Ekspert rəyi yerinə oxucu sözü

 

 

Ədəbiyyat dərgisi kimi ilk nömrəsi işıq üzü gördüyü tarixdən hər ay səbirsizliklə gözlənilən “Ulduz” jurnalı hər birimiz üçün çox doğmadır.

 

Dəyərli ziyalımız Məti Osmanoğlundan sonra ekspert layihəmizin münsif səlahiyyətlərini mənə verdiyiniz üçün, Qulu müəllim, sizə təşəkkürümü bildirirəm. Onu da qeyd etmək istəyirəm ki, sizin bu təşəbbüsünüz hər bir münsifə dərin etimadla yanaşı, onların özü üçün böyük məsuliyyətdir.

 

Çalışacağam ki, hər mövzuya münasibətimi içimdə düşündüyüm kimi ifadə edim. Eyni zamanda, “Ulduz”a gətirdiyiniz dərin məzmuna, ətraflı mövzu rəngarəngliyinə, yeni poliqrafik formaya görə sizi təbrik edirəm. Ekspert rəyi ideyanız sizin həm redaktor kimi peşəkarlığınızın, həm də şəxsiyyət kimi təvazökarlığınızın təsdiqidir.

 

Mən sizə hər zaman sözə və ədəbi nəşr səlahiyyətinə  müdrikcəsinə yanaşmağı arzu edərək “Ulduz”un ilk səhifələrinə münasibətimə keçirəm.

 

Gənc yazar Fidanla müsahibəni və onun hekayəsini diqqətlə oxudum. Eşq olsun bugünkü gəncliyə! Milli kökdən qaynaqlanaraq dünyanın inkişafına qoşulmağa, həm də qloballaşan dünyanın tərəqqisinə töhfələr verməyə can atan gəncliyimiz mənəvi sərvətimiz olduğunu layiqincə sübut edir.

 

Bu gün dünyanın inkişafla bağlı sıralanmasında millətlərin, xalqların qazandığı yüksək tərəqqi pilləsi onların yaradıcı intellekt potensialı ilə ölçülür. Ona görə də Fidanın timsalında vətəndən kənarda yaşayan yaradıcı gənclik Azərbaycanın həm mənəvi sərvəti, həm də qürur ünvanıdır.

Fidan Şeyxülislam Axundzadənin, Əlibəy Hüseynzadənin nəslindən şaxələnən böyük soy-kök ağacının bir budağını təmsil edir. Milli düşüncə tariximizin inkişafında müstəsna rol oynayan əsil-nəcabətli ziyalı nəslinin davamçısı kimi Fidanın istedadı və zəkası oxucunun diqqətini ilk sətirdən cəlb edir. Vətəndən kənarda yaşaması onu soy-kökə, milli olmağa daha da çox sövq edir.

 

Fidan babası o Əlibəy Qasımzadədən danışır ki, Üzeyir bəyin “Leyli və Məcnun”unda ilk dəfə orkestrdə skripkada ifa etmişdi. Əli bəy hərtərəfli ziyalılığı ilə yanaşı, Tanrının bu nəsilə irsən töhfə verdiyi musiqi qabiliyyətinə də malik idi. Dərsliklərin, rus dilindən çoxsaylı tərcümələrin müəllifi kimi ədəbiyyat tariximizdə əbədiyaşarlıq qazanmışdı. Mən Hacıağa Abbasovun xatirələrindən onun L.Tolstoyun Yasnaya Polyanada qonağı olduğunu da oxumuşdum. Bunları təkrarlamaqda niyyətim odur ki, Azərbaycanın yaradıcı gəncliyinin, dünyanın hansı yerində yaşamasından asılı olmayaraq, yaradıcılıqla məşğul olması o halda millətin mənəvi xəzinəsinə aid olur ki, o, milli kökə bağlılığını heç zaman unutmayaraq yaradıcılığında canıyla, qanıyla bunu sübut etmiş olsun.

