Əsərləri - V  cild  (1918 – aprel 1920)

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın  əlifbasına çevirəni,ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov Transliterasiya redaktorları: professor  Şamil Vəliyev elmi işçi Samir Xalidoğlu (Mirzəyev) 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Ordumuz zəfərdə

Müşkülatlı günlərdə dəxi qərəzləri unuda bilməyən, hesablarını sabaha qoymaq istəməyən “siyasi”lərimizin, giriftarlığımızdan istifadə eləməyi unutmayan rəqiblərimizin, talein qaş çatmasını görüncə zəhərxəndələrlə gülən düşmənlərimizin bilərək-bilməyərək əfkari-ümumiyyədə doğurduqları böyük bir şübhə vardı.

Əcəba, Əskəranı təkrar alacaq, Qarabağ üsyanını basdıra biləcəkmiyiz?!...

Aprelin birində Məclisi-Məbusan kürsüsündə hökumət naminə məlumat verən daxiliyyə naziri hər kəsi düşündürməkdə olan bu suala:

“Yaxın bir zamanda Qarabağda bərhəm olan intizam və asayiş təkrar bərqərar olur!” deyə cavab veriyordu.

Fəqət ürəkləri siyasəti-vəsvas ilə dögünən, dilləri isə xeyrə pək də alışqın olmayan münəqqid məbuslar isə bu mətin bir etimadla söylənən bəyanata qarşı zəhərxənd istehza fırlataraq:

– Bu hökumət yapamayacaqdır! – diyorlardı.

Məbusanda bu qədərlik bir kinayə ilə millətin ümid və imanına rəxnə vuran “bədniyyətlik” əfkari-ümumiyyəyi yasamiz xəbərlərlə əziyor, ümumi bir həyəcan doğuruyordu.

İmanları qəvi, təbiətləri nikbin olanlarımız hər nə qədər bunun “iki günlük” bir məsələ olduğunu bəyan ediyorlardısa da təvəhhüm tamamilə ortadan qalxmıyordu.

Böylə ikən mübahisəyə gənc ordumuz müdaxilə etdi. Bütün Azərbaycanı başdan-başa sürurə qərq edən bir xəbər gəldi:

– Əskəran alındı!

Əskəran erməni asilərinin əhdi-şəkinanə bir surətdə gecə basqını yaparaq ələ keçirdikləri bir istehkam idi.

Bu istehkam bir boğaz üzərində vaqe olub iki tərəfində vaqe olan yüksək sərtlər tamamilə erməni köyləri tərəfindən məskundur.

Qarabağın Dardanelini təşkil edən bu keçid tarixdə çox böyük orduların qabağını saxlıyaraq çox böyük müdafiələrə şahid olmuşdur. Burada beş yüz fədakar və müsəlləh adam olursa firqələrin qabağını saxlaya bilər. Keçidin ətrafı dəxi asi erməni köylərindən ibarət olunca təsəvvür etməlidir ki, cavan Azərbaycan əskəri nə kibi bərk bir səngəri almaq vəzifəsilə müvəzzəf idi.

Qəhrəmanlarımız öhdələrinə götürdükləri vəzifəyi parlaq bir surətdə ifa etdilər. “Ya Allah, Əskəran yenə bizimdir!” deyə millətin qəlbinə girib də, vəsvəsələr çıxaran xənnası susdurdular.

Cəbhədən dönüb gələn bir arkadaşımız əskərlərimizin xudapəsəndanə bir surətdə dögüşdüklərini anlatırkən diyordu ki, Daş Başı hücumuna hazırlanan bir əskərə “haraya gediyorsunuz” – deyə sorduğum zaman “Daş Başına gediyoruz ki, onu baş daşı edəlim” cavabını verdi.

İştə həpimizə nümunə olacaq əzm və ümidin şairanə bir misalı!

Əskəran zəfəri ordumuzun yapdığı təcrübələr içərisində demək olur ki, ilk zəfərdir. Lənkəran səfəri yalnız ordunun səlaməti ilə həll olunmuş, orada silah sınamağa ehtiyac qalmamışdı. Zəngəzur hadisəsi hər nə qədər ordumuzun şücaətini göstərmişdisə də, nəticə etibarilə bir zəfər olamamışdı.

Əskəran artıq gənc ordumuz üçün həqiqi bir sınaq oldu. Lillahilhəmd ki, bu sınaq Azərbaycanın taleinə inanan bütün mömin qəlblərə sevinc verdi, vəsvəsəli ürəklərə dayaq oldu.

