Türklüyümüz -
doğruluğumuzdur
"Milli mənliyini tapa bilməmiş millətlər başqa millətlərin ovu olurlar. Hər tərəqqinin və qurtuluşun anası azadlıqdır". Mustafa Kemal Atatürk
Dünyada
elə bir insan tapılmaz desin ki, onun babasının babası olmayıb.
Təbiidir ki, hər bir şəxsin
babasının babası, onun da öz babası olub. Beləliklə babalar (dədələr) zənciri
gedib daş dövrünə çıxır.
Dünya
tarixçiləri artıq sübuta yetirmişlər ki,
çağdaş insan cəmiyyətlərinin hami-sami dilli əcdadları
Afrikada Nil çayı vadisində, indiki Misirdə;
şümer-türk dilli əcdadları Yaxın Şərqdə,
Dəclə və Fərat çayları vadilərində,
Mesopotamiyada (İkiçaylararasında); hind-fars dilli əcdadları
Asiyada Hind çayı vadisində; çin-mancur dillilərin
əcdadları isə, Xuanxe çayı vadisində eradan əvvəl
(e.ə.) 3-cü və 2-ci minilliklərin ortalarında öz
quldar dövlətlərini qurmuşlar.
E.ə.
3-cü minilliyin ortalarında İkiçayarasında dövlət
qurmuş şumer-türklər, əvvəlki
6-cı-4-cü minilliklərdə Bərxəz zolağından
(Suveyş Kanalı qazanılmamışdan əvvəl Afrika
ilə Asiya qitələri arasında 160 km-lik quru keçid-zolaq)
keçərək, Hicaz ərazilərinə Misirdən gəlmiş,
hami-sami dillilər, oradan da İkiçaylararasının
(Mesopotamiyanın) şimalında məskunlaşmış gəlmələr
Akkad dövləti qurmuş və şumer-türklərlə
qonşuluqda yaşamışlar. Akkadlarla
şumer-türklər arasında münaqişələr də
olmuşdur.
Yazılanlara
görə, "Sami tayfaları içində hakimiyyəti ələ
alan Sarqon 2370-ci ildə Aqada şəhərinin
adı ilə ilgili qüdrətli Akkad dövlətini
yaratdı və şumer (kenger) torpaqlarını da bura
qatdı". (Firudin Ağasıoğlu. "Azər
xalqı" kitabı, səh 383).
E.ə. 24-cü əsrdə Akkad-şumer müharibəsində
akkadlar qalib gəlmiş, Sarqon I (e.ə. 2369-2314) hakimiyyəti
ələ keçirmişdir.
Məntiqlidir ki, bundan sonra şumer-türklər kütləvi
şəkildə İkiçaylararasından şərqə
və şimala doğru köçə
başlamışlar.
Firudin
Ağasıoğlunun "Azər xalqı" kitabında
(Bakı - 2005, səh 391) yazdığına görə 32
türk boyları 3-4 min il e.ə. Türkistan tərəfə
köçmüşlər". Təqribən
100 ildən sonra türklər Xarəzmə
çatmışlar.
Məlumdur ki, e.ə. 4-cü əsrdə çinlilər
türklərdən qorunurdular. Çox ehtimal, sonrakı minilliklərdə
türklərin bir qisminin Çin sərhədlərindən
geriyə-qərbə doğru qayıdışı da yersiz
olmamışdır.
Göründüyü
kimi, şumer dastanlarından sonrakı gil
lövhələr və daşüstü yazılar
saxlanmadığından, türklərin yazılı tarixləri
də olduqca solğun halda qalmışdır. Lakin
Türk Dünyası yaşamış, bütün çətinliklərə,
eranın orta əsrlərinin müharibələrinə tab gətirmişdir.
İkiçayarasında
samidilli Sarqon I hakimiyyəti (e.ə. 2369-2314-cü illər)
dövründə asılı vəziyyətə
salınmış şumer-türklərin böyük dəstələri
(boyları) Asiyanın
şimalında və şərqində məskunlaşmağa
üstünlük vermişlər. Bu proses iki min il ərzində - eranın
başlanğıcına qədərki dövrdə davam
etmişdir.
