Dövlət quruculuğunda
azərbaycançılıq ideologiyasının rolu
Cəmiyyətdə vətəndaşlıq fenomeninin
zəif inkişaf etməsi ictimai-siyasi cəhətdən təhlükəlidir. Hər bir
vətəndaş dövlət
quruculuğunda iştirak
edir. Bu onun
aktiv və passiv seçki hüququ vasitəsi ilə həyata keçirilə bilər.
Seçki hüququ vətəndaşın
hüquqi vəzifəsi
deyil. Hər bir kəs öz seçki hüququndan istifadə edə bilər. Seçki hüququnun istifadəsində
fərd öz vətəndaşlıq mövqeyini
nümayiş etdirməlidir.
İctimai-siyasi proseslərə biganə
qalmayaraq seçkilərdə
fəal iştirak etməlidir. Vətəndaşın bu mövqeyindən dövlətin gücü,
dövlət quruluşunun
sabitliyi, fərdlə
dövlət, cəmiyyətlə
hakimiyyət arasındakı
sıx əlaqə, nəhayət insanların
sosial rifahı asılıdır.
Vətəndaşlığın əsas elementlərinə
mənəvi və hüquqi mədəniyyəti,
fərdin öz şəxsiyyətini dərk
etməsi, daxili azadlığı, dövlət
hakimiyyətinə münasibəti,
cəmiyyət və dövlət qarşısında
məsuliyyəti və
ən əsası öz vəzifələrini
yerinə yetirmək bacarığını aid etmək
olar. Beləliklə, demək olar
ki, vətəndaşlıq
özündə vətəndaşın
siyasi, mənəvi, hüquqi, sosial keyfiyyətlərini cəmləşdirir.
Vətəndaşlıq azərbaycançılığın əsasını təşkil
edir. Vətəndaşlıq kollektiv qərarların
qəbul olunmasında
vacib amildir. O, cəmiyyətdə əxlaqla
hüququn inteqrasiyasına
xidmət edir. Vətəndaşlıq mövqeyi hər
bir insana hakimiyyət tərəfindən
həyata keçirilən
uzunmüddətli sosial
proqramların, irimiqyaslı
layihələrin mahiyyətini
dərk etməyə imkan yaradır. Azərbaycançılığın tərkib hissəsi
olan vətəndaşlıq
mövqeyi Azərbaycan
əhalisinin bir xalq kimi birləşməsinə
və dövlətçilik
kursu ilə inkişafına əhəmiyyətli
zəmin yaradır.
Azərbaycançılığın daşıyıcısı
olan vətənpərvərlik
Vətəndaşlıq mövqeyindən çıxış
edərək hər bir şəxs vətənpərvərlik ruhunda
tərbiyə olunmalıdır. Pedaqoji baxımdan
hesab olunur ki, "siyasi mədəniyyət, hüquqi
mədəniyyət, vətənpərvərlik
və millətlərarası
münasibətlər mədəniyyəti
dövlətin hər
bir üzvünə məxsus olan vətəndaşlıq əhəmiyyətli
keyfiyyətdir". Ona görə
gənc nəslin vətənpərvərlik ruhunda
tərbiyə olunması
milli təhlükəsizlik
baxımından əhəmiyyətlidir.
Vətənpərvərlik öz vətənini
sevmək, onu qorumaq deməkdir.
Vətənpərvərlik və dövlətçilik
azərbaycançılıq ideologiyasının mühüm
əsaslarını təşkil
edir. Ulu öndər
milli ideologiya barədə çıxışlarının
birində bu fikri çox aydın şəkildə
ifadə etmişdir:
"Milli ideologiya nədən ibarətdir? Birinci, dövlətçilik. Dövlətçilik bu gün və
gələcəkdə bizim
hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin
əsas vəzifəsidir.
Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi
bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində
olmalıdır. Ona görə
hər bir vətəndaş vətənpərvərlik
hissləri ilə yaşamalıdır".
Deməli, azərbaycançılıq ideologiyasının
daşıyıcısı olan vətənpərvərlik
mövqeyi dövlət
quruculuğu prosesində
olduqca vacib elementdir. Bu baxımdan Azərbaycanın
bir nömrəli problemi olan ərazi
bütövlüyümüzün bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli
həlli, ölkəmizin
məruz qaldığı
işğala son qoyulması
bütün vətəndaşlarımızın,
eyni zamanda dünya azərbaycanlılarının
ortaq məsələsi
və ortaq hədəfi kimi milli ideologiyamızın da təməl müddəalarından birini
təşkil edir. Təsadüfi deyil ki, bu gün siyasi
baxışından, harada
yaşamasından asılı
olmayaraq bütün azərbaycanlılar Dağlıq
Qarabağ məsələsində
həmrəydir.
