“İnsan Yer üzünə Tanrının
yarımçıq işlərini tamamlamaq
üçün gəlib”
Feyziyyə ilə Xəzərin sahilində
Başlayaqmı? Nədən başlayaq?
Başlanğıcdan. Amma o hardadır? Nədədir? Necədir? Hansıdır? Kimdir?
Sual çoxdur. Min illərdir,
bəlkə də çox, heç kim bu sualların cavabını
tapa bilmir. Bəlkə də cavabı hamı bilir, heç kim fərqində
deyil.
Demək, başlamışıq. Demək başlanğıc,
məsələn, mənəm.
Mənim adım Feyziyyədir – deyirlər bu bir az çətin addır. Başlanğıc, məsələn Xəzərdir – göründüyü
kimi deyil, məsələn, bizə
elə gəlir ki, o mavidir. Bura isə sahildir
– başlanğıcdır, son da ola bilər, baxır ləpirlərin izi qumsallığa hansı qütbdən düşüb.
Yəqin
xatırlayan oldu, bir neçə ay öncə “Feyziyyə ilə Xəzərin sahilində” cəmi üç söhbətim
olmuşdu qonaqlarımla
– Qənirə Paşayeva,
Aydın Mirzəzadə
və Aqil Abbasla. Bu il
bütün yayı sahildə oldum. Başlanğıcları düşündüm. Suallarım
var. Qərar verdim, başlamaq bu qədər çətin,
göründüyü qədər
rahat, hardan gəldi, necə gəldi bir addım deyilsə, demək, bir düsturumuz var həll olunmamış.
Bərabərlikdən sonra gələnləri
yalnız onlar tapa bilər bu küləkdə, bu yağışda, bu günəşdə – kimin uğuruna hansı çıxsa.
Sonra biləcəyik onlar tapa bildilərmi? Bəlkə, heç bərabərlikdən sonrası
yoxdur...
Bir başlanğıc... Onunla çox
şeylər başlayıb.
Milli Azadlıq hərəkatı, kiminsə
həyatında ciddi dönüş, kimlərinsə
mətbuata ilk çıxışı,
ilk kitab çapı...
Bu dəfə “Feyziyyə
ilə Xəzərin sahilində” millət vəkili, şair Sabir Rüstəmxanlıdır.
Hər şeydən
öncə, görünür,
şair qohumluğumuz
rahat və səmimi söhbətə
başlamağa rəvac
verirdi. Oturmağa məkan tanınca, yerimizi rahatlayınca müxtəlif dialoqlarımız
olsa da, qonağımla
söhbətə hansı
sualla giriş edəcəyimi düşünürdüm.
Hərçənd, oturduğumuz
məkan bir az səsli-küylü
idi, amma Bakı, Xəzər, Sahil, Bayraq bizi
görə bilirdi. Hə, bir də yanımızda
bir xanım fotoqrafımız vardı.
Elə bil dənizin şəklini çəkib
asıb gözlərindən
– gömgöydü. Bir
də hərdən əllərini çənəsinə
dayayıb üzbəüz
oturduğu dənizə
uzu-uzadı baxdımı...
“Soruşa bilərsən
ki, insan bu yaşında sevə bilərmi?”- sanki fikrimi oxuyan qonağımın yarızarafat verdiyi bu qəfil sualdan
səksəndim. Söhbətə bu mövzu ilə
başlamağın ürəyimcə
olmadığını büruzə
verməmək üçün
çalışdım üz-gözüm
turşumasın, həm
də necəsə etirazımı bildirmək
istədim ki, bu haqda çox
danışmayaq. Amma necə?
Məsələn, deyə bilərdim
ki, bəs deyirlər sevgi fanidir, anidir və sair və
ilaxır.
– Ömür də fanidir. Amma bu fani ömürdə insan dünyanın hakiminə çevrilir. Bu qısa ömürdə çoxlu qalxmalar-enmələr
var. Bu qısa ömürdə
çoxlu romanlar var.
