“Yaddaş
ağrısından ruhum
ağrıyır...”
XALQ ŞAİRİ FİKRƏT QOCA İLƏ NOSTALJİ OVQATINDA SÖHBƏT
Xalq şairi Fikrət Qoca ilə nostalji söhbətimiz müsahibimizin yaşıdı olan Yazıçılar Birliyində gerçəkləşdi. Bu, maraqlı və qəribə bir müsahibə idi. Həmsöhbətim sanki həm hər şeyi danışmaq, həm də eyni zamanda susmaq istəyirdi. Maraqlı və paradoksal vəziyyət idi. Şairin dilə gətirmək istədiyi mətləblərlə dolu gözlərinə baxdıqca hiss eləyirdim ki, onun danışmaq arzusunda ta uşaqlığından başlamış indiyə qədər olub-keçən hər şeyi xırdalığınacan nəqletmə istəyi gizlənib, susmaq arzusu isə yaşanan bolluca xatirələrin yaratdığı təbii yorğunluqdan qaynaqlanır. Bu təzadlı situasiyanı bir şeirində də illər öncə yaxşı ifadə edib:
Başımız, yox, yox, yaddaşımız
Nənəmin sandığı kimidi.
Ordan nə desən tapmaq olar,
O qaranlıqda elə şeylər də var,
Eşib
çıxarsaq ağ
olar...
Müsahibimin özünün də
vurğuladığı kimi,
nostalji müxtəlif
xatirələrin toplusudur.
Bu xatirələr isə
heç də həmişə ürəkaçan,
könüloxşayan olmur
ki, ağrıdanı,
incidəni də var. Yaddaş isə qəribə bir səliqə-sahmanla özü
onları özü seçir, saf-çürük
edir, atılasını
atır, qorunasını
saxlayır. Amma bu qorumalarla yanaşı nə yaddaşımız, nə
də bu yaddaşın yükünü
çəkən ruhumuz
ağrılardan sığortalanmayıb.
Xalq şairinin misrasındakı kimi: “Yaddaş ağrısından
ruhum ağrıyır...”
Bəlkə elə bu nostalji mükalimələr
də ruhun ağrısını azaltmaq
üçün faydalıdır...
Nostalji qayğısız günlərin
xiffətini çəkməkdir
İnsan
nostalji deyəndə dərdsiz, zəhmət çəkmədən yaşadığı,
qayğısız, atalı-analı
günləri arzulayır.
Ona görə də keçmiş günlərin nostaljisi həmizə əziz, qiymətli, dəyərli olur. Sonra böyüyürsən,
müstəqil həyata
başlayırsan, ailə-uşaq
dolandırmalı olursan.
Yəqin ki, nostalji həm də oğul-uşağa
baxmaqdan, zəhmətdən
qaçmaqdı. Amma sən o borcu qaytarmalısan axı, atan sənə baxıb, sən də öz uşaqlarına baxmalısan.
Nostaljinin lap dərinliyində
əslində bir şey var: eqoizm,
özünəqulluq, rahatlıq
istəyi.
Nostalji elə ömürdü. İnsan əsasən ömrünün iki dönəmində nostaljiyə
uyur: uşaqlıqda və yaşlaşanda.
Uşaqlıqdan yeniyetməliyə qədər hər
keçən günü təzə gündə nostalji ilə
xatırlanır: dünən filan şey olmuşdu və
sair... O dövrün xüsusiyyəti elədir ki, adam hər
saat dəyişir, daha doğrusu, hər saat gəncləşir,
dünənki gününü uşaq dövrü sayır.
Heç bir uşaq özünü uşaq bilmir. Sonra gənclik
dövrü gəlir...Onda nə nostalji yada düşür, nə
gələcək, nə keçmiş...Bu, bəzən
düşünərək, bəzən kor-koranə
çırpınmaq, özünü axtarmaq
dövrüdür. Özünü tapınca bu adamın nə
keçmişi olur, nə gələcəyi. İnsan öz gəncliyi
ilə gələcəyini qurur. İnsanın
özünüdərketməsi 40-dan sonra başlayır. 40
yaşa kimi nə qazanırsansa, sonra elə onun üstündə
tikirsən. Onacan çabalamaq lazımdır. 40 yaşacan
adın üçün çalışırsan, bundan sonra
adın sənə çalışmağa başlayır...
