigarançılıq olduqca təbii və
düşündürücü səslənir:
Səcdənə
gələrsə, oğlum yaşasın,
Gəlməsə mənim tək mağmın
yaşasın.
Adımı
adına qoşdum-yaşasın.
Səndən çox yaşadım, Urud,
bağışla.
Bu yerdə Məmməd Arazın haqqdan doğan
sualını xatırladım ki, bizi bağışlayan
olarmı görən? Çətin! Bu ağrı-acılar bizi nə qədər
kövrək, qəlbi yuxa, dözümsüz etsə də
belə, zəmanənin haqsızlıqlarına,
dünyanın təzadlarına qarşı bir qədər sərtləşdik.
Musa Urud şeirlərində
bu ovqatı dəfələrlə çox səlis və mənalı
tərzdə ifadə edib:
Şuşa
əsirlikdə, Laçın tordadı,
Zəngəzur
hardadı,Göycə hardadı?!
Nə qədər
torpağım torba-torbadı,
Öldür, sülh nəğməsi yaza bilmərəm.
Ürəyinin diktəsıni yazanlar həmişə
sünilikdən, ritorikadan, şüarçılıqdan uzaq
olurlar.
Əslində də torpağı tarımar olan,
doğulduğu yurdu əsirlikdə qalan, soydaşları,
qaçqına, köçkünə dönən kəs necə beynəlmiləlçi
ola bilər? Xüsusi ilə də erməniyə
qarşı. İnsan ilk növbədə
öz millətinin aşiqi olmalıdır ki, başqalarına
da o qəlbdə yer tapılsın. Musa
Urudun köksündə Zəngəzur, Göyçə, Dərələyəz,
Qarabağ... ellərinin möhnəti yuva salıb.
Yadların qurğusu, qarı düşmənin-erməninin
qara niyyəti, sapı özümüzdən olan baltaların
xəyanəti sayəsində hədəfinə tuş gəldiyimiz
mincaynaqlı fəlakətin başımıza gətirdiyi
faciələr şairin şeirlərində qan
ağlayır.Ölümlərin və ayrılıqların
acığına misralar hər birimizi haraylayır:
Qorxaqları
kim çaladı ərlərə,
Tülküləri başçı qoydu şirlərə?
Tək əliylə
göy qübbəsin hərləyən
Palıd
köklü kişilərə dönək gəl,
Zəngəzura,
Kəlbəcərə dönək gəl!
Vətənpərvərlik ruhu Musanın şeirlərində
qəribə ahənglə, təsiredici bir güclə
misralanıb.
Azərbaycanın Milli Qəhrəmanları Aqil Quliyev və Fəxrəddin
Vəliyəddin oğlunun unudulmaz xatirələrinə həsr
etdiyi şeirlərdə ürək yanğısı, qohum kədəri
ilə bərabər, iftixar, qürur hissləri də öz
sözünü deyir:
Çökdü bir yurd başı üstdə.
Ta yaş
gəlməz yaşı üstə.
Ana yurdun
başı üstdə
Döndü
bayrağa bir igid!
Deyirlər ki, torpağın üzü soyuqdu, buna
görə də qoynuna aldıqlarını əzizlərinə
unutdurur. Amma şəhidlərə gücü çatmır.
Cismi torpaqda ruhu Vətənin başına
dolanan şəhidlər öz ömürlərini yurdun
ömürünə calayırlar. Əbədiyaşarlıq
budur!
Ənənəvi olaraq bütün şairlərin
yaradıcılığında dünya mövzusu var.
Dünyanın təzadlarına, faniliyinə, olaylarına,
haqsızlıqlarına üz tutan bu poetik nümunələr
hər bir müəllifin daxili aləmini, düşüncələrini,
fəlsəfi fikirlərini əks etdirmək baxımından
həmişə maraqla qarşılanıb. Musa Urudun da dünyaya öz
baxışı, münasibəti, müşahidə etdiklərini
poetik süzgəcdən keçirmək məharəti diqqətəlayiqdir:
Az-çox
tanıyıram səni,
Birin də var, beşin də var.
Harda bir Kərəm
doğulur,
Orda Qara
Keşiş də var
Tanıyıram səni, dünya.
Bütöv
bir ömrümüzü bir anda fələyin əli ilə
yox edən dünyanın rəngləri Musanın
misralarında elə əfsunlu libasa bürünüb ki, bəzəndə
ahəngində Məmməd Arazın ruhunu, nəfəsini
duydum.Əlbəttə, bu mənəvi
yaxınlığın mövcudluğu təbiidir.Böyük
şairimiz hər qələm əhlinə "uğur
olsun" yazmazdı.Yenə də Musa Urudun bir bəndi məni
duyğulandırdı:
Köhnə
dünya gərdişində,
Dəmi
kimdə, dərdi kimdə,
Düyünü-zərgər
dişində,
Yumağı-nadan
əlində
Şair
şeirlərinin birində dostlarına poetik müraciət edərək sanki
təbiətdən, adi canlılardan nümunə
götürməyə çağırır:
Gələn
quşlara bax, gedək,
Gedən
dostlara bax, gedək,
Üzə-astara
bax, gedək,
Üzümüz yaza doğrudu.
Açığı hər dəfə yazın nəfəsi
duyulan da, sel-sularla bərabər mənim də sümüklərim
şaqqıldayır, varlığımı həsrətin
tişələri parçalayır, bax, onda dəli
rüzgarlara qoşulub Uruda getmək istəyirəm. Qala yerindəmi,
çaylar axır, bulaqlar çağlayırmı? Dağlar bizi gözləyirmi? Hər yaz bu
ovqatı yaşaya-yaşaya qalıram...
Musa Urudun şeirlərində həm də bir bənövşə ətri, qaranquş ruhu var. Qışın buz bağrını yararaq şaxtaya, soyuğa meydan oxuyan bu təbiət gözəlini məhz hünərinə, cəsarətinə görə, mən çox sevirəm. Ömürü az olsa da öz zərifliyinə görə, həyat eşqinin rəmzidir. Baharın carçısı olan qaranquşda vəfa və etibarına görə, sevimlidir. Hər yaz öz missiyasını mütləq yerinə yetirir. Baharı özüylə gətirir və köhnə yuvasına qayıdır. Bu baxımdan şairin vətənə ünvanlamış şeirlərinin ahəngindəki çağırış əvvəl-axır bizi doğma yerlərdə salamlayacaq. Məgər insan ruhunun bənövşəcən, qaranquşcan gücü yoxdur?!
Flora XƏLİLZADƏ
525-ci qəzet.-
2014.- 27 may.- S.7.