Dünyanın fəlsəfi fikir
mühitində parlaq imza: Səlahəddin Xəlilov
Mən Azərbaycanın böyük alimləri və sənət
adamları haqqında çox araşdırmalar
aparmışam. Həmişə də belə bir qənaət
hasil olub ki, bizim alimlər məhz xarici ölkələrdə,
əsl elmi mühitə düşəndə daha yüksək
elmi nəticələr göstərirlər. Əlbəttə,
Lütfi Zadə də, Kərim Kərimov da vətəndən
uzaqda yaşayıb-yaratdıqlarına baxmayaraq, bizim milli iftixar mənbəyimizdirlər.
Lakin hər halda onların
yaradıcılığından, fəaliyyətindən daha
çox başqaları bəhrələnib. Ona görə
də, məni həmişə belə bir sual narahat edib: bizim
istedadlı adamlar öz ölkəmizdə yazıb-yaratmaqla
beynəlxalq miqyasda özünü təsdiq edə bilərlərmi?
Bu, əlbəttə, çox çətindir.
Xüsusən, ictimai elmlər və milli fəlsəfi
fikir sahəsində əlavə çətinliklər
mövcuddur.
Son yüzilliklər ərzində dünya fəlsəfi
fikri əsasən Qərb filosofları tərəfindən
formalaşdırılır və bizim bu prosesdə
iştirakımız yox dərəcəsindədir. Belə vəziyyət
təbii ki, bizi qane edə bilməz. Digər
tərəfdən, xaricdə yaşayıb milli fəlsəfə
yaratmaq da mümkün deyil. Deməli, nicat
harda isə daxildə axtarılmalıdır.
Otuz ildən artıqdır ki, istedadına əmin
olduğum, gələcəyinə böyük ümid bəslədiyim
bir nəfərin yaradıcılığını izləyirəm. 1979-cu ildə
elmimizin gələcəyi ilə əlaqədar Azərbaycanın
tanınmış alimlərindən müsahibələr
götürürdüm. Onların
sırasına o vaxt Sovet İttifaqında ən gənc fəlsəfə
elmləri namizədi olan Səlahəddin Xəlilovu da daxil
etmişdim. “Hiss, intellekt, fəhm”
mövzusunda olan bu müsahibə sonralar kitabda (“Dialoqlar”,
Bakı, “Azərnəşr”, 1982) da çap olundu.
Keçən müddət ərzində mən Azərbaycanı
dünyada təmsil edən böyük şəxsiyyətlərimiz:
Toğrul Nərimanbəyov, Lütfi Zadə, Kərim Kərimov,
Əli Cavan və s. haqqında çoxlu məqalələr və
bir neçə kitab yazdım. Amma “gənc
dostumu” da unutmadım, ümidimi itirmədim. Axı, fəlsəfə riyaziyyat deyil, bəhrəsi
çox gec yetişir. Belə
düşünürəm ki, bu gün artıq onun
haqqında yazmaq vaxtı çatmışdır.
AMEA-nın
müxbir üzvü, professor Səlahəddin
Xəlilovun elmi yaradıcılığı da, ictimai fəaliyyəti
də çox zəngin və hərtərəflidir. Bu barədə oxucuların az-çox məlumatı
olduğundan, bu məqalədə onun ancaq beynəlxalq
miqyasdakı elmi fəaliyyətini işıqlandırmağa
çalışacağam. 12 kitab, 140 elmi
məqalə – bunlar onun ancaq xaricdə nəşr olunan əsərləridir.
Bundan əlavə, S.Xəlilovun neçə-neçə
beynəlxalq elmi konfranslarda məruzələri, nüfuzlu elmi
təşkilatlarda, elmi jurnalların redaksiya şuralarında
və beynəlxalq elmi ekspertiza sistemində səmərəli
fəaliyyəti də iftixar hissi doğurur.
Türkiyədə
də, İranda da, ərəb ölkələrində də
tədqiqatçılar əsasən iki qütbə
ayrılırlar: onlar üzünü ya fəlsəfə
tarixinə tutur, İslam dünyasının parlaq
dövründə – orta əsrlərdə əldə olunmuş fəlsəfi
nailiyyətləri “üzə çıxarmaqla”, yəni
Şərq maarifçiliyi ilə, ya da Qərb fəlsəfəsinin
klassik nümunələrini öyrənmək, öz dilinə
tərcümə etmək, ən yaxşı halda onların
şərhini verməklə, yəni Qərb maarifçiliyi
ilə məşğul olurlar.