 

Böyük millətlər əzəməti ilə o zaman tarixdə duruş gətiriblər ki, onun hər bir ziyalısı xalqının müdrikliyini, milli dəyərlərini qoruyaraq öz əcdadının müasir, daha  inkişaf etmiş nəslini təmsil etmiş olsun. Fidanın yazıları nə qədər müasir nəsr üslubuna malik olsa da, o, bir azərbaycanlı qızının bədii təfəkkürünün məhsulu olduğu ilə yaddaşımızda yer alacaq. Əlbəttə, Fidanın hekayələrinin təkmilləşərək bir gün dünyanın məşhur tənqidçilərinin diqqətini çəkəcəyinə də ümidlərimiz böyükdür. Bu gün yaşadığı mühit və aldığı təhsil məkanı malik olduğu dünyagörüşü, irsən qazandığı ziyalılıq və yaradıcılıq ənənəsi onun yolunun bu uğurlara açıq olduğunu söyləyir.

 

“Şeir vaxtı” bölməsində tanınmış şairimiz Əlizadə Nurinin şeirləri Fidanın Qərb havalı nəsrindən sonra içimə ilıq duyğular gətirdi. Hər zaman şeirlərində sadə misralara dərin mənalar “yükləyən” Əlizadənin şeirləri ovqatımı elə dəyişdi ki, sizə “çox sağ ol”umu əsirgəmədim. Bilirsiniz, Qulu müəllim, şair gərək duyğularını (qələmə alanda demirəm) çap olunmağa verəndə oxucuların qəlbinə heç olmasa 10-15 faiz yol tapa biləcəyindən əmin olsun. Onda bütün nigarançılıqlar oxucu sevgisinə çevrilə bilər. “Rəsm” adlı şeiri duyğularımızla birgə “rəsm çəkdirərək” oxucuların  sevgisini qazanır:

 

Rəsmin közdü əlimdə,

Alışmağa tələsir.

Yanım, işıqlanım, qoy,

Bəlkə məni görəsən.

 

Sevgilərin qəribə məzmun aldığı indiki dövrdə Əlizadə Nuri Əli Kərimsayağı çox qəribə sevgi etirafı edir, çox qəribə... “Sən şəhərdən getmisən, Şəhər özündən gedib” və ya:

 

“Ey eşqimin Tanrısı,

Səndən bu bəndən küsüb.

Sən şəhərdən getmisən,

Bu şəhər səndən küsüb”.

 

Yaxud:

 

Tez qayıt gəl, “həkim qız”,

Bu şəhər xəstə yatır.

 

Oxucu kimi elə saflığa düşdüm ki, sanki Bakı-Naxçıvan qatarının arxasınca baxa-baxa, o yurdun insanları qalsın o yana, hətta yolları üçün darıxdım. Adam adamdan ötəri darıxar, sevdiyi üçün, anası, atası, balası üçün darıxar, bu təbiidir. Mən bu şeirdən sonra bir daha yollar üçün, qatar yolu üçün elə darıxdım ki...

Deməli, kimin nəyi çatmırsa, nəyi əlindən gedibsə onun üçün darıxırmış... Mənim yol həsrətimin ağırlığı Əlizadənin “xəstələnən şəhəri” kimi bəzən mənim özümü xəstələndirir.  Əlizadə imzası yaradıcı oxucular tərəfindən hər zaman izlənilən və gözlənilən imzadır. Nədənsə, arzularının sadalandığı yolun elə başlanğıcından həsrət yaşantıları boy verir. Elə qoy bu həsrəti var olsun ki, qovuşacaq vüsalın nə olub-olmayacağı bilinməsə də, belə böyük şeiri yaradır:

 

Çıraq oldum, işığımı,

Salmağa bir dam olmadı.

Çoxu mənə “oğul” dedi,

Heç biri anam olmadı.

 

Və ya

 

Sevinc axşam gələcəkdi,

Gözlədim axşam olmadı.

 

Əlizadə bir el bayatısından boylanan: “Yad ağlar, yalan ağlar, qoy ağlasın öz anam” fikrini elə gözəl rənglə tabloya çevirir ki, dünyada ana sevgisindən böyük təkcə Tanrı sevgisinə tapınmağa yer qalır. Bu dünyada bütün sevgilər qazanılıb, itiriləndə toxtaqlıq yeri tapılır. Ancaq Tanrı, Vətən, Ana sevgisi əzəli-əbədi könül varımız hesab olunduğu üçün heç zaman yad qadınlar “oğul” desə belə, səmimiyyət xətrinə deyildiyi üçün ürəyə yaxın durmur ki, durmur... Əlizadənin sadə misraları dərin-dərin qatları özündə qoruyaraq Azərbaycan klassik poeziyasının hüdudsuzluğunu sübut edir.

