Zəmanə sirrinə vaqif
olanda
KAMAL ABDULLANIN “SİRRİ-ZƏMANƏ” KİTABI ÜZƏRİNƏ QEYDLƏR
Ədəbiyyat
və konteksti. Yazıçı və mühiti. Kamal Abdulla və
“mən” daim bir-birimizin yanındayıq. O yazır, mən
yozuram. “Yozduğumu” o yenə yazır... Təbii, burda öz
“mən”imi ictimailəşdirirəm; ədəbi tənqid, ədəbi
ictimaiyyət, elə ümumən də ictimaiyyət mənasında.
“Labirint”
kitabı çıxanda yazmışdım: “Birincidən
sonra (“Hekayələr”, 2008) Kamal Abdullanın ikinci hekayələr
toplusu çıxdı: “Labirint” (“Qanun”, 2012); və
romançı kimi tanıdığımız
yazıçı özünü hekayəçi kimi də
təsdiq etdi...” Və budur, Kamal Abdullanın hekayələrdən
ibarət daha bir kitabı: “Sirri-zəmanə” (“Mütərcim”,
2014) həmin yozumu bir daha təsdiqləyir...
“Labirint”
haqqındakı yazı (“Kamal Abdullanın metafizik labirinti”)
belə anlamışdım ki, Kamal Abdullanın xoşuna gəlmişdi.
Və hətta bu sözləri cızıqlamışdı:
“Tehran,
axşamın xeyir. Yazını oxudum. Sənə təşəkkür
edirəm. Sənin duyumun məni heyrətləndirdi və
sevindirdi. O şeylər ki, mən
düşünürdüm, onu bir “bəni-adəm” hiss edə
bilməyəcəkdir və heyfslənirdim, sən onları
görmüsən. Sən həqiqətən də, mükəmməlsən.
Əhsən və bir də təşəkkürlər.
Dostun
Kamal Abdulla.
10.01.2013”.
Amma
sirri-Xudamı, Ann.az və Kult.az saytlarında yayımlanan o
yazının elə bir səs-sədası,
tutarı-filanı olmadı. Çox demirəm; deyək, nəşriyyatlar
piar niyyətilə, K.Abdullanın kitablarının üz
qabığını bəzərkən, məsələn:
R.Rövşəndən, M.Süleymanlıdan, A.Talıbzadədən,
S.Sarvandan, E.Başkeçiddən gözəl-gözəl
sitatlar tapıb-verir... Qısqanclığım tutur, əlbəttə.
Amma yox, Xudanın bəndədən nə sirri? Həm də
“sirri-Xuda ” – yazıçı Elçinin maraq predmetidir.
“Sirr”i uyduran bəndələrdir, nədisə bu – məhz
“sirri-zəmanə”dir, yazıçı Kamal Abdullanın
maraq dairəsində olan məsələdir...
Təzə
kitabını da “Sirri-zəmanə” adlandırması əbəsmi?
lll
İndilikdə
“Sirri-zəmanə”ni Kamal Abdullanın hekayələr
külliyyatı hesab eləmək olar; çün mənə
bəllisi, mətbu hekayələrinin cəmisi toplanıb
burda. Həm də silsilələr üzrə: “Sehrbazlar dərəsi”
silsiləsindən (“Qərar”, “İlişin
qayıtmağı”), “Parisin
seçimi” silsiləsindən (“Son gəliş”, “Xaron, mərhəmətli
Xaron”, “Dəvə yağışı”, “Adaşlar”, “Parisin
seçimi”, “Çəngəl çiçəyi”,
“Gülü qah-qah xanımın nağılı”), “Labirint”
silsiləsindən (“İstintaq”, “Ay işığı”,
“Kamera teatrı”, “Üçrəng pişik balası”, “Bir
yay axşamı”, “Sirri-zəmanə”, “Labirint”, “Pəncərə”,
“Bir sevgi hekayəti”), “Bilgə əhvalatları” silsiləsindən
(“Qədiməli kişi və onun bülbülü”, “Köhnə
məhlə”, “Tumsuz nar”, “Uca qaya başında”), “Balaca həyətin
həngamələri” silsiləsindən (“Çil-çil
toyuq”, “Dünyanın ən ucaboylu karliki”, “Mənə
uçmağı öyrət”), “Səhvlərimizin
qrammatikası” silsiləsindən (“Qədim mayyalara cavab”,
“Korneliusun ölümü”, “Platon, deyəsən, xəstələnib...”,
“Asiman və Zəminə”, “Atama deyin ki, mən xoşbəxtəm...”,
“Səhvlərimizin qrammatikası”, “Vakxanaliya
mövsümündə Çalıquşu”, “Kölgə”).
