Dövlət quruculuğunda azərbaycançılıq
ideologiyasının rolu
2013-cü ilin 9 oktyabr prezident seçkilərinin nəticələri
Azərbaycan cəmiyyətinin düzgün siyasi kursla
inkişaf etdiyini bir daha təsdiq etdi. Azərbaycan xalqı
dövlətlə cəmiyyətin konstitusion dəyərlərini,
ölkədə aparılan siyasi kursu qorumaq məqsədilə
öz seçimini etdi. Bununla Ulu Öndər
Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik
xətti və onun ideoloji əsasını təşkil edən
azərbaycançılıq məfkurəsi cəmiyyətdə
daha da möhkəmləndi. Azərbaycançılıq
ideologiyasının mahiyyəti nədən ibarətdir,
hansı dəyərləri əhatə edir, hansı milli, mənəvi
ənənələrə köklənir, hansı istiqamətdə
inkişaf edir? Bu yazıda qeyd olunan suallara
qısa da olsa aydınlıq gətirmək istərdim.
Hüquqi dövlət quruculuğu prosesində cəmiyyətin
hər bir üzvü dövlətin inkişafında
iştirak etməlidir. Bu, iştirak müxtəlif formalarda özünü
göstərə bilər: seçkilərdə, idarəetmə
prosesində, vergilərin ödənilməsində, vətəndaş
cəmiyyəti institutlarının inkişaf etdirilməsində,
ümumilikdə vətəndaşlıq mövqeyində və
ictimai dəyərlərin qorunmasında. Cəmiyyətdə
tarix boyu yaranan və insanların şüurunda formalaşan
ictimai dəyərlər dövlətin inkişafına və
güclənməsinə böyük təsir göstərir.
Azərbaycanda bu dəyərlərin məcmusu
azərbaycançılıq ideyasıdır.
Dövlətin vahid ideologiyası vətəndaşın
təbii maraqlarını nəzərə almadıqda cəmiyyətlə
dövlət arasında boşluq yaranır. Hətta
totalitar dövlətlər demokratik inkişaf yoluna qədəm
qoyduqdan sonra bir müddət əxlaq, mənəviyyat kimi ənənəvi
ictimai dəyərlər insanlar tərəfindən fərqli
qəbul edilir. Azərbaycanın müstəqilliyinin
ilk illərinin təcrübəsi də buna sübutdur. Uzun illər hakim olmuş kommunizm
ideologiyasının süqutundan sonra yeni qurulan dövlətin
əsasları insanlar tərəfindən aydın qəbul
edilmirdi.
Məhz buna görə Azərbaycanın ümummilli
lideri Heydər Əliyev 1993-cü ildə hakimiyyətə
qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini
möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını
yaratmaqla yanaşı, Azərbaycan cəmiyyətinin
inkişafının ideya təməli olan azərbaycançılıq
konsepsiyasını irəli sürmüşdür. Azərbaycançılığın
bütün dünya azərbaycanlılarını birləşdirən
ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan
dövlətinin ideya əsasına çevrilməsi Heydər
Əliyevin tarixi xidmətidir.
Heydər Əliyev hələ sovet dövründə Azərbaycan
Respublikasına rəhbərlik edərkən azərbaycançılıq
məfkurəsinin bütün həmvətənlərimiz
arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər
qazanmasına çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında,
musiqidə, kinoda, təsviri sənətdə və digər
sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini
təbliğ və tərənnüm edən çoxsaylı
əsərlər meydana gəlmişdir. Həmin
dövrdə Heydər Əliyev respublikamızdan kənarda
yaşayan azərbaycanlıların təşkilatlanmasını,
azərbaycanlı diasporunun təşəkkül
tapmasını da vacib sayırdı. 90-cı
illərdə hakimiyyətə qayıtdıqdan sonra o, xaricdəki
soydaşlarımızın mütəşəkkil qüvvəyə
çevrilməsinə, onların doğma vətənlə əlaqələrinin
möhkəmlənməsini prioritet məsələ kimi hər
zaman diqqətdə saxlamışdır. Çünki
güclü azərbaycanlı diasporu müstəqil Azərbaycanın
dayağıdır. Ulu Öndər
çıxışlarının birində bu barədə
belə demişdir: "Hər yerdə azərbaycanlılar
olanda Azərbaycanın dayağı da daha çox olur. Bir şərtlə ki, gərək millətini,
torpağını, ana Vətəni unutmayasan".
Cəmiyyəti birləşdirən, onun
inkişafına zəmanət verən dəyərlər
sistemi mövcud olmalıdır. Onların Əsas
Qanunda əks edilməsi ilə bərabər, insanların
şüurunda, düşüncələrində, qəlbində
olmaları vacibdir.
