“Qardaş
qələmlər”in daha
bir sayı
DƏRGİNİN
YENİ SAYINDA AYB KATİBİ RƏŞAD MƏCİDİN
50 İLLİYİ İLƏ BAĞLI YAZILARA XÜSUSİ YER
AYRILIB
Bu yaxınlarda “Qardaş
qələmlər” dərgisinin
sentyabr sayı işıq üzü görüb. Jurnal baş redaktor Ali Akbaşın annotasiyası
ilə açılır:
“Qardaş qələmlər”
yeni könül və qələm qardaşlıqları qurmağa
davam edir. Dərgimizdə sovet dönəmində yaşayan
Qazaxıstanın görkəmli
yazıçılarından biri- Berdibek Sokbakbayevin 90 illiyi münasibətilə hazırladığımız
xüsusi bölümlə
tanış olacaqsınız.
Digər bir özəl bölüm isə dəyərli dostumuz, Azərbaycan Yazıçılar
Birliyinin idarə heyətinin üzvü və katibi Rəşad Məcidə həsr olunub. Azərbaycan Yazıçılar
Birliyinin olduğu qədər də Avrasiya Yazarlar Birliyinin fəaliyyəti üçün də əməyini əsirgəməyən
Rəşad Məcidin
50 illik yubileyi münasibətilə yazılmış
yazıları sizlərlə
paylaşırıq. Bu
sayımızdakı dəyərləndirmə
yazılarından sonra
keçən ay yayımladığımız
“On sentyabr” hekayəsini
yenidən oxumağınızı
tövsiyə edirik.
Dostluğu bizim üçün
bir xəzinə olduğu kimi qələmi, ürəyi
də Azərbaycan və bütün türk dünyası üçün böyük
bir dəyər olan Rəşad Məcidə bundan sonra da uzun,
sağlam ömür və məhsuldar ədəbi həyat arzulayırıq. Əziz
dost, “Dəlicəsinə” sev
və eləcə yaşa!”
Baş redaktorun
yazısını Türkməneli-İraqdan
olan şair Kamal Bayatlının “Mədəniyyət ritmi” davam etdirir.
Qırğızıstanın tanınmış
şairlərindən Markabay Aamatovun həyat və
yaradıcılığına da dərgidə yer
ayrılıb.
Qərbi Trakyadan Rəhmi Əlinin “fotolara baxarkən-1”
silsiləsindən ilk yazısı da bu sayda oxuculara təqdim
olunub.
Böyük
qazax yazıçısı Berdibek Sokbakbayevin həyat və
yaradıcılığı haqqında Malik Otarbayevin tərcüməsində
Amangəldi Kenşılıkuli, Akim Tarazi, Damira
İbrahim, Tınımbay Nurmağambetovun yazıları və
yubilyarın “Ana ürəyi” hekayəsi jurnalda öz əksini
tapıb.
Ömər
Kiçikməhmətoğlunun Altay İnstitutunun əməkdaşı,
professor Nadejda Tıdıkovadan
götürdüyü müsahibədə Altay dili,
türkoloji məsələlər, şaman ritualları və
sair mövzular işıqlandırılıb.
Günel Anarqızının “Ağac” hekayəsi də
jurnalın sentyabr sayında oxucuların ixtiyarına verilib.
Tatarıstandan Fərid Yahinin “Mübarək nənələrin
duası” adlı hekayəsi də dərgidə yer alıb.
