Bir "Cəngi" möhtəşəmliyi
Mircavad Cəfərov: "Xaricdəki
prodüserlərlə, impressiariolarla
işləmək, geniş bir hesabat konserti
vermƏk fikrimiz var"
Bu
yaxınlarda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın
Fransadakı səfirliyinin dəstəyi ilə əməkdar
artist Mircavad Cəfərovun rəhbərlik etdiyi "Cəngi"
caz qrupu Fransada qastrol səfərində olub. Qrup Reyms şəhərində,
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində,
"Oratoire du Louvre" kilsəsində konsertlər verib.
Mircavad Cəfərovun (ud) Arzu Həsənli (vokal), Mircavid Cəfərov
(tar), Tural Qasımlı (piano), Vasif Hüseynzadə (piano),
Coşqun Sadıqov (tütək, balaban), Kamran Kərimov
(nağara), Ruslan Hüseynov (bas gitara), İsgəndər
Ələsgərovun (zərb alətləri) birgə
hazırladığı etno-caz layihəsinə 13 kompozisiya
daxil edilib. "Cəngi" caz qrupu Fransa
tamaşaçıları qarşısında "Cahargah
Rapsodiyasi" (H.Rzayev), "2 nömrəli prelüd"
(Q.Qarayev), "8 nömrəli sonata" (Motsart),
"Ömrümün istəyi" (S.Kərimi) və
"Güllü qafiyə" kimi kompozisiyaları ilə
çıxış edib.
Bugünlərdə
Mircavad Cəfərovla görüşüb söhbətləşdik,
qrupun rəhbəri müsahibəsində sənətə gəlişindən,
"Cəngi"nin yaranmasından, onun rəhbərliyi
altında fəaliyyətindən, eləcə də son səfəri
- Paris təəssüratlarından danışıb.
Salyanda
dünyaya gəlmişəm. Nizami adına 2 nömrəli
orta məktəbi bitirmişəm. Atam Mirqəfər
danışır ki, hələ uşaq olarkən uzun
taxtaları götürüb başına mıx vurub, sim
bağlayıb çalmağa cəhd edirəmmiş. Musiqiyə
olan bu həvəsimi görüb ailəmizdə qərar
veriblər ki, məni tar sinfinə versinlər. Sonra atam mənə
tar aldı. Mənə rayonda tar
ifaçılığının incəliklərini müəllimlərim
Aləddin, Məzahir, Alim öyrədib. Onlar hamısı indi
də uğurlarımı sevinclə izləyirlər. Məni
bu sənətə atamın musiqiyə olan sonsuz həvəsi
gətirib. Mənə qədər ailəmizdə heç kəs
musiqiylə məşğul olmayıb. Atam ən çətin
vaxtlarda qəpik-qəpik pul yığıb özünə
qarmon alsa da, çalmağı öyrənmək ona qismət
olmayıb. Amma onun ruhu musiqi ilə yoğrulub. Azərbaycanda
ud məktəbi yoxdur. Ud ifaçılığını
sevməyimdə, bu sənətə gəlməyimdə
atamı və Əhsən Dadaşovu özümə müəllim
bilirəm. Rayonda yaşayanda atam televizorda ud
çalındığını görəndə həmişə
mənə deyirdi ki, o aləti sənin üçün
alacağam. Sonra birlikdə Bakıya gəldik, atam mənə
ud aldı. Maqnitofona Əhsən Dadaşovun lent
yazılarını yazdırmışdı, özü
otururdu yanımda, lenti irəli-geri çevirirdi, məni
öyrənməyə məcbur edirdi. Uşaq idim, mənə
o qədər də maraqlı deyildi bunlar, daha çox əylənmək,
oynamaq istəyirdim. Amma bu gün atama o qədər minnətdaram
ki, düşünürəm, nə yaxşı, vaxtında
onun sözündən çıxmamışam. Və
atamın qoyduğu o təməl, Əhsən Dadaşovun
"Şur"una, "Qara xal yar"ına olan məhəbbət
məni ud sənətinə gətirdi. Özümü bu sənətdə
çox xoşbəxt hiss edirəm. Muğam da, caz da
intellektual musiqi janrıdır və bu sənətə sevgi
ilə yanaşı dərin duyum tələb edir. Alim
Qasımov həmişə deyir ki, muğamı 30
yaşından sonra hiss eləmək olar, cavanları
qınamaq olmaz, gərək bir az təcrübə
qazansınlar. Doğrudan da bəzi gənclər muğamı
ürəkdən oxumurlar, hiss eləmirlər. Bir cavan
ifaçı duymadan, ürəkdən oxumursa, biz
musiqiçilər o dəqiqə bunu anlayırıq. Hiss
edirik ki, o, kimin təsirindədir, kimə qulaq asır və
ya kimi parodiya edir. Təəssüf ki, indi təkcə gənclər
arasından deyil, özünü professional sayanlarda da
parodistlik var. Ancaq təbii ki, istedadlı, duyumlu gənc
ifaçılarımız da kifayət qədərdir.