Eradan əvvəl 15-ci əsrdə Asiya qitəsinin cənub-şərqində
Xuanxe çayı vadisində quldar dövlət qurmuş
Çin-mancur dillilər gücləndikcə, türkdilli
tayfalar da Çinin şimalında özlərinin
Böyük Hun İmperiyasını yaratmışdılar.
E.ə. 215-212-ci illərin Hun-Çin müharibələri
göstərir ki, insanı e.ə. 221-207-ci illərdə
başa çatdırılmış Böyük Çin Səddi
həmin yüzillikdə (e.ə. 3-cü əsrdə) dikəldilmişdir.
Çin Səddindən qərbə dönmüş
türklər 5-ci əsrdə Göy-Türk
imperiyasını qurmuş və bununla da Orxan - Yenisey
türklərin abidələrini yaratmış, yenidən qərbə
doğru genişlənmiş, Altay türklərini gücləndirmişlər.
Akkadın qələbəsindən sonra 15 əsr
hami-sami dillilərin təsiri altında qalmış,
İkiçayarasındakı və ətraf ərazilərdəki
şumer-türklər e.ə. 9-cu əsrdə Azərbaycan
Manna dövlətini qurmuşlar.
E.ə.
28-ci əsrdə şumer-türklərin "Bilqamıs"
dastanı mixi (mıxvari hərflərlə) qrafika ilə gil lövhələr üstündə
yazılardan bəri minilliklər ərzində olmazın
çətinliklərinə baxmayaraq, Türk Dünyası
ilkin şəkildə inkişaf etmişdir.
Keçmişim quldarizm və feodalizm cəmiyyətləri
dövrlərində bəlalı minilliklərdə
insanlığa yaraşmayan münasibətlər zəminində,
zorakılıq, yalançılıq,
işğalçılıq və istismarçılıq
şəraitində yaşayan Bəşəriyyətin
inkişafı mərhələdən mərhələyə
addımlamışdır. Kapitalizmin
inkişafı Türk dünyasını da yeni inkişaf mərhələsinə
qaldırmışdır.
Tarixdən yaxşı məlumdur ki, eranın başlanğıcında,
1-ci - 3-cü əsrlərdə Roma və Parfiya
imperiyalararası münaqişələr
İkiçayarası ölkələri və
bütövlükdə Yaxın Şərq ölkələrini
- türkləri və gəlmələri ağır vəziyyətə
salmışdı.
Yazılı mənbələrin məhdudluğu, Orxan
Yenisey Abidələrinin 7-11-ci və ya 5-10-cu əsrlərə
aid edilməsi, yanlış olaraq, Orta Asiya türklərini
şumer-türklərdən ayırmışdır.
11-ci əsrdə Səlib yürüşlərinin
başlaması ilə, avropalılar cürətlənmiş,
onların türklərə qarşı
çıxışlarını artırmışdır. Xristian
dindarlar isə, öz fırıldaqlarını işə
salmışlar.
19-cu əsrdə Napoleonun Moskvanı işğal etməsi,
türklərin Avropaya inamını azaltmışdır.
Şükürlər olsun ki, 1945-ci ildə Birləşmiş
Millətlər Təşkilatının (BMT)
yaradılması, növbəti bəşəri sülhsevər
eranın əsasını qoymuşdur.
21-ci əsrin
"Türk əsri" adlandırılması, "BMT
erası"na daxil olduğundan, Türk
Dünyasını da, başqa dünyaları da
ruhlandırmışdır.
Bu səbəbdən də tarixi yenidən yazmağı
təklif edənlər yanılmırlar. Çünki
BMT-nin ədalətlik tələbləri həm də tarixin
doğru yazılmasını nəzərdə tutur.
Keçmişdən, feodalizm münasibətlərindən
qalmış adət-ənənələrin, xasiyyətlərin,
vərdişlərin və "mən"liklərin
hansının nə qədər ədalətsiz olduğunu
bilmək zəruri sayılmalıdır. İnsanlığa
və ədalətliyə uyğun gəlməyən ictimai nə
varsa hamısı tərgidilməlidir.
