Qonaqpərvərlik... Səhnədə...
Bakı haqqında düşünəndə
təzadlı hisslər
keçirirəm. Hərdən onun sirrini anlaya da bilmirəm
heç. Təbiətin
bu şəhərə
münasibətdə yeganə
və böyük səxavəti Xəzərdi...
Neft də ki heç,
o öz yerində.
Vəssalam?! Bəs onda bu şəhərin belə böyük cazibə mərkəzinə çevrilməsinə
səbəb nədi?!
Yüz illərdi ən müxtəlif adamların,
yazıçı, şairlərin,
bəstəkarların ilham
mənbəyidi Bakı.
Siması dəyişir,
içi dəyişmir!
Yaşıllaşdırılır, gözəlləşdirilir, müasirləşir, amma ruhu elə həminkidi.
Sehrli və bir az da əndrəbadi! Bakıdan danışmağım təsadüf
deyil. Teatr Konfransı məsələsi
gündəmə gələndən
elə hey qonaqları
düşünürəm nədənsə?! Bildiyimə görə
çoxu Bakını
ilk dəfə görəcək.
Bəziləri isə artıq
neçənci dəfə
qədəm basacaq bu şəhərə.
Təşkilati işlər, qonaqpərvərliyimiz,
hazırlıq filan bunlar öz yerində. Amma axı Bakının
özünün də
xarakteri, ovqatı məsələsi var. Bakının
ovqatı isə onun təkcə zahirindən, havasından,
küləyindən yox,
həm də daxili aləmindən, mənəvi durumundan asılıdı. Məsələn, hər həftəsonu Bakı duyğulanır, fikrə gedir, bəzən qəhqəhəylə
gülür, hərdən
kövrəlib ağlayır
da. Bir-birinə yaxın yerləşmiş
müxtəlif teatr binalarından gələn
səslər, sözlər,
musiqi, hamısı qarışır bir-birinə,
hardasa şəhərin
üstündə uçuşur,
fırlanır və hansısa ruh, ovqat verir şəhərə.
Əslində, bəlkə də,
elə buna görə şəhərin
siması təkcə
tarixi abidələri,
memarlığı yox,
həm də teatrdı. Və mənə belə
gəlir ki, ikigünlük Bakıya gəlmiş adamın Azərbaycan haqda tez və dəqiq
nəsə öyrənməsi
üçün teatr
ən gözəl vasitədi. Çünki dövlətin sənətə
münasibətini görmək,
Azərbaycan incəsənəti
haqda öyrənmək,
əhalinin durumu, sənətə baxışı-filan...
hamısını teatrda
müşahidə etmək
mümkündü. Görünür, elə teatrlarımızın
da Konfrans günlərindəki repertuarlarına
ciddi yanaşmaları
bununla bağlıdı,
həm də. Axı biz qonaqpərvər xalqıq.
Qonağın qarşısına ən yaxşı, ən səviyyəli olanı çıxarmalıyıq.
III Bakı Beynəlxalq
Teatr Konfransı ərəfəsində hazırlanmış
dərgini, bukleti vərəqlədikcə həm
qonaqlar, həm də Azərbaycan tərəfdən Konfransda
iştirak edəcək
nümayəndələr haqda
oxuyuram. Konfrans “Teatr sənətinin
multikulturalizm – universal dəyərlər
sistemində yeri” mövzusunda olacaq. İştirakçılar ən müxtəlif
aspektlərdən bu məsələni çözməyə,
araşdırmağa çalışacaqlar.
Bütün bunlar, yəni
xarici mütəxəssislərin
fikirləri, təcrübələrindən
danışmaları maraqlıdı.
Amma həm də onların bizə reaksiyası, bizdə sənəti necə görməsi, hansı səviyyədə hiss etməsi
adamı düşündürür.
Məsələn, uzaq Kanadadan
gələn bir teatr xadimi Mirzə
Fətəlini necə
qəbul edəcək?
İrlandiyalı, yaxud avstraliyalı
bir qonaq Azərbaycan teatrını
hansı şəkildə
təhlil edər?!
Mənə görə, məhz
bu cəhətdən də Teatr Konfransı
teatrlarımıza, aktyorlara,
ümumiyyətlə, sənət
adamlarına fürsət
yaratmış olacaq.
Konfransa həsr olunmuş bukletdə teatr afişaları da yer alıb. Yəni hər bir qonaq
istədiyi tamaşaya
baxa biləcək və onun tərcüməçi
ilə təminatı-filan
məsələləri də
nəzərə alınıb.
... Dahi Füzulinin “söz qonaqlığı” fikrini düşünürəm. Sənəti, sözü duyan, dəyərləndirən adam üçün bundan gözəli ola bilməz bəlkə də. Elə bu düşüncə ilə teatrlarımızın həmin günlərə, yəni 5-6 noyabra aid “menyu”suna nəzər salıram. Müxtəlif fikirlər beynimdə bir-birini əvəz edir. Və eyni zamanda teatrların da müəyyən strategiyasını, məqsədlərini hiss edirəm. Akademik Milli Dram Teatrı qonaqların üzünə tarixlə çıxacaq. Əli Əmirlinin “Şah Qacar” tamaşası ilə. Tamaşanın quruluşçu rejissoru Azər Paşa Nemətdi. Qacar rolunu Xalq artisti Fuad Poladov ifa edir. Doğrusu, bu qəliz, tarixi mövzunu əcnəbilər nə qədər bilirlər, demək çətindi. Yadımdadı ki, orijinal səhnə tərtibatı, bir də Fuad Poladovun ifası məni bir tamaşaçı kimi təsirləndirmişdi. Amma qonaqlara nə təsir edəcək, bunu öncədən bilmək olmaz...
