Yazıçılar Birliyində Ağacəfər
Həsənlinin 60 yaşı qeyd olunub
Ötən
gün Yazıçılar Birliyində tanınmış
şair-publisist Ağacəfər
Həsənlinin 60 illik yubileyinə həsr olunmuş mərasim
keçirilib.
Tədbiri
açan şair Çingiz Əlioğlu yubilyarla
tanışlıq tarixçəsindən danışıb,
şairin həyat və yaradıcılıq yoluna nəzər
salıb: "Çağdaş Azərbaycan ədəbiyyatının
tanınmış nümayəndələrindən biri olan
Ağacəfər Həsənli Lerik rayonunun Rvarud kəndində
dünyaya gəlib. İndiyə qədər onlarla şeir,
publisistika və tərcümə kitabları işıq
üzü görüb. Şairin 2011-ci ildə nəşr
olunmuş "Ümidimin adına küçə"
şeirlər və poemalar toplusu Mədəniyyət və
Turizm Nazirliyinin iki ildən bir keçirilən
"Qızıl kəlmə" ədəbi
mükafatına layiq görülüb. Ağacəfər Həsənli
ədəbiyyatımızı bir sıra beynəlxalq tədbirlərdə
ləyaqətlə təmsil edib, mükafatlarla geri
dönüb. O, Qaracaoğlan poeziya festivalının qalibi,
TÜRKSOY mükafatı laureatıdır. Şairin əsərləri
30-dan çox dilə -rus, ingilis, fransız, bolqar, ərəb,
qazax, Ukrayna, çex və başqa dillərə tərcümə
edilib. Hazırda Ağacəfər Həsənli "Mars"
ədəbi-bədii, elmi-publisistik jurnalının baş
redaktorudur".
Professor
Vaqif Yusifli çıxışında yubilyarın
yaradıcılığı ilə bağlı fikirlərini
bölüşüb: "Ağacəfər Həsənlinin
şair səciyyəsi haqda söz açarkən heç
şübhəsiz, onun fərdi üslubu, yazı manerası,
dəst-xətti haqqında danışmaq da zəruridir.
Ağacəfər Həsənli lirik şairdir və onun
üslubu da bu xətt üzrə köklənib. Lirika onun ilk
şeirlərindən tutmuş poemalarına qədər
bütün poeziyasının başlıca istiqamətini,
daha doğrusu, mahiyyətini təşkil edir. Tehran
Əlişanoğlu Ağacəfər Həsənlidən
"ağrı şairi" kimi danışmağı
doğru hesab eləmir, amma bizim fikrimizcə, Ağacəfərin
Vətən şeirlərində ağrı motivi
güclüdür. Ağacəfər Həsənlinin
dünya, onun keçmişi və indisi, həyat və kainat,
xeyir və şər, işıq və zülmət,
ölüm və olum, məhəbbət və nifrət
haqqında düşüncələri reallığın
özündən doğur. Şair o zaman filosofa çevrilir
ki, o, həyatın bütün gedişlərinə, tarixin
dünəninə və bugününə aid fikir və
mülahizələrini ümumiləşdirmək istəyir".
V.Yusifli qeyd edib ki, yubilyarın poetik təfəkkür tərzi
dünyanın dərkində yeni, modern meyillərlə də
diqəti cəlb edir: "Onun heç bir şeirinə
"bu, modern nümunədir" deyib seçib fərqləndlirə
bilmərik. Yəni, Ağacəfər Həsənli heç
bir şeirində belə bir təşəbbüs
xülyasında olmayıb. Amma onun şeirlərində modern
şeirə xas olan bəzi məqamlar nəzərə
çarpır".
Tədbirdə
çıxış edən şairlər Vaqif Bəhmənli,
Sabir Rüstəmxanlı, Oqtay Rza, Yusif Nəğməkar,
Balayar Sadiq, Əlisəmid Kür, Maarif Soltan və
başqaları yubilyarı təbrik ediblər, onun insani
keyfiyyətlərindən və
yaradıcılığının məziyyətlərindən
söz açıblar.
Tədbirdə
şairin bugünlərdə nəşr olunmuş
"İlğım" kitabının təqdimatı da
keçirilib. Kitabda şairin "İki daşın
arasında" və "Özümə qayıt"
başlıqları altında şeirləri və iki
poeması yer alıb.
Sonda
yubilyar çıxış edib, qonaqlara minnətdarlığını
bildirib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 30 may.- S.7.