Ədəbiyyatın orbitində firlanmaq
Markesin yaradıcılığını sevsəm də,
onun “Ədəbiyyat yerli-dibli olmasaydı, dünya zərrəcə
də dəyişməzdi, amma polis olmasaydı, tamam başqa
cür olardı” fikri ilə heç razı deyiləm. Əlbəttə,
bu fikirdəki ironiyanı sezməmiş deyiləm. Amma düşünürəm ki, hər halda, Markes
“ədəbiyyatın ən yoluxucu bəlalarından biri”nə
çevrilən bu fikri hətta zarafatla belə, dilinə gətirməməliydi.
Çünki bu fikrin təsiri ilə ədəbiyyatdan
yanlış umacağı olanların sayı daha da artıb.
Ədəbiyyat bəşəriyyəti dəyişmək
kimi bir öhdəlikmi götürüb qarşısına?!
Ədəbiyyat dediyimiz də insanın işi
deyilmi?! İnsanın fitrətində bir
günah toxumu olduğunu bilə-bilə, onun işinin nəticəsinin
insanı günahdan xilas edəcəyinə inanmaq qatı sadəlövhlük
olmazmı?! Həyatın, təbiətin və bəşəriyyətin
bir parçası olan ədəbiyyatı bu şəkildə divara dirəyib ondan səbəbkar,
bəzən də xilaskar kimi yapışdıqca ədəbiyyat
istədiklərimizi verməyəcək. Axı
ədəbiyyat da insan kimidir, ondan daha çox şeylər tələb
elədikcə, daha çox uzaqlaşmağa
çalışacaq. Ona sadəcə imkan
vermək lazımdır ki, özü kimi olsun. Elə onu yaradanlara da. Ədəbiyyatı
yaradanların yaxasından yapışıb onlardan
övliyalıq tələb etmək absurddur. Eləcə də az-çox ədəbiyyat
adına nəsə yaradanlar da
övliyalıq iddiasına düşməməlidirlər. Ədəbiyyat da bir məşğuliyyətdir.
Zövq verən məşğuliyyət. Və dünyanın hazırkı düzəni də
göstərir ki, ədəbiyyata artıq xilasedici kimi yox, sadəcə
ən xeyirli, faydalı və başqa sahələrlə
müqayisədə zərəri minimum olan bir sfera kimi
yanaşmaq lazımdır, vəssalam. Sadəcə,
başqa sahələrlə müqayisədə, ola bilsin, ədəbiyyat bir qədər
artıq təsir gücünə malikdir. Amma dərindən
düşünəndə bu təsirin də bir o qədər
güclü olmadığı anlaşılar.
Ədəbiyyata rahat münasibət daha doğru olar bəlkə?
Bəlkə
ədəbiyyatı rahat buraxmaq lazımdır, nəhayət
ki... Amma bu yanaşma ilə qətiyyən ədəbiyyatın
rolunu azaltmaq fikrində deyiləm. Ədəbiyyat
da sənətdir və danmıram ki, mənim
üçün – cazibə indeksinə görə digər sənətlərin
içərisində birinci yerdə dayanır. Ədəbiyyat çox güclü qravitasiya sahəsinə,
cazibə qüvvəsinə malik planetə bənzəyir.
Orbitinə düşmə, düşdünsə,
çıxa bilməyəcəksən. Artıq bu
başqa söhbətin mövzusudur ki, ədəbiyyatın
orbitinə düşməklə hər tərəfə
işıq saçan bir peyk olursanmı, yoxsa sadəcə o
orbitdən çıxmağı bacarmayan adi qara daş, sönmüş
ulduzdan qopmuş bir parça meteorit... Bu,
artıq sənin qüvvən xaricindədir. Sən sadəcə ədəbiyyatın məhvərində
fırlanırsan, fırlanırsan...Heç
düşünmürsən ki, bu fırlanmaqdan özünə
yaxud ətrafına nə verirsən? Maraqlı
bir məqam da var ki, ədəbiyyat ən cəzbedici, amma həm
də ən çox qısqanclıq doğuran sahədir.
Hamı eyni planetin cazibəsinə
düşür, hamı orbitdə fırlanır, o
cızılmış xətdən kənara
çıxmağa, o cazibədən qopmağa özündə
qüvvə tapa bilmir, ancaq eyni zamanda, başqalarını o təsirdən
qopa bilməməkdə suçlayır. Hamı
özünü ədəbiyyatın peyki bilir, ətrafındakını
isə sönmüş meteorit. Parlaq peyklərin
saçdığı işıqda bir-birini görən
sönmüş meteoritlər bir-birini qınayırlar “sən
niyə burdasan?” deyə. Bəlkə də
bu, gülməlidir, bəlkə də normal. Yəqin, bu da ədəbiyyata olan sevgidəndir.
Sevəndə
bölüşmək istəmirsən axı...
