Muzey Mərkəzində
Əsatirlər danışır”
Mayın
26-da Muzey Mərkəzinin İncəsənət
Qalereyasında Anar Hüseynzadənin “Əsatirlər
danışır” adlı fərdi yaradıcılıq sərgisi
açılmışdır.
AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın müxtəlif illərdə çəkdiyi rəsmlər nümayiş etdirilir.
Sərgidə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Xalq Rəssamı Ağəli İbrahimov çıxış edərək A.Hüseynzadənin xüsusi istedada malik gənc olduğunu vurğulamış, ona yaradıcılıq uğurları arzulamışlar.
Bildirilmişdir ki, rəssamın təqdim etdiyi əsərlərinə baxdıqda hiss olunur ki, Anar milli ruhlu nağıllardan, bayatılardan, əsatirlərdən, oxşamalardan bəhrələnmişdir.
Qeyd edilmişdir ki, peşəkar rəssamlığa 2006-cı ildən başlamış istedadlı fırça ustası A.Hüseynzadənin əsərləri əsasən ağıldan çox hisslərlə dərk edilməli olan abstrak üslubda olub, müasir incəsənəti təmsil edir. Təsadüfi deyil ki, onun bir neçə əsərinə esse yazılmışdır.
Sonda A. Hüseynzadə sərginin ərsəyə gəlməsində ona yardımçı olmuş insanlara, eləcə də tədbirin iştirakçılarına minnətdarlığını bildirmişdir.
Mayın 28-dək davam edəcək sərgidə rəssamın “Abşeronda gecə”, “Bağ evi”, “Musiqi”, “Bağçada qar”, “Fəzada uçuş” və digər əsərləri nümayiş olunur.
S.Abdullayeva
525-ci qəzet.- 2014.- 28 may.- S.7.