"Bakı davam edir, şəhər yaşayır"
İmpressiv poema
I
Metro krateri
yenə
də axın –axın
insan lavası püskürür.
Tutqundur
şəhərin havası,
yanan avtobus ciyərləri
işlənmiş
qaz borusundan
buğum- buğum
tüstü
öskürür.
Səkilərdə maşınlar,
piyadalar
çarəsiz
devikə- devikə
gedir küçədə
axın
arası.
Əllərində təqaüd kartı,
bankomatlar
önündə düzülən
insan
sırası
gözləməkdən üzülüb,
pul
keçib ya keçməyib...
Bu da şəhər həyatının
bir qəribə təşbehi:
badımcan taksilərin
yarımcan vərləri
xatırladır təsbehi.
“Nizami ”nin önündə
bir
sürü polis
yolu
yeraltı
keçiddən keçməyənləri
yaxalayır,
cərimə
qaimələri yazır;
cavan qız- gəlinləri
daha
həvəslə saxlayır.
Bu ara
hava
da
qızır
bala- bala.
Opera önündə
daş pilləkəndə
on yaşlı oğlan uşağı
tütək piləyir,
eyni
bir notu, qammanı
dönə- dönə
təkrar
eləyir.
Bir az aralıda
qaraçı
ana
oturub
kölgədə
özünü
yelpikləyir.
Yoldan ötən birisi,
hissini
his basmış
insan hirslənir.
Bir deyən də yoxdur
hirslənmə bala.
Əsəb dəm qazıdır
boğacaq səni.
Zamana söylənib,
vaxtı pisləmə,
qarsacaq içində
od- ocaq
səni.
Bəyəm bir də anan
Təzədən doğacaq səni?!
Odur, bax
partlamış su kəmərinə,
axar su səsinə
soyut
hirsini...
Uşaqlar bitirib
axır dərsini
məktəb qapısından
hay- küylə
eşiyə
tökülüşür.
Səkinin üstündə
mer- meyvə
satan
talış
arvaddan
atışıb aldıqları
mandarinləri
bölüşür.
Analar ikibir- üçbir
qiybətdədir
hələ,
atalar maşınlı...
baba
piyada
gombul nəvəsinə
çanta
daşıyır.
Qoca qarılar var
elə səkidə,
ya da ki, küçədə
maşın
arası
əl açıb il boyu
belə yaşayır.
Bağlarda rahatlıq,
parklar
genişlik,
cavan qız- oğlanlar
kef- damaqdadır,
Şirincə öpüşür, qucaqlaşırlar.
Heç
buna
bir
məhəl qoyan hardadır!
Səni
yanmayasan
a qoca Bakı,
gör şəhər
necə bir
mədəni
inkişafdadır...
“ Topaz ”
dan hövlnak
çıxan birisi
özü öz başına
bir
qapaz salır,
təpilib yandakı
açıq dükana
son qəpik –quruşa
bir
“ çubuş” alır...
Taxta taqqıltısı,
çəkic səsləri
Sayıqlığa çağırır
ötüb keçəni.
Üzü ağardılan
şəhərin tozu
zərif bir rübəndlə
sarır hər kəsi.
Axır,
bax,
axşama
doğru
axır vaxt.
Zirzəmi barların
kaha qapısı
gör necə gözəllər
udur ilahi!
Ora, gör nə qədər
cavan axışır,
önünə maşınlar,
taksi yığışır.
Qeyrətli oğullar
bu taksilərdə
axşamdan sübhəcən
saunalara
təmizkar gözəllər,
qızlar
daşıyır.
Şəhər inkişafdadır,
şəhər yaşayır...
“Sovetski postum oldu,
milsəner
dostum oldu”.
Qırmızı lentlərlə,
güllə- çiçəklə
bəzənmiş maşınlar
sürüsü axır.
Semiçka çırtlayan,
saqqız çeynəyən
səkidə mırt
vuran
qızlar – oğlanlar
hay- küylü eskortun
ardınca baxır.
Yenə
də axacaq
qan lap bu gecə...
İlahi,
görəsən neçənci
dəfə
səkidə
bordyur
dəyişən
usta,
Qarayev köşkündə
daş döşəməni
astaca- astaca
qaşıyan
fəhlə
qranit daşlara
qazılmış notdan
ucalan sədaya
qulaq kəsilir.
O donmuş musiqi
indi bir ayrı
sehrlə səslənir,
avazla dinir...
Axşamın həniri
bağa- bağçaya
ehmalca
sinir.
Bulvarda axışan
velosiped
təkərlərində
fırlanıb
alışan
günəş
də sönür.
İdman
geyimli,
sonradan- sonraya
kişi- qadınlı
idmançı izdiham
budur, yorğun- arğın
evinə dönür.
(Səhər
daha
gurşaddır bulvar,
buranın
günəşi
qarşılayan
bir başqa
kontingeti var !)
İndi,
işıqları alışan
Bayraq meydanı,
üç Ləçək
Alov qülləsi
Bakının hüsnünə
bir ayrı cür yaraşır!
Bakı
inkişafdadır,
Şəhər yaşayır.
Çayxanalarda nərdtaxta,
domino taqqıltısı,
vaxt öldürən
insanların laqqırtısı
gecədən xeyli
keçənə çəkir...
Gözəlçə daşıyan
taksilərin də
fəal əmək növbəsi
indi
başlayır.
Gecələr sübhədək
oyaq küçələr
avtoşlarındır.
Təkərlər yırtıcı canavarlar
tək
diş qıcardıb
qıjıldaşır,
əyləclər
ulaşırlar.