Ədəbiyyat yanğıdır. Tanrıdan gələn
bircə SÖZ yanğısı. Bəlkə
insanın ədəbiyyata meyillənməsinin, bəzən də
ədəbiyyatda boş-boşuna veyillənməsinin səbəbi
Tanrının bizi bircə OL sözüylə
yaratmasıdır? Hətta bu gün məskun
olduğumuz yer də təkcə Ol kəlməsiylə
yarandı...Və biz ağlımız kəsəndən, dərrakəmiz
işə düşəndən həmin sözün
güdazına getmişik. Tanrı bizi söz kimi
yaradıb: yaxşımızı yaxşı söz, pisimizi
də pis söz kimi...
Biz hələ yaranmamışdan Sözdən
asılı OLduq.
Sözlə var OLduq. OLan-qalanımız da
söz oldu uzun bir ömürdən sonra...Ədəbiyyata
sevgi də biz OLmamışdan OLdu. Biz
sözdən yarandıq, qopub gəldiyimizi necə sevməyə,
bağlanmaya bilərik?
Ədəbiyyat tutqudur, tutarlı tutalqadır. Hər
şeyi itirmək olar, sözü yox. Zənnimcə,
ədəbiyyat qədər təsəlli verən ikinci bir
qaynaq yoxdur. Yaza bilsən, yazıçı kimi təsəlli
alacaqsan, qrafomansansa, əlhavasına, qarasına
düzdüyün sözlərin sadəcə
düzülüşündən təsəlli payını
götürəcəksən, bunları bacarmasan, son
şansın da var: oxucu olaraq ədəbiyyata tutulacaqsan və
tutunacaqsan.
Ədəbiyyat gözəl, ağıllı, amma
şeytan qadına bənzəyir.
Gözəlliyindən doyanda da ağlına vurulursan, hər
gün yeni bir şıltaqlığını,
çılğınlığını, özəl cəhətini
kəşf edib sevirsən. Və hər dəfə
də yeni bir kəşf səni ondan uzaqlaşmağa qoymur.
Bəzən ərköyünlüyü ilə
bezdirir, lakin üz tutduğun başqa sahələrdən istədiyini
ala bilməyəndə, anlayanda ki, yox, sənin yerin bura deyil,
gəldiyin yerə qayıtmalısan, onda bir daha Ədəbiyyat
adlı bu füsunkar, şeytan qadının yanına
dönürsən. Bu dəfə
bütün qəlbinlə, varlığınla, ruhunla və
həmişəlik.
Ədəbiyyat hərdən sadist kişini
xatırladır.
Və bəzən sənin onunla münasibətin də
tam olaraq iki psixopatın bir-birinə münasibətindən qətiyyən
fərqlənmir. O sənə əzab verir, şeir silləsi, roman
yumruğu, həcv təpiyi ilə zərbələr endirir, sən
isə mazoxist qadın kimi bütün bunlara dözürsən,
ayrıla bilmirsən, bütün qəlbinlə sevirsən ədəbiyyat
adlanan bu tiranı. Və hətta bilirsən ki,
sənin kimi neçə-neçə “mazoxist” də ona belə
bağlıdır, qısqanclıq hissin belə yenik
düşür duyduğun anormal sevginin,
bağlılığın qarşısında.
Ədəbiyyat dənizdir. Pis-yaxşı,
sınıq-salxaq bir qayıqla da qoynuna düşə bilərsən,
hər cəhətdən təchiz olunmuş nəhəng gəmiylə
də. Amma bu da şansa bağlıdır; sən o
qayıqla yeni bir Amerika kəşf edə bilərsən, yaxud
da tarixin xatırladığı məlum faciədəki kimi,
tam təchizatlı, şəhər boyda bir gəmidə dərinliklərə
gömülərsən... Məhz bu gözlənilməzliklərdir
ədəbiyyatı bu qədər sehrli, sirli, əfsunlu edən,
cazibəsini azalmağa qoymayan..
Ədəbiyyat bitki kimidir. Zahirən tərpənməz
görünsə də, bir çox prosesləri yaşayan
canlıdır əslində. Bu
canlının dibinə bir-iki qurtum su tökürük, ya
tökmürük, o dəqiqə bizim üçün ətirli
çiçək açmasını tələb eləyən
xudpəsəndə çevrilirik.
Ədəbiyyat
intim yaradıcılıqdır
Hər kəs öz ədəbiyyatını yaradır. Qrafoman da,
yazıçı da, publisist də, şair də, essist də.
Hər kəs sözlə özünün rəsmini
çəkir. Birində tablonun eybəcər
alınması onu çəkənin çirkinliyinə dəlalət
eləmir, bəlkə də özünü daha yaxşı
çəkməyi bacarmadığından belə
alınır. Yaxud mükəmməl alınmış ədəbiyyat
tablosu onu çəkənin də bu qədər qüsursuz
olması anlamına gəlmir ki... Ədəbiyyat
güzgü deyil, çünki biz adətən güzgüyə
qüsurlarımızı yox, gözəllik simgələrimizi
bir daha görmək üçün baxırıq. Əslində güzgüdə də
özümüzü necə görmək istəyiriksə,
elə görürük. Güzgüdə
özümüzə bir gözümüzü yumub
baxırıq. Amma fikir vermisinizmi, güzgüdə
baxıb özünün hansısa qüsurunu görə bilməyən
adam fotosuna baxanda bütün
çatışmazlıqları aydınca seçir. Ədəbiyyat bu mənada fotoya bənzəyir.