Düşmənin xəyanətinə qarşı mahiranə bir surətdə müqabilə edən Şuşa və Xankəndi qarnizonları ilə vuruşacaq bu qəhrəman qüvvətlərimiz artıq əmin olalım ki, erməni macəraçılığına qəti bir intəha verərək Qarabağ məsələsini birdəfəlik həll edəcəkdir.

– Yaşasın gənc ordumuz! Ulu tanrı zəfərlərini çoxaltsın!...

Ordumuzun zəfərindən bəhs edərkən məmləkətin hər tərəfindən axıb gələn fədakar könüllülərimizdən uzun-uzadıya bəhs etmək istəmədim, çünki ordu millətin qabiliyyəti-müdafiəsini təsdiq edən bir qüvvətdir. Ordunun zəfəri millətin, millət fədailərinin zəfəri deməkdir.

Müzəffər ordumuza verilən səlah ordu ilə bərabər qanını axıdan bütün fədailərə aiddir. Səyləri məşkur, ruhlar şad olsun!

M.Ə.

“Azərbaycan”, 6 nisan (aprel) 1920, ¹68

Firqə – bölük, dəstə

Təvəhhüm – vahimələnmə

Müvəzzəf – vəzifəli

Xənnas – iblis, şeytan

Vəsvas – yoldan çıxaran, iblis

Məşkur – təşəkkürə layiq, yaxşı

Sürur – şadlıq, sevinc

Məclisi-Müəssisan seçkiləri münasibətilə bütün Azərbaycan Cümhuriyyəti vətəndaşlarına elan

Azərbaycan Cümhuriyyəti Məclisi-Müəssisan mərkəzi intixab komisyonu qərarına görə həmin nisan ayının 20-ci günündə cümhuriyyət ərazisində icra olunacaq Azərbaycan Məclisi-Müəssisan seçkiləri münasibətilə təhriri-nüfus yapılaraq seçkiçilər siyahısı tərtib ediləcək. Qanuna görə Məclisi-Müəssisan seçkilərinə seçki siyahılarına daxil edilmiş iyirmi, yaxud ondan artıq yaşı olan arvad, kişi, məzhəb və millət fərqi olmadan hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər.

Vətəndaşlara lazım olan məlumatı toplamaq və sizləri seçicilər siyahısına yazmaq məqsədilə sizlərə xüsusi şəhadətnamələrə malik müqəyyidlər tərəfindən qələmdən düşürülmüş hər vətəndaşa seçki həqqindəki qanunun 29-cu maddəsinə görə kəndisini siyahıya qeyd etdirmək üçün on gün vəqt veriləcəkdir. Bu vəqt əlahiddə olaraq elan ediləcək, fəqət bəzi rəsmiyyət tələb edən bu qeyd üsulu seçkilərin bir çox vəqt sərf etməsinə səbəb olar. Bunun üçün seçki həqqinə malik vətəndaşların seçkilərə iştirak etməsini yüngülləşdirməyə çalışan Azərbaycan Məclisi-Müəssisan mərkəzi intixab komisyonu göndərəcəgi müqəyyidlərə inanaraq onlara lazım gələn məlumatı verməklə geniş bir surətdə kömək etməyi qəna edər. Bununla bərabər məzkur təhriri-nüfusun fövqdə göstərilmiş məqsəddən başqa heç bir məqsəd və niyyət bəsləmədigini mərkəzi komisyon əlavə edər.

Komisyon rəisi: Məhəmməd Əmin Rəsulzadə

Katib: Mehdi bəy Hacınski

Azərbaycan”, 20 nisan (aprel) 1920, ¹78

Birlik lazımdır

Bulunduğumuz vəziyyətin, keçirdigimiz dəmlərin ciddiyyət və məsuliyyəti hər zamandan daha ziyadə bizi tənbeh etməsi bir tərəfdə aramızdakı cərəyanların salim və əmin bir istiqamətdə durmamaları, digər tərəfdə artıq həpimiz üçün bir şüarı, bir vəzifəyi bütün əhəmiyyəti ilə bərabər təlqin ediyor:

– Birlik lazımdır!

Tarix müşkül vəziyyətləri, möhlək dəmləri hər zaman təkrar etmiş və hər təkrarda millətlərə bir təcrübə və təcrübə ilə bərabər də həqiqi bir vəzifəyi də əmr eləmişdir.

Bir millətin hali-rəşadətdə olduğu bir cəmaətin müqtədir və vəzifəşünas bulunduğu o zaman məlum olur ki, o millət mucibi-tənqid dəmlərdə əql və mühakiməsini itirmədən müəyyən bir yol ilə səlamət və istiqbalına təmas edən məsələlərə hakim oluyor.

