Ədəbiyyatın orbitində firlanmaq
Markesin
yaradıcılığını sevsəm də, onun “Ədəbiyyat
yerli-dibli olmasaydı, dünya zərrəcə də dəyişməzdi,
amma polis olmasaydı, tamam başqa cür olardı” fikri ilə
heç razı deyiləm. Əlbəttə, bu fikirdəki
ironiyanı sezməmiş deyiləm. Amma
düşünürəm ki, hər halda, Markes “ədəbiyyatın
ən yoluxucu bəlalarından biri”nə çevrilən bu
fikri hətta zarafatla belə, dilinə gətirməməliydi.
Çünki bu fikrin təsiri ilə ədəbiyyatdan
yanlış umacağı olanların sayı daha da artıb.
Ədəbiyyat bəşəriyyəti dəyişmək
kimi bir öhdəlikmi götürüb qarşısına?! Ədəbiyyat
dediyimiz də insanın işi deyilmi?! İnsanın fitrətində
bir günah toxumu olduğunu bilə-bilə, onun işinin nəticəsinin
insanı günahdan xilas edəcəyinə inanmaq qatı sadəlövhlük
olmazmı?! Həyatın, təbiətin və bəşəriyyətin
bir parçası olan ədəbiyyatı bu şəkildə divara dirəyib ondan səbəbkar,
bəzən də xilaskar kimi yapışdıqca ədəbiyyat
istədiklərimizi verməyəcək. Axı ədəbiyyat
da insan kimidir, ondan daha çox şeylər tələb elədikcə,
daha çox uzaqlaşmağa çalışacaq. Ona sadəcə
imkan vermək lazımdır ki, özü kimi olsun. Elə onu
yaradanlara da. Ədəbiyyatı yaradanların yaxasından
yapışıb onlardan övliyalıq tələb etmək
absurddur. Eləcə də
az-çox ədəbiyyat adına nəsə yaradanlar da
övliyalıq iddiasına düşməməlidirlər. Ədəbiyyat
da bir məşğuliyyətdir. Zövq verən məşğuliyyət.
Və dünyanın hazırkı düzəni də göstərir
ki, ədəbiyyata artıq xilasedici kimi yox, sadəcə ən
xeyirli, faydalı və başqa sahələrlə müqayisədə
zərəri minimum olan bir sfera kimi yanaşmaq lazımdır,
vəssalam. Sadəcə, başqa sahələrlə
müqayisədə, ola bilsin, ədəbiyyat bir qədər
artıq təsir gücünə malikdir. Amma dərindən
düşünəndə bu təsirin də bir o qədər
güclü olmadığı anlaşılar.
Ədəbiyyata
rahat münasibət daha doğru olar bəlkə?
Bəlkə
ədəbiyyatı rahat buraxmaq lazımdır, nəhayət
ki... Amma bu yanaşma ilə qətiyyən ədəbiyyatın
rolunu azaltmaq fikrində deyiləm. Ədəbiyyat da sənətdir
və danmıram ki, mənim üçün – cazibə
indeksinə görə digər sənətlərin içərisində
birinci yerdə dayanır. Ədəbiyyat çox güclü
qravitasiya sahəsinə, cazibə qüvvəsinə malik
planetə bənzəyir. Orbitinə düşmə,
düşdünsə, çıxa bilməyəcəksən.
Artıq bu başqa söhbətin mövzusudur ki, ədəbiyyatın
orbitinə düşməklə hər tərəfə
işıq saçan bir peyk olursanmı, yoxsa sadəcə o
orbitdən çıxmağı bacarmayan adi qara daş, sönmüş ulduzdan qopmuş
bir parça meteorit... Bu, artıq sənin qüvvən
xaricindədir. Sən sadəcə ədəbiyyatın məhvərində
fırlanırsan, fırlanırsan...Heç
düşünmürsən ki, bu fırlanmaqdan özünə
yaxud ətrafına nə verirsən? Maraqlı bir məqam da
var ki, ədəbiyyat ən cəzbedici, amma həm də ən
çox qısqanclıq doğuran sahədir. Hamı eyni
planetin cazibəsinə düşür, hamı orbitdə
fırlanır, o cızılmış xətdən kənara
çıxmağa, o cazibədən qopmağa özündə
qüvvə tapa bilmir, ancaq eyni zamanda, başqalarını o təsirdən
qopa bilməməkdə suçlayır. Hamı
özünü ədəbiyyatın peyki bilir, ətrafındakını
isə sönmüş meteorit. Parlaq peyklərin
saçdığı işıqda bir-birini görən
sönmüş meteoritlər bir-birini qınayırlar “sən
niyə burdasan?” deyə. Bəlkə də bu, gülməlidir,
bəlkə də normal. Yəqin, bu da ədəbiyyata olan
sevgidəndir.
Sevəndə
bölüşmək istəmirsən axı...