Rəşad
Məcidin 50 illik yubileyi münasibətilə jurnaldakı
xüsusi bölüm akademik İsa Həbibbəylinin
“Bütün yönləri ilə yaradıcı Rəşad
Məcid” yazısı ilə açılır: “Çoxcəhətli
yaradıcılıq fəaliyyətinə malik olan, şeir də,
hekayə də yazan, publisistik məqalələrini də, ədəbi-tənqidi
yazılarını və müsahibələrini də
geniş ictimaiyyətə təqdim edən Rəşad Məcidin
fəaliyyətində ən uzunömürlü sahə
publisistikadır. Özünün də etiraf
etdiyi kimi, o, hələ 1988-ci ildən ilk məqalələrini
çap etdirdikdən bu günə qədər publisistika ilə
ardıcıl şəkildə məşğul olmaqda davam
etməkdədir. Əgər 1993-cü ildə
“Mərhəmət” jurnalının əlavəsi, yaxud
xüsusi buraxılışı olaraq çap etdirdiyi “Hələ
ki, vaxt var” adlı şeirlər kitabında toplanan və bir qədər
də sonralar yazıb uzun illər mətbuata
çıxarmadığı şeirlərini 2004-cü ildə
nəşr olunan əsərlərinin “10 sentyabr” adlı
külliyyatında oxuculara çatdırmasaydı, Rəşad
Məcidin şeir yaradıcılığı keçici bir
ovqatın ifadəsi kimi düşünülərək hər
halda arxa planda qalmalı olacaqdı. “Hələ ki, vaxt
var” şeirlər kitabına yazdığı “On il əvvəlin
toplusu” adlı müqəddimədə etiraf etməli
olduğu kimi, məktəb
yaşlarında ikən yaşadıqları binanın “dəmir
çərçivəli pəncərəsindən” baxarkən
evdən həyətə, genişliyə çıxmaq
arzusunun bədii ifadəsi kimi tumurcuqlayan ağaclar,
uzaqdakı qarlı dağlar, torpağımızın bənzərsiz
gözəllikləri haqqında qoşduğu misralar
formalaşaraq tər-təmiz poeziya nümunələrinə
çevrilib”.
Xalq
yazıçısı Elçinin təbrik mesajı da
bölümdə təqdim olunub: “Əzizim Rəşad!.. Mənim üçün
çox xoşdur ki, sənin yaradıcılığın
da, fəaliyyətin də şəxsiyyətinlə
üst-üstə düşür və bu mənada əlli
yaşlarımız arasında çox azsaylı əsl
ziyalılardan birisən”.
Xalq
yazıçısı Anarın yazdığı “Əlvida
50, salam 51 yazısı” da xüsusi bölümdə yer alıb:
“...Rəşad Məcidin yaratdığı və rəhbərlik
etdiyi Gənc Ədiblər Məktəbi ədəbiyyatımıza
neçə-neçə istedadlı cavanı gətirdi.
Yazar kimi də, şəxsiyyət kimi də Rəşadın
məziyyətləri az deyil... Rəşad dostluqda etibarlı, rəğbətlərində
sabit, münasibətlərində dəyişilməzdir.
Həm də ən incə mətləbləri
duya bilən həssas insandır”.
Mətbuat
Şurasının sədri Əflatun Amaşov Rəşad Məcidin
xüsusi təqdimata ehtiyacı olmadığını
yazısında vurğulayıb: “Onunla yaxınlıqda təmtərağa
ehtiyac duyulmadığı kimi, onu xüsusi təqdim etməyə
də zərurət yoxdur. Adı çəkiləndə
gözlər önündə bir çox dəyərlər
canlanır. Ədəbi, bədii
mühitimizdə, jurnalistikamızda olan hər kəs o dəyərləri
sadalayaraq Rəşad Məcidin portretini cıza bilər”.
Sevinc
Mürvətqızının “Yüzü yarı edən Rəşad
Məcidin özü, sözü və düzü” yazısında yubilyarın şəxsiyyəti,
yaradıcılığı müxtəlif yönlərdən
təhlil olunub, ona ünvanlanan arzular öz əksini tapıb:
“...Əsrin tən yarısında olan Rəşad Məcidin
elə bu şövqlə, bu dəlicəsinə istəklə
100 yaşa çatacağına və mənim də hələ
neçə-neçə belə yubiley yazıları
yazacağıma və bu vəfa borcunu tam ödəyəcəyimə
ümid edirəm. “Borclu borclunun
sağlığını istəyər” – misalını bu mətləbə
calasam, kimsəyə bir ziyanı dəyməz,
düşünürəm. Mənəvi cəhətdən
borclu olduğum Rəşad Məcidin bundan sonra da ən azı
indiyəcən yaşadığı qədər
sağlığını arzulayıram...”
Tatarıstanın paytaxtı Kazanda keçirilən
Türk dünyası Ədəbiyyat Dərgilərinin Konqresi
haqqında materiallara da “Qardaş qələmlər”in bu
sayında geniş yer ayrılıb.
S.MÜRVƏTQIZI
525-ci qəzet.-
2014.- 1 noyabr.- S.16.