Macəraçuluğun nəticədə daima müvəffəqiyyətsizlik və peşimançılıq hüsula gətirdigi bizim bu Rusiya dövri-inqilabında bizzat öz həyatımızda dəxi görüb bildigimiz bir həqiqətdir.

Macəraçuluğa bir siyasət xəyalda, əməldə nə qədər dadlı olsa, nə dərəcə cazib bulunsa da həqiqətdə bir çox acılıqları, bir çox xəsaratlıqları mucibdir ki, bir məmləkətin və bilxassə bizim kibi yeni və gənc bir dövlətin həyat və istiqbalına ancaq mənfi bir təsir yapar.

Bu gün bizə bir şimal təhlükəsi bütün vüzuhilə vardır. Bu təhlükənin faidəsini təsəvvür edənlər, bu təhlükədən istifadə etməgi düşünənlər bugünki millətlər siyasətinin, dövlətlər ahənginin həqiqi simasına az vaqif olan gərək əqldə, gərəksə məntiq cəhətincə zəif  bulunduqlarındandır ki, iştə biz bunlara da bütün səmimiyyət və ciddiyyətimizlə deyiriz: birlik lazımdır. Birligimiz bir qüvvət, bir müdafeə sipəri meydana çıxara biləcəgi halda birliksiz, bərabərsizlik, zəifiyyət ricətdən başqa bir nəticə hüsula gətirəməz.

Bütün siyasi firqələr Müsavat, İttihad və sosialist, Əhrar və hər əqlli-başlı, siyasətdən, zamandan xəbərdar şəxslər şimdi möhkəm bir qala və hasar kibi cəmaət və məmləkəti əhatə etməli bir şüar, bir fikir, bir vəzifə ilə də hökumətimizə pişrov olmalıdır.

Bugünki vəziyyət bizim üçün bir müdafiə vəziyyətidir. Bu müdafiə nə qədər intizam və qaidə ilə, nə dərəcə inzibat və intizam ilə olursa, o qədər də hal və istiqlaldan əmin qala biləriz.

Şimdi hər vətəndaş kəndi bacara biləcəgi vəzifə ilə müttəhid bir qüvvət halında hazırlanmalı və hökumətimizin bütün əmrlərinə, bütün qərarlarına riayət edərək bir müdafe halında gözükməlidir. Biz əminiz ki, bu birliklə bugünki vəziyyətdən biz zərərsiz, xəsarətsiz çıxa bilir və istiqlal tariximizin bugünki səhifəsini də qurtarıb yolumuzda iləriləriz.

İstiqlal tarixi filhəqiqə bizə bir çox müzahim və müşkülatı çıxardı. Fəqət hər bir zamanda biz bu müzahim və müşkülatı iqtisam etdik. Yenə yüksələn bir bayrağı göz bəbəgi kibi hifz edilən istiqlalı aslan kibi mühafizə və müdafiə etdik; bizim qüvvətimiz həqqimizdir. Həqq yoluna imanımız istiqlalımızda ən baş bir şüarı olduğu kibi bütün müvəffəqiyyətlərimizin də bir ələmdarıdır.

Bu cəhətlə şimdi hər vətəndaş vəzifə başına ştab etməli, vəzifəsinə sadiq qalan vətəndaşın istiqlal və vətənə də müdafe və xadim ola biləcəgini iman etməlidir.

İman, iman! İştə bu günün ən qüvvətli müdafei, ən qüvvətli amili budur.

Əvvəl baəvvəl məmləkətimiz daxilində asayiş və intizamı xələldar edəcək ünsürlərə qarşı vətənini sevən hər azərbaycanlı təyəqqüz durmalıdır ki, daxildə kiçik bir intizamsızlığın xaricdəki əhvala əksi bir təsiri yapması məmuldur.

“Qalayı daxildən zəbt edərlər” deyərlər.

Filhəqiqə qalanın daxili hər zaman hər dürlü hiylə və intriqalara bir zəmin olur.

Qalayı daxildə haman mühafizə etməklədir ki, bugünki vəziyyətimizi lehimizə çevirə biləriz.

Bizim qalanın ən çox zərərverici ünsürləri macəraçular, macəraçuluq olduğuna görə bittəbii əvvəl baəvvəl bunlardan təhəffüz etməlidir.

Binaənileyh bütün vətəndaşlar sükun və intizamla bərabər bir şüar ilə də amal olmalıdır ki, o da:

Birlik! Birlik!