Ədəbiyyat
yanğıdır. Tanrıdan gələn bircə SÖZ
yanğısı. Bəlkə insanın ədəbiyyata
meyillənməsinin, bəzən də ədəbiyyatda
boş-boşuna veyillənməsinin səbəbi
Tanrının bizi bircə OL sözüylə
yaratmasıdır? Hətta bu gün məskun olduğumuz yer də
təkcə Ol kəlməsiylə yarandı...Və biz
ağlımız kəsəndən, dərrakəmiz işə
düşəndən həmin sözün güdazına
getmişik. Tanrı bizi söz kimi yaradıb:
yaxşımızı yaxşı söz, pisimizi də pis
söz kimi...
Biz hələ
yaranmamışdan Sözdən asılı OLduq.
Sözlə
var OLduq. OLan-qalanımız da söz oldu uzun bir ömürdən
sonra...Ədəbiyyata sevgi də biz OLmamışdan OLdu. Biz
sözdən yarandıq, qopub gəldiyimizi necə sevməyə,
bağlanmaya bilərik?
Ədəbiyyat
tutqudur, tutarlı tutalqadır. Hər şeyi itirmək olar,
sözü yox. Zənnimcə, ədəbiyyat qədər təsəlli
verən ikinci bir qaynaq yoxdur. Yaza bilsən, yazıçı
kimi təsəlli alacaqsan, qrafomansansa, əlhavasına,
qarasına düzdüyün sözlərin sadəcə
düzülüşündən təsəlli payını
götürəcəksən, bunları bacarmasan, son
şansın da var: oxucu olaraq ədəbiyyata tutulacaqsan və
tutunacaqsan.
Ədəbiyyat
gözəl, ağıllı, amma şeytan qadına bənzəyir.
Gözəlliyindən
doyanda da ağlına vurulursan, hər gün yeni bir
şıltaqlığını,
çılğınlığını, özəl cəhətini
kəşf edib sevirsən. Və hər dəfə də yeni
bir kəşf səni ondan uzaqlaşmağa qoymur. Bəzən
ərköyünlüyü ilə bezdirir, lakin üz
tutduğun başqa sahələrdən istədiyini ala bilməyəndə,
anlayanda ki, yox, sənin yerin bura deyil, gəldiyin yerə
qayıtmalısan, onda bir daha Ədəbiyyat adlı bu
füsunkar, şeytan qadının yanına dönürsən.
Bu dəfə bütün qəlbinlə,
varlığınla, ruhunla və həmişəlik.
Ədəbiyyat
hərdən sadist kişini xatırladır.
Və bəzən
sənin onunla münasibətin də tam olaraq iki psixopatın
bir-birinə münasibətindən qətiyyən fərqlənmir.
O sənə əzab verir, şeir silləsi, roman yumruğu, həcv
təpiyi ilə zərbələr endirir, sən isə
mazoxist qadın kimi bütün bunlara dözürsən,
ayrıla bilmirsən, bütün qəlbinlə sevirsən ədəbiyyat
adlanan bu tiranı. Və hətta bilirsən ki, sənin kimi
neçə-neçə “mazoxist” də ona belə
bağlıdır, qısqanclıq hissin belə yenik
düşür duyduğun anormal sevginin,
bağlılığın qarşısında.
Ədəbiyyat
dənizdir. Pis-yaxşı, sınıq-salxaq bir qayıqla da
qoynuna düşə bilərsən, hər cəhətdən
təchiz olunmuş nəhəng gəmiylə də. Amma bu da
şansa bağlıdır; sən o qayıqla yeni bir Amerika kəşf
edə bilərsən, yaxud da tarixin xatırladığı məlum
faciədəki kimi, tam təchizatlı, şəhər boyda
bir gəmidə dərinliklərə gömülərsən...
Məhz bu gözlənilməzliklərdir ədəbiyyatı
bu qədər sehrli, sirli, əfsunlu edən, cazibəsini
azalmağa qoymayan..
Ədəbiyyat
bitki kimidir. Zahirən tərpənməz görünsə də,
bir çox prosesləri yaşayan canlıdır əslində.
Bu canlının dibinə bir-iki qurtum su tökürük, ya
tökmürük, o dəqiqə bizim üçün ətirli
çiçək açmasını tələb eləyən
xudpəsəndə çevrilirik.
Ədəbiyyat
intim yaradıcılıqdır
Hər kəs
öz ədəbiyyatını yaradır. Qrafoman da,
yazıçı da, publisist də, şair də, essist də.
Hər kəs sözlə özünün rəsmini çəkir.
Birində tablonun eybəcər alınması onu çəkənin
çirkinliyinə dəlalət eləmir, bəlkə də
özünü daha yaxşı çəkməyi
bacarmadığından belə alınır. Yaxud mükəmməl
alınmış ədəbiyyat tablosu onu çəkənin
də bu qədər qüsursuz olması anlamına gəlmir
ki... Ədəbiyyat güzgü deyil, çünki biz adətən
güzgüyə qüsurlarımızı yox, gözəllik
simgələrimizi bir daha görmək üçün
baxırıq. Əslində güzgüdə də
özümüzü necə görmək istəyiriksə,
elə görürük. Güzgüdə özümüzə
bir gözümüzü yumub baxırıq. Amma fikir
vermisinizmi, güzgüdə baxıb özünün
hansısa qüsurunu görə bilməyən adam fotosuna
baxanda bütün çatışmazlıqları aydınca
seçir. Ədəbiyyat bu mənada fotoya bənzəyir.