Məhz
belə bir şəraitdə Səlahəddin Xəlilovun
Şərq və Qərbin vəhdətindən
çıxış edərək yeni sintetik fəlsəfi təlim
yaratmaq istiqamətində gördüyü işlər tək
Aərbaycan üçün deyil, bütün Türk
dünyası və hətta İslam Şərqi
üçün də çox önəmli bir hadisədir.
S. Xəlilovun yaradıcılığında Şərq və
Qərb düşüncə tərzləri ilə bərabər,
fərqli dini baxışlar, fərqli mədəniyyətlər
də vahid fəlsəfi təməl üzərində nəzərdən
keçirildiyindən, onun irəli sürdüyü yeni
ideyalar və təlim də universal xarakter daşıyır;
müxtəlif nəzəriyyələrlə yanaşı,
müxtəlif dəyərlər
də ortaq məxrəcə gətirilmiş olur. Onun elmşünaslıq və elm fəlsəfəsi
sahəsindəki tədqiqatları da beynəlxalq elmi ictimaiyyət
tərəfindən orijinal tədqiqatlar kimi dəyərləndirilir.
Fenomenologiyanın və ekzistensializmin milli fəlsəfi
fikir tariximizlə əlaqələndirilməsi və bunun sayəsində
həmin təlimlərin yeni istiqamətlərinin ortaya
çıxarılması da professor S.Xəlilovun rəhbərliyi
ilə fəaliyyət göstərən yaradıcı qrupun
mühüm elmi uğurları sırasındadır. Görkəmli
filosofun irəli sürdüyü konsepsiya özünün
yeni elmi istiqaməti ilə seçilir və bir çox
ölkələrin fəlsəfə qurumları tərəfindən
yüksək qiymətləndirilməkdədir.
Nəticədə bu gün artıq beynəlxalq fəlsəfi
fikir coğrafiyasına ölkəmizin də adı həkk
olunmuşdur.
İndi dünyanın mötəbər fəlsəfə
forumlarında tanınmış Qərb filosofları ilə
yanaşı, Azərbaycan filosofunın da yaradıcılığına
müraciət olunur. Professor S.Xəlilovun son
kitablarının Moskva, Paris, Ankara, Afina və s. elm mərkəzlərində
keçirilən təqdimat mərasimləri onun ideyası əsasında
formalaşan yeni fəlsəfi təlimin dünya elmi-fəlsəfi
ictimaiyyəti tərəfindən böyük maraqla
qarşılandığını göstərir.
S.Xəlilovun əldə etdiyi uğurlar birdən-birə
baş tutmamışdır; hər uğurun öz tarixçəsi
var. Hələ sovet dövründə gənc filosofun məqalələri
mərkəzi jurnallarda (“Voprosı filosofii”, 1988, ¹5, “Filosofskie
nauki”, 1987, ¹12) dərc olunmuş, kitabı Ümumittifaq Bilik Cəmiyyətinin
mükafatına layiq görülmüşdü. Sonralar Moskvada
çıxan kitablarına görkəmli rus alimlərinin
yazdıqları rəylər göstərdi ki, onun tədqiqatları
Rusiya fəlsəfi mühitində indi də böyük
maraqla izlənir. S.Xəlilovun elmi-texniki tərəqqinin
əsaslarına dair monoqrafiyasına (Osnovaniə
nauçno-texniçeskoqo proqressa. Loqiko-metodoloqiçeskiy
analiz. M.,”Gkonomika i informatika”, 1997) və
elmşünaslıq sahəsindəki digər tədqiqatlarına
akademik A.D.Ursul, prof. İ.A. Mayzel, prof. Y.B.Tatarinov, prof.