40 yaşacan tay-tuşların səninlə vuruşurlar, sonra
onların əksəriyyəti artıq təslim olurlar. Sən
çalışıb istədiyin yerə möhür
basırsan ki, bu- mənəm. Ondan sonra tempi azalda, hətta
dayana da bilərsən. Artıq bundan sonra insanın obrazı
yaranır. Ondan sonra neyləsən, birinin üstünə
beşini qoyacaqlar. 40-dan sonra elədiklərin sənin
obrazına ştrixlər əlavə edir. 50-60
yaşınacan obrazın dolğunlaşdırması
dövrü olur. Əsasən, 60 yaşdan sonra nostaljinin 2-ci mərhələsi
başlayır. Ondan sonra yenidən uşaqlıq
dövrünü xatırlamağa başlayırsan. Və həmin
vaxt insan uşaqlıq dövrünü əlçatmaz bir məfhum
kimi qəbul eləyir. 60 yaşdan sonra xatirələrin həzm
prosesi başlanır...İnsan o yaşda xatırlayır ki,
neçə dəfə ölümdən qurtulub,
olub-keçənləri müdrikcəsinə
düşünür və dərk edir ki, onu idarə edən,
qoruyan, bu yerə, bu yaşa gətirib çıxaran Ali
Qüvvə var. İnsan körpəliyində atadan-anadan
başqa heç kəsi tanımır. Gəncliyində
atadan-anadan ayrılır və heç kimi tanımır.
Çoxusu gəncliyində heç Allahı da
tanımır...
O qədər
çox yaşamışam ki, indi xatırlayanda da yoruluram...
Ömür
uzandıqca adam xatirələrdən də yorulur. Həyatım
yaşantılarla, xatirələrlə zəngin olub:
Ömrün
olsun, uzun olsun,
çatasan mən
yaşa, gör.
İndi
çatmaz sənə mən söylədiyim,
sən
yaşa, gör.
Yaddaşımla bağlı o qədər də problemim yoxdur. Yaddaşım özü seçir nəyi saxlasın, nəyi yox. Çünki yaddaşın da müəyyən bir tutumu var. Ora hər şeyi doldurmaq olmaz. Əvvəla, orada yaxşı və pis bir yerdə olanda onlar istər-istəməz bir-birinə təsir eləyir. Təəssüf ki, çox vaxt pis yaxşıya təsir eləyir. Yəni, yaxşını qorumaq özü də vaxt tələb edir. Şükür ki, yaddaş özü seçir pisi atır, yaxşını saxlayır. Hər axşam da, istədim, istəmədim, özümə hesabatım var. Hər günün sonunda olub keçənləri xatırlayıram. Düşünürəm: kiminsə xətrinə dəyməmişəm ki, səsimin tonunu qaldırmamışam ki, bəlkə də kimisə incitmişəm, fikir verməmişəm? Bəlkə fikrim başqa yerdə olub, yumşaq danışası yerdə demişəm ki, “hə, de görüm, nə deyirsən?” Amma bir də var insanla danışanda “buyur” deyəsən. Kimsə sənə kömək üçün müraciət eləyəndə bir var, həqiqətən onu eləməyə gücün çatmaya, bir də var başından eləyəsən... Mən çalışmışam ki, kimisə başımdan eləməyim. Bacarıramsa, kömək edirəm, bacarmayacağamsa bunu da açıq deyirəm. Biri müraciət edənə kimi yüz dəfə düşünür, daşınır, bəlkə gecəni də narahat yatır, sonra da əlacı kəsilir ki, kiməsə üz tutur. Belə birinə də kobudluqla “get” deyəndə elə bil ona şapalaq vurursan. Bircə söz insanı göyə qaldırar da, yerə vurar da. Mən bir də bu insanla üz –üzə gələcəyəmmi, səhvimi düzəldə biləcəyəmmi? Gələcəyi bilmirsən axı? Və bunun ağrısı istər-istəməz qalır adamda. Bəlkə heç o adam özü də bunu bilmir. Belə ağrıyla uzun müddət yaşamaq olmaz axı. O ağrılar çoxalıb toplandıqca əziyyət verir...Yanımda kimsə kimisə təhqir eləyəndə də bunun ağrısını yaşayıram. Bəzən olub ki, yanımda hansısa gənc yazar birinə şeirini oxumaq üçün təqdim etmək istəyib, ondan kobud cavab alanda o gənc üzülməsin deyə, demişəm, ver, mən baxım, rəy bildirərəm. İstəmişəm ki, ümid verim, qəlb qırmayım.
Cavanlıqda adamın heç nədən qorxusu olmur...
O vaxt regionlar indiki kimi deyildi, hətta oturub çörək yeməyə normal yer də yox idi. Olanda da qulluq, təmizlik yüksək səviyyədə deyildi. Amma Mingəçevir o vaxt da çox gözəl idi. Mingəçeviri çox sevirdim, həm cavan idi, həm də səliqəli. Elə bil şəhər çimib çıxmışdı. Küçələri çox gözoxşayan idi. Oradakı ağacların yarpaqlarının yaşılı da sanki tamam başqa idi. Cavanlıqda hər bahar Mingəçevirə gedirdim, orda dostlarım çox idi. 35 yaşım olardı. Brejnevin vaxtı idi. Məni Mingəçevirdə bir məktəbə görüşə çağırdılar. O ərəfələrdə, deyəsən, Komsomol mükafatı da almışdım. Məni çox yaxşı qarşıladılar. Görüşdə ağzım qızışıb, nə gəldi danışırdım. Deyirəm ki, bu Brejnev də gündə orden, medal asır yaxasından və sair...Bir də baxdım ki, otaqda sakitlikdir, məktəbin direktoru da, maarif şöbə müdiri də qaçıb. Yanımda şagirdlərdən, tələbələrdən başqa heç kim qalmayıb (gülür). Cavanlıq belədir də, heç kimdən və heç nədən qorxmursan.