İndiki zamanda, aparıcı insanların - idarəedicilərin
ədalətlikdən, qanunçuluqdan, hüquqçuluqdan
danışdıqları bir vaxtda, imperializmin, militarizmin,
separatizmin və terrorizmin hamılıqla pisləndiyi bir
dövrdə, qeyri-insani nə varsa, hamısı kənarlanmalıdır.
"Barış",
"birlik", "dəqiqlik", "dostluq", "ədalətlik",
"qanunçuluq", "mehribanlıq" və
"şəffaflıq" kimi dərin mənalı termin dəyərlərin
hamılıqla bəyənildiyi cəmiyyətlər də
keçmiş və gələcək haqqında
açıq danışmaq lazımdır ki, insanlar dünyanın
hər yerində çağdaş tələblərə
uyğun yaşamağı bacarsınlar.
Çalışmaq gərəkdir ki, kimsə,
barış əvəzinə münaqişə; birlik yerinə
parçalıq; dostluq yoxluğuna düşmənçilik;
dəqiqlik kasadlığına yanlışlıq istəməsin
və yapmasın. Təhsil və bilik insana doğruluq üçün
lazımdır. Doğruluq isə onun qəlbində
müsbət ruh və nikbinlik doğurur.
Haliyədə (hal-hazırda) dünyanın hər yerində
təhsilli, bilikli insanların sayı xeyli
artdığından, həyat tərzinə münasibət də
bəlli qədər dəyişilmişdir.
İndi insanları istismarçılara və soyulanlara
bölmək doğru olmaz. Çünki iri
kapitalistlər də ağır zəhmətin altında
çalışırlar. Hər bir şəxs
öz boyuna uyğun çəkidən danışır.
Kök adamlar arıqlamaqdan bəhs edirlər.
Varlı sayılan ölkələrin dövlət
borcları da həddindən çox olduğundan, özlərini
rahatsız hiss edirlər. Silah
istehsalçıları insanlığa yaraşmayan məhsullarını
sata bilmədiklərindən, qeyri-qanuni tədbirlərə əl
atırlar. Beləliklə insanlar sağlam
və ədalətli yaşamaq əvəzinə, ən
hüquqsuz yollardan istifadə edirlər.
Təbiətcə insan azadlıq və müstəqillik
tərəfdarı olduğundan, "mən"lik (təkəbbürlü)
şüuru ilə, aldanaraq, mübarizəyə girişir və
nəticədə heç nə əldə etmir.
Razılaşmaq lazımdır ki, həyatda filin
fiziki-maddi ölçüləri mikroorqanizmin
ölçülərindən nə qədər
böyükdürsə, istehsalçı fəhlənin ruhu
da, tənbəl bir şikəstin ruhundan o qədər fərqlidir,
zəngindir.
Günəş enerjisi də bir insanın enerjisindən
milyonlar dəfə artıqdır.
Dünyadakı ən varlı insanların pulu da ən
yoxsulunkundan qat-qat çoxdur. Bu təbiətin
özünün yaratdığı təzaddır.
Bəzi adamlara görə, yoxsul
çalışmamalıdır ki, hamı yoxsul olsun. Çünki
Günəş enerji payladığı kimi, varlı insanlar
da öz zənginliklərindən başqalarına pay verirlər.
Həyatda varlının da, yoxsulun da olması zəruridir.
Bu təbiətin və həyatın yenilməz qanunudur. Bununla
razılaşmaq lazımdır.
Həyatda şərtilik və hüquqi müqaviləçilik
naminə hər cür bərabərsizlik və təzadlı
hallarla razılaşmaq gərəkdir ki, barış və
birlik olsun. Yazılanlara görə insanları və
dünyanı birlik xilas edəcək.