Q.S.Qudojnik və başqalarının verdikləri yüksək
qiymət onun bütün postsovet məkanında kifayət qədər
tanınmış elmşünas alim kimi etiraf olunmasına dəlalət
edirdi. Məhəbbət fəlsəfəsinə
(“Löbovğ i intellekt. M., “Maska”, 2009) və
romantik poeziya məsələlərinə (Romantiçeskaə
pogziə v kontekste vostoçno-zapadnoy problematiki. M., “Vesğ Mir”, 2009) dair monoqrafiyaları və Azərbaycan
hikmətlərinin təbliğinə həsr olunmuş
kitabı (“Kniqa aforizmov”. M., Alğfa-M,
2012) haqqında prof. S.V.Belozertsevin və prof. A.N.Çumakovun
yazdıqları geniş rəylər də filosofun
yaradıcılığına Rusiyada göstərilən
böyük diqqətin təzahürləridir. Rusiya Fəlsəfə Cəmiyyətinin Xəbərlərində
(Vestnik RFO, 2010, ¹ 1; 2011, ¹4 və s.) və digər nüfuzlu
elmi jurnallarda (“Soüioloqiə nauki i texnoloqii”, Sankt-Peterburq,
2011, ¹3; “Qumanitarnıe nauki”, Mockva, 2012, ¹3 və s.) onun əsərləri
barədə məqalələr, rəylər dərc olunur.
Onun MDB məkanında (Moskva, Sankt-Peterburq, Minsk,
Yekaterinburq, Kazan, Ufa, Kemerovo, Qurzuf, Obninsk) keçirilən
elmi forumlarda çıxışları da həmişə
böyük maraqla qarşılanmışdır. Öz yeni elmi yanaşmaları ilə diqqəti cəlb
edən S.Xəlilov 1997-ci ildə ekologiya üzrə Rusiya
alimləri ilə birgə tədqiqatlarına görə
Rusiya Ekologiya Akademiyasının üzvü
seçilmişdir.
Eləcə
də Türkiyədə: S.Xəlilovun İstanbulda
çıxan kitabları (Doğu ve Batı: Ortak Bir Ideale
Doğru. İstanbul, Mefkure yayınları, 2006;
Doğu’dan Batı’ya Felsefe Köprüsü. İstanbul, Ötüken, 2008; Romantik Şiirde
Doğu-Batı Meseleleri. İstanbul,
Ötüken, 2009, Aşk felsefesi. Ankara, 2014) isə
türk fəlsəfi ictimaiyyətinin diqqətini cəlb
etmiş, Türkiyənin tanınmış elmi-fəlsəfi
jurnallarında (“Özne”, Adana, 2007, ¹ 7, “Almıla”, Ankara, 2008,
¹13, “İslam Araşdırmaları Dergisi”, İstanbul, 2008,
¹19 və s.) bu kitablar haqqında geniş rəylər dərc
olunmuş, İstanbul və Ankarada kitabların təqdimat mərasimi
və imza günləri keçirilmişdir.
Lakin
Türkiyə və Rusiya fəlsəfi dairələrində
nüfuz qazanmaq qarşıya qoyulan məqsədə
çatmaq üçün hələ az
idi. Fəlsəfi fikrin aparıcı mərkəzləri
Qərbi Avropa ölkələri olduğundan, ingilis dilində
çap olunmaq, beynəlxalq forumlarda öz konsepsiyası ilə
çıxış etmək, Azərbaycan fəlsəfi
fikrini qabaqcıl Qərb ölkələrində təqdim etmək
daha önəmli idi. S.Xəlilov bu məqsədlə Qərbin
böyük elm mərkəzlərində (London, Oksford, Paris,
Vaşinqton, Brüssel, Roma, Afina, Amsterdam, Milan, Antverpen,
Budapeşt, Turin və s.) elmi məruzələrlə
çıxış etmiş, Ümumdünya Fəlsəfə
Konqreslərində, Beynəlxalq Metafizika konfranslarında,
Elmin tarixi və metodologiyası üzrə beynəlxalq forumlarda,
Fenomenologiya konfranslarında Azərbaycanı uğurla təmsil
etmişdir. Son illərdə S.Xəlilov belə
beynəlxalq konfransların Rəyasət Heyətinə və
Elmi təşkilat komitələrinə seçilir ki, bu da
onun xidmətlərinin fəlsəfi ictimaiyyət tərəfindən
etiraf edilməsinin daha bir göstəricisidir. Yeri gəlmişkən,
elə bu il S.Xəlilov üzvü olduğu Ümumdünya
Elm, Mühəndislik və Texnologiya Akademiyasının (WASET
– World Academy of Science, Engineering and Technology) xətti ilə
29-30 iyulda Londonda “Democracy, Political and Civic Participation”
mövzusunda və Ümumdünya Fenomenologiya İnstitutunun
(World Phenomenology Institute) xətti ilə 1-3 oktyabrda Milanda
“Eko-fenomenologiya – Həyat, İnsan və Postinsan həyatı
Kosmosun Harmoniyasında” mövzusunda keçirilmiş beynəlxalq
konfrasların Elmi-Təşkilat Şurasının
üzvü kimi səmərəli fəaliyyət göstərmişdir.