“Azərbaycan”, 28 nisan (aprel) 1920, ¹85

Müzahim – zəhmət verən, çətinləşdirən

Təyəqqüz – oyanma; məc. gözüaçıqlıq

ƏLAVƏLƏR

Tam məxfi Rəsul Zadə Məmməd Əmin haqqında ARAYIŞ

Rəsul Zadə Məmməd Əmin, 1884-cü ildə doğulub, azərbaycanlıdır, peşəcə jurnalistdir, antisovet millətçi “Müsavat” təşkilatının lideri və ideoloqudur. Azərbaycan sovetləşdikdən sonra xaricə mühacirət edib.

Rəsul Zadənin mühacirətdə apardığı və başçılıq etdiyi antisovet işi Azərbaycanda sovet hakimiyyətinin devrilməsinə və kapitalizmin bərpasına yönəlmişdir. Bu məqsədlə Rəsul Zadə Müsavatın gizli fəaliyyətini təşkil etmək, casusluqla məşğul olmaq, üsyançılıq hərəkatı yaratmaq və təxribatlar törətmək üçün müntəzəm olaraq SSRİ-yə emissarlar göndərmişdir.

Xaricdə yaşadığı ilk gündən Rəsul Zadə xarici ölkələrin (Polşa, Yaponiya və Türkiyənin) kəşfiyyat idarələri ilə əlaqəyə girmiş, bütövlükdə onların himayəsinə keçmiş, SSRİ-yə qarşı  düşmənlik fəaliyyəti ilə bağlı onların bütün tapşırıqlarını yerinə yetirməyə başlamış və beləliklə də həmin kəşfiyyat idarələrinin agentinə çevrilmişdir.

1942-ci ilin mayında Qafqaz mühacirət nümayəndələrinin qurultayında iştirak etmək üçün almanlar Rəsul Zadəni Berlinə çağırmışlar; bundan sonra o, ROZENBERQİN yaratmış olduğu “Azərbaycan Milli Komitəsi”nə başçılıq etmişdir. Almaniya ordusu komandanlığının tapşırığı ilə Rəsul Zadə azərbaycanlı əsirlərdən ibarət “Milli legionerlər” deyilən qurum yaratmaq yönündə geniş fəaliyyət göstərmişdir. Ona Qızıl Ordunun arxa cəbhəsinə göndərmək üçün casuslar və təxribatçılar hazırlanması ilə bağlı tədbirlərin keçirilməsində Almaniya kəşfiyyatına kömək və yardım etmək tapşırığı da verilmişdi.

1943-cü ilin sonunda guya səmərəsiz işinə görə almanlar Rəsul Zadəni “Azərbaycan Milli Komitəsi”nin rəbərliyindən kənarlaşdırmışlar. Bundan sonra o, Buxarestə qayıtmışdır və indi də orada yaşamaqdadır; Türkiyənin Rumıniyadakı səfiri vasitəsilə Türkiyə hökumətindən pul müavinəti alır.

SSRİ XDTK 1 İDARƏSİNİN RƏİSİ (PAVEL FİTİN) 17 iyul 1944-cü il.

Rusiya Dövlət Arxivi.

Sosial-siyasi tarix, fond 82 (Molotov fondu), siy. 2, iş 10-20, səh. 142-143

Bütün müsəlmanların Seym fraksiyalarının birgə iclasının protokolu ¹ 8

6 aprel

M.Ə.Rəsulzadə (“Müsavat” partiyasının lideri) sədrlik etmişdir. Katib: R.Vəkilov.

Seym üzvü M.Ə.Rəsulzadə (müsavatçı) qeyd edir ki, biz Zaqafqaziyaya qayıdan  hər hansı Rusiya ilə əldə silah vuruşacağıq.

Seym üzvü M.Ə.Rəsulzadə. Biz öz gücümüzə inanırıq və ağır məqamda cənubdan-qərbdən kömək çağıra bilərik.

Bütün müsəlmanların Seym fraksiyalarının birgə iclasının protokolu ¹ 9

7 aprel

M.Ə.Rəsulzadə sədrlik etmişdir. Katib: R.Vəkilov.

Seym üzvü M.Ə.Rəsulzadə mötədilliklə deyir: menşeviklərin Trabzon sülh nümayəndə heyətinin mövqeyini dəstəkləyən cərəyanından istifadə etmək lazımdır. Qalanı içəridən almaq gərək.

Bütün müsəlmanların Seym fraksiyalarının birgə iclasının protokolu ¹ 10

9 aprel    

M.Ə.Rəsulzadə sədrlik etmişdir. Katib: R.Vəkilov.