Növbəti gün isə yenə də türk dastanına “ekskurs” gözləyir dram teatrı tamaşaçılarını. Rejissoru Mikayıl Mikayılov olan “İlahi Oyun” tamaşası göstəriləcək. Tamaşa “Kitabi-Dədə Qorqud dastanının motivləri əsasında qurulub. Düşünürəm ki, bir az mistik və xeyli dərəcədə düşündürücü, qədimliyin modern formada təqdimatı bu tamaşaya xüsusilik gətirib.
Opera Teatrı isə 5 noyabrda Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”una, 6-sı italyan bəstəkarı Cakomo Puççininin “İl Tabarro”suna qonaq edəcək tamaşaçılarını. Doğrusu hər iki əsərin səviyyəsini, gözəlliyini, hər iki bəstəkarın dahiliyini düşünüb həyəcanlanmaya bilmirsən. Əsərlərin ikisində də sevgi, ayrılıq, tale, qorxu, mühit... Və təkrarsız, bənzərsiz, ilahi bir musiqi.
Gənc Tamaşaçılar Teatrında son vaxtlarda istifadəyə verilmiş kiçik səhnədə Peppino De Filipponun “Don Rafael trombonçu” tamaşası nümayiş olunacaq. Kiçik səhnə estetikası bizim tamaşaçı üçün hardasa yenidi. Amma deyim ki, Gənc Tamaşaçılar Teatrında eksperimentlər çox uğurlu nəticə verib və artıq kiçik səhnədə oynanılan bir pərdəli tamaşalara da böyük maraq hiss olunur. Təxminən bir ay öncə teatra gələn rusiyalı qonaqların da burda nümayiş olunan tamaşalardan məmnun qaldıqlarını müşahidə etmişdim. Dünyada bu kiçik səhnə estetikası, monotamaşalar, yaxud iki nəfərlik pyeslər çoxdan təcrübədən keçirilib. Bizdə bu yanaşma yeni də hesab oluna bilər. Və artıq bir neçə bu cür qısa, amma təsirli tamaşalara baxandan sonra fikrimdə qəribə bir bənzətmə yaranır: Desert! Bu cür tamaşalar dadlı, şirin, amma doydurmayan desertləri xatırladır.
Bu ərəfələrdə Musiqili Komediya Teatrı kollektivinin, rəhbərliyinin işi daha qəlizdi, onlar Konfransa bir az da artıq məsuliyyətlə hazırlaşırlar. Çünki bütün tədbirlər bu teatrın binasında keçiriləcək. Ona görə həmin günlər teatrın tamaşaçıları bir az intizarda qalacaq, gözləməli olacaqlar.
Fərqli və düşündürücü, az və təsirli, sözsüz və emosional həvəskarlarını YUĞ Teatrı bu dəfə də sevindirəcək. Mövlanə Cəlaləddinin şeirləri və həyat hekayəsi əsasında hazırlanmış “Eşq” tamaşası ilə. Nədənsə mənə elə gəlir ki, YUĞ Teatrı hansı mövzuya müraciət etsə, ilahi eşq ideyası da paralel verilir. Rumi isə birbaşa YUĞ mövzusudu, məncə. İstənilən gözəl, təsirli əsəri səhnələşdirməyə alışmış YUĞçuların tamaşaçılarını Rumi sehrinə salacaqlarına şübhəm yoxdu.
Rus Dram Teatrı isə qonaqların qarşısına Nizami və Mirzə Fətəli ilə çıxacaq. Nizaminin “Yeddi gözəl”i, Mirzə Fətəlinin “Misyo Jordan...”ı. Onu da deyim ki, “Yeddi gözəl” tamaşası ötən Teatr Konfransı günlərində hazırlanırdı. Tamaşanın quruluşçu rejissoru Litva Rus Dram Teatrının quruluşçu rejissoru, Litva və SSRİ Dövlət mükafatı laureatı Yonas Vaytkusdu. İki il öncə Rus Dram Teatrının kulisi arxasında Yonas Vaytkusla söhbətim və teatrımıza aid dedikləri yaxşı yadımdadı. Fikrimcə, bu tamaşa bir çox gözləntiləri doğrultdu, bir sıra xarici ölkə festivallarında uğur qazandı.
Teatrlarımızın ikigünlük repertuarına ötəri nəzər salıb tamaşalardan heç unutmadığım məqamları göz önünə gətirirəm. Və düşünürəm bəlkə elə şəhərin bir sirri də budu?! Sənət aurası!
...İki gün ərzində Üzeyir bəyin, Puççininin musiqisi, Mirzə Fətəli Axundzadənin, Nizaminin sözü, Mövlanə Cəlaləddin Ruminin mistik, sehrli, ilahi havası, Dədə Qorqudun müdrik məsləhətləri şəhərə başqa ruh, başqa ovqat verəcək. Və içi, daxili, mənəvi aləmi dopdolu, zəngin Gözəli kim sevməz ki?
PƏRVİN
525-ci qəzet.-
2014.- 1 noyabr.- S.21.