S. Xəlilov
xarici ölkələrdə keçirilən fəlsəfə
forumlarında iştirakla kifayətlənməyərək, rəhbərlik
etdiyi Azərbaycan Fəlsəfə və Sosial-siyasi Elmlər
Assosiasiyası (AFSEA) xətti ilə Bakıda da bir sıra
beynəlxalq Fəlsəfə Forumları təşkil
etmiş, dünyanın bir çox görkəmli
filosoflarının iştirakı ilə aktual fəlsəfi
problemlərin müzakirəsini keçirmişdir. Onun təşəbbüsü ilə AFSEA Rusiya və
Türkiyə Fəlsəfə Cəmiyyətlərinin
Bakıda görüşlərini (2002, 2009, 2012-ci illərdə)
keçirmiş və Avrasiya məkanında fəlsəfi tədqiqatların
əlaqələndirilməsi sahəsində bir sıra birgə
layihələr işlənib-hazırlanmışdır.
Bu layihələr çərçivəsində
həm klassik Azərbaycan fəlsəfi irsi, həm də S.Xəlilovun
yaradıcılığı Rusiya və türk
dünyası miqyasında təqdim olunur.
İldə bir nömrəsini xüsusi
buraxılış olaraq dünyanın məşhur
filosoflarına həsr edən Türkiyənin nüfuzlu
“Özne” (“Subyekt”) dərgisi 2012-ci ildə xüsusi
buraxılışını S.Xəlilova həsr etmişdir. Dərgidəki
məqalələrdə S.Xəlilov çağdaş
dünyanın böyük filosoflarından biri kimi təqdim
olunur. Burada Türkiyə filosofları ilə
yanaşı, ABŞ, Rusiya, Almaniya, İran və s. ölkələrin
tanınmış fikir adamlarının da S.Xəlilov
haqqında məqalələrinin dərc olunması Azərbaycan
filosofuna beynəlxalq miqyasda Qərb dünyasında necə
böyük dəyər verildiyinə dəlalət edir. Ankarada çıxan “Almıla” dərgisi də S.Xəlilovun
məqalələrini dərc edərkən onu
dövrümüzün fəlsəfə klassiki kimi təqdim
edir.
Türkiyədə Atatürk Kültür Mərkəzinin
nəşr etdiyi “Çağdaş Düşünürlərimiz”
kitabının bir fəsli S.Xəlilovun fəlsəfi
görüşlərinə həsr olunmuşdur. Qazaxıstanda
nəşr olunan “Mədəni irs” antologiyasında müasir
türk fəlsəfəsinin ən sanballı tədqiqatları
sırasına Azərbaycan filosofu Səlahəddin Xəlilovun
“Elmin tarixi bölgüsü və iyerarxik quruluşu” adlı
əsəri də daxil edilmişdir. Türk
dünyasında fəlsəfi fikrin inkişafı sahəsindəki
xidmətlərinə görə o, Türk Dünyası
Araşdırmaları Uluslararası Elmlər
Akademiyasının akademiki seçilmişdir.
İSESKO-da
və İslam Dünyası Universitetləri Federasiyasında
da Azərbaycanı ilk dəfə məhz S.Xəlilov təmsil
etmiş və bu Federasiyanın təşkil etdiyi “XXI əsrdə
İslam dünyasının təhsil sahəsində üzləşəcəyi
problemlər” simpoziumunda məruzə ilə
çıxış etmişdir (11-12 fevral 1998-ci il, Luksor, Misir).