 

“Qısa fikirlər xəzinəsi” bölməsində XIX əsrin sonları XX əsrin əvvəllərində yaşayan fransız yazıçısı Jül Renarın yubileyi münasibətilə Cəlal Bəydillinin təqdimatını izlədim. Aforizmlərin toplandığı bu təqdimat bir Avropa yazarının həyata, dünyaya aqilcəsinə yanaşmasının sübutu kimi oxucular üçün çox maraqlıdır.  Bəzən bir aforizmdə dünyanın min bir dürlü problemlərinin həllinə açar tapılır. Məhz ona görə də müdriklərin fikirləri zaman-zaman Jül Renarın fikirləri kimi yaddaşlara köçərək, atalar sözünə çevrilə bilir.

Əlifba sırası ilə ağırlanan fikirlər sırasında yaradıcılığın güzgüsü sayılan sadə və yığcam ifadə tərzini əks etdirən, “Aydın üslub ədəbiyyatçının nəzakətidir” aforizmi bütün dövrlər üçün hər bir qələm əhlinin yaradıcılıq devizi kimi qəbul olunmalıdır.

Yaxud dilə sədaqət, onun ucalığını qorumaq üçün hansı fədakarlığı etməyin gərəkliyini bildirən digər bir ifadə hər millətin yazarı üçün ali prinsip olmalıdır: “Cənab haqqı aldada bilməzsən. Fransızcada bir tək səhvə yol versən, qadağan edər mənə cənnətin qapılarını açmağı”. Dili qorumaq yazarın, əli qələm tutan hər bir ziyalının əsl amalına çevriləndə millətlər öz milli qürurunu Tanrı qarşısında günahsızlıqla təsdiq edir.

Mənə elə gəldi ki, hər aforizm bir kitaba bərabər mühüm bir ideyanı çatdırmaqda ən qısa zamanda qazanılan böyük qazanc qədər qiymətlidir.

Qulu müəllim, bəlkə də əgər Cəlal Bəydillinin və ya başqa müəllifin Jül Renara məxsus iri həcmli əsərlərini çap etsəydiniz, belə uğurlu alınmazdı.

Məncə, sizin Avropa ədəbiyyatına yer ayırmağınız çox təqdirəlayiqdir. “Ulduz” hələ bizim gəncliyimizdən, ədəbiyyatın bütün sahələrini əhatə etdiyindən ilk abunə yazıldığımız jurnal olardı. Mən çap nömrəsi hazırlananda redaktorun mövzu üstünlüyü seçimi qarşısında yaşadıqlarını çəkdiyim üçün sizin müxtəlif sahələrə münasibətinizi dəqiqliklə ölçüb-biçməyinizi təsəvvürümə gətirirəm. Elə sizin ekspert fikrinə verdiyiniz üstünlük də ədəbi nəşr alanında yeni bir addımdır. Yenilik isə təkamülün nəticəsidir. Məncə, hər zaman siz qiymətli fikirləri dinləməklə elə yazının əvvəlində söylədiyim kimi əsas fikir və ideya müəllifi, məsuliyyət sahibi olaraq peşəkarlığa və istedada üstünlük verirsiniz.

 

“Şeir vaxtı” bölümü mənə çox yaxın olduğu üçün yenə vaxtın əqrəblərini özüm bildiyim qədər “tutub saxlaya bilirəm”.

 

Xuraman Hüseynzadənin şeir vaxtı saatın əqrəblərini “Oxşarlıq” adlı şeirə doğru çəkdiyindən mən də bir şeirin mövzusunda yer alan iki qadının taleyinə oxucu kimi müşahidəçi olduğumdan qulaq müsafiri, göz müsafiri kimi bəzi məsələlərə aydınlıq gətirməyə çalışdım.