Bərk
gedən karlıların
azqın balaları
mərc qoşub
atışıb
yarışırlar...
Axır
ki, danüzü şəhər
balaca toxdayır.
Şəhəri tül kimi
sarıb- bürüyən
qaramtıl boz duman
pozuq
yuxudur.
Məftili kəsilmiş,
relsi sökülmüş
tramvay xəttləri
asfalt altından
qəfil
qabarır,
Bir sarı tramvayı
səssiz- səmirsiz
Sübh
toranına
sarı aparır.
Qəfil
xəbər tuturam,
bilmirəm nədən
yuxusuz gözlərim yaşarır.
Şükür,
şəhər davam edir,
şəhər
yaşayır!...
II
Binaları gündən- günə
Göy üzünə ucalan,
şan- şöhrət
yer tərkindən
qüvvət alan, güc alan,
nemətinə, sərvətinə
tamah salıb, diş qıcayan,
yağılara zaman- zaman
qan uddurub öc alan
bir şəhərin
adını
ünvanımda daşıyıram,
Mən, Bakıda
yaşayıram.
O, sabaha yelkən açır,
günəş kimi bütün şərqə
şölə saçır,
işıq saçır.
Ürəkləri fəth eləyən
söz- söhbəti, səs- sədası
dörd bir yana yayılıbdır.
Əjdahadır, əsrlərin
yuxusundan ayılıbdır.
Ünvanımda bu şəhərin
mən adını daşıyıram!
Mən Bakıda
yaşayıram.
İndi
Bakım dünyanın
məşhur idman mərkəzi,
şan-şöhrəti yayılıb
Tutub kürreyi- ərzi!
Bakım
həm də dünyanın
nəhəng güc qovşağıdır.
Ondan uzanan damarlar
Avropaya nur daşıyan
qüvvət, təpər
qurşağıdır.
Bahadırlar beşiyi
qəhrəmanlar yetişdirir.
Bir, dünya çempionu da
bizim məhlə uşağıdır!..
Bax, belə bir şəhərin
ünvanını daşıyıram,
mən Bakıda yaşayıram.
İndi
adı dünyanın
gözəl şəhərləriylə
bir sırada çəkilir.
On minlərlə kol, ağac
bağ- bağçada əkilir.
Gecələri qızıl şəhər!
Gur işıqda yanır şəhər!
Hüsnünə tamaşaya
Paris,
London, Romadan...
Axın-
axın turistlər,
neçə səyyahlar
gəlir.
Əbədidir Bakım mənim!
Yaşa,
yaşa pakım mənim!
Ünvanımda mən adını
Şan- şərəflə
daşıyıram.
Sən əbədi yaşadıqca,
Demək
mən də yaşayıram!..
Mart, 2014.
DEMOQRAFİYA
PROBLEMLƏRİ
Adam var heç
bunun fərqinə varmır:
Gərək hər kəs öz soy kökünü
ansın.
Kəndli
olmaq bəyəm utancmı, armı,
Mümkünmü şəhərli əslini
dansın?!
Dilimiz altına şəkər qoyaq ki,
Sınıq ürəkləri bal
bitişdirir.
Burda nə xəta var, belə sayaq ki,
Şəhərçün insanı kənd yetişdirir.
Çiynindən kərənti, oraq,
dəryazı
Tövlədə bir yana
buraxıb gəlir.
Bəyəm doymaq bilir şəhər
dəryası?!
Kəndlərdən şəhərə bir axın gəlir.
Nə qədər kəhrizdən
belində səhəng
Su dartıb- daşıyar
kənd adamları?
Şəhər füsnkardır, şəhər
rəngarəng,
Eyləyir özünə bənd adamları.
Ayağı döyənək, əli
qabardı,
Hər ağır
iş-gücdə bişib
gəlir o.
Qəlbini göynədən gizli
qübardı,
O qəlbi dağlardan düşüb gəlir
o.
Gəlir
göy yamacdan, yaşıl vadidən,
Gəlir insanların bar- bəhərlisi.
Şəhərə gəldiyi vaxtdan- vədədən
Kənd üçün darıxır
kənd şəhərlisi.
Bir az ot qoxuyur, bir az
da təzək,
Üst- başı
sementdir, əli əhəngdir.
Odur vuran bu gün
şəhərə bəzək,
O yeni nəfəsdir, təzə ahəngdir.
İnsandır ölkənin başlıca
varı,
İş bilən boş yerə əl- qol yelləmir.
Yorulmaq bilməyən kənd adamları
Təkcə yer şumlamır,
torpaq belləmir...
...Bilmirəm, heç fikrim sizə çatdımı,
Bir sözdü
deyirəm, anlayan gülmür.
Zərif
şəhərlilər insan
artımı
İşi öhdəsindən sonadək
gəlmir.
Gözünə döndüyüm kəndli
qoçaqlar
Turp kimi insanlar nəsli yetirir.
Gur yanır ulusda, yurdda ocaqlar,
Xalqım
da artımla ili bitirir.
Şəhərlə kəndi bir möhkəm, sarsılmaz
Körpü birləşdirir, bənd bitişdirir.
Bu faktı hesaba almasaq olmaz,
Şəhərçün insanı kənd yetişdirir.
Şəhərlə yarışır
hər kəndim, bölgəm,
Şöhrətim yerlə bir, göylərlə təndir!
Uçur,
uçuşdadır bu
qartal ölkəm,
Bir qanad şəhərdir, bir qanad kənddir!
ÇİNGİZ
ƏLİOĞLU
525-ci qəzet.-
2014.- 31 may.- S.28-29.