İclas M.Ə.Rəsulzadənin məsul fraksiyaların nümayəndələri ilə keçirilmiş və Seymin qarşıdakı iclasının gündəliyini hazırlamış müşavirənin nəticələri barədə M.Ə.Rəsulzadənin məruzəsi ilə açılır. Gündəliyin birinci məsələsi Zaqafqaziyanın müstəqilliyinin elan olunması, ikinci məsələsi isə bəyənilmək üçün Seymə təqdim ediləcək aşağıdakı qətnamədir: “Seym sülh nümayəndə heyətinin məruzəsini dinləyərək və ona dayandırılmış danışıqları davam etdirməyi təklif edərək hökumətə tapşırır ki, hərbi əməliyyatları təcili olaraq dayandırmaq və sülh müqailəsi bağlamaq üçün tədbirlər görsün”.

Seym üzvü M.Ə.Rəsulzadə məsələnin hüquqi cəhətdən formalaşdırılmasından çox onun mahiyyətinə diqqət yetirir. Hakimiyyətin sülh nümayəndəsinin sədri, Seym üzvü Çxenkeliyə keçməsi faktı göstərir ki, sülh məsələsi birdəfəlik həll edilmişdir. Zaqafqaziyanın müstəqilliyi elan olunarkən Batum, Qars və Ərdahan vilayətləri nəzərə alınmadan və Şimali Qafqazın kazak ərazilərinə qədər olan hissəsi daxil edilməklə ölkənin ümumi sərhədlərini göstərmək lazımdır.

Azərbaycan Milli Şurasının Gəncə Şəhər İdarəsinin binasında keçirilən qapalı iclasının protokolu

17 iyun

İclas Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə açılır. Katiblər: Mustafa Mahmudov və Rəhim Vəkilov.

Məhəmməd Əmin Rəsulzadə. Əfəndi hökumətin təşkili barədə bizim fikrimizi xatırlatdı. Paşa dedi ki, o, əsgər olduğuna görə mülki işlərlə lazımınca tanış deyil, buna görə də hökumətin təşkili məsələsi ilə bağlı onun mülki işlər üzrə müşaviri Əhməd bəy Ağaoğluya müraciət edib onunla danışmağı məsləhət görür. Bunu nəzərə alaraq biz Əhməd bəy Ağaoğlu ilə şəsən söhbət edərək ona məlumat verdik ki, hökumətin təşkili barədə məsələnin həlli iki əsas nöqteyi-nəzərə söykənməlidir. Birincisi: indi mövcud olan qayda-qanunu dəstəkləmək və Milli Şuranı buraxmaq. İkincisi: Milli Şuranın nüfuzunu və gücünü artırmaq üçün yenilərini dəvət etməklədeputatların sayını artırmaq. Onlar Gəncə quberniyasının Milli Komitəsindən (10 nəfər), Bakı şəhər İdarəsindən (10 nəfər), qəzalardan (hərəsindən 2 nəfər) dəvət edilməli, keçmiş Mərkəzi Milli Komitə üzvləri də buraya əlavə olunmalıdır.

Milli Şura yarandıqdan sonra hökumət onun qarşısında istefa verə bilər. Bu halda Şura sədri yeni hökumətin təşkilini kiməsə həvalə edir.

Danışıqlar zamanı Nuru paşanın mülki işlər üzrə müşaviri Əhməd bəy Ağaoğlu dedi ki, Türkiyə hökuməti və onun sədri Azərbaycanın daxili işlərinə, müvafiq olaraq hökumətin yaradılması işinə müdaxilə etməyəcək. Siz hökuməti istədiyiniz kimi qura bilərsiniz.

Əsgərlər xarici və daxili düşmənləri ölkədən çıxartmaqla məşğul olduqları üçün hökumətin təşkilinə yardımçı ola, əhali arasında onun təsirini yaya və nüfuzunu dəstəkləyə bilməzlər. Şura şz gücünə güvənməlidir. Bu iki təklifin müzakirəsi nəticəsində tərəflər qərara gəldilər ki, Milli Şura ölkədəki anarxiyanın qarşısını almaq üçün hökumət təşkil etməli, xarici və daxili maneələri nəzərə almaqla həmin hökumətə geniş səlahiyyət verməli, sonra özünü buraxmalıdır. Bu məsələni partiyalarda müzakirə etmək üçün islas bağlı elan olunur.