Vətənpərvərlik insanı öz dövləti ilə sıx bağlayır. Bu hiss hər
bir fərdi öz torpağına, Vətəninə sahib çıxmağa
səsləyir. Vətənpərvərlik dövlət quruluşundan
asılı olmayan, vətəndaşlıq mövqeyindən
əzəli məfhumdur.
Vətəndaşlıq fərdin öz
dövlətinə münasibətini
təcəssüm etdirir,
vətənpərvərlik isə insanın öz ailəsinə, Vətəninə, torpağına
hərtərəfli bağlılığının
göstəricisidir.
Vətənpərvərlik ideyası dövlət müstəqilliyinin sütununu
təşkil edir. Öz xalqının əldə
etdiyi suverenliyi, dövlətinin müstəqilliyini
qorumaq vətənpərvər
insanın ali
məramıdır. Ulu
öndər Heydər
Əliyev çıxışlarının
birində bildirmişdir:
"Müstəqilliyi elan
etmək hər bir xalq üçün,
hər bir ölkə üçün
tarixi hadisədir, böyük xoşbəxtlikdir.
Amma müstəqilliyi yaşatmaq
və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük
vəzifədir, bundan
da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir. Mən bu
gün iftixar hissi ilə bəyan edirəm ki, Azərbaycanda müstəqil dövlət
yaşayır və onun gələcəyi üçün də böyük bir təməl qoyulubdur.
Bizim vəzifəmiz qarşıdakı
dövrdə Azərbaycanın
müstəqilliyini qoruyub
saxlamaqdır".
Qeyd edildiyi kimi, qloballaşan dünyada vətənpərvərlikdən
daha çox vətəndaşlıq, loyallıq
və tolerantlığa
üstünlük verirlər. Əksər halda
"vətənpərvərliyi" kor-koranə bir ideologiyaya qulluq etmək, məhdud maraqlar naminə həyatından keçmək
kimi göstərirlər.
Ancaq azərbaycançılıq kontekstində
vətənpərvərlik vətəndaşın öz
dövləti ilə daha sıx bağlılığı
deməkdir. Vətənpərvərlik loyallığı və tolerantlığı inkar
etməyərək hər
bir şəxsin öz ölkəsini müdafiə etmək, onun müstəqilliyini qorumaq, inkişafına köməklik etmək istəyidir. Ona görə
vətənpərvərlik Azərbaycan xalqının
hər bir üzvünü ucaldan və ona şərəf
verən vətəndaşlıq
mövqeyidir.
Dövlət quruculuğu prosesində
loyallıq prinsipi
Azərbaycançılıq ideologiyası dövlət
quruculuğu prosesində
vətəndaşın siyasi
loyallıq mövqeyini
təbliğ edir. Siyasi loyallıq
"dövlətin sabitlik
faktoru" kimi də göstərilir.
Loyallıq maddi və psixoloji maraqlara qulluq edən mübadilə prosesidir.
İlk növbədə insan özü özünə
loyal yanaşır, sonra
isə onun maraqlarını təmin edən dövlətə.
Müasir dövlət insanın
təhlükəsizliyini və
sosial rifahını təmin edirsə, deməli hər bir kəs dövlətə
hörmətlə yanaşaraq
ona qulluq etməyə hazırdır.
Məsələn, ABŞ vətəndaşlarının
70 faizi özünü
"dünya vətəndaşları"
sayır. Bilmək olmaz,
onların torpaqlarında
münaqişə baş
verdikdə onlar özlərini necə aparacaqlar. Ancaq ölkənin inkişafı,
dövlət quruluşunun
və siyasi vəziyyətin sabitliyi, sosial rifahın artması üçün
onlar siyasi loyallıq mövqeyini tuturlar.
Azərbaycançılıq ideologiyası çərçivəsində
siyasi loyallıq cəmiyyətin hakimiyyətlə
münasibətlərinin keyfiyyətcə
yüksək xüsusiyyətidir. Bu münasibətlər cəmiyyətin
və dövlətin sabit inkişafına xidmət edirlər. Loyallıq prinsipi əsasında yaranan vətəndaş-dövlət
münasibətləri hörmət
və inam əsasında qurulur.
Rus mütəfəkkiri İ.İlin
qeyd edir ki, "güclü hakimiyyət - aşağıların
ləyaqətli və
düzgün yuxarılara
azad loyal münasibəti
əsasında qurulur".
Azərbaycanda hakimiyyətin güclənməsi
xalqın ona inamının artması ilə bağlıdır.
