Dindirir əsr bizi...
(Əvvəli
ötən şənbə sayımızda)
Əsrin əvvəllərindən bəri doğma kəndim
Əliquluuşağı ermənilər tərəfindən
neçə dəfə yandırılıb yerlə-yeksan
olub. Bütün bunlara baxmayaraq yaddan
çıxartmışdıq bu müsibətləri. Mehribanlaşmağa çalışırdıq
qonşumuz olan ermənilərlə. Düşündüm
ki, yaxın qonşular təzədən niyə bir-birinə qənim
kəsilsin?! Bu iki xalqı müsibətlərə
düçar edə biləcək qarşıdurmaya necə
son qoymaq olar?! Axşam sanatoriyadakı yataq
otağıma çəkilib erməni-müsəlman
dostluğuna dair “Pəncərələr şüşələndi”
başlığı altında hekayə yazdım. Səhər telefonla Jeleznovodskdan Bakıya zəng
çalıb həmin hekayəni redaksiyamızın
qoçaq stenoqrafistikası Nazilə xanıma diktə etdim.
Hekayə qəzetdə dərc olundu. Bu yazının milli mənası nəzərə
alınıb ermənicə “Kommunist” qəzetində də
çap edildi. Söz yox ki, bunu
böyük bir yanğını söndürmək
üçün qaranquşun dimdiyində su
daşımasına bənzətmək olardı. Həm də ki, bu çox gecikmiş
bayatıydı. Yüz min tirajla çap
olunub yayılan və erməni qızlarının cehiz
“incisi” sayılan “Oçaq” artıq öz bədnam niyyətinə
çatmışdı.
Bu böhranlı məqamda Vəzirovun peyda olması ilk
günlər respublikamızda ümid
qığılcımı kimi işıldadı. Bu, Qorbaçovla Vəzirovun
güman olunan yaxınlığından doğan ümidin
işartısıydı. O da tez söndü! İsinmədik
güman etdiyimiz bu yaxınlığın istisinə, əksinə
kor olduq tüstüsünə. Özünü
fəxrlə köhnə “diplomat” adlandıran, respublikanın
bu yeni başçısı ilə təmasda olanlar – əşi,
bu ki, lap bambılıymış, – deyib yerlərindəcə
quruyub qaldılar. Bambılı
sözünün mənasını “köhnə
diplomatın” özü dəqiq başa düşməsə
də, onu respublikamıza göndərənlər
yaxşı bilirdilər. Və bu, bəlkə
də Dağlıq Qarabağ probleminin Balayanların xeyrinə
həll olunmasının ölçülüb,
biçilmiş variantı idi. Biz isə qanlı yanvar
hadisələrində,
Əbdürəhman Vəzirov xalqı
qırğına verib aradan çıxarkən,
bambılı sözünün əsl mahiyyətini anlaya
bildik. Pis dost kölgə kimidir. Səma təmiz
və günəşli olanda hara getsən, arxanca sürünər.
Göyə bulud gələndə görünməz
olar. Bakımızın üzərini qara buludlar alanda,
Əbdürəhman Xəliloviç Vəzirov milləti
zirehli tankların güdazına verib müəmmalı şəkildə
əkildi...
Belə bir yüngül təbiətli adamın
respublikamıza gəlişi Qarabağ kələfini daha da
dolaşığa saldı. Belə ki, köhnə diplomat Moskva
qarşısında şivən qopartdı ki, bu, din davası
yox, un davasıdır. Guya
ki, Vəzirovdan qabaqkı rəhbərlər çox əfəl
imişlər. Və Dağlıq
Qarabağ vilayətinin sosial-iqtisadi problemlərinə biganə
yanaşıblar. Əslində o, bununla bir
güllə ilə iki ov vurmaq istəyirdi. Fürsətdən istifadə edib Moskvadakı
ağalarına işarə vururdu ki, siz Əbdürəhman Vəzirovu
Azərbaycana göndərməkdə çox gecikmisiniz.
Əgər o, bu yüksək kürsünü vaxtında
tutsaydı... Moskvada həmin mülahizə əsas
götürüldü və Dağlıq Qarabağa iqtisadi
yardım barədə, məlum tədbirlər müəyyən
edildi. Guya ki, respublikanın keçmiş
rəhbərlərinin təqsiri üzündən,
Dağlıq Qarabağ iqtisadi-sosial çətinliklərin məngənəsində
boğulur. Halbuki Çartazdakı mədəniyyət
sarayı səviyyəsində, nə Azərbaycan, nə də
Ermənistanın kəndlərində, yüksək
arxitekturalı tikinti yoxdur. Çartazın
çəhrayı rəngli tuf daşdan tikilmiş tarla
düşərgəsi Mixail Qorbaçovun da, Arkadi Volskinin də
daçalarından çox-çox dəbdəbəlidir.