Milli Məclisin protokolu ¹29

17 iyun

İdarə üsulu. 1. Azərbaycan Müvəqqəti hökuməti müstəqillik və mövcud siyasi azadlıq prinsiplərinə müdaxilə edib onları dəyişdirə bilməz. Aqrar məsələsi və buna bənzər digər vacib məsələlər üzrə mövcud olan inqilabi qanunları dəyişdirə bilməz. Altı aydan gec olmayaraq Təsisat Yığıncağı keçirəcək. Başqa məsələlərdə İdarə heyəti tam geniş səlahiyyətlərə malikdir.

Bundan sonra Nəsib bəy təklif edir ki, ölkədə hökm sürən daxili anarxiyanı və ölkəni təhdid edən xarici təhlükəni nəzərə alaraq Məclis özünü buraxsın, bütün səlahiyyətlərini və məsuliyyətini Müvəqqəti Hökumətə versin. Təkliflə bağlı müzakirə başlanır, Məmmədyusif Cəfərov təklif edir ki, Məclis buraxılmasın, funksiyalarını müvəqqəti olaraq dayandırdığını elan etsin. Əhməd bəy Pepinov onun fikrinə şərik olduğunu bildirir. Mövcud şəraiti və fövqəladə vəziyyəti nəzərə alaraq səs çoxluğu ilə belə bir qətnamə qəbul olunur.

2. Azərbaycanın daxili və xarici həyatındakı ağır vəziyyəti nəzərə alaraq Milli Şura hakimiyyəti və hüquqlarını tam olaraq Fətəli Xan Xoyskinin sədrliyi ilə yaradılmış Kabinetə verir və həmin Kabinetə bir vəzifə olaraq tapşırır ki, tezliklə çağırılacaq xalq sədrliyinə – Təsisat Yığıncağına qədər hakimiyyəti heç kimə verməsin.

Aslan bəy Qardaşov. Zaqatala dairəsi prinsipial şəkildə Tükiyəyə birləşməyin tərəfdarıdır, buna görə də mənim burada olmağımı Azərbaycanın müstəqilliyində iştirakım kimi qəbul edilməsin.

Şura üzvlərinin məvacib məsələsi qaldırılır. Məsələ müzakirədən çıxardılaraq hökumətin mülahizəsinə verilir.

Sədr Məhəmməd Əmin Rəsulzadə. Cənablar, hələ səhər iclasımızı açarkən mən indiki məqamın vacibliyini və məsuliyyətini qeyd etmişdim. Bu qərarı qəbul etməklə siz tarixi məsuliyyətin dözülməz ağırlığını Fətəli Xan Xoyskinin yaratdığı hökumətin çiyinlərinə qoydunuz. Bu qərar bir tərəfdən zamanın tələbidir, digər tərəfdən isə “Blok”un və “Hümmət”in istefasının nəticəsidir. Dünya müharibəsi və Rusiya inqilabı nəticəsində yaranmış və siyasi həyat arenasında ilk addımını atan Azərbaycan idealıçox vacib dəqiqələrini yaşayır. Yeni doğulmuş bu siyasi türk vücudu həddi-buluğa çatacaqmı, başqa xalqlar sırasında yerini tutacaqmı, yoxsa sısqa çağa kimi məhv olacaq? Bütün zəkaları məşğul edən məsələ bax budur. Ən çətin, bununla belə, ən şərəfli bir borcun – yeni doğulmuş Azərbaycanın məhvinə yol verməmək borcunun Azəbaycanın taleyini əllərinə almış şəxslərin payınadüşdüyü indiki məqam bax budur. Belə bir məqamda Fətəli Xan Xoyski onun üzərinə qoyulmuş məsuliyyət yükünün ağırlığı altında sizin qarşınızda çıxış edir və sizin etimadınızı qazanmaqla özünə güc toplamağa çalışır. Onun necə avazıdığını, necə titrədiyini gördünüz. Əlbəttə, siz onu heç vaxt bu vəziyyətdə görməmisiniz. Bilirsiniz bu nəyə bənzəyir? Döyüşün ən qorxulu və məsul dövründə geri çəkilən ordunun son arxa mövqelərində müdafiə olunmaq əmri almış qoşun hissəsini çulğayan vahiməyə və lərzəyə...