Neynək, bir halda ki, söz çəkdi, bütün
yaş dövrlərində sevgi şeirlərinin necə
yazıldığı mənə həmişə maraqlı
gəlib.
Görək şair necə düşünür, bir
ömür sevmək olarmı? Olmaz, deyirlər, bu olmazın
içində bir xeyli məyusluq var.
– Mən
onu təsəvvür edə bilmirəm, amma məncə olar,
– deyə mülayim şəkildə
etiraz edir. – Markesin “Vəba günlərində eşq”
romanından yarım əsrlik sevgi hekayətini misal gətirir.
Əsərlə
bağlı etirazlarım var idi, həm Markesə, həm Sabir
bəyə. Amma sonacan dinləməyi düşünürəm:
– Bəlkə
yarımfantastikdir, amma yəqin ki, belə insanlar var.
Yarımfantastik,
yəni həm də absurda yaxın. Sevgi! Yarım əsr!
Mübarizə (?)! – dirnaqdamı, dırnaqsızmı?- Neynək,
böyüklərimiz demiş, qismətləri beləymiş,
yaxud da, hər şeydə bir xeyir var. Bəs, zarafatsız,
sevgi bir yana, həyatda hər şeyi
balanslaşdırılıbsa mübarizə aparmağa dəyərmi?
Bir dəqiqə. Fikrimi cəmləyim, yəni əgər bir
qəfədan çay qaynayıb damcı-damcı buluda
yığılacaqsa, bu buludu külək qovub bir
üşüyən şəyərin üstündə
gözünü yumub tökəcəksə, bir növcavan da
qoltuğunda kitabı, əlində qovluğu bir maşın
yolunu keçərkən fikri yağmurluğunun
yaxasını bağlamağında olacaqsa, bir də bir qəfil
avtomobillə yolları kəsişərsə... – çox
uzun oldu elə bil – bunun adı səbəb də ola bilər,
bəxt(sizlik) də ola bilər, balans(sızlıq) da ola bilər...
Həyat işığı zülmətə,
firavanlığı rəzalətə bərabər edə
biləcək qədər absurddursa...
– Bunun
müxtəlif dinlərdə müxtəlif yozumu var. İslam
dininin bir qolunda deyilir ki, hər kəsin taleyi yazılıb və
nə yazılıbsa, o da olacaq. Başqa bir təriqətdə,
məsələn, şiəlikdə isə deyilir ki, Allah tale
yazıb,amma insan özü də fəaliyyət göstərməlidir.
Birinci təriqət insanı fəaliyyətdən qoyur,
taleyin quluna çevrilir. İkinci tərəf, yenə, fəaliyyət
üçün yol saxlayır.
Mənim düşüncəmə görə,
İslamın müsəlman aləmi üçün problem
yaradan cəhətlərindən biri də fani dünya və
talelərin yazılması ilə bağlı məqamlardır,
axirət məqamıdır.Yəni, bu dünyadan nə qədər
əzab çəkəcəksənsə, o dünyada bir o qədər
yaxşı yaşayacaqsan. Bu, doğrudurmu, yalandırmı –
heç kim bilmir. Çünki nə O dünyadan gələn
var, nə Allahın insanların qarşısında
qoyduğu vəzifələri bütövlükdə dərk
edənlər. Mən içimdə Allaha inanan adamam və bəlkə
də, bir az Tanrıçıyam – Göytanrıçı.
Mən vahid olan Allaha inanıram və vasitəçiləri
o qədər də dərk edə bilmirəm. Çünki
onlar çoxdurlar, yüz iyirimi dörd min peyğəmbər
var və onlar çox fərqlidirlər. Bunlardan biri
Allahın elçisidirsə və Allahın ən doğru
sözünü bunlardan birincisi gətiribsə, ikinciyə nə
ehtiyac var? Allah əgər insanı öz iradəsi ilə
yaradıbsa, niyə insanı əvvəlcə vəhşi
yaradır, sonra dinlər meydana çıxır? Bu dinlərin
heç biri mükəmməl deyil. Ən kamili
İslamdır, amma bunun özü belə bu gün bir
çox məsələlərdə həyatla, bugünkü
dövrlə ayaqlaşmır.