Bəzisində ikicə hekayə var, bəzisində iki o qədər,
üç o qədər; amma “silsiləsindən” – yəni həm də o deməkdir
ki: bitməyib, yenə də var, yanaşı-paralel
mövcuddur, yazılır...
Xatırlatdığım
yazıda mən S.Sarvanın ardınca Kamal Abdulla hekayələrini
ardıcıl, diaxron planda oxumağa cəhd etmiş, hardasa
“metafizikası”na gəlib-çıxmışdım zənnimdə:
1. Labirintə qədərki “Hekayələr”... 2. “Labirint”in
içində... 3. Labirintin çölündə (“Bilgə əhvalatları”
silsiləsi)... İnsan həyat və ölüm, varlıq və
yoxluq, sevgi və özgəlik... arasındakı labirintdə.
Hətta ədəbiyyatın bu əbədi teması – əbədiyyətin
sirrinə varmaq niyyətilə “Sirri-zəmanə” hekayəsinin
qəhrəmanı “qapı açıb” bir zəmanədən
özgə zəmanəyə adlamalı olur...
Təzə
kitabında silsilələri yan-yanaşı (yanakı)
düzməklə sanki Kamal Abdulla hekayələri indi də
bir üfüqi planda, sinxroniyada oxumağı israr edir. “...Hər
əsrin, hər dövrün, hər ölkənin, hər
kimsənin belə öz zəmanəsi var... Sirri-zəmanə
öz dövründə, öz zəmanəsində üzə
çıxdı. Üzə çıxan kimi də onu
tapdılar. Məsələ bitdi. O, bir şəxsin qisməti
oldu. O biri zəmanələrdə sirri-zəmanənin
özü yox idi, adı var idi. Axtaranlar onun özünü
deyil, adını axtarıblar, sən daxil... Xoşbəxtliyin
sirri, əgər tapılıbsa, o biri zəmanəyə
keçə bilmir, elə öz zəmanəsində
qalır...” (“Sirri-zəmanə” hekayəsindən). “Labirint”dən
çıxıb, mənimcə, Kamal Abdulla bizi “öz zəmanəmiz”i
dolaşmağa-gəzişməyə dəvət edir
toplu(m)da...
lll
“Sehrbazlar
dərəsi silsiləsindən” hər iki hekayəni mən
ilk olaraq “Xəzər” jurnalının 1996-cı il 2-ci
sayında oxumuş, və doğrusu, elə də önəm
verməyib, 1990-cı illərdə 1980-ci illərin əks-sədası,
reminissensiyası kimi almışdım: “Qərar”da
bugünü tarix vasitəsilə
oxumaq (sırf realist tələbat) və “İlişin
qayıtmağı”nda dağılan quruluşun magik
illüziyaları (dekadans oyunları)... İndi “Sirri-zəmanə”
hər iki mətn barədə mənə daha başqa
şeylər deyir: “hakimiyyət” adlı hardasa bir
şirin-acı materiya var, magiyası qədər intiqamı
da qurnazdır – dadana əhsən, dadmayana rəhmət...;
“qisas-intiqam” deyilən bəhrəsiz bir əməl var, bədəli
günahından betər... – etirafa gələn də
yazıq, gəlməyən də... Və bütün
bunların “sirri”, habelə hələ nə qədər də
çözülməmiş bu sayaq müşküllərin
açarı heç də
uzaqda yox, yanımızda, Görükməz dağın ətəyindəki
“Sehrbazlar dərəsi”ndədir (silsilənin adı aşkar
bu ünvana, K.Abdullanın eyni adlı romanına işarə
edir); hər “zəmanə” öz sehrbazı-yazarını istəyir
ki, bunu yoza və yaza...
lll
“Parisin
seçimi silsiləsindən” hekayələr ümum-problemlərdən
fərdin həqiqətinə, məhz “seçimin
morfologiyası”na yön alır (Asif Hacılının “Kamal
Abdulla: seçimin morfologiyası” adlı kitabı var)...