Bu məqsədlə, məişətdə, evdə, ailədə
səliqəlik tələb olunduğu kimi, siyasətdə də,
diplomatiyada, hüquqçuluqda, beynəlxalqçılıqda
da səliqəlik vacibdir ki, üstünlük məsələlərində,
əraziçilik, sərhədçilik problemlərində
razısızlıq yaranmasın. Türk dünyası
da bəşəri inkişaf problemlərinin həllində
öz rolunu daha da artırsın.
İnsan enerjisi ulduz qədər olmasa da, kifayət qədər
böyükdür. Onun faydalı sərfi yüzlərlə
ehtiyaclı insanı razı sala bilər. Bir
terroristin enerjisi yüzlərlə insanı qış
mövsümündə soyuqdan qoruya bilər. Bu enerjidən sülh məqsədilə istifadə
edilməlidir ki, faydalı olsun.
Dünya
ölkələrində fəaliyyət göstərən rəqib
partiyaların və iclasçıların faydasız sərf
etdikləri enerji, militaristlərin silah istehsalına yönəltdikləri
enerjidən az deyil. Göründüyü
kimi, kiçik miqyasda səliqəsiz enerji sərfi ailəyə,
təhsilə və istehsalçıya xeyli ziyan vurur, iri
miqyasda isə, izafi enerji sərfi ölkəyə (millətə),
ölkələr birliyinə, - Türk Dünyasına və
Bəşəriyyətə azman zərər gətirir
(verir), çətinliklər törədir.
Hər bir şəxs öz vaxtında enerjisindən,
xoşniyyətli sözündən və müsbət
yüklü ruhundan səliqə ilə istifadə edərsə,
tamamilə insanlaşmış olar və kamilliyin zirvəsinə
qalxar.
Qeyd edildiyi kimi, "mən"lik şüuru hər an
insanı təkəbbürlüyə və
lovğalığa doğru sürüklədiyindən, o
öz mənfi yüklü ruhunu cilovlaya bilmir və enerjisini
lazımsız fəaliyyətə sərf edir.
Hər halda, xoşagəlməz xasiyyətlər də keçmişdən gələcəyə, valideynlərdən övladlara (evladlara) keçməklə dövrümüzə çatmışdır. Bu səbəbdən də bir sıra hallarda valideynlər evladlara "keçmiş" kimi görünürlər.
İnsanın - insana sayğısı, insanlığın əsas şərtlərindən, mühüm göstəricilərindən biridir. Yaxınlıq, dostluq, doğmalıq bütün canlılara xas olan keyfiyyətdir. İnsana mənsub olan əməkdaşlıq və insanpərvərlik isə doğmalığa - valideyn - övladlığa (evladlığa) bərabər bir yaxınlıqdır. Fəxrimizdir ki, qonaqpərvərlik, qurbanverərlik, mehribanlıq və namusluq kimi milli mənəvi dəyərlər də Azərbaycan mentalitetinə aiddir.
Mənəvi dəyərlərin səliqə ilə qorunması, saxlanması və daha dərindən mənimsənilməsi, insaniliyin, humanistliyin və insanpərvərliyin ən zəruri tələblərindəndir.
İndiki zamanda türklüyün də, türkçülüyün, türkşünaslığın aktual problemi dilçilikdir. "Parçala , hökm sür" siyasəti elə vəziyyət yaradıb ki, türkdilli təhsillilər də eyni dildə danışmağı bacarmırlar.
Budaqlanmış və yarpaqlanmış, e.ə. 28-ci əsr (4800 il bundan əvvəlki) vahid şumer-türk dilindən 100 türk etnik qrupunun (xalqının) yüz dili yaranmışdır. Şəffaflıq naminə deməliyik ki, indi türkdilli dövlətlərin başçıları da ümumtürk dilində danışa bilmirlər. Xarici dillərə aludəlik bizim beynəlmiləlçiliyimizdən irəli gəlir, qloballığa sayğımızdan yaranır. Ola bilsin ki, dilçiliyə, dil öyrənməyə səliqəsizlik də var. Bu problemin həllində də səliqəli və doğruçu olmaq zərurətdir. Səliqəlik insanları və dünyanı xilas edəcək.
Baba
ƏHMƏDLİ
525-ci qəzet.-
2014.- 27 may.- S.5.