Filarmoniyada Ramiz Zöhrabovun
75 illiyi qeyd olunub
Dövlət Filarmoniyasında görkəmli
musiqişünas alim,
Xalq artisti, "Şöhrət" ordenli
Ramiz Zöhrabovun 75 illik yubileyi qeyd edilib.
Gecədə sənətşünaslıq doktoru
R.Zöhrabovun Azərbaycan
musiqi elminə verdiyi dəyərli töhfələrdən geniş
söhbət açılıb.
Azərbaycan Bəstəkarlar İttifaqının
katibi, musiqişünas
Lalə Hüseynova Ramiz Zöhrabovun Azərbaycan musiqi elmində özünəməxsus
yeri olduğunu xatırladıb: "Xalq və professional musiqimizə,
bəstəkarlarımızın yaradıcılığına həsr
olunmuş 24 monoqrafiyanın,
dərsliyin və 300-dən
artıq elmi, populyar məqalənin müəllifi olan R.Zöhrabovun tədqiqatlarının
başlıca obyekti muğamdır. Onun musiqi elminin bir sahəsi olan muğamşünaslığın
inkişafında mühüm
xidmətləri var. R.Zöhrabovun
ilk dəfə olaraq, görkəmli xanəndələrin
ifasından 100 təsnifi
nota yazması və onun əsasında təsniflərin janr xüsusiyyətlərinin və
musiqi dilinin təhlilini aparması, o cümlədən 9 zərbi-muğamı
xanəndə və sazəndə ansamblının
ifasından partitura şəklində nota yazaraq,
onların nəzəri
əsaslarını öyrənməsi
diqqətəlayiqdir. Ramiz Zöhrabovun
tədqiqat əsərləri
digər ölkələrdə
- Rusiyada, Orta Asiya ölkələrində,
o cümlədən İran
elmi mühitində maraqla qarşılanıb.
Onun muğamın nəzəri əsasları
ilə bağlı tədqiqatı fars
dilinə tərcümə
edilib. Əvvəlcə hissə-hissə jurnallarda, sonra isə tam şəkildə
kitab halında "Azərbaycan modal musiqisi"
adı ilə nəşr olunub.
Ramiz Zöhrabovun musiqişünas kimi elmi yaradıcılığının bir qolu da təhsil və maarifçiliklə bağlıdır. Vaxtilə onun televiziyada müəllifi və aparıcısı olduğu "Bəstəkarlarımızın portreti", "Sənətə həsr olunmuş ömür", "Poeziya və musiqi", "Romans axşamı" və xüsusilə "Xalq musiqisi inciləri" silsiləsindən "Muğam sənəti haqqında", muğam dəstgahlarına həsr edilmiş verilişləri tamaşaçıların yaddaşına həkk edilib. İndiki musiqişünaslar nəslinin əksəriyyəti görkəmli alimin tələbəsi olub". Yubilyarın çoxşaxəli fəaliyyətindən bəhs edən musiqiçilər qeyd ediblər ki, R.Zöhrabov, həmçinin bir çox musiqişünasların diplom işlərinin, magistr və namizədlik dissertasiyalarının elmi rəhbəri, doktorluq dissertasiyalarının elmi məsləhətçisi olaraq onlara, öz tədqiqat metodikasını aşılayıb və ardıcıllarını yetişdirib. Tədbirdə musiqiçilər bəstəkarın əsərlərindən nümunələr səsləndirilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 28 may.- S.7.