Oyy, Rafiq
Tağıdan sonra mən bu din mövzusunu qəti sevmirəm.
Son zamanlar daha çox oxumağa, daha şaxəli
araşdırmağa, daha ətraflı öyrənməyə
başlasam da bütün bunlar yalnız öz “Niyə?”lərimə
cavab vermək üçündür. İstəyirəm
söhbətin istiqamətini yayındırım, amma zatən
nə etsə, mövzuların bir tərəfi dinlərə
və inanclara gedib söykənir. Həm sualımdan çox
uzaq düşmüşdü müsahibim. Sözünü kəsmədim,
özünə də bildirmədən kompüterin
axtarış sistemində olduğu kimi “Niyə?” düyməsini
işə salıb bəyəfəndinin dediklərindən
tapa biləcəklərini gözlədim.
– Mən
dinlərin hamısının kökündə bir siyasət
görürəm. İslam dini ərəb dünyasını
birləşdirmək siyasətinə xidmət edirdi. Həmin
misssiyanı da yerinə yetirdi. Nəticə etibarilə bir mənəvi
faktordan bir güc faktoruna çevrildi. İnsanlar güclə
İslam dininə gətirildi və vahid bir dövlət
quruldu. Bu dövlət qurulandan sonra insanların
üzünü siyasətdən ibadətə çevirməsi
və hər kəsin axirət gününə ümid
bağlaması, bəlkə, onların hansısa məqamlarda
ortaya çıxa biləcək müqavimətini əvvəlcədən
qırmaq idi. Buna görə də İslam aləmində bu qədər
məzlumluq var və hakimiyyətə gələn şeyxlər
yüz ildir, iki yüz ildir rahat oturublar. Çünki insanlar
bütün fikirlərini hansısa mübarizəyə deyil,
ibadətə, axirət dünyasına yönəldiblər.
Mən burda bir siyasət görürəm. Əgər bu
dünya da Allahındırsa, o dünya da Allahındırsa,
bütün bunlar Allahın məntiqi ilə düz gəlmir.
Deyir, Allah insanı öz köməkçiləri kimi
yaradıb. Onda insan Allahının nizamının
qurulmasının və yaşamasının tərəfdarı
olmalıdır. Əbədi dəyərlərin qurulmasına
yardımçı olmalıdır. Əbədi dəyərlər
isə yalnız o dünya ilə bağlı ola bilməz.
Belə...
Sabir müəllim, görünür, Şərqə,
bütövlükdə İslam aləmində baş verən
hadisələrə çox qəzəblidir. İndi bu cavabda
ateizmin əlamətlərini qurcalayanlar olacaq çox
güman. Çox ciddi etirazlardı. Onun həm də çox
ciddi şübhələri var demək. Özüm onunla bu məsələlərdə
hansı məqamlarda razı, hətta tam razı, hansında qəti
narazı olduğumu deməyəcəyəm. Bir az əmin
deyiləm, bir az ehtiyat edirəm, az da şübhələrim
var. Səmavi kitablarla bağlı qısaca nə
düşündüyünü öyrənməyə
çalışacam, sadəcə.
– Dini
kitabların böyük ilhamla yazıldığına
inanıram. Əgər bir şairin içinə qəfildən
bir duyğu gəlirsə və bir şeir yazırsa, demək,
bu ilham yerdən, masdan, yeməkdən gəlmir, Göydən
gəlir. Əgər şeirlər Göydən gəlirsə,
demək dini kitablar da Göydən gələ bilər. Təbii
ki, burada söhbət kitabın özündən yox, onun
fikirlərinin göydən gələ biləcəyindən
gedir. Peyğəmbərləri böyük şair hesab edirəm
və bu mənada da özümü onlara qohum sayıram.
Sabir bəy
sözünə ara verib çayların soyuduğuna işarə
edir. Fotoları çəkib yanımızda oturan
fotoqrafımızın adını soruşur. Bayaq deməyi
unutmuşdum, onun adı Firəngizdir.
