“Musiqi xəzinəsi”
– sənət incilərimizin təbliğinə mühüm töhfə
Bəstəkarlar İttifaqı ilə
AzTV-nin “Musiqi xəzinəsi” layihəsi
Azərbaycan televiziyasında
iki il
davam etdi. Ən azı son iyirmi il ərzində
telekanalların heç
biri zəngin musiqi mədəniyyətimizin
ardıcıl, fəal
və peşəkar təbliğinə bu qədər səxavətlə
vaxt ayırmamışdı.
Verilişlərin efir vaxtı
da adət etdiyimizdən çox idi, hər veriliş
təqribən bir saat yarımdan artıq çəkirdi.
Belə geniş vaxt ərzində tamaşaçılara
musiqi nümunələrini,
unikal ifaları dinləmək imkanı da verilirdi. Layihənin maraqlı və
yeni cəhətlərindən
biri də verilişlərin teleaparıcılara
deyil, məhz mütəxəssislərə həvalə
olunması idi.
“Musiqi xəzinəsi” hər həftənin beş günü
AzTV-nin “Mədəniyyət”
kanalında yayımlanırdı.
Həftənin birinci günü
caz, ikinci günü bəstəkar
yaradıcılığı, üçüncü günü
mahnı, dördüncü
günü xalq musiqisi, beşinci günü aşıq sənəti haqqında veriliş tamaşaçıların
görüşünə gəlirdi.
“Musiqi xəzinəsi”nin caz bölümü
musiqişünas, caz araşdırmaçısı Arif Əliyev tərəfindən aparılırdı.
Dünyanın görkəmli caz
ustalarına, klassik və müasir caz təmayüllərinə,
Azərbaycan caz incəsənətinin uğurlarına
və caz ifaçılarımıza həsr
olunan silsilə verilişlərdə maraqlı
şərh və dialoqlarla yanaşı, ifalar da səslənir,
hər bir yayım “ustad dərsi” formatına düşürdü. Telekanallarda son illər cazın peşəkar təbliği
istiqamətində bu layihəni ən uğurlu hesab etmək olar.
Azərbaycan bəstəkarlarının yaradıcılığına
həsr olunan verilişləri tanınmış
musiqişünas, BMA-nın
professoru Xatirə Həsənzadə aparırdı. Xatirə
xanımın hər yayımda dəyişməyən
missiyası var idi: Geniş tamaşaçı auditoriyasında
ciddi, klassik və müasir bəstəkar musiqisinə
marağı artırmaq.
Bu marağı artırmaq üçün
isə musiqinin ciddi məsələlərini
yalnız musiqişünas
və bəstəkarlara
deyil, həm də professional təhsili
olmayan musiqisevərlərə
anlaşıqlı bir
tərzdə təqdim
etmək lazım idi. Efirin belə bir
“ciddi musiqi və həvəskar dinləyici” probleminin öhdəsindən X.Həsənzadə
hər dəfə peşəkarlıqla gəlirdi.
Bu silsilə verilişlərdə
Azərbaycan bəstəkarlıq
məktəbinin, demək
olar, bütün nəsillərinin yaradıcılığına
yer verildi. Peşəkar, təcrübəli, adlı-sanlı
bəstəkar, musiqişünas,
ifaçı və müəllimlərinin iştirakı,
onların canlı dialoqları, fəal fikir mübadiləsi verilişləri daha maraqlı edirdi. Musa Mirzəyev, Fərəc Qarayev, Fidan və Xuraman Qasımovalar, İmruz Əfəndiyeva, Ülviyyə
İmanova, Zemfira Qafarova, Yalçın Adıgözəlov, Fəxrəddin
Kərimov, Oqtay Rəcəbov, Nazim Kazımov, Aydın Əzimli, Cəlal Abbasov, Cəmilə Həsənova, Lalə Hüseynova... Şübhəsiz, belə yüksək
səviyyəli peşəkar
kontingentin iştirakı
auditoriyanın musiqi incəsənətinə münasibətinə
də keyfiyyətli təsir göstərmişdir.
Verilişlərin baxımlı olmasını
təmin edən daha bir amil
bəstəkar əsərlərinin
səslənməsi idi.
Xüsusilə, əsərlərin ifaçıları, dirijorları,
ifa məkanı haqqında məlumatların
verilməsi onların
haqqında ətraflı
təsəvvür yaradırdı.
Rəğbətlə qarşılanan
bu silsilə verilişlər gənc
musiqişünaslar və
bəstəkarlar, xüsusilə
də musiqiçi tələbələr üçün
sözün əsl mənasında “Azərbaycan
bəstəkarlarının yaradıcılığı” dərsi
idi.