Eyniadlı
əsəri mən günün ən məşhur hekayəsi
kimi təsbitləmişdim; məxsusən “Litqazeta”da dərc
olunub, əks-səda qoparandan sonra. “Belə də yazmaq
olarmış!” – antik mifin ən sadə (!) dekonstruktəsi var
burda. Paris çox asanca, göylərin məntiqinə zidd gedərək,
almanı gözəllər gözəli Yelenaya deyil, Zevsin
arvadı Heraya təqdim edir... Bir anlığa “seçim”in ləzzətlərini
təsəvvür edirsizmi: nifaq-münaqişə dayanır,
Troya müharibəsi-filan olmur və
s... Hər şey necə də mümkünmüş!
Bir
çoxlarının ardınca mən də bu qənaətdəyəm
ki: “Dəvə yağışı” bizdə son illərin (bəlkə
də bütövlükdə Azərbaycan ədəbiyyatının!)
uşaqlar və böyüklər üçün
yazılmış ən gözəl nağılıdır.
Virtual realiya təkcə balaca qəhrəmanın –
Uşağın seçimi deyil ki,
külli-aləm elə əzəldən ovsun və ecaz
(dəvənin göz yaşı) üzərində qərar
tutmayıbmı?! Dəyişən dildir və hekayənin
günümüzə yaraşan terminolojisi dürüst və
qənirsizdir: İnsasanlar ölkəsi, Damdabacalar
küçəsi, virvizual dəvə, sansor idarəetmə,
germetik təsəvvür, Çözüm Komissiyası,
Ümumi sülh saatı və s.
“Çəngəl
çiçəyi” hekayəsində, bilsəniz mənə ən
çox nə xoş gəlir; “Bir qalanın sirri” filminin
sonunda ki, elmin-məlhəmin gücüylə zülm və
tilsimin qurutduğu daşlar-qayalar da gül açıb-
canlanır, eynən hekayədə insanın çiçəyə,
çiçəklərin dönüb insanlara çevrilməsi
texnologiyasının özü, yəni bədiiyyat...
Qalanı – ideologiya məsələsidir; fironmu
haqlıdır, kahinmi?; sözmü birincidir, zormu?; tarixmi
gerçəkdir, sənətmi? – “sirri-zəmanə”dir,
seçiminə bağlı...
“Xaron,
mərhəmətli Xaron” və
“Gülü qah-qah xanımın nağılı” mənim
seçimimdir; hekayələrdən birincisini ilk dəfə Tənqid.net
jurnalının ilk, 1-ci sayında (2006), ikincisini isə 5-ci
sayında (2008) vermişəm. Təkcə ona görə yox
ki, jurnal təzə olduğu kimi, K.Abdullanın hekayəçilik
tərzi də tamam təzəydi; “Xaron, mərhəmətli
Xaron” hekayəsində bir “yaddaş” məsələsi
vardı, elə Tənqid.net də yaddaşın sərhədində
və onu qırıb qayıtmaz yerlərə çıxmaq
şövqündəydi... “Gülü qah-qah xanımın
nağılı”, mənimcə, yalnız bizdə ola biləcək
duzlu-məzəli, absurd, özün-özünlə oyun
(“kişmiş oyunu”), şaqraq gülüş təzahürüdür;
və Tənqid.net-in 5-ci sayına çox
yaraşırdı, belə ki, jurnalda hər nə istəsən
vardısa da, bir yana çıxa bilmir, karuseldəki tək
öz ətrafında fırlanırdı...
“Adaşlar”
hekayəsində də yazıçı “oynayır”; amma bu,
artıq məharətli şahmat oyunudur: yuxular və
gerçəklər, indi və dünən, olanlar və
olmayanlar, ədəbiyyatın və həyatın sərhəddi,
real və fərz olunan Kamal, o cümlədən Borxes və mən
müstəvisində... Həmin hekayə barəsində mən
ayrıca yazmışam: “Borxessayağı Kamal Abdulla” yazısında
(bax: Tənqid.net, ¹ 5, 2008)
lll
Mənimcə
beləydi ki: Kamal Abdulla bir yazar olaraq həyatın hər
gün qarşımıza çıxardığı hadisə,
qavram, aktuallıqara çox da qane və aludə olmayıb,
öz mifoloji aləmini qurur... Və bu mülahizənin izinə
düşərək, məhz “Labirint silsiləsindən” hekayələr
əsasında “Kamal Abdullanın metafizik labirinti”ni təsəvvür
və təsvir etməyə
çalışmışdım xatırlatdığım
yazıda. Bu ki, K.Abdullaya görə: varlıq-həyat
dediyimiz nədir? – yoxluq-ölüm bildiyimizin bu üzü,
bizə görünən tərəfi; ölüm-yoxluq
andığımız və sandığımız bəs nədir?