– Deyir bir
erməni, bir gürcü, bir azərbaycanlı bir parça
pendir tapır. Onu bölsələr hamısı ac
qalacaqdı, onu mütləq bir nəfər yeyib xilas
olmalıydı. Aralarında razılaşırlar ki,
yatsınlar, kim yaxşı yuxu görsə pendiri o yesin.
Yatırlar. Erməni danışır ki, yuxuda gördüm
İsa peyğəmbər məni cənnətə aparmaq istəyir
və oranın nemətlərinə məni qonaq edir.
Gürcü deyir, məni də bir İsa peyğəmbər
cənnətə apardı, orada hurilərlə günü
xoş keçdi. Sonda azərbaycanlı dilə gəlir ki, mənim
peyğəmbərim gəlib deyir ki, bəs nə oturmusan, erməniylə
gürcü cənnətdə kef çəkir, heç
olmasa sən dur bu pendiri ye...
İndi də
sən, Firəngiz xanım, biz söhbət edirik,
başımız qarışıqdı, heç olmasa sən
çay iç.
Gülüşürük...
Həm də bir xeyli... Çayımız soyuq, ətrafda bir
az ucadan səslənirmiş kimi musiqi, bu an yanımızda
olmamalarını çox istədiyim ucadan danışan
adamlar, bir də uzaqdan, xeyli uzaqda barmaqlarının ucunda
qalxıb əlini yelləyən birini xatırlayan bayraq. Adam
olsa kimi çağırardı görəsən? Nə istəyərdi?
– Allah
deyir ki, səndən hərəkət məndən bərəkət.
Bu o deməkdir ki mübarizə olmalıdır, – Sabir müəllim
çox çevik şəkildə ciddi görkəm alaraq nəsə
demək istədiyinə eyham vurması məni uzaqlardan
qaytardı. – Mən tarixdə şəxsiyyətlərin
roluna inanıram. Tarixi Atillasız, Çingiz xansız,
Əmir Teymursuz, Şah İsmayılsız, Alp Arslansız təsəvvür
etmirəm. Tarix əslində, müharibələrin tarixidir.
O müharibələri idarə edən böyük şəxsiyyətlər
olub.
Tarix
öz-özünə yazılmır, razıyam. Amma onlar tərəzinin
enən, yoxsa qalxan gözündədir?- bu nisbidir. Bəlkə,
onlardan hansısa olmasaydı bəşəriyyət heç
olmasa bircə əsr daha dinc yaşayardı, heç olmasa bir
müharibə azalardı. Zatən dünyada hər şey
domino daşları kimi oyunçuların kim olmasından, necə
oynamasından, udmasından və ya uduzmasından asılı
olmayaraq, qarışıb yenidən bölünür, yenidən.
Bu balans harda pozulub? Bəlkə, heç pozulmayıb? Bəlkə,
heç balans yoxdur, sadəcə xaos var? Bir dəqiqə, bu
yaxınlarda bir xanım Qarabağ qazisi yol qəzasında faciəvi
şəkildə həlak oldu. Səhv etmirəmsə
tankçı idi və deyəsən, hər iki
ayağını itirmişdi. O qadının həyatı mənim
bir əsərimin süjeti olsa, özümü öldürərdim,
onu belə öldürməzdim. Bəlkə də, əsərin
yarısında fikrimi dəyişərdim, nə bilim. Amma ..
belə çxır İlahi ədalət deyilən şey
sadəcə təxəyyülümüzün məhsuludur?
– Ən
böyük ədalət odur ki, o sağlam vaxtında
özünü millətə həsr edib. O insanlıq borcunu
yerinə yetirib, bu ilahi ədalətdir.
Demək,
belə? Bəs mükafat?
– Həyatda
heç kim mükafat üçün yaşamalı deyil.
İnsanın ən böyük mükafatı Allahın ona
verdiyi işığı, gücü ötürə bilmək
bacarığıdır. İnsan bir
ötürücüdür.
Yəni
insan məqsəd deyil, vasitədir. Hə... vasitə
olduğunu etiraf etmək, bununla barışmaq heç də
asan deyil. Amma görünür, yeganə həqiqət budur.