Oğlum Mircavid Cəfərov Konservatoriyanın birinci kurs tələbəsidir,
prezident təqaüdçüsüdür. 9 yaşı
olanda ona "Mahur" öyrətmişdim. O uşaq
olmasına baxmayaraq onu elə duyumla, hissiyyatla ifa edirdi ki, təəccüb
edirdim ki, bu, hardan qaynaqlanır? Kim ona qulaq assa, mat
qalırdı. İki oğlum var, onlar hələ körpəlikdən
evdə muğam, xalq mahnıları dinləyərək
böyüyüblər. Mənə elə gəlir ki,
hansısa sənətə nə qədər tez başlasan,
bir o qədər yaxşıdır. Fikrimcə, vunderkind hesab
olunan uşaqların da istedadı birdən-birə ortaya
çıxmır. Peşəkar kimi yetişmək
üçün lap körpəlikdən istedadla yanaşı
mühit, sonra da təhsilin rolu danılmazdır.
Haqqım
çatır deyim ki, 1986-cı ildən professional sənətdəyəm
Hərbi xidmətimi Arxangelsk vilayətinin
Voloqda şəhərində keçmişəm. Hərbi
xidmətdə ikən ukraynalı, abxaz, latış
musiqiçilərdən ibarət kollektiv
yaratmışdım. Həmin qrupla hərbi hissələrin
yaradıcı kollektivləri arasında keçirilən
festivalda da iştirak etdik. Həmin festivala çox həvəslə
hazırlaşdıq. Hərbçilərdən birinə
qlobus aldırdım, sonra onun üzərinə zibilliklərdən
qırıq güzgülər tapıb
yapışdırdım, diskoteka effekti yaratdım. Bir dəfə
də hərbi hissədə 1 May Bayramı ilə
bağlı konsert verdik. Axşam da rəqs gecəsi təşkil
etmək istədik, hərbi hissə rəhbərliyi bizə
icazə vermirdi ki, əsgərlə mülki vətəndaş
bir yerdə olmaz. Polkumuzun komandiri məzuniyyətdə idi, ona
zəng elədilər, o dedi ki, əgər Mircavad
ordadırsa, problem yoxdu, təşkil eləsinlər. O konsertlə,
rəqs gecəsi ilə hərbi hissəyə elə xeyir
verdim ki, bəlkə indiyə qədər heç kim hərbi
hissəyə o qədər xeyir verməmişdi
(gülür). O rəqs gecəsinə görə hərbi
hissəmizə qonorar kimi 3 min rubl, 3 ton kartof, 3 ton da kələm
verdilər. Hərbi xidmətimi başa vurduqdan sonra məni
buraxmaq istəmirdilər, müxtəlif şirnikləndirici təkliflər
etdilər ki, orda qalım. Razı olmadım. Hərbi xidmətdən
qayıtdıqdan sonra yarımçıq qoyub getdiyim
ixtisasımı- kütləvi tamaşalar rejissorluğu
fakültəsini bitirdim. Sonra görkəmli sənətkarlar
Alim Qasımovla, Vaqif Gərayzadə ilə
yaradıcılıq əlaqələrim başladı. Vaqif Gərayzadə
ilə caz-folklor istiqamətində indiki "Aypara" qrupunda
çıxış elədim. Sonralar Xalq artistləri
Ağaxan Abdullayev, Mələkxanım Əyyubova, Səkinə
İsmayılova ilə yaradıcılıq əlaqələrim,
işbirliklərim oldu. Haqqım çatır deyim ki,
1986-cı ildən professional sənətdəyəm.