Artıq ona bir gözünü yumub baxa bilmirsən.
Olduğu kimi qarşında durur...
Ədəbiyyat çəmən kimidir. Ordan
çirkli su axıtsan, yaşıllıq solacaq, tərtəmiz,
dumduru arx keçsə, rayihəli çiçəklərin
açmasına səbəb olacaq. Deməli,
özlüyündə ədəbiyyat çəmən olaraq
sinəsindən nəyin
və hansı şəkildə keçib getməsindən
asılıdır.
Amma
bütün hallarda ədəbiyyat üzərində
hansısa çirkin ehtirasların söndürüldüyü,
mayallaq aşıldığı, iyrənc eksperimentlərin
aparıldığı döşək deyil. Ədəbiyyatdan
döşək kimi istifadə edənlər əvvəl-axır
quru yerdə oturmalı olacaqlar. Çünki
ədəbiyyat döşək olmağı həzm eləməyəcək
qədər də qürurludur.
Ədəbiyyat uşaq kimidir. Pakdır, safdır,
sevinclə, duyğuyla, coşquyla doludur, özlüyündə
pislikdən, riyadan uzaqdır, amma eyni zamanda da sadəlövhdür.
Ədəbiyyat bu mənada köməksizdir,
qorumasızdır. ANAnın əlinə düşsə
övlad olar, UŞAQ ALVERÇİSİnin əlinə
düşsə...
Ədəbiyyat tarixdir, tarixin hər an xatırlanan dərsləri də var, unudulan məqamları da, bunu unutmayaq.
Ədəbiyyat məlum maniyaların ən faydalısı və ən təhlükəlisidir.
Ədəbiyyat adamlarının maniakal sindromunun təhlükəlilik dərəcəsi də istifadə etdiyi, kullandığı sözün qüvvəsindən asılıdır. Kimisi Sözü əlində xəncər eləyib “Dədəm mənə kor deyib, gəlib-gedəni vur deyib” prinsipi ilə hərəkət edir, kimi də, Diogen sayağı, Sözü çıraq təki əlində tutaraq çıxır axtarışa. Gah özünü axtarır, gah da özünü görmək istəyənləri...
Ədəbiyyat hər şeydir. Hər şeyini itirə bilərsən və bir də görərsən ki, itirdiyin hər şey elə ədəbiyyatın içindəymiş, bəlkə də sən heç itirməmisənmiş, elə oraya, çox etibarlı bir yerə – ədəbiyyata tapşırıbsanmış onları. Ədəbiyyat reallıqda yaşaya bilmədiyini yaşamaq üçün yeganə yeridir. Orada mümkün olmayan, ağlın itmədiyi, fikrin girmədiyi dalan yoxdur. Labirintə bənzəyir, getdikcə gedirsən, hər dəfə də elə maraqlı mənzərələr, ilginc nüanslar qarşına çıxır ki, heç azdığının fərqində belə olmursan.
Ədəbiyyat sözlə yaradılan Cənnətdir.
Cənnət özü Sözdürmü, yoxsa Sözün yaratdığı cənnətmidir Ədəbiyyat? Həmin o labirintdə dolaşdıqca bu qeyri-müəyyənlik üzür adamı. Sözlə hər şeyi mövcud etməyin, hər şeyi yaratmağın mümkün olduğu yeganə məkandır ədəbiyyat. Belə bir imkan başqa harda var?
Ədəbiyyyat həm də heç nədir. Heç nə... Dərindən düşünürsən ki, sadəcə illüziya aləmindəsən. Bu, səhrada gözünə görünən ilğıma bənzəyir. Susuzluqdan yanırsan, dilin ağzına yapışıb, bircə qurtum su üçün kilometrlərlə qaçmağa hazırsan, çatıb görürsən ki, su nə gəzir... Daha doğrusu, bəzən heç harasa çatmaq da nəsibin olmur, elə hey qaçırsan, qaçırsan, gözünün qarşısından ilğım-su çəkilmir, amma sən elə hey can atırsan o parlaq bilinməzliyə. Bu mənada ədəbiyyat yalnız ilğımdır, boş xülyadır.
Axı sonucda ədəbiyyat deyilən bu məfhum, bütün bunlar sözdür, quru söz.
Quru Sözmü? Yenə söhbətimizin çarxı əvvələ, başlanğıcamı fırlansın? “Dünya Sözdən yarandı” – başlanğıcına...Təzədən dediyimizə dönəkmi? Yenə dövrə qapanır və yenə də fırlanma başlayır: Dünya Sözdən yarandı, sonra da biz o dünyanın içində yeni Söz Dünyası yaratmağa çalışdıq, adını da qoyduq –ƏDƏBİYYAT...və... hələ də fırlanırıq...
Sevinc Mürvətqızı
525-ci qəzet.-
2014.- 31 may.- S.19.