– Siz niyə
Ziya Bünyadovu demirsiniz? On doqquz yaşında müharibədə
qəhrəmanlıq elədi, ömrü boyu mübarizə
apardı, sonda bir xəyanətin qurbanı oldu. Deməli,
müharibə bitməyibmiş. Müharibə hər zaman
bizim içimizdə davam edir. Bu ömrün nəticəsidir.
Qəribədi,
adamların ömrü boyu qorunmaq üçün
boyunlarından, evlərinin kəndarından, maşınlarından
asdığı Quranı tərcümə edən ziyalı
qurban olur. “Nəsimi” filmində necə deyirdi: “O
qılıncı mən düzəltmişəm, məni kəsməz”.
Görünür, biz güman etdiyimdən də çox
şey bilmirik... Amma hərdən adama elə gəlir ki, nəsə
bildiyini hesab edərək kitablarını oxuduqlarımız
da elə bil insanların başına corab toxuyublar.
İnsanlara deyir, sən iştirakçı deyilsən,
müşahidəçisən. Kvant fizikası başqa
şey deyir axı...
–
Dünyada təsadüfü heç nə yoxdur. Qum dənəsi
də kosmosun balaca bir modelidir. Bəlkə bütün kainat inasana
görə yaranıb? Quranda da yazılıb ki, ulduzlar, ay
insana yol göstərmək üçündür. Amma həm
də deyirlər ki, bəlkə kosmosda yüzlərlə
planet var ki, orda insanlar yaşayır. Bunu dəqiqləşdirmək
indi çətindir, amma yəqin ki, bu, günlərin birində
mümkün olacaq. Mən elə bilirəm, insan Yer üzünə məqsədli
olaraq, Tanrının yarımçıq işlərini
tamamlamaq üçün gəlib. Bəlkə Allah on beş
milyon ildir bu kainatı yaradıb, çıxıb gedib
başqa bir işin arxasınca, unudub buranı
yaratdığını. Bəlkə də oturub
kompüterində izləyir kainatları. Bəlkə bu, onun
daha kamil canlılar yaratmaq üçün bir təcrübə
laboratoriyasıdır. Əgər insan quru torpaq olan Yer Kürəsindən
bu qədər xariqələr yarada bilibsə, bu o deməkdir
ki, insan böyük bir kamilləşmə yolu keçir.
Bütün bunları yaradan insan müşahidəçi ola
bilməz. O böyük yaradanın balaca modelidir.
Bir az ədəbiyyatdan,
bir az mədəniyyətdən, bir az siyasətdən
danışdıq, amma nə
danışdığımızı sizə deməyəcəm.
Yazmadıqlarımdan özüm üçün bəzi
çıxarışlar etməklə kifayətləndim.
Onlardan ən təəccüblüsü Sabir bəyin siyasi
proseslərə qatılmamağımı tövsiyə etməsi
oldu. Söhbətimizin
sonlarına yaxın, “Bakı, Bakı bu imiş, Bakı dolu
su imiş” – deyə
qonağım Xəzərlə bağlı xatirələrindən
danışmağa başladı:
Mən hərdən
Hökumət evinin yanındakı bayraqdan Bayraq
Meydanındakı bayrağa qədər gəzirəm. Birinin
adını Bakı qoymuşam, o birinin adını Təbriz.
Bir gün səhər yenə
“Bakı”yla “Təbriz”in arasında gəzirdim.
Yağış yağırdı, ətrafda heç kim yox
idi. Gördüm bir xanım dəniz sahilində
qaçır. Mənə tərəf yaxınlaşanda salamlaşdıq,
dedim, cəsarətli xanımsız, səhərin bu
çağı bu havada qaçmağa
çıxmısız. Gülümsəyərək dedi ki,
biz sizi burda tək qoymarıq. Bəzən bir kəlmə
söz bir sahili adamla doldura bilər, bir kobudluq bütün
insanları gözündən salar.
525-ci qəzet.- 2014.- 1 noyabr.- S.22-23.