 

Qulu müəllim, dünya dəyişə-dəyişə insanlar, xarakterlər və istəklər də inqilabi çevrilişlərə məruz qaldı. Xuramanın bu mövzusundakı cəsarət Azərbaycan qadın poeziyasında müəyyən mənada fərqlilikdir, yenilikdir. İyirmi, iyirmi beş il öncə belə mövzular ürəkləri yaxa-yaxa yazılsa belə, sandıq ədəbiyyatına çevrilərdi. Elə o illərdə də qadınlar müəyyən iztirablara düçar idi. Amma dilə gətirməyə ya ruhun azadlığının cəsarəti yox idi, ya da insanlar bu qədər səmimi deyildi. Qadın nə çəksəydi, izhar ola bilməzdi.

 

Qadın Dözümlü, Qəhrəman Ana, Cəfakeş həyat yoldaşı olmalı idi. O, 40-cı illərdəki yol gözləyən qadınlara “çatmasa” belə, onlara oxşamağa çalışmalı idi. Ədəbiyyat isə onları tarla, fabrik, zavod, bəzən isə Baykal tikintisində qəhrəmanlıq göstərən qəhrəman kimi əks etdirərək ucaltmalı idi. Həqiqət isə başqa idi, səmimiyyət olmadığı yerdə gizlədilən dərdin ağırlığı dözümə möhtac idi. Dərd yığıldıqca püskürən vulkana çevriləndə əsl həqiqətlər ortaya çıxdı. Çoxlarının istək və arzuları kimi Vətən, millət, qadın, ana mövzusu nəyi çatdırmalıdır deyə...

 

“Qadının, ananın hər zaman xoşbəxt olmağa İlahi haqqı var” – düsturu kimi...

Xuraman isə başqa qəhrəmanlıq göstərir, anasını xoşbəxt etməyən bir kişinin yetim övladı (atalı-analı yetim olmaq daha fəlakətdir) olduğunu dilə gətirir. Bəyəm azdırmı bu cür həqiqətləri dilinə gətirib yüngülləşmək istəyən qadınlar və onların övladları? Cəsarət yüksəldikcə, haqsızlıqlar yox olacaq. Elə Xuramanın “Rabiyə” şeirindəki kimi...

 

Xuramanın sudanlı Rabiyəsi Xocalı zülmünə məruz qalan minlərlə torpaq və ailə faciəsini yaşayan qız uşaqlarının həmyaşıdıdır. Bu o Rabiyədir ki, halı, əhvalı ilə torpağımın hər bir qaçqını kimi hamımıza tanışdır. Xuramana deyin ki, mən də o Rabiyəni tanıdığım üçün Bağdada gedən durnalara üz tutub torpaq itkisi ilə bağlı əhvalımı anladanda:

 

“Kərküklü balam,

Bağdadlı anam,

Əhvalım sizin biçimdə,

Ürəyim Bağdad günündə”

 

demişdim.

Bütün insanların dərdinə şərik ola-ola bəzən öz şəxsi dərdlərini unudan Azərbaycanın yazar qadınları, Azərbaycanın anaları var olsun! Budur, Azərbaycan qadını!

 

“Mən heç böyümədim ki” deyib uşaqlığını “köhnə məhəllədəki ərik ağacından assa da” – özünün BÖYÜKlüyünə dəyər verməyi bacardığı üçün İlahi tərəfindən cənnət ayaqlarının altına sərilməklə müjdələndi.

 

Qulu müəllim, sizin “Ulduz”dakı yeni dəst-xətt hər şeyə sanki çəki-düzən verib, yaxud nədəndir belə...

Bu nömrədə oxuduğum qadın imzaların əksəriyyətində bir haqlı cəsarət gördüm.

 

İradə Aytelin “Qadın”, “Qəribəm”, “Evli kişini sevmək” şeirləri hər sətri belə gileylə, istəklə birgə böyük cəsarəti nümayiş etdirir. Məni qınamayın, əvvəlki yazar qadınlar belə, hər şeyi görmək istədikləri kimi yazmağa ya cəsarət etmirdilər, ya da istəklərini qürurdan aşağıda tutaraq dilə gətirməzdilər. Yaxud da bizim kişilər dəyişilib. Hər halda, qiymət veriləsi ümumi bir ortaq dəyər varsa, o da Azərbaycan qadınının qürur və cəsarət mövzusu olduğu üçün hər iki dövrün qadın yazarlarını mən yüksək dəyərləndirirəm. Yəqin ki, qadın yazarların giley-güzar mövzusuna daha çox müraciət etməsi ədəbi tənqidin diqqətini çoxdan çəkməli idi. Məncə, bu mövzuların təhlili “Ulduz”un ədəbi-tənqidi bölməsində yenilik olardı.