Artıq ona bir gözünü yumub baxa bilmirsən. Olduğu
kimi qarşında durur...
Ədəbiyyat
çəmən kimidir. Ordan çirkli su axıtsan,
yaşıllıq solacaq, tərtəmiz, dumduru arx keçsə,
rayihəli çiçəklərin açmasına səbəb
olacaq. Deməli, özlüyündə ədəbiyyat çəmən
olaraq sinəsindən nəyin və
hansı şəkildə keçib getməsindən
asılıdır.
Amma
bütün hallarda ədəbiyyat üzərində
hansısa çirkin ehtirasların
söndürüldüyü, mayallaq
aşıldığı, iyrənc eksperimentlərin
aparıldığı döşək deyil. Ədəbiyyatdan
döşək kimi istifadə edənlər əvvəl-axır
quru yerdə oturmalı olacaqlar. Çünki ədəbiyyat
döşək olmağı həzm eləməyəcək
qədər də qürurludur.
Ədəbiyyat
uşaq kimidir. Pakdır, safdır, sevinclə, duyğuyla,
coşquyla doludur, özlüyündə pislikdən, riyadan
uzaqdır, amma eyni zamanda da sadəlövhdür. Ədəbiyyat
bu mənada köməksizdir, qorumasızdır. ANAnın əlinə
düşsə övlad olar, UŞAQ ALVERÇİSİnin əlinə
düşsə...
Ədəbiyyat tarixdir, tarixin hər an xatırlanan dərsləri də var, unudulan məqamları da, bunu unutmayaq.
Ədəbiyyat məlum maniyaların ən faydalısı və ən təhlükəlisidir.
Ədəbiyyat adamlarının maniakal sindromunun təhlükəlilik dərəcəsi də istifadə etdiyi, kullandığı sözün qüvvəsindən asılıdır. Kimisi Sözü əlində xəncər eləyib “Dədəm mənə kor deyib, gəlib-gedəni vur deyib” prinsipi ilə hərəkət edir, kimi də, Diogen sayağı, Sözü çıraq təki əlində tutaraq çıxır axtarışa. Gah özünü axtarır, gah da özünü görmək istəyənləri...
Ədəbiyyat hər şeydir. Hər şeyini itirə bilərsən və bir də görərsən ki, itirdiyin hər şey elə ədəbiyyatın içindəymiş, bəlkə də sən heç itirməmisənmiş, elə oraya, çox etibarlı bir yerə – ədəbiyyata tapşırıbsanmış onları. Ədəbiyyat reallıqda yaşaya bilmədiyini yaşamaq üçün yeganə yeridir. Orada mümkün olmayan, ağlın itmədiyi, fikrin girmədiyi dalan yoxdur. Labirintə bənzəyir, getdikcə gedirsən, hər dəfə də elə maraqlı mənzərələr, ilginc nüanslar qarşına çıxır ki, heç azdığının fərqində belə olmursan.
Ədəbiyyat sözlə yaradılan Cənnətdir.
Cənnət özü Sözdürmü, yoxsa Sözün yaratdığı cənnətmidir Ədəbiyyat? Həmin o labirintdə dolaşdıqca bu qeyri-müəyyənlik üzür adamı. Sözlə hər şeyi mövcud etməyin, hər şeyi yaratmağın mümkün olduğu yeganə məkandır ədəbiyyat. Belə bir imkan başqa harda var?
Ədəbiyyyat həm də heç nədir. Heç nə... Dərindən düşünürsən ki, sadəcə illüziya aləmindəsən. Bu, səhrada gözünə görünən ilğıma bənzəyir. Susuzluqdan yanırsan, dilin ağzına yapışıb, bircə qurtum su üçün kilometrlərlə qaçmağa hazırsan, çatıb görürsən ki, su nə gəzir... Daha doğrusu, bəzən heç harasa çatmaq da nəsibin olmur, elə hey qaçırsan, qaçırsan, gözünün qarşısından ilğım-su çəkilmir, amma sən elə hey can atırsan o parlaq bilinməzliyə. Bu mənada ədəbiyyat yalnız ilğımdır, boş xülyadır.
Axı sonucda ədəbiyyat deyilən bu məfhum, bütün bunlar sözdür, quru söz.
Quru Sözmü? Yenə söhbətimizin çarxı əvvələ, başlanğıcamı fırlansın? “Dünya Sözdən yarandı” – başlanğıcına...Təzədən dediyimizə dönəkmi? Yenə dövrə qapanır və yenə də fırlanma başlayır: Dünya Sözdən yarandı, sonra da biz o dünyanın içində yeni Söz Dünyası yaratmağa çalışdıq, adını da qoyduq –ƏDƏBİYYAT...və... hələ də fırlanırıq...
Sevinc Mürvətqızı
525-ci qəzet.-
2014.- 31 may.- S.19.