Dövlət quruculuğunda
azərbaycançılıq ideologiyasının rolu
(Əvvəli ötən
sayımızda)
Azərbaycançılığın və konstitusionalizmin məqsədlərində böyük
oxşarlıq var. Hər
ikisi ideoloji funksiyalarına görə
fərdlə dövlət
arasında ədalətli
bərabərhüquqlu münasibətlər
və dəyərlər
sistemi yaradır, habelə demokratik və hüquqi dövlətdə idarəçiliyin
effektiv təşkilinə
xidmət edir. Azərbaycançılıqla
konstitusionalizmin oxşarlığını
aşağıdakı fikirlə
ifadə etmək olar: azərbaycançılıq
ideologiyası hüquqi
və demokratik Azərbaycan dövlətini
möhkəmləndirməyə, müstəqil Azərbaycanı
sivilizasiyalı dövlətlər
sırasına çıxarmağa
xidmət edir.
Konstitusionalizm də dövlət quruculuğunda analoji məqsədləri güdür. Bu iki ideologiyaların fərqli xüsusiyyətləri
də var. Təsir etdikləri obyektlərin predmeti eyni olsa
da, öz əhatə dairəsinə
görə konstitusionalizm
qlobal xarakter, azərbaycançılıq isə
konkret bir xalqı birləşdirən
lokal xarakter daşıyır.
Azərbaycançılığı neokonservatizmlə də müqayisə edirlər. Neokonservativizm nisbətən yeni ideoloji cərəyandır
və Qərbin sivil dəyərlərini təbliğ edir. Neokonservativizmin banisi Leo Ştraus olsa
da bu nəzəriyyənin
müasir əsasları
ətraflı şəkildə
Vilyam Kristal və
Robert Kaqan tərəfindən
1996-cı ildə şərh
edilmişdir.
Neokonservativizmin tərəfdarları hesab
edirlər ki, demokratiyanı, bazar iqtisadiyyatını və
söz azadlığını
cəmiyyətə imperativ
şəkildə çatdırmaq
lazımdır. Azərbaycançılıq sivil cəmiyyət
quruluşunu inkar etmir, əksinə, bunun üçün dəyərlər sistemini
yaradır. Beləliklə, azərbaycançılığın müəyyən hallarda neokonservativizm xarakterli imperativ olması, digər hallarda isə qloballaşma baxımından konstitusionalizmin
vahid dəyərlər
sisteminə inteqrasiyası
vacibdir.
Hər bir xalq inkişafa doğru gedir. Bu inkişaf vahid prinsiplərə əsaslanır.
Düzdür, sivilizasiya baxımından
xalqların inkişaf
yolları bir qədər fərqlidir.
Məsələn, Şərq sivilizasiyasının
adət-ənənələri Qərb sivilizasiyasının
dəyərlərindən fərqlidir.
Lakin insanlar universal dəyərlərin
daşıyıcılarıdırlar.
Hər bir kəs arzulayır ki, o yaşadığı
cəmiyyətdə hüquqi
bərabərlik, hakimiyyətin
ədalətliyi, azad bazar iqtisadiyyatı, söz və vicdan azadlığı, işgəncələrə məruz
qalmamaq, şəxsi toxunulmazlıq, ədalət
mühakiməsi və
s. təmin olunsun. Bu dəyərlər insan hüquqları üzrə beynəlxalq standartlarda universallaşıb.
Onların təminatı üçün
demokratik rejim və hüquqi dövlət quruculuğu tələb olunur.
Hərçənd müəyyən tarixi zaman və şəraitdə
hətta Avropada demokratiyanın tənqidçiləri,
bu idarəçilik rejiminin mənfi fəsadlarını müşahidə
edənlər olub. Məsələn, Uinston Çörçill
II Dünya müharibəsindən
sonra çıxışların
birində qeyd etmişdir ki, "Demokratiya - idarəetmə
formasının ən
pisidir, ancaq digər formalar ondan da pisdir".
Zaman göstərdi
ki, demokratik rejim və hüquqi
dövlət xalqların
rifahının artmasına,
qlobal konstitusionalizm ideyası isə ədalətli cəmiyyət
quruluşuna aparan inkişaf yoludur. Ona görə
Azərbaycanda dövlət
quruculuğu prosesində
konstitusionalizm, azərbaycançılıq
ideologiyalarının dəyərləri
üstün tutulur.
Azərbaycançılıq və qloballaşma
Müasir dövrdə qloballaşmanın
bir sıra inkişaf göstəriciləri
milli mənsubluğa təsir göstərir. Qloballaşan dünyada bəzən vətənpərvərlik hissi
daha çox vətəndaşlıq, loyallıq
və tolerantlıq hissləri ilə əvəz olunur (bu barədə bir qədər sonra). Müəyyən
hallarda isə sənayeləşmə, demokratikləşmə,
məlumat mübadiləsi
dairəsinin genişlənməsi
və s. qloballaşma
prosesləri etno-milli mənsubiyyətə təsir
edərək münaqişələrə
də səbəb olur. Bunu nəzərə
alan bır
sıra təhlilçilər
qloballaşmanın milli
ideologiya ilə ziddiyyət təşkil etdiyini önə çəkir, onları antaqonist dəyərlər
sistemi kimi xarakterizə edirlər.
Məhz
ona görə çağdaş zamanda milli ideologiya ilə ümumbəşəri
dəyərlərin ahənginə
nail olmaq, qloballaşma
prosesinə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq
üçün böyük
önəm daşıyır.
Azərbaycançılıq ideyası bu
çağırışlara cavab verir, milli
mənsubluğun müdafiəsi
ilə yanaşı, ümumbəşəri dəyərləri
də özündə
ehtiva edir.