 

İradə Aytelin poetik dili ürəyimə yatdı. Doğrusu, əvvəllər onun şeirlərini oxumamışdım. Oxuyunca, sizə də təşəkkür etdim ki, oxucuları belə imzalarla tanış edirsiniz.

 

Duam Allaha yetmir,

Mən bu dində qəribəm.

Bir qərib də içimdə

Birəm, mində qəribəm.

(“Qəribəm”)

       

ya

Sevdin!

Ruhun uzaqda

Cismin doğma yataqda.

 

lll

 

Bu dünya çox kiçikdir

Bir qadın içindəki

Sevgini basdırmağa...

(“Qadın”)

 

Pərvinin təqdimatında teatra yer ayırmağınız ədəbi nəşrdə ənənələrin ən gözəli və vacibi kimi diqqətimi çəkdi. Teatr bir xalqın mədəni inkişafının yüksək tərəqqisi hesab olunduqca ədəbi nəşr orada baş verən yeniliklərdən mütləq kənarda qalmamalıdır. Həyatın, ədəbiyyatın, cəmiyyətin inkişaf tempi içimizdəki inkişaf tempi kimi teatrın mövzusunda qovuşduqca həyat daha maraqlı, yaşamaq daha mənalı olur.

 

“Tərcümə saatı”nda polyak şairi Aleksandr Vatla tanış oldum. Dünyanın müharibə iblisi nə qədər güclü olsa belə, bir şairin fövqəlbəşər gücə, mənaya malik bir misrasından güclü ola bilməz. Belə bir yaradıcılıqla Azərbaycan ictimaiyyətini tanış etməyiniz jurnalınızın oxucu çevrəsini genişləndirməyə çalışmağınızdan xəbər verir. İngilis, fransız, alman, rus ədəbi mühitinin tərcüməçisi, şair, ədəbi naşir kimi dünya ədəbiyyatına misilsiz töhfələr verə biləcək bir ədib müharibənin məqsədli qurbanına çevrilən ziyalılardandır.

İnsan oğlu hər yerdə sevgi və istəyi, nifrəti və qəzəbi, arzusu və cəfası ilə eynidir. Uşaqlığı, gəncliyi, azadlığa olan təşnəsi ilə eynidir. Vat bu hissləri belə ifadə edir:

 

Uşaqlıqda mənə hər şey,

havayı idi.

Atam, anam, səma, yaşıllıq,

gedib-gəlmək.

İstilik məni əldən salanda

Ağac mənə kölgə

salırdı havayı.

Yayda mən yuxudan oyananda

Səma gözlərimə işıq

Verirdi havayı.

Müqəddəs qış məni təmizə

çıxarırdı havayı.

 

Bu şeiri oxuyanda bütün mühacir ədəbiyyat və istiqlal mücahidlərimizin taleyini xatırladım. Hər millətin dəyərli ziyalısı vətəndən uzaq düşən bir ovuc vətən torpağı qədər əzizdir, müqəddəsdir. Gec də olsa, onu Vətənə qovuşdurmaq gərəkli borc hesab olunur.

Bu borcun ödənilməsi üçün ədəbi nəşr alanında mühacir ziyalıların xatırlanmasına daha çox yer ayırmaq lazımdır.

 

Dönə-dönə dünya ədəbiyyatına qayıdaraq ən say-seçmə ədəbiyyat nümunələrinə “Ulduz”da yer ayırmağınız çox təqdirəlayiq haldır. Sevil Gültənin tərcüməsində Braziliya yazarı Paulo Koelonun yığcam, ibrətamiz hekayələri müdrik mənasına görə, inanıram ki, hər bir oxucunun rəğbətini qazanıb. İstərdim ki, belə ədəbiyyat nümunələrinə hər zaman yer ayırasınız. “Qağayı və siçan”, “Cənnətdə söhbət