– həyat-varlıq sərhədinin o üzü, ha baxsaq da
görəmmədiyimiz yönəmləri... Xatirə, nisgil
yaşayırsan (varlıq), arxasında ayrılıq (yoxluq)
durur (“Ay işığı”); elə dünən,
keçmiş (yoxluq) vardır ki, “yoxluğuna bu gün də
alışa bilmir”sən, demək: vardır (“Bir yay
axşamı”); həyat teatrdır deyirik, biz aktyorlar, demək
ki: yoxluğu oynayırıq; ya bəlkə tərsinədir:
özümüz yoxuq, roldayıq, bu şəkildə
varlığımızı yaşayırıq (“Kamera
teatrı”), hər gün sabaha (yoxluq) pəncərə
açırıq, qarşımıza möcüzələr
çıxırsa, həyat-varlıq dediyimiz elə
möcüzə (yoxluq bildiyimiz) deyilmi (“Pəncərə”),
ya: həyat-ömür hesab etdiyimiz (varlıq) tale deyə təsəvvür
qıldığımızın (yoxluq) elə kölgəsi
deyilmidir? (“Üçrəng pişik balası”); sevgilər və
ölümlər – biri digərində əks olunan
güzgülər kimi, haçansa sonu görünəcəkmi...
(“Labirint”), sevgi və həyat, biri digərində – varlıq
kimi, bəs ayrıldıqda-“ayrılıq”da necə –
yoxluqmudur (“Bir sevgi hekayəti”)... Bütün bu metafizik üzərində
düşüncələr, sonda bizi Kamal Abdullanın “paralel
dünyalar”ına gətirib çıxarır (“Sirri-zəmanə”
hekayəsi); nə dərəcədə aşinayıqsa buna,
“zəmanənin sirri”nə də, demək, elə o qədər
vaqifik...
lll
Kamal
Abdullanın “həpsi rəng”lə dolu hekayələrində
çıxış üçün o qədər nöqtələr
var ki, özülünü-poetikasını tapmaq da çox
çətin olur... Ha yana istəsən,
aparıb-çıxara bilər səni; odur ki bəzən,
yazıçının öz eyhamını yada salsaq, “kimsə
ağlına gələni, kimsə də ağzına gələni”
danışa – təəccüblənməyinə dəyməz,
mənimcə. Məxsusən, təzə silsilələrin
diapazonu açıqdır bu cəhətdən. “Balaca həyətin
həngamələri silsiləsindən” hekayələr, məsələn,
əsl “həngamə”dir elə; axı hadisə adına
“balaca həyət”də başqa nə ola bilər ki...
Üstəlik, “balaca həyət” anlamına rəmzi-simvolik rəng
versək, pa-hooo! Məsələn, “Çil-çil toyuq”
hekayəsində, sirri-Xudamıdır nədir, bu dəfə
“toyuq diri qalmır”; amma yox, əlbəttə, “sirri-zəmanədir”,
çün fərasətli oğlan Vəliş heç bir
aşırı peşmançılığa-filana uymadan “əsl
mərəkə”dən qalib çıxır... Əslində,
bir növ ləqəblər (Şişman Hənifə,
Keçəl Bağır, Cırtdan Ağaqulu, Seyid Qəmbər,
Zümzümə Mərifət, Karlik Babacan, Məcnun...) və
ləqəblərin metamorfozundan söz açan və nəhayətində
“hamımızın ürəyindən tikən
çıxaran” “Dünyanın ən ucaboylu karliki” hekayəsində
elə amansız xırdalıqlar var ki, bu “balaca həyət”
sindromundan kənara tut, əsl komiksdir ki durubdur...
Və
doğrusu, hərdən mənə elə gəlir, Kamal
Abdulla “həngamələr”i sırf acığa
(açığa!) çox sevdiyi Xorxe Luis Borxesin növbənöv
sirli silsilələri işığına bizim bu “balaca həyət”i
tutub, parodiyasını yazır... Amma nədirsə, bəzən
əksinə, effekti çox poetik alınır... Məsələn,
“Mənə uçmağı öyrət” kimi.