Azərbaycan tarixən müxtəlif millətlərin
dinc yanaşı yaşadığı, milli və dini
tolerantlığın bərqərar olduğu ölkə
olub. Burada hər bir xalqın və millətin nümayəndəsinə
bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı
sayılan hər kəs azərbaycançılıq
ideyası ətrafında birləşib. Azərbaycan
xalqının adət-ənənələrini, milli-mənəvi
dəyərlərini birləşdirən baxışlar
sistemi kimi azərbaycançılıq ideyası bu gün də
mövcuddur. Bu ideya ictimai-siyasi proseslərə,
konstitusiya sisteminə, xüsusilə dövlət
quruculuğuna öz müsbət təsirini göstərir.
Azərbaycançılığın
mahiyyəti
Azərbaycançılıq termini ictimai elmlər
dövriyyəsində nisbətən yeni yaranan
anlayışdır. Bununla belə, son illər alim və tədqiqatçılar,
ictimai xadim və yazarlar tərəfindən bu mövzuda bir
sıra dəyərli məqalələr, monoqrafiya və dərsliklər
yazılmış, azərbaycançılığın əsasları,
mahiyyəti və konseptual tərəfləri şərh
edilmişdir. Akademik Ramiz Mehdiyev qeyd edir ki,
azərbaycançılıq "ölkədə yaşayan
bütün etnik qrupları və millətləri
ümumdövlət mənafeləri və dəyərləri
əsasında real surətdə birləşdirmək
ideyasının verballaşdırılması kimi,
1992-1993-cü illərdə xüsusilə geniş yayılan
şovinist və separatçılıq əhval-ruhiyyəsinə
qarşı mübarizə ideyası kimi meydana gəlmişdir".
Buradan belə nəticəyə gəlmək olar ki, azərbaycançılıq
ideyası Azərbaycanın müstəqilliyini qorumaq,
demokratik inkişafı təmin etməklə bərabər,
davakar millətçilik və şovinizmə qarşı təşəkkül
tapmış ideologiyadır. Azərbaycançılıq
ideyasının kökündə millətçilik yox, vətəndaşlıq
dəyəri dayanıb. Bu ideyanın məqsədi
çoxmillətli Azərbaycan xalqının birləşməsi
və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər
sistemini formalaşdırmaqdır.
Çoxmillətli Azərbaycan xalqını birləşdirən
azərbaycançılıq ideyası müstəqilliyin
qorunmasına, demokratik inkişafa və hüquqi, sosial
dövlətin qurulmasına xidmət edir. Ümummilli lider Heydər
Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan
parlamentindəki çıxışında demişdir:
"Azərbaycan ərazisində olan hər bir vətəndaş
milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən
asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata
keçirə bilsək, Azərbaycan Respublikasında olan
bütün xalqların, bütün millətlərin tam birləşməsini
təmin edə bilərik". Bununla ulu
öndər Azərbaycanda hakimiyyətin mövqeyini əks
etdirən azərbaycançılıq ideyasının əsaslarını
bəyan etmişdir.
Lakin azərbaycançılıq Azərbaycanın ərazisində
yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya
davakar millətçiliyi inkar etməklə bərabər, Azərbaycanın
müstəqilliyini arzulayan, onun güclənməsini istəyən
insanları birləşdirir. Professor Nizaməddin
Şəmsizadə qeyd edir ki, "Azərbaycançılıq
coğrafi anlayış deyil, o daha çox siyasi
anlayışdır". Azərbaycançılıq
ideologiyası Azərbaycan cəmiyyətində milli birliyi və
ümumxalq münasibətlərini qorumaq, millətin və
onun dövlətinin mövqeyini izah, təsdiq və inkişaf
etdirmək məqsədini daşıyır.
Beləliklə, azərbaycançılıq milli-mənəvi
varlığının ilkin əlamətlərini, xalqın
kimliyini əks etdirən, milli təfəkkürünü
birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri
cəmləşdirən dil, ərazi, vətəndaşlıq,
adət-ənənə və ideoloji birlik azərbaycançılıq
ideologiyasının əhatə dairəsini sərhədsiz
edir. Azərbaycandan kənarda yaşayan
soydaşlarımızla yanaşı, milliyyətindən
asılı olmayaraq Azərbaycanın müstəqilliyini,
birliyini və hüquqi, demokratik dövlət kimi
inkişafını arzulayan hər bir kəs azərbaycançılıq
ideologiyasının daşıyıcısıdır.
Azərbaycançılıq məfhumunun təhlil etmək,
onun mahiyyətini dərk etmək, tərkib elementlərini səciyyələndirmək
metodoloji cəhətdən çətindir. Bu da təbiidir.
Çünki ictimai elmlərdə əksər
kateqoriya və anlayışların dəqiq çərçivələrini
aşkar etmək çətindir. Neotomizmin
yaradıcısı fransız filosofu J.Mariten qeyd edirdi ki,
"müasir tarixin faciəsi əsas anlayışların
sistematik ümumiləşdirməsindədir".