Onun da şahidiyəm ki tapılmayan ərzaq və
sənaye malları üçün Dağlıq
Qarabağın şəhər və kəndlərinə
gedirdik. Bir dəfə Ağdamda, mərhum
şairimiz Süleyman Rüstəmlə rastlaşdım.
O, sözarası:
– Zəngilandan
gəlirdim, – dedi. – Martunidən keçəndə təsadüfən
mağazaya döndüm. Yaxşı şeylər
aldım. Vallah, orada olanları Bakıda
tapmaq olmur.
Di gəl
ki, “köhnə diplomat” Poqosyanların, Aqambekyanların,
Şahnəzərovların, Balayanların
çırağına yağ
tökürdü. Özümüz öz əlimizlə
erməni millətçilərinin iftirasına rəvac verdik.
Ölkədə və xaricin müəyyən dairələrində
rəy yarandı ki, guya Dağlıq Qarabağ siyasi, iqtisadi və
sosial çətinliklərin əzabını çəkməkdən
cana doyublar. Ona görə də
xalq öz milli azadlıqları uğrunda mübarizəyə
qalxıb. Beynəlxalq ictimaiyyətdə
özümüzə qarşı xoşagəlməz
çaşqınlıqlar yarandı.
Arkadi Volski hakimiyyətinin bərqərar olması da ilk
günlər Vəzirov diplomatiyasının uğuru kimi mədh
olunmağa başlandı. Əslində isə
bu bayağı diplomatiya Dağlıq Qarabağ
dünyasını respublikamızdan xeyli-xeyli təcrid etdi.
Beləliklə də ziddiyyətlər daha da dərinləşdi,
milli ehtiraslar qızışdı. Qışın
çovğunlu günlərində yüz minlərlə azərbaycanlı
Ermənistandan silah gücünə qovulanda
respublikamızın rəhbərləri Kremlin fironu Şahnəzərovun
xatirinə Dağlıq Qarabağda, Gəncəbasarda,
Bakıda yaşayan ermənilərin üstündə əsim-əsim
əsirdilər. Mərkəzi Komitənin katibləri Ermənistandan
qaçıb Dağlıq Qarabağ kəndlərində
sığınacaq tapan, var-yoxunu itirmiş əlsiz,
ayaqsız azərbaycanlıları oradan da qovurdular ki,
Poqosyanların yeri dar olmasın. Həm də
Şahnəzərovun, Aqambekyanın, Sitaryanın xatiri xoş
olsun. Ermənilərin respublikadan getməsi
isə rəhbərlərimizə ağır dərd olurdu.
Onların bir nəfərinin geri qayıtması “köhnə
diplomatı” necə də vəcdə gətirirdi...
Ən nəhayət, bu yüngül, dayaz xarakterli
“diplomatın” hakim olduğu dövrdən respublikamıza nə
qaldı?! Hər
gün üstünə qan-yaş tökülən 20 Yanvar
şəhidlərinin məzarları! Sağalmaq bilməyən
Dağlıq Qarabağ yaraları! Tərəddüdsüz,
bunu Əbdürəhman Vəzirovun azəri xalqına, onun
tarixinə xəyanəti hesab edirəm.
Əlbəttə, bütün bu qeyd etdiklərim barədə
çoxlu deyilib, yazılıb və innən sonra da yəqin
obyektiv, subyektiv fikir yürüdənlər olacaq. Qalın-qalın
əsərlər yaranacaq. Burada sadəcə
olaraq deyə bilmədiyim və məni təhdid edən bəzi
məqamlara səthi də olsa, toxundum.
Respublikamızda gedən siyasi proseslərə,
müharibə ilə bağlı məsələlərə
gəldikdə, ağlım kəsəni odur ki, Ermənistanı
idarə edən hazırkı rəhbərlik mexanizminin
başlıca enerji mənbəyi, qondarma Dağlıq
Qarabağ münaqişəsidir. Ermənistanın
prezident makinası Qarabağda tökülən qanın
hesabına işləyir. Bu qan axmasa, həmin
makina dayanar, Serj Sarkisyan hakimiyyəti sona çatar. Bununla da Sarkisyanın tutduğu və tutacağı
mövqe gün kimi aydındır. O, Dağlıq
Qarabağın Azərbaycandan qoparılıb, Ermənistana
birləşdirilməsini vəd edən “Krunq” təşkilatının
züy tutanlarından biri kimi siyasi səhnəyə
qalxıb. Ona görə də Dağlıq
Qarabağda məsələnin beynəlxalq hüquq
normalarına uyğun şəkildə həlli Serjin siyasətinə
uyğun gələ bilməz. Bu qondarma
problemin beynəlxalq qaydalara uyğun, sülh yolu ilə həll
olunması üçün Ermənistan rəhbərlərinin
ağlasığan addımlar atacağına inanıb
ümid etmək, yüngül desək, sadəlöhvlük
olardı. İranın vasitəçiliyi
ilə Azərbaycan – Ermənistan nümayəndələrinin
keçirdikləri görüşün faciəli sonluğu
bizim bu fikrimizi təsdiq edən əyani sübutdur.