İstənilən cəmiyyət dünya iqtisadi məkanın bir hissəsi olmadığı halda ümumi rəqabətə
dözümsüz olur. İqtisadi uğursuzluq
isə öz növbəsində sosial problemlərin həllini mümkünsüz edir, sosial gərginliyə səbəb olur və nəhayət, insan hüquqlarının
həyata keçirilməsini
çətinləşdirir. Müasir dünyada ölkələr
iqtisadi inkişafa, milli təhlükəsizlik
və hüquqi rejimin qorunmasına beynəlxalq iştirakçılıq
olmadan tam olaraq zəmanət yarada bilməzlər. Bu baxımdan dövlətlər
daha çox qloballaşma proseslərinə
üstünlük verərək
öz daxili problemlərinin həllini beynəlxalq əməkdaşlıqda
görürlər.
Bu nöqteyi-nəzərdən azərbaycançılıq Azərbaycanın
dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil
edir. Biz bu ideya
ilə özümüzü
dünyaya tanıdır,
onu mütərəqqi
dünya dəyərlərini
(tolerantlıq, etnik müxtəliflik) özündə
birləşdirən ideologiya
kimi təbliğ edirik. Prezident İlham Əliyevin
öz çıxışlarında
dəfələrlə qeyd
etdiyi kimi, bu gün Azərbaycanın
əsas prioritetlərindən
biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya
birliyinə inteqrasiya etməsidir. Bu inteqrasiyada
Azərbaycanın öz
yerini tapması, eyni zamanda, milli
eyniyyətini qoruyub saxlaması müstəsna
əhəmiyyət kəsb
edir: "Azərbaycan
xalqı əsrlər
boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa
dövlətlərin tərkibində
yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi
itirməmişik. Nəyin hesabına?
Onun hesabına ki, öz ana dilimizi,
mədəniyyətimizi saxlaya
bilmişik, ədəbiyyatımız
inkişaf edib, milli ənənələrimiz
qorunub saxlanılıbdır.
Budur, hər bir xalqın
milli identifikasiyasını
şərtləndirən əsas
məsələlər".
Azərbaycançılıq ideyası qloballaşma şəraitində universal dəyərlərin
qorunmasını önəmli
hesab edir və ölkəmizin müasir milli modernləşmə yolunu
bu dəyərlərin
bərqərar olduğu
Avropa məkanına inteqrasiyada görür. İnkişaf etmiş Avropa ölkələrinin tarixi
göstərir ki, baş verən hər hansı siyasi, iqtisadi kataklizmlərə, hakimiyyətlərin
bir-birini əvəzləməsinə,
dövlət quruluşunda
dəyişikliklərə baxmayaraq, bu ölkələrdə müstəqillik
və demokratik inkişaf yolu dönməz və sarsılmazdır. Azərbaycançılıq ideyası da
universal dəyər olan
insan hüquqlarının
qorunması, vahid Avropa məkanında beynəlxalq təhlükəsizliyin
təmin edilməsi, eyni zamanda ölkələrin
ərazi bütövlüyü
prinsipi və digər vacib dəyərləri nəzərdə
tutaraq qloballaşmanı
müasir dünyanın
təbii inkişaf prosesi hesab edir.
Vətəndaşlıq azərbaycançılığın əsas elementi kimi
Azərbaycançılığın əsas elementlərindən biri vətəndaşlıqdır. Azərbaycan dilində vətəndaşlıq bir neçə məna daşıyır. Məsələn, 30 sentyabr 1998-ci il tarixli "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun 1-ci maddəsinə əsasən vətəndaşlıq hüququ insanın ölkədə hüquqi statusunu müəyyən edən norma kimi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, "Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır". Vətəndaşlıq ölkədə şəxsin hüquqi vəziyyəti ilə bərabər onun ictimai-siyasi münasibətlərə mövqeyini əks etdirən psixoloji vəziyyətidir. İdeoloji baxımdan fərdin cəmiyyətə münasibəti və bu münasibətdə mövqeyi maraq kəsb edir. Beləliklə, vətəndaşlıq azərbaycançılıq kontekstində fərdin öz hüquq və vəzifələrini dərk edərək ölkədə yaranan ictimai-siyasi münasibətlərə mövqeyi kimi başa düşülür.
Vətəndaşlıq anlayışının konseptual analizi metodoloji cəhətdən mürəkkəb məsələdir. Ona görə ki, ictimai elmlərdə az tədqiq olunan kateqoriyaların çərçivələrini müəyyən etmək çətindir. Bu kateqoriyalar müxtəlif aspektlərdən təhlil olunur və ictimai münasibətlər kontekstində nisbətən fərqli təqdim olunur. Azərbaycanın müasir inkişaf mərhələsində vətəndaşlıq insanların şüurunun qiymətləndirici əsasını, cəmiyyətdə davranışının motivasiyasını təşkil edən və onların siyasi maraqlarını əks etdirən amildir. Vətəndaşlıq anlayışı nəzəri cəhətdən az təhlil edilsə də, onun praktiki tərəfi insanların ictimai-siyasi proseslərdə iştirakı zamanı asanlıqla müşahidə olur. Məsələn, seçki prosesində iştirak etmə mütləq olmadığından hər bir vətəndaşın bu siyasi prosesdə fəallığına əsasən onun vətəndaşlıq mövqeyi olur.
(Ardı var)
Rövşən RZAYEV
Azərbaycan Respublikası Milli Məclisinin
Hüquq siyasəti
və dövlət quruculuğu
komitəsi sədrinin müavini
525-ci qəzet.-
2014.- 28 may.- S.6.