Sonralar İslam dünyasının Tehran, Ankara, İstanbul,
Bağdad, Almatı, Bişkek, Cakarta kimi böyük elm və
mədəniyyət mərkəzlərində yeni əsrdə
İslam ölkələrinin elm və təhsil quruculuğu
sahəsində rəhbər tutmalı olduğu strateji kurs barədə
çıxışlar etmiş, İslam dünyasının
modernləşmə konsepsiyasının fəlsəfi əsaslarını
hazırlamaq sahəsində birgə layihələrin həyata
keçirilməsi zərurətini diqqətə
çatdırmışdır. Onun Türkiyənin müxtəlif
şəhərlərində (Ankara, İstanbul, Bursa,
İzmir, Muğla, Kocaeli, Əskişəhər) keçirilən
konfranslarda, habelə müxtəlif universitetlərdə elmi
ictimaiyyətlə təşkil olunan görüşlərdə,
təqdimat mərasimlərində məruzə və
mühazirələri Türkiyə mətbuatında geniş
işıqlandırılmış, televiziya kanallarında
(TRT-1, TRT-2, Samanyolu, “Səs” və s.) reportajlar və
müsahibələr yayımlanmışdır. S.Xəlilov həmçinin, Orta və Uzaq Şərqin
bir çox şəhərlərində (Dehli, Kəlküttə,
Seul, Cakarta, Fukuoka) müxtəlif mövzularda keçirilən
elmi-fəlsəfi konfranslarda ölkəmizi təmsil etmiş,
onun məruzələri və tezisləri konfrans
materiallarında çap olunmuşdur.
Filosofun “Şərq və Qərb:
ümumbəşəri ideala doğru” adlı əsəri
indiyədək bir neçə xarici ölkədə nəşr
olunmuşdur. Təsadüfi deyil ki, bu kitabın nəşrindən
sonra Moskvada çıxan “Qlobalistika” (2003) və Nyu-Yorkda
çap olunan “Global Studies Encyclopedia” (2007)
ensiklopediyalarında da “Şərq və Qərb” mövzusuna
dair məqalələri yazmaq professor S.Xəlilova həvalə
edilmişdir.
Səlahəddin
Xəlilov Harvard Universitetində təsis olunmuş “Şərq
və Qərb: fəlsəfələr arasında
körpü” Beynəlxalq Alimlər Assosiasiyasının
İdarə Heyətinə üzv seçilmişdir. “Yeni təfəkkür
üzrə Dünya Şurası”-nın sədri
Edvard de Bononun filosofa ünvanladığı məktubunda S.Xəlilov
Şərq aləminin qeyri-ənənəvi fikir sahibi kimi dəyərləndirilir
və onun İslam dünyasından bu Mərkəzə
seçilmiş ilk nümayəndə olduğu bildirilir. Onun
2000-ci ildə Oksford Universitetin 3-cü minillikdə yeni təhsil
strategiyasını hazırlamaq üçün dəvət
etdiyi “dünyanın 40 görkəmli təhsil mütəxəssisi”
sırasında yer alması da təsadüfi deyildi.
S. Xəlilov
həmçinin Beynəlxalq Hüsserl və Fenomenoloji Tədqiqatlar
Cəmiyyətinin, Amerika Fəlsəfə Cəmiyyətinin,
Avropa Elm Fəlsəfəsi Assosiasiyasının, Beynəlxalq
Rektorlar Şurasının, “Demokratiya Uğrunda” Universitetlər
Alyansının (AUDEM – the Alliance of Universities for Democracy) Azərbaycanın
təmsilçisi seçilmişdir. Bir sıra
xarici akademiyaların həqiqi və fəxri üzvü kimi səmərəli
təşkilatçılıq fəaliyyəti filosofa Azərbaycan
milli fəlsəfi fikrinin dünya miqyasında
tanıdılması sahəsindəki işində yeni imkanlar
açır. Professor S.Xəlilov Şərq-Qərb
problematikasına dair konsepsiyasını həm Şərqdə,
həm də Qərbdə keçirilən beynəlxalq elmi
konfranslarda təqdim etməklə, müxtəlif
baxışlı alimlərin konsensusuna nail olmağa
çalışır. Bu isə elmi
yaradıcılıqla yanaşı, onun həm də böyük
təşkilatçılıq işi kimi qiymətləndirilməlidir.