Bəli, əfəndilər, Azərbaycanın müvəqqəti paytaxtı Gəncədə xalqı, qismən də olsa, təmsil edən bir təsisatın səhnəsindən düşmək, şübhəsiz, demokratiyanın geri çəkilməsi, mürtəce qüvvələrin isə qələbəsi hesab edilməlıdir. Bu geriçəkilmə müqəddəs saf qüvvələrin zərərinə olaraq qara, çirkin qüvvələrin güclənməsi deməkdir. Bu baxımdan bizim vəziyyətimiz ilk baxışda Ukraynanın vəziyyətinə çox oöşayır. Bu vəziyyət bizdə rus inqilabının prinsiplərinin süquta uğraması fikrini oyadır. Lakin, əfəndilər, gəlin zahiri görünüşlə özümüzü aldatmayaq, belə səthi düşünməyək, ruhdan düşməyək. Nə deyirlər-desinlər, rus inqilabı süquta uğramayıb. Rusiya inqilabınə etməli idi? Bu sualı “Böyük Rusiya” fikri ilə zəhərlənmiş rus inqilabçılarının mövqeyindən cavablandırmaq lazım deyil, inqilabın özünün təbiətini araşdırmaq lazımdır. Belə yanaşsaq, deyə bilərik ki, rus inqilabı təhqir olunmuş binəsib sinifləri və kölə xalqları azad etməli idi. Etiraf etməliyik ki, binəsib siniflər istədiklərindən də çox şey əldə etdilər, xalqlar isə bir-birinin ardınca ictiqlaliyyət qazanırlar. Bəli, bütün qurunun altıda birini əhatə edən böyük Rusiya dağılır. Məgər inqilab böyük Rusiyanı bərpamı etməli idi? Qətiyyən yox. İfrat sinfi azadlıqlar, əlbəttə, tənzimlənməli və normal görkəm almalıdır, bu inqilabın indiki görkəmi azadlıq yox, bədbəxtlikdir. Lakin mən əminəm ki, bu yoldakı kəskin dəyişiklik inqilaba qədərki sərhədlərin o tayında yox, bu tayında baş verəcək.

Deməli, hər halda, vəziyyət əvvəlkindən yaxşı olacaq.

Əfəndilər, keçmiş Rusiyada baş verən hadisələrə mən belə baxıram. Ona görə hələ də ümidlərlə yaşayıram. Əfəndilər, mən bilirəm ki, Azərbaycan Rusiya inqilabının müsbət nəzəriyyələrindən və azadlıqlarından bəhrələnəcək və şübhə etmirəm ki, müstəqil Azərbaycandakı ictimai və şəxsi azadlıqlar hər halda despot Rusiyasındakından daha geniş olacaq. Hətta, əfəndilər, təsdiqləmək istəyirəm ki, Azərbaycan Qafqazda ən azadlıqsevər və inilabi respublika olan Gürcüstandan xoşbəxtdir, belə ki, bizim daxili işlərimizə müdaxiləsi gözlənilən qüvvələr başqaları deyil, bizim özümüzünkülərdir.

Gələcək bu qüdrətli və ulu millətin müxtəlif budaqlarını birləşdirməlidir. Hətta biz ictimai və şəxsi azadlıqlarımazın bir hissəsini itirəcək olsaq belə, siyasi cəhətdən udacağıq və bununla da itkimizin əvəzini çıxacağıq. Gürcüstanda, Ukraynada və başqa yerlərdə vəziyyət belə deyil.

Bəli, əfəndilər, ruhdan düşmək lazım deyil. Unutmayaq ki, tarixi məqam bizim milli mücadiləmizin xeyirinə işləyir və türklərin birləşməsi üçün əlverişli şərait yaranıb. Bu siyasi azadlığın möhkəmlənməsi üçün əlimizdən gələni etməliyik və bunun üçün hər cür fədakarlığa hazır olacağıq.

Cənab hökumət üzvləri, bu böyük vəzifəni yerinə yetirmək üçün sizə vəkalət veririksə, bu ağır məsuliyyəti sizin üzərinizə qoyuruqsa, elə bilməyin ki, sizi tək qoyacağıq. Yetərlidir ki, siz yorulmaz fədakarlıqla və qətiyyətlə çalışasınız, türk xalqının rifahına, milli idealların gerçəkləşməsinə, Azərbaycanın azadlıq qazanmasına xidmət edən indiki məqamın əhəmiyyətini anlayasınız. Biz sizə kömək etməyə həmişə hazırıq. İstənilən vaxt biz yerimizdə olacağıq. Öz iştirakımızla sizi dəstəkləməklə yanaşı, zərurət olarsa, biz sizi başqa yollarla da gücləndirməyə hazırıq. Bizim bugünkü istefamız da bu məqsədlə edilir. Hökumətin bu tərkibinin tənqidi əleyhinə etiraz edilməsini lazım bilmirəm. Bilirsiniz ki, bu tənqid tərkibdən çox, prinsipə aiddir. Bu tənqidlər barədə mühakimə yürütməyi tarixin öhdəsinə buraxaq. Bir neçə aydan sonra keçiriləcək azad xalq seçkisi xalqın əsl arzusunu göstərəcək. Onlarla bizim aramızdakı hakim xalq özü olacaq və həqiqət üzə çıxacaq.