1993-cü ildən, ulu öndərimiz hakimiyyətə gələndən
ölkədaxili və ölkəxarici qastrollarda, dövlət
konsert proqramlarında kifayət qədər
çıxış eləmişəm.
"Cəngi"
qrupunu genişləndirmək niyyətindəyik
Hazırda
rəhbərlik etdiyim "Cəngi" qrupunu 1992-ci ildə mərhum
sənətçilərimiz Rafiq Babayev və Qəhrəman Nəsirov
yaradıb. Qrup Bakı şəhər Mədəniyyət və
Turizm İdarəsinin nəzdində yaranıb və indiyə
qədər də orada fəaliyyət göstərir. Sonra
Rafiq müəllim bədnam ermənilərin törətdiyi
terror hadisəsində dünyasını dəyişdi. Ondan
sonra qrupa hörmətli professor Siyavuş Kərimi rəhbərlik
edib. Onun dövründə də qrup xeyli inkişaf edib.
2002-ci ildə Bakı şəhər Mədəniyyət və
Turizm İdarəsinin rəisi Həsənağa Qurbanov məni
qrupa rəhbər kimi dəvət etdi. Əvvəlcə tərəddüd,
bir neçə dəfə də imtina elədim. Onda qrupun sadəcə
rəqs bölümü qalmışdı. Amma indi
düşünürəm ki, nə yaxşı, Həsənağa
müəllimin sözünə qulaq asdım və gəldim.
Rəhbərliyə başlayan kimi rəqsi öyrənməyi
də qərara aldım. Həmişə və hamıdan nəsə
öyrənməyi xoşlayan insanam. Hazırda "Cəngi"nin
rəqs kollektivində 20 nəfər var. Musiqiçilərimiz
isə 16 nəfərlik heyətdir. "Cəngi" qrupunu
genişləndirmək niyyətindəyik. Kollektivi tez-tez dəyişməyi
xoşlamıram. Qrupda mənəvi tərbiyəyə
çox önəm verirəm. İndiki tərkibi xeyli
seçimdən sonra təxminən bir il əvvəl
yığmışam. Daha çox gənclərlə işləməyə
üstünlük verirəm, gəncliyə diqqət,
qayğı göstərmək, onlara yol açmaq,
istedadı olanı irəli çəkmək lazımdır.
Vaxtında mənə də peşəkarlar yön veriblər,
indi də mən gənclərə istiqamət verməyi mənəvi
borcum hesab edirəm. İndi musiqi sənətinə gələn
gənclərə bu fikri aşılamaq lazımdır ki,
musiqi də dildi. Biz Azərbaycan dilində
danışdığımız kimi musiqimiz də milli dildə
danışmalıdır. Üzeyir Hacıbəyovun, Qara
Qarayevin, Fikrət Əmirovun, Tofiq Quliyevin
yaradıcılıqlarını millilik üzərində bərqərar
olduğu üçün sevirik. Gənclərə təlqin
etmək lazımdır ki, milli musiqi sənətimizə, bizə
ötürülən bu mənəvi mirasa məsuliyyətlə
yanaşsınlar. Məni efirə çıxışa dəvət
edəndə bu gün də böyük məsuliyyət hiss
edirəm. Efirdən bir gün əvvəl avadanlıqları,
aparaturanı öz əlimlə daşıyıram, hər
şeyi qüsursuz şəkildə qurmağa
çalışıram ki, tamaşaçı efirə
baxanda musiqinin, sənətin qüsursuz təqdimatını
görsün. Fikrimcə, uğur qazanmaq üçün hər
kəs öz işinə məsuliyyətlə
yanaşmalıdır.