S.Xəlilovun
baş redaktoru olduğu “Fəlsəfə və Sosial-Siyasi
Elmlər” jurnalı Azərbaycanda ictimai elmlər sahəsində
ilk dəfə olaraq bir sıra beynəlxalq Science Citation Index
(SCI) mərkəzlərində: İndex Copernicus və
Philosopher’s Information Centerdə qeydiyyata
alınmışdır və bu jurnalda işıq üzü
görən məqalələrin xülasəsi Amerikada
çıxan “The Philosopher`s İNDEX” referativ jurnalında
çap olunaraq dünyanın bütün elm mərkəzlərinə
göndərilir. Fəlsəfə və Sosial-Siyasi
Elmlər jurnalının beynəlxalq miqyasda tanınması
bütövlükdə Azərbaycan elminin mühüm
uğurlarından hesab oluna bilər.
Qərb fəlsəfə aləminə öz
sözü və mövqeyi ilə çıxa bilmək
üçün mühüm şərtlərdən biri də
ingilis dilində nüfuzlu jurnallarda çap olunmaqla
bağlıdır. Son illərdə “Springer” nəşriyyatının
çap etdiyi kollektiv monoqrafiyalarda və “Analecta Husserliana”
seriyasında, ABŞ-da çıxan “Philosophy Study”
jurnalında S.Xəlilovun on iki əsəri işıq
üzü görmüş və onlar beynəlxalq elmi-fəlsəfi
ictimaiyyətin diqqətini cəlb etmişdir. Bu da əlamətdar
haldır ki, o həmin jurnalın və “Analecta Husserliana”-nın Redaksiya
Heyətinin üzvü seçilmişdir. S.Xəlilov Rusiya,
Türkiyə, Almaniya və Qazaxstanda da bir sıra
tanınmış fəlsəfə jurnallarının
Redaksiya Şurasının üzvüdür.
Onun ingilis dilində dərc olunan bir monoqrafiyasına
(“Philosophy, Science, Culture. Their Peculiarities in the East and West”.
CA&CC Press, AB, Stockholm, 2008) çağdaş
dünyanın ən məşhur filosoflarından biri,
Ümumdünya Fenomenologiya İnstitutunun direktoru Anna-Tereza
Timiniçkanın (ABŞ) redaktor olması və bu kitaba
ön söz yazması da filosofun yüksək beynəlxalq
elmi nüfuzundan xəbər verir. “Həyat
fenomenologiyası və ideyanın həyatı” (“The
Phenomenology of Life or Life of Idea”) adlı monoqrafiyasının
beynəlxalq əks-sədası daha böyük olmuşdur.
2012-ci ilin avqustunda Parisdə 62-ci Beynəlxalq Fenomenologiya
Konqresində 23 ölkəni təmsil edən 100-ə
yaxın görkəmli mütəxəssisin iştirakı ilə
Kongresin Rəyasət Heyətinin və Elmi-təşkilat
Şurasının üzvü Səlahəddin Xəlilovun bu
kitabının təqdimat mərasimi keçirilmiş və
bu mərasimdə kitab haqqında beynəlxalq aləmdə
söz sahibi olan alimlər yüksək fikir söylənmişlər.
Bu kitabda
müasir Qərb fəlsəfi fikrinin ən mühüm cərəyanlarından
biri olan fenomenologiyanın orta əsr islam fəlsəfi
fikri ilə əlaqələri açılıb göstərilmiş,
Şərq və Qərb düşüncə tərzinin
qovşağında açılan yeni fikir fəzasının
metodoloji əsasları şərh olunmuşdur. Bu kitabın nəşrindən və Parisdə
keçirilən təqdimat mərasimindən sonra, S.Xəlilovun
yaradıcılığına diqqət daha da
artmışdır. İlk addım olaraq əsər
italyan dilinə çevrilmişdir. Vatikanın Lateran
Universitetinin italyan dilində çıxan fəlsəfə
jurnalı “Akvinas”-da (“Aquinas: Rivista Internazionale di Filosofia”,
2012, ¹3) Səlahəddin Xəlilovun yeni fəlsəfi konsepsiyasına
dair böyük elmi məqalə dərc olunmuşdur. Məqalənin müəllifi Prof.Dr.Françesko
Alfieri S.Xəlilovun fenomenologiya sahəsində irəli
sürdüyü ideyaları təhlil edir və onun
başlıca müddəalarını italyan oxucularına
çatdırır. F.Alfieri öz məqaləsində
S.Xəlilovun bu əsərini dünya fenomenoloji fikrinin
mühüm nailiyyəti kimi dəyərləndirir.