Ulya Erenburq Böyük Vətən müharibəsinin
gedişini əks etdirən məktublarında yazırdı
ki, kağız yığınları çətin ki
sülh işinə kömək etsin. Elimizin də kəlamı
var ki, pazı, pazla çıxardarlar və ya zurna
çalmağınan donuz darıdan çıxan deyil.
Özü də Minsk qrupunun qulaqları mazol eləyən
zurna-balabanla...
Torpağımızın bütövlüyü,
istiqlalımızın dirçəlişi, Dağlıq
Qarabağ böhrandan xilasımız üçün yeganə
nicat yolu ağıllıların və ağılların
birliyidir. Əməllərdə görmək, duymaq istədiyimiz
qeyrət birliyi. Respublikamıza can yandıran
Dağlıq Qarabağ düyününün
açılmasına, yüz minlərlə günahsız
insanın qaçqınlıq əzabından xilas olmasına
xidmət edən birlik.
Əlbəttə, respublika rəhbərliyinin
apardığı daxili və xarici siyasətin uğurları
danılmazdır. Ölkəmizdə insanlar dinc, əmin-amanlıq
şəraitində yaşayır. Azərbaycanın
beynəlxalq aləmdə imzası var, imzalar içində.
Hərbi sənayemizin inkişafı, ordumuzun
müdafiə qüdrətinin getdikcə artması qədirbilənlərimizin
qəlbində qibtə doğurur. Təəssüf ki...
Təəssüf ki, suyu bulandırıb,
balıq tutmaq amalı ilə yaşayan bəzi müxalif
qüvvələrin, xəbis insanların xoşagəlməz
əməllərinin də şahidi oluruq. Bu günlərdə televeziya verilişlərinə
baxırdım. Leyla Yunusova adlı bir qadın ətrafındakı
ağsaqqallardan, ağbirçəklərdən həya etmədən,
əlindəki almanı gəmirə-gəmirə
qarşısındakı polis işçisinin
papağını başından götürüb nümayişkaranə kənara
tolazladı. Şübhəsiz ki, Amerikada və
ya Avropa ölkələrində kimliyindən asılı
olmayaraq polis işçisinə əl qaldırıb, onun
heysiyyatına toxunan şəxsi cəzasız buraxmazlar.
Özü də elə bir qadın ki, Azərbaycanın
çörəyini kəsib, suyunu içib, havasını
udub, nemətlərindən bəhrələnib, mənsub
olduğu millətinə arxa çevirir. Elə
bir qadın ki, respublika ictimaiyyətində Azərbaycanın
bədxahı kimi ad çıxarıb. Elə
bir qadın ki, Serj Sarkisyanlar, Ohanyanlar, respublikamızın əleyhdarı
kimi onu Yerevanın mərkəzi meydanında
gül-çiçəklə qarşılayıb, əməllərinə
“əhsən” deyərdilər. Özü
də “Krunq” mahnısının müşayiəti ilə.
Təəssüf ki, okeanın o tayındakı və
Avropadakı bəzi başabəla siyasətçilər
qazanda nə qaynadığını bilmədən
qablarını uzadırlar ki, bura da bir çömçə... Gülməlidir, həm də
ağlamalı... Bir nəfər naxələf,
nakəs barədə qanuni tədbir görmək istəyəndə
okeanın o tayında, bəzi Avropa ölkələrində
haray-həşir salırlar ki, qoymayın, Azərbaycanda insan
haqları pozulur. Bəs onda özlərini
insan azadlığının sipəri kimi təqdim edənlər
bir milyondan artıq azərbaycanlı qaçqının məruz
qaldığı müsibətləri niyə qulaqardına
vururlar?! Məgər onlar insan deyil?!
Dünyanın taleyini həll edənlər yüzlərlə Azərbaycan
kəndinin viranəliklərə çevrilməsindən niyə
narahat olmurlar?! Ancaq respublikamızın imicinə
zərər vurmaq istəyən nakəs adamlar barəsində
qanuni tədbir görəndə onu insan haqlarının
pozulması kimi dəyərləndirirlər və bu barədə
aləmə car çəkib əsassız ittihamlar irəli
sürürlər. Bir də ki, belə demək
mümkündürsə, eyni cinsdən olanların nikah kəsdirməsini
insan azadlığının təntənəsi kimi təqdir
edənlərdən bundan artıq nə gözləmək
olar?!