Loyallıq ingiliscə "loyal" sözündən
yaranıb, qanuna riayət edən, qanuna sadiqlik kimi tərcümə edilir. Loyallıq prinsipi J.J.Russo,
Ş.Monteskye, T.Hobss və digər Qərb mütəfəkkirlərin
əsərlərində təhlil
edilib. Loyallıq mövqeyi müəyyən
bir sosial qrupun və ya ümumilikdə xalqın hakimiyyətə
münasibəti kimi göstərilir. Ancaq müəyyən
zamanlarda loyallıq prinsiplərindən çəkinmə
vətəndaşlıq mövqeyini
heç də inkar etmir, hətta
bu mövqeyə sadiqliyi göstərir.
Heç
bir xalq dövlətinin ərazi bütövlüyünə, müstəqilliyinə
təhlükə yarandığı
halda loyal qala bilməz. Azərbaycançılıq kontekstində vətəndaşlıq,
vətənpərvərlik və loyallıq fərdin cəmiyyətə
və dövlətə
vahid yanaşma sistemdir. Bu üçlüyün
vəhdətində birlik
və sabit dövlət quruluşu mümkündür.
Vətəndaşlıq məsuliyyəti
Azərbaycançılıq ideologiyasının yaşaması
vətəndaşın cəmiyyət
və dövlət qarşısında məsuliyyətindən
asılıdır. Vətəndaşlıq məsuliyyətini hüquqi
məsuliyyətin bir növü kimi də nəzərdən keçirirlər. Hər bir
kəs hüquq münasibətlərin iştirakçısı
olduğuna görə,
mülki hüquq münasibətlərində mülki
məsuliyyət, cinayət
hüquq münasibətlərində
cinayət məsuliyyəti,
inzibati münasibətlərin
subyekti kimi isə inzibati məsuliyyət daşıyır.
Məsuliyyət hüquqi xarakter
daşıdığı halda
fərd qarşısında
tələblər vəzifə
olaraq qoyulur. Məsələn, Azərbaycan Respublikasının
Konstitusiyasının 73-cü maddəsində göstərilir
ki, "Qanunla müəyyən edilmiş
vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə
və vaxtında ödəmək hər kəsin borcudur".
Konstitusiyanın bu tələbi
Vergi Məcəlləsində
də öz əksini tapmışdır.
Beləliklə, vergi ödəməkdən yayınma
inzibati və ya cinayət məsuliyyətinə səbəb
ola bilər.
Vətəndaşlıq məsuliyyəti azərbaycançılıq ideologiyası kontekstində geniş anlayışdır. O özündə hüquqi və mənəvi məsuliyyəti cəmləşdirir. Bu məsuliyyət növü daha çox konstitusiya məsuliyyətinə yaxın anlayışdır. Konstitusiya məsuliyyətinin formaları və xüsusiyyətləri müasir konstitusiya hüququ elmində aktualdır. Konstitusiya məsuliyyəti hüquq, siyasət və əxlaq münasibətlərinin sərhədində subyekt üçün yaranan məsuliyyət formasıdır. Konstitusiya hüququnun subyektləri spesifik xarakter daşıyırlar. Onlara insanı, xalqı, ali vəzifəli şəxsi (prezident, baş nazir, deputat) və s. aid etmək olar. Beləliklə, fərd dövlətlə siyasi bağlılığına görə, ilk növbədə, vətəndaş olaraq dövlət qarşısında konstitusiya məsuliyyəti daşıyır. Bu məsuliyyətin hüquqdan kənar sosioloji aspektləri vətəndaşlıq məsuliyyəti yaradır.
Vətəndaşlıq məsuliyyəti isə daha çox mənəvi məsuliyyətlə bağlıdır. Mənəvi məsuliyyət hüquq çərçivəsində olmadığına görə fərdin mənəvi, əxlaq tələblərini pozduğuna görə onun üçün ictimai tənqiddən başqa digər mənfi nəticələr yaranmır. Hətta müəyyən hallarda əxlaqsız hərəkətlər ictimai tənqidə məruz qalmır. Bu, cəmiyyətdə vətəndaşlıq məsuliyyətinin aşağı olduğunu göstərir.
Bu baxımdan azərbaycançılıq ideologiyası həm də vətəndaş məsuliyyətinin güclənməsinə xidmət edir. Hər bir kəs cəmiyyət qarşısında cavabdehliyini hiss etməlidir. Bu, tək qanunlara riayət etməkdə yox, habelə aktiv vətəndaşlıq mövqeyində əks olunmalıdır. Ona görə ki, cəmiyyətin və dövlətin inkişafı və güclənməsi onların üzvlərinin hər bir fərdin fəal vətəndaşlıq mövqeyindən və vətəndaşlıq məsuliyyətindən asılıdır.
Rövşən RZAYEV
525-ci qəzet.- 2014.- 30 may.- S.6.