2013-cü ildə Afinada keçirilən ümumdünya
XXIII fəlsəfə konqresi isə Azərbaycan fəlsəfi
fikri üçün əsl zəfər hesab oluna bilər. Belə ki, son
yüzillikdə ilk dəfə bir müasir türk-müsəlman
filosofu haqqında Qərb filosofları çıxış
edir və onun irəli sürdüyü yeni fəlsəfi
ideyaları müzakirə edirdilər. Professor
Səlahəddin Xəlilovun Şərq və Qərb fəlsəfi
düşüncəsinin ortaq dəyərləri əsasında
hazırladığı yeni fenomenoloji konsepsiya Konqres
iştirakçılarının diqqət mərkəzində
olmuşdur. Afina Konqresində Prof.Dr. Françesko Alfieri (Vatikan) Səlahəddin Xəlilovun
“Həyat fenomenologiyası və İdeyanın həyatı”
kitabında irəli sürdüyü yeni ideyalar barədə
ayrıca məruzə ilə çıxış
etmişdir. Prof. Dr. Daniela Verduççi (İtaliya),
Prof.Dr. Könül Bünyadzadə (Azərbaycan), Prof.Dr. Maija Kule (Latviya) və başqaları müzakirələrə
qatılaraq S.Xəlilovun təlimini fenomenologiyanın Şərq
düşüncə ənənələri üzərində
qurulmuş yeni istiqaməti kimi dəyərləndirmişlər.
2012-ci ildə “Sivilizasiyalararası Dialoq” Forumuna (Rodos,
Yunanıstan) və 2013-cü ildə Peterburqda həmin
mövzuda keçirilən beynəlxalq konfransa S.Xəlilovun
plenar iclasda əsas məruzəçi qismində dəvət
olunması da təsadüfi deyildi.
Elmi Forumlardakı uğurlar Qərb ölkələrində
Azərbaycan aliminin yaradıcılığına
marağı daha da artırdığından, son illərdə
onunla bağlı nəşrlərin coğrafiyası da
genişlənir. 2011-ci ildə ABŞ-da çap olunmuş “Filosoflar”
(“Philosophers”, Book LLC, Wikiseries, Memphis, USA, 2011) adlı kitabda
dünyanın müxtəlif ölkələrini təmsil edən
14 filosof haqqında geniş material dərc edilmişdir. Sevindirici haldır ki, dünyanın məşhur
filosofları sırasına həmyerlimiz Səlahəddin Xəlilov
da daxil edilmiş, kitabın bir fəsli onun həyat və
yaradıcılığına həsr olunmuşdur. 2012-ci ildə ingilis müəllifləri Jesse Russell
və Ronald Cohn isə “Salahaddin Khalilov” adlı ayrıca kitab
tərtib etmiş və onun tərcümeyi-halı, elmi fəaliyyəti,
əsərləri barədə geniş məlumatla
yanaşı, əsərə həmçinin alimin
doğulduğu yer (Borçalı – Marneuli), Bakı şəhəri,
Azərbaycanın tarixi və mədəniyyəti haqqında
hərtərəfli məlumat daxil etmişlər.
Əslində S.Xəlilovun qazandığı beynəlxalq
uğurlar sadaladıqlarımızdan xeyli çoxdur. Önəmli
olan isə budur ki, ölkəmizin indiki hərtərəfli
inkişafı elm və fəlsəfi fikir sahəsində də
belə böyük uğurları nəinki sadəcə
şərtləndirir, həm də qanunauyğun bir perspektivə
çevirir.
Möhbəddin Səməd
525-ci qəzet.-
2014.- 1 noyabr.- S.19;29.