İslam
nəzəriyyəçiləri də etiraf edirlər ki,
İslam dinində əsas anlayışlar fərqli şərh
olunurlar, lakin ümumi fəlsəfə kimi təqdim olunur[6]. İctimai elmlərin əsas
vəzifəsi sosial reallıq haqqında sistemləşmiş
bilik yaratmaqdır. Avstriyalı sosioloq
A.Şyus nəzəriyyəsində göstərir ki,
"ictimai elmlərdə bir anlayışa vahid yanaşma
yoxdur, bu tədqiqatlarda ən əsası elmi məntiqdən
çıxış edərkən obyektivliyə doğru getməkdir".
Ona görə azərbaycançılığın
mahiyyətinin açıqlanmasında vahid yanaşma olmasa da,
elmi məntiqə əsaslanaraq onun tərkib elementlərini
müəyyənləşdirməyə cəhd etmək olar.
Hər bir halda politoloji, sosioloji, hətta etimoloji cəhətdən
azərbaycançılıq termininə müxtəlif
yanaşmalar mövcud olsa da, onun əsas fəlsəfəsi dəyişməzdir.
Azərbaycançılıq - özündə "vətəndaşlıq",
"vətənpərvərlik", "loyallıq",
habelə cəmiyyət və dövlət
qarşısında vətəndaşın məsuliyyətini
birləşdirir.
Beləliklə,
azərbaycançılıq milli dövlət ideologiyası
kimi Konstitusiya əsaslarına söykənən, insanlarda vətəndaşlıq,
vətənpərvərlik, loyallıq və vətəndaş
məsuliyyətini formalaşdıran, Azərbaycanın
müstəqilliyinə, onun hüquqi və demokratik dövlət
kimi inkişafına və milli təhlükəsizliyinin
qorunmasına xidmət edən dəyərlər sistemidir.
Azərbaycançılıq
və
konstitusionalizm ideologiyalarının nisbəti
Azərbaycançılıq ideologiyası geniş əhatə
dairəsi ilə yanaşı, konkret məqsədlər də
güdür.
Bu ideologiya Azərbaycanda azad vətəndaş
cəmiyyətinin inkişafına və güclü dövlət
quruculuğuna xidmət edir. Azərbaycanda
insanların düşüncələrində azərbaycançılıq
ideologiyasının formalaşması, onların fəaliyyətlərində
bu ideoloji dəyərlərin rəhbər tutulması
konstitusiya quruluşunun əsaslarının sabitliyinə də
zəmin yaradır. Digər tərəfdən,
bu ideologiyanın mövcudluğu Azərbaycanda yaranmış
sosial birliyi kənardan qiymətləndirməyə imkan verir.
Azərbaycançılıq nisbətən yeni ideologiya
olsa da, uzun müddət hüquqi dövlət və demokratik
rejimin formalaşmasında rol oynayan, azad xalqları birləşdirən,
hüquq elmində kifayət qədər təhlil olunan
konstitusionalizmin elementlərini cəmləşdirir. Konstitusionalizmin əsas
elementlərinə bunları aid etmək olar: demokratik və
hüquqi rejim, insan hüquqlarının aliliyi, hakimiyyət
bölgüsü, konstitusiya nəzarəti, yerli
özünüidarə və s. Təbiidir ki, konstitusionalizm
ideologiyasının hakimiyyət strukturunda, vətəndaş
cəmiyyəti institutlarında dərk edilməsi konstitusiya
münasibətlərinin sabit inkişafı ilə
bağlıdır. Konstitusionalizmin çox lakonik və əhatəli
tərifini macar professoru A.Şayo vermişdir:
"konstitusionalizm - ictimai sabitlik məqsədi ilə hakimiyyətin
məhdudlaşdırılması prosesidir".
Bu ideologiyanın əsas məqsədi hakimiyyətin
şəffaf və effektiv hüquq çərçivəsində
idarəçiliyini təmin etməkdir. Ona görə
hüquqi cəmiyyətdə konstitusionalizmin mahiyyəti və
Əsas Qanunun fəlsəfəsi aydın təsəvvür
olunmalıdır. Cəmiyyətin hər
bir üzvü, xüsusilə dövlət
qulluqçuları konstitusionalizmin məqsəd və vəzifələrini
dərk edərək onları gündəlik fəaliyyətində
rəhbər tutmalıdır. Belə olan halda hakimiyyət
sistemi, dövlət idarəçiliyi institutları
Konstitusiya əsasında sabit fəaliyyət göstərir və
cəmiyyətdə ali dəyər olan
insan hüquqlarının təminatına real imkan
yaradırlar.
(Ardı var)
Rövşən RZAYEV
525-ci qəzet.-
2014.- 27 may.- S..6.