Parisdəki
konsertlərimiz çox uğurlu alındı, bizi səhnədən
buraxmırdılar
1986-cı
ildən qastrollardayam. Müstəqillik dövrümüzdə
bu, ümumiyyətlə, mütəmadi xarakter alıb. Son səfərimiz
mayın ortalarında Parisə olub. İndiyədək 25 dəfə
Parisdə müxtəlif konsertlərdə
çıxış eləmişəm. Ancaq budəfəki
konsert üçün daha böyük məsuliyyət hiss
edirdim, çünki öz yaratdığım kollektivlə
çıxış edəcəkdik. Bu səfərdə məqsəd
Parisin birinci meriyasının təşkil etdiyi "Mədəniyyətlər
müxtəlifliyi" adlı festivalda iştirak etmək idi.
Biz həmişə ümumi kompozisiyalar
hazırlayırdıq, amma bu dəfə fərqli proqramda təqdimat
elədik; tarın, tütək-balabanın, nağaranın,
udun-hər bir alətin imkanlarını
ayrı-ayrılıqda göstərmək üçün
proqramlar vardı. Musiqiçilərlə yanaşı,
vokalçımız Arzu xanımın ifası da
tamaşaçıların çox xoşuna gəlmişdi.
Konsertdən sonra 2-3 nəfər bizə yaxınlaşdı,
onlardan biri orada yaşayan azərbaycanlı, digərləri isə
ingilis və fransız idilər. Onlar dedilər ki, kollektivdə
çox yaxşı aura yaratmısınız: " Biz
görürdük ki, səhnədə heç kim heç
kimə mane olmur və çox böyük həvəslə
bir-birilərinə dəstək olurlar". Parisdəki
konsertlərimiz çox uğurlu alındı, bizi səhnədən
buraxmırdılar. Paris təəssüratından söz
düşmüşkən, qeyd edim ki, Azərbaycanın
Fransadakı səfiri Elçin Əmirbəyovla çox
qürur duyuram. Kaş, hamı o enerji ilə işləyəydi
və millətinə bu cür xidmət eləyəydi.
Konsertdən dərhal sonra səfirimiz yaxınlaşıb dedi
ki, fransızlar bizim kollektivin gələn il də festivalda
iştirak etməsini arzulayırlar. Noyabrın 6-dan 9-na qədər
Fransada başqa bir caz festivalına da dəvət
almışıq. Fürsətdən istifadə edib qrupumuz
adından Mədəniyyət və Turizm Nazirliyinə də
qastrolun yüksək səviyyədə təşkili,
yaratdıqları şəraitə görə minnətdarlığımızı
bildirirəm. Arzularım çoxdur. Xaricdəki prodüserlərlə,
impressiariolarla işləmək istəyirəm. Bunun
üçün yorulmaz şəkildə çalışırıq;
disk yazdırırıq, sayt hazırlanması prosesi gedir,
materiallar hazır olandan sonra həmin adamlarla
danışıqlar aparmaq niyyətindəyəm. Arzudan arzu
doğur. Heydər Əliyev Sarayında xalqımız
qarşısında hesabat xarakterli konsert vermək fikrimiz var.
Artıq bununla bağlı hazırlıq işləri
aparırıq. Konsert boyu tamaşaçılar
üçün çoxlu eksperimentlər və sürprizlər
nəzərdə tutmuşuq.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2014.- 28 may.- S.7.