Bakı o qədər dəyişib ki, hərdən fikirləşirəm, bəlkə başqa şəhərdəyəm?
Bakı ağlagəlməz dərəcədə, tamamilə dəyişib. Onda Bakı indiki ərazisi ilə nisbətdə çox kiçik şəhər idi və bu şəhərin başından düşüb ayağınacan gəzsəydin, küçələrində bir gülə belə rast gəlməzdin. İndi söhbət əsnasında yadıma düşdü; 70-ci illərin əvvəli idi. Mərhum Heydər Əliyev hakimiyyətə yenicə gəlmişdi. İclasların birində Bakı Şəhər Sovetinin sədrindən soruşdu ki, niyə gül əkmirsiniz? Sədr əvvəlcə deməyə söz tapmadı, nəm-nüm elədi. Heydər Əliyev sualını bir də təkrarlayanda sədr cavab verdi ki, əkirik, amma gül açılan kimi gecələr kəsib götürürlər. Heydər Əliyev dedi: siz o qədər əkin ki, kəsib çatdıra bilməsinlər. Çox əksəniz, camaatın da gözü doyar.
Yadımdadır, Heydər Əliyevin tapşırığından sonra o vaxt bulvarda, küçələrdə çoxlu gül-çiçək əkdilər. Bizi o güllər sözün bütün mənalarında tərbiyə elədi. O vaxtdan təkcə Bakı dəyişməyib ki. Biz də dəyişmişik. Amma bir məsələni qəbul eləmirəm. Bir daxmasını qorumaq naminə Bakının yeniləşməyinin, gözəlləşməyinin əleyhinə çıxanları başa düşmürəm. O köhnə Bakını arzulayanları həmin o daxmalara qaytarsaq, onda da deyəcəklər ki, hanı bunun hamamı, rahatlığı?
Bakıda köhnə yerləri söküb gözəl, yeni binaların inşa edilməsini təqdir edirəm. Amma bir məsələ var: hansısa köhnə binanı sökəndə yanındakı italyan üslubunda tikilmiş gözəl memarlıq abidəsini də sökürlər. Bax, bu pisdir. Nəyi qoruyub, nəyi sökməyi bilmək üçün də mədəniyyət lazımdır...
O zaman biz Yeddinci Paralel küçəsində, Kömürçü bazarına yaxın yaşayırdıq. İndi orda qohumlarım, bacımgil olur. Sonralar bir hadisədən sonra o küçənin adını valideynlərim mənə əzbərlətmişdi. O hadisəni yaxşı xatırlayıram, 3-4 yaşım olardı, bir dəfə əmimin ardınca küçəyə çıxdım, özüm də qorxurdum ki, azaram. Qapımıza baxdım, onu yadda saxlamağa çalışdım. Qarşıdan tramvay xətti keçirdi. Əmimin də xəbəri yox idi ki, onun ardınca gedirəm. Xeyli aralandım və bir də baxdım ki, azmışam. Bir rus kişisi məni tapdı, oyuncaq maşın aldı, dilə tutub özüylə apardı. O məni aparanda milis qonşumuz vardı, o görüb, yaxınlaşıb soruşub ki, bu uşağı hara aparırsan? Rus da cavab verib ki, öz uşağımdı, evimə gedirəm. Milis deyib ki, bu uşaq qonşumdur, hara aparırsan, hətta onu tutub zorla milis şöbəsinə gətirib. Sonra o rus kişi qorxusundan qaçıb aradan çıxmışdı. Yadımdadır, şöbədə çarşablı bir qadın vardı, görüb ki, çox qorxmuşam, məni qucağına alıb ovundurdu. Bir az obaşım qarışdı və bir vaxt gördüm ki, atam gəldi. Taleyin qəribə oyunları var. Bəlkə də həmin vaxt o milis məni görməsəydi, o rusun əlindən almasaydı, taleyim, həyatım tamam başqa cür olacaqdı...
İnsan qara qələm kimidir, yazıldıqca gödəlir
Təki axıracan yazılıb qurtarsın, yarımçıq qalmasın...Əgər mən xatırlanmağa layiqəmsə, mənimlə bağlı nələrisə yada salıb xatırlayacaqlar...
Ölmək çətin işdi,
yaşamaq ondan da betər...
Onların arasından bir cığır seçdim,
keçdim...
Bu da mənə yetər...
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2014.- 1 noyabr.- S.20.