“Babam
mənə danışardı ki, hər adamın bir cini
olur...” – tez-tez demirikmi “cinim tutmuşdu”, deyirik, əlbəttə;
hekayəçi indi həmin mifolojinin gerçəyini,
gerçəklərdə illüstrəsini cızır; məharətlə
içimizdə cin gəzdirməyimizi bir quyu başına
toplayır. Maşallah, cin barəsində primitivizmlərimiz əfsanələrdə,
deyimlərdə, xalq təfəkküründə gizlənərək,
bugün də yerində, aktual, gözəl-gerçək
durubdu, fəhm istəyir “sirri”ni quyudan çıxarıb da
faş edə. Tərslikdən, bu “sirr”in mərkəzində ədəbiyyat
müəllimidir və: “Bütün bunlar Miras müəllimə
əndazəli və ölçülü-biçili, uzun bir
şeir kimi gəlirdi. Bu, elə həqiqətən şeir
idi ki, vardı...” Üstəlik, hekayəçi də qələmində
bir şair ola, “saçları çiyinlərini örtən,
qaraqaş, qaragöz, xoş əndamlı” Həmidənin
“çox böyük nazı”nı çəkə bilə...
lll
Hər
nə qədər çətin olsa da, zənn edirdim “Kamal
Abdullanın metafizik labirinti” yazısında hekayələrinin
poetikasına çıxmışam; həm də ayrıca
müstəvidə yox, bütünlükdə nəsrimizin
kontekstində yerini-yurdunu bəlləmişəm...
Harasıdır!? Birisi şərh yazmışdı ki:
T.Əlişanoğlu burda nə demək istəyib, bəlli
deyil... Sonra isə daha böyük qınaqlar: ümumən
Tehran Əlişanoğlunun cümləsini anlayan
varmıdır və s. Görünür, mənim problemim
köhnə, “poetika zamanları”nda qalmağımdadır, qəlizlik
– olmayan yerlərdə də “poetika” axtarmağımdan gəlir.
Bu barədə düşüncələrə məni “Səhvlərimizin
qrammatikası silsiləsindən” hekayələr sövq
etdi...
“Labirint”inə
baş vurub demişdim axı: “Kamal Abdulla bir yazar olaraq həyatın
hər gün qarşımıza çıxardığı
hadisə, qavram, aktuallıqlara çox da qane və aludə
olmayıb, öz mifoloji aləmini qurur...” Çox da elə
deyilmiş; “səhvimin qrammatikası”na vaqif olub bəlkə
belə deməliyəmmiş: yox, ...Kamal Abdulla heç də
mif qurmur, əksinə, soyuq bir ləzzətlə hər
cür mifləri (həyatda və kitabda!) dağıtmağa
maildir... Bugünlərdə
zövqünə inandığım həmkarlarımdan
biri ilə dəhliz söhbətində oxşar mülahizələr
eşidib, daha da ürəkləndim: bu ki, Kamal Abdulla hətta
özünün qurduğu “poetik strukturları” da növbəti
mətnlərində asanlıqla “dağıda”, dekonstruktə
edə bilir, buna həvəslidir də...
Korneliusun gəlib-çıxdığı nəticə budur ki: “meyar yoxdur!” (!), varsa da: “Dünyanın mərkəzi ən böyük əzabın çəkildiyi yerdir...” (“Korneliusun ölümü”). Və məqsəd (“meyar”!) heç də məlum “əzabları”n üzərində durmaq, israr etmək olmamalıdır; “poetika”lar məhz bunu edirdi (“O heç cür anlamır ki, nə üçün onlar yerə uzanmış və açıq gözlərini onlara dikmiş atasının yanından bu cür biganə və ləngimədən keçib gedirlər...”) Əsl “ləzzət” məhz gülə-gülə, gülümsünərək ağrılardan-əzablardan uzaqlaşa bilməkdə, həm də bunu bacardıqca plastik-mükəmməl tərzdə eləyə bilməkdədir: “Gözünün yanı ilə Kornelius baxıb görür ki, atasının onun arxasınca baxan gözləri gülür, ağaran dişlərinə təbəssüm qonub. Bu zaman Kornelius hiss edir ki, onun da gözləri niyəsə gülür, yanaqlarına isə səssiz göz yaşları süzülür”...