İlahi,
hifz et bizi, insan əxlaqsızlığını
insan azadlığı kimi başa düşənlərdən.
İlahi, hifz et bizi, azərbaycanlı
adını daşıdığı halda, əcnəbi
ölkələrdən “qrant” alıb, xaricdəki bədxahlarımızın
çırağına yağ tökən “həmvətənlərdən”!!!
O həmvətənlərdən ki, Bakıya ayaq basan əcnəbi
nümayəndələrini yanlayıb, onların
qulağına doldururlar ki, Azərbaycanda insan haqları
tapdanır, demokratik qaydalara əməl edilmir. Yaxşımızı
isə dilə gətirmirlər.
lll
Naxçıvanda fəaliyyət göstərdiyim illərdə,
respublikanın adını çəkmək istəmədiyim
nüfuzlu jurnallarından birinin redaktoru vilayətin başçısı
İsmayıl Əsgərovla söhbətini
yekunlaşdırıb, o vaxt Noraşen adlanan rayona yollandı...
Axşam qonaq evinə toplaşmışdıq.
İsmayıl Nəsrullayeviç üzünü
redaktora tutaraq ərkyana soruşdu:
– Hə,
danış görək, Noraşendə nə gördün? Hansı təəssüratla qayıtdın?
Redaktor
dilxorluğunu büruzə verərək başını
buladı:
–
Noraşenə getməkdə məqsədim beləydi ki,
geniş bir oçerk yazım,- dedi. – Ancaq
getməyimə peşman oldum. Mehdi Hüseynzadə adına kolxozun tarla düşərgəsində
bir qadın namaz qılırdı. Dilxor oldum.
Maşına oturub geri qayıtdım. Görünür elmi ateizmi təbliğinə
yaxşı fikir verilmir. Orda maraqlı bir
şey görmədim.
İsmayıl
Əsgərov əlini
ərklə redaktorun çiyninə qoyub, istehza ilə
güldü. Və:
– Yoldaş Filankəsov, – dedi – Noraşendə yüzlərlə
fədakar əmək adamı var. Min tonlarla taxıl, pambıq, tütün istehsal
olunur. Getdiyin yolun kənarındakı kəndlərdə
çəhrayı tuf daşından elə mədəniyyət
sarayları ucaldılıb ki, respublikanın şəhərlərində
elə möhtəşəm mədəniyyət
ocağı yoxdur. Neujeli gözünüz elə namaz
qılan qadını görüb!
Gülüşdük. Redaktor da gülmək
istədi. Lakin bu gülüşün ona
sərf etmədiyini anlayıb, bir balaca qımışdı.
“Qrant” alıb əcnəbilərə yanlış
informasiya ötürən demokratiya fədailəri namaz
qılan adamla yanaşı, ucalan binaları da dillərinə
gətirirlərmi?! Görəsən qərəzli hisslərini
kənara qoyub onu da deyirlərmi ki, respublikamız Gəncə,
Talış, Muğan, Bakı bölgələrinə
bölünmək, parçalanmaq təhlükəsi ilə
üz-üzə dayanmışdı. Uzaqgörən
siyasətçi Heydər Əliyev xalqın təkidli tələbi
ilə, ziyalıların xahişi ilə sinəsini irəli
verib Azərbaycanı əciynələrdən xilas etdi.
Ölkə tərəqqi yolu tapdı.
Əsla yox! Heç olmasa bu yaxınlarda
respublikamızda olan Jirinovski qədər.
Nöqsansız ölkə, insan təsəvvür etmək
çətindir. Respublikamız da bəzi nöqsanlardan
xali deyil. İş nöqsansız olmaz,
yaxşı da yamansız. Lakin Vətən təəssübkeşliyini,
vətəndaşlıq borcunu dərindən dərk etmədən,
səhvləri şişirdib,
uğurlarımızın üstündən xətt çəkmək
ikrah doğurur və təəssüflə deməliyəm
ki, belə bir xislət yenicə əldə etdiyimiz müstəqilliyin
möhkəmlənib inkişaf etməsinə, Dağlıq
Qarabağ məsələsinin müsbət həllinə,
torpaqların bütövlüyünün təmin
olunmasına əsla xidmət
etmir... Və müdriklərin belə bir kəlamını
unutmayaq ki:
Düşməninlə
dost olana sən də bax
bir
düşmən kimi.
İlan
üstə qonan milçək zəhərlidir
ilan
kimi.
2014-cü
il.
Əli İldırımoğlu
525-ci qəzet.-
2014.- 1 noyabr.- S.24.