Naxçıvan Dövlət Universitetində
"İlyas Əfəndiyev -100:
İşıqlı sənət" müzakirə edilib
Naxçıvan Dövlət Universitetində
(NDU) "İlyas Əfəndiyev
-100: İşıqlı sənət"
mövzusunda elmi konfrans keçirilib.
NDU-nun mətbuat şöbəsindən
"525"ə verilən məlumata görə, tarix-filologiya fakültəsinin
təşkil etdiyi konfransı universitetin rektoru, professor Saleh Məhərrəmov açaraq
Prezident İlham Əliyevin İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi
haqqında 2014-cü il
16 yanvar tarixli Sərəncamını xatırladıb.
O, dövlətimizin başçısının
Sərəncamının görkəmli
yazıçı-dramaturqun bədii irsinin öyrənilməsi, bütövlükdə
Azərbaycan ədəbiyyatının
təbliği baxımından
əhəmiyyətindən söhbət açıb,
İlyas Əfəndiyevin
çağdaş Azərbaycan
bədii nəsrinin və dramaturgiyasının
inkişafındakı xidmətlərindən
danışıb.
Rektor öz üslubu ilə hər zaman fərqlənən, xalqımızın
söz xəzinəsinə
dəyərli töhfələr
verən İlyas Əfəndiyev kimi böyük sənətkarların
heç zaman unudulmayacağını, bundan
sonra da onun əsərlərinin sevilə-sevilə oxunacağını
vurğulayıb.
Filologiya
üzrə fəlsəfə
doktoru, dosent Əbülfəz Əzimli
ədibin ömür və sənət yolundan danışaraq bildirib: " Yazıçı
ədəbiyyatın bütün
janrlarında kamil sənət nümunələri
yaradıb. Azərbaycan
nəsrinin yüksək
bədii-estetik səviyyəli
nümunələri kimi
şöhrət qazanmış
"Körpüsalanlar", "Dağlar arxasında üç dost", "Sarıköynəklə
Valehin nağılı"
kimi povest və romanları, "İşıqlı yollar",
"Bahar suları",
"Atayevlər ailəsi"
və bu kimi digər məşhur pyeslərin müəllifi olmaqla Azərbaycan ədəbiyyatında
özünəməxsus yer
tutan, sevilən sənətkarlardan birinə
çevrilib".
Konfransda
filologiya elmləri doktoru, professor Sədaqət
Həsənova "İlyas
Əfəndiyevin əsərlərində
dil və üslub məsələləri",
filologiya üzrə fəlsəfə doktoru, dosent Arifə Zeynalova "İlyas Əfəndiyevin əsərlərində
frazeoloji vahidlərin işlənmə məqamları"
mövzularında məruzələr
edərək İ.Əfəndiyev
yaradıcılığından, onun əsərlərinin Azərbaycan ədəbiyyatında,
Azərbaycan ədəbi
dilinin inkişafında,
zənginləşməsindəki böyük rolundan bəhs ediblər.
Filologiya
üzrə fəlsəfə
doktoru Seyfəddin Eyvazov "İlyas Əfəndiyevin tarixi dramları" mövzusunda
məruzəsində onun
"Xurşidbanu Natəvan",
"Şeyx Xiyabani",
"Hökmdar və qızı" dramlarında
Azərbaycan tarixinin
real bədii inikasından,
tarixi şəxsiyyətlərin
parlaq simalarının
canlandırılmasından danışıb.
Konfransda yazıçı-dramaturqun həyat
və fəaliyyətini
əks etdirən slaydlar nümayiş etdirilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 30 may.-S.7.