Bir halda ki, “dünyanın məhvəri” dağılıb, hansı dayanıqlı instansiya (“poetika”!) sevdasında ola bilərsən. Kamal Abdulla “poetika”ların dağıldığı ərazilərin hekayələrini yazır. “Mənə isə elə gəlir ki, dünən gecə dünyanın sonu oldu. Və indi biz bu sondan sonra yaşayırıq. Biz bir-birimizin yuxusuna köç etmişik...” – qədim mayyaların “axirət təqvimi”nə cavab olaraq çox möhtəşəm, vədverici bir məqamla açılan “Qədim mayyalara cavab” hekayəsi, amma çox tez bizim “balaca həyət” sindromuna uduzub, realiyaların darıxdırıcı axarına düşür. Və məsələ heç də onda deyil ki, təhkiyəçi-qəhrəman Farizin “balaca dilənçi” yuxusu guya çin çıxmır, balaca Hüseynin-Nazirin də yaşadığı öz “yuxusu” varmış; “balaca həyət”in yuxularının miqyası budur (“Hə, sən düz fikirləşirsən, mən atamı görməmişəm. Amma... heç nə eliyə bilmirəm. Yaman oxşayır atama”), başqa heç nə...
Və sanki “Səhvlərimizin qrammatikası silsiləsindən” hekayələr də məhz bu “yuxu”ları çözməyə məhkumdur... Eyni adlı hekayədə Eyvazlının bir dəfə uydurduğumuz və heç cürə qopammadığımız Koroğlu mifini dəf edə bilməməsi kimi (“Səhvlərimizin qrammatikası”); ya yüzillərin mirası “qan davası”nı günümüzdə bircə mobil telefon mesajının çözə bilməsi kimi (“Atama deyin ki, mən xoşbəxtəm”)... “Asiman və Zəminə” sanki “balaca həyət”in namus prioritetləri üzərində, amma Borxessayağı ustalıqla qələmə alınmış klassik bir hekayədir; çün məsələyə “moyralar qarışır” və “namus” mifini antik əyyamlara yaraşan bir şəkildə çözür... “Vakxanaliya mövsümündə Çalıquşu” hekayəsində də buna bənzər cəhd var; amma nə Camal həkim, nə Çalıquşu... mətndə bacardıqca gizlədilən Vakxanaliya motivinin çözümünə hazır deyil; görünür ki elə mətnin özü də...
Kamal Abdulla hekayələrində rahatlıqla dünya ədəbiyyatı məxəzlərinə girib (“Parisin seçimi”ndən “Platon, deyəsən, xəstələnib...”, “qədim Şra-Sinda rəvayəti” “Kölgə” hekayələrinəcən), eyni zamanda ədəbiyyatımızı (“poetikamızı”!) da bura daşıyır, görükdürməyə səylər edir. Müasir oxucuya görünməyin başqa yolu da yoxdur; həm də təkcə mətn-içi yox, elə bilavasitə də. Odur ki, mən yazanda ki: “İldə bir kitab, üstəlik biri də artıq (təkrar və yaxud xaricdə nəşr) – bu artıq məhsuldarlığın Avropa standartlarıdır...” – heç də yanılmamışam. Bugün dünya ədəbiyyatının açıq sərhədlər boyu bac verib- bac alan “hiper-mətn” durumunda Azərbaycan yazıçısının da “söz bazarı”na girməsi məhz sirrə-vaqif-olmağındadır (lap son İtaliya nəşrində “Yarımçıq əlyazma”dan Homerəcən passajları yada salaq)...
lll
Yenə də “Bilgə əhvalatları silsiləsindən” hekayələrə açılammadım. Halbuki daha da çox realizmə meylli oxucuyam. Burda nəsə bir fərqli aura var. Abşeron qatı var. Canlı xatirə var. Məxsusi sirr axtarışı yoxdur. Nə sirri-Xuda, nə də sirri-zəmanə. Yaşanan anların özü sirdir elə, keçib-getmiş, ələgəlməz, amma sanki yanımızdadır... Mənə görə: Abşeron bağlarının dadı ədəbiyyatımızda yarımçıq qalıb, az-qala itib-batıbdı. Son mətnlərdən bir az Mirzə Talıbovun hekayələrində var, ələlxüsus da Aydın Talıbzadənin xokkularında, vəssalam.
Ötən yazımda məhz belə fərz qılmışdım ki, Kamal Abdullanın oxuyacağımız növbəti hekayələr kitabı: “Bilgə əhvalatları” olacaq. Yazıçı hələ sirrini gərəyincə bilmədiyimiz sırf “xatirə” fenomenini “söküb”-yığmağa təzəcə girmiş-girişmişdir... Proqnozum doğrulmadı. Hərçənd hansı proqnozlar vaxtında və axıracan düz çıxıb ki. Yenə də gözləmək qalır.
Oktyabr, 2014
Tehran Əlişanoğlu
525-ci qəzet.-
2014.- 1 noyabr.- S.19;23