Sənətşünaslıq doktoru, professor Ceyran Mahmudova “Musiqi xəzinəsi”ni mahnı janrına həsr etdiyi dəyərli verilişləri ilə zənginləşdirirdi. Yeri
gəlmişkən, “mahnı bum”u yaşasaq da, az tapılan
yaxşı mahnıların
həmişə intizarındayıq.
Etiraf edək ki, bəzi
özəl teleradio kanallarının kütləvi
musiqi zövqünü
aşağıladığı bir vaxta “əsl
mahnı nədir və necə olmalıdır” sualı hər bir tələbkar
və mədəni dinləyicini düşündürməyə
bilmir. Mahnı dövriyyəsinin diletantların
əlinə keçdiyi
bir vaxtda “Musiqi xəzinəsi” mahnı janrını xilas etmək missiyasına başladı.
C.Mahmudovanın mövzuya
dərindən bələdliliyi,
mahnı problemlərinə
aktual yanaşması
“Musiqi xəzinəsi”ni son illərin ən maraqlı və baxımlı efir proqramlarından birinə çevirdi. Bu verilişlərdə tanınmış peşəkar
müğənnilərin çıxışı,
onların ifaçılıq
sənətinə, repertuar
seçiminə, mahnıların
səviyyəsinə münasibəti
son illərin yaddaqalan
efir hadisələridir.
Qeyd edək ki, ifalarla
yanaşı, görkəmli
mahnı ifaçıları
haqqında sənət
xatirələri də
maraqla qarşılanırdı
və əlbəttə,
zövq tərbiyəsinə
müsbət təsir
edirdi.
“Musiqi xəzinəsi”ndə
xalq musiqisinə və muğamlara dair silsilə verilişləri Əməkdar
incəsənət xadimi,
bəstəkar Sərdar
Fərəcov aparırdı. Əlbəttə,
efirdə muğamların
az səslənmədiyi
bir vaxtda, belə maraqlı verilişlər təşkil
etmək, muğamların
və ustad ifaçıların təbliğini
layiqincə aparmaq çətin olduğu qədər də məsuliyyətli idi. S.Fərəcovun həm bəstəkar,
müəllim, həm
də muğama bələd olan tar ifaçısı kimi mükəmməl təcrübəsi
və yüksək bacarığı bu verilişlərin təğbət
qazanmasına səbəb
oldu. Digər tərəfdən, muğamlarla bağlı bir çox mətləblərdə məhz
sənətkarların fikrinə
və ifalarına gen-bol yer verilməsi,
dəyərli sənətkarların
yada salınması – layihənin daşıdığı
adı və məqsədi bir daha doğrultdu. AzTV həmişə olduğu
kimi, yenə də muğam xəzinəmizin təbliğindəki
liderliyini qoruyub-saxladı.
Nəhayət, aşıq sənətinə
həsr olunan verilişlər üzərində
dayanaq. Bu silsiləni aşıq sənətinin,
folklorun tədqiqi üzrə ölkəmizdə
və xaricdə tanınan görkəmli alim və ziyalı,
filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı
aparırdı. Aşıq musiqisinə
dair verilişlərə
bu sənətin tarixən yaranıb inkişaf etdiyi regionların hamısına
vaxt verildi, hər regionun ustadları ilə efir təması quruldu. On illərlə
televiziyalarda adını
eşidib, üzünü
görmədiyimiz ustadlar
çalıb-oxudular, sənətin
ənənələrindən, yaradıcılıqdan, sənətkarlıqdan,
havalardan, dastanlardan çox maraqlı söhbətlər etdilər.
M.Qasımlının sənətə və ustadlara ehtiramla yanaşması, onların sözünü
kəsməməsi, vaxtın
çoxunu onlara verməsi də tamaşaçıların ürəyincə
idi. Bu verilişlərdə
nə qədər unudulan, az
oxunan havalar yenidən ifaçılığa
gəldi, ustad-şagird
ənənələrinin qaydaları,
etiketi haqqında ustadların öz dilindən söhbət aparıldı. M.Qasımlının aşıq sənəti
haqqında silsilə verilişlərinin hər
biri aşıq sənəti haqqında əsl ustad dərsi idi.
Ümumiyyətlə, “Musiqi xəzinəsi” efirdə olduğu 2 il
ərzində ən ali məqsədini – maarifləndirmək və
təbliğ etmək
vəzifəsini yüksək
səviyyədə yerinə
yetirdi. Azərbaycan musiqisi haqqında
bu əhəmiyyətli
və uğurlu layihədən müsbət
rəylərlə, xoş
təəssüratlarla, rəğbətlə
ayrılırıq. Ümid edirik
ki, yaxın gələcəkdə Bəstəkarlar
İttifaqı və AzTV musiqisevərləri bu qəbildən yeni layihələrlə sevindirəcək.
Ariz ABDULƏLİYEV
Bakı Musiqi Akademiyasının müəllimi
525-ci qəzet.-
2014.- 1 noyabr.- S.28.