İndi isə gəlin bu ağır günlərdə çiyinlərinə ağır vəzifə qoyduğumuz bu hökumətlə sağollaşıb ayrılaq.

Əfəndilər, mən sizdən həmişə hörmət və ehtiram görmüşəm. İndi sizdən – əziz yoldaşlarımdan ayrılıram və üzərimə qoyduğunuz vəzifələri yerinə yetirərkən yol verdiyim qüsurlara görə sizdən üzr istəyirəm. Vaxt yetişir, vida məqamı çatır, gəlin qardaşcasına ayrılaq və Allahın köməyi ilə tezliklə Azərbaycanın paytaxtı Bakıda Təsisat Məclisində görüşəcəyimizə ümid edək.

Yaşasın Azərbaycan! Yaşasın Türk xalqı!

Saat 2-də iclas bağlanır.

Üzeyir bəyin “Azərbaycan” qəzetində M.Ə.Rəsulzadəni səciyyələndirən bəzi sətirləri

Təəssüflər olsun!

“Lənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim üzümüzə bağlanıb, bizi cəhalət və vəhşaniyyət vadisində sərgərdan qoydu. Və lənət olsun bu uzun zamana ki, bu tulanı (uzun) mürur (zaman) ilə bizim içimizdən millət, cəmaət qəhrəmanı olacaq bir dahi çıxara bilmədik. Bir dahi ki, həqiqi ömür sürmək üçün, qabağımızı kəsib duran sədləri nisti-nabud (yox) edəcək qədər qüvvəti-mənəviyyəyə və cismaniyyəyə malik olub, bizi zülami-cəhalətdən nuri-maarifə tuş edə biləydi! Onda biz indiki kimi yazıq olmazdıq. Başsız, rəhbərsiz, gələcəyi şəkk və şübhə ilə dolu qalmazdıq... Lakin olmuşuq və qalmışıq”.

“İrşad”, 23 fevral 1907

Nuru Paşa həzrətlərinin şərəfinə böyük bir ziyafət

“Təqribən bir il bundan əqdəm, bu gün ay-ulduzlu türk bayrağı ilə donadılmış olan bu salonda bolşevik Suxartsev, Nikolay Romanova məxsus bir hakimi-müstəbid vəziyyətini alaraq hüquqi-siyasiyyə və insaniyyələri xüsusunda ağız açmağa “cürət” edən Bakı müsəlmanlarını təhdid yolu ilə “Bakıda daşı daş üstə qoymaram!” – deyə meydan oxuyurdu.

Buna qarşı olaraq Şurayi-Milli rəisi Rəsulzadə Məhəmməd Əmin yoldaşımız: “Əvət, biz istirdadi-hüquq yolunda mübarizə edəriz, nəticədə bizə ya istiqlaliyyətimiz qalar, ya uçurulmuş daşlar. Fəqət Əmin olunuz, müvəqqəti müzəffəriyyət sizin üzərinizdə olsa da, daimi zəfər bizimdir” – deyə gələcəkdən xəbər vermişdi.

Bu axşam Rəsulzadə cənabları öz səlis nitqində bu fəqərəyi yada salıb qanlı və həqqi-şikən suxartsevlərin rəcəz oxuduğu bu meydanda bu gün daimi və əzim bir türk zəfərinin bayram edilməsinə işarə ilə həqq sözün həqq yerinə düşməyindən dolayı izhari-məsərrət və məmnuniyyət eylədi...

Rəsulzadə nitqinə davam edərək siyasi üfüqdə qara buludlar görünən kibidir, lakin bu qara buludlara qarşı Nurilərimizin zülmət-şikən Nuri var, dedikdə bütün əhli-məclis ayağa qalxıb Paşa həzrətlərini xüsusi bir təzim və təbcil ilə alqışlamağa başladılar”

“Azərbaycan”, 12 noyabr 1918, ¹37

İstirdad – düşmənin işğal etdiyi ərazini geri alma

Həqqi-şikən – haqqımızı qəsb edən, qıran

Rəcəz – meydan oxuyan

Təbcil – ucaltma, tərifləmə

 

(Ardı var)

Məhəmməd Əmin Rəsulzadə

525-ci qəzet.- 2014.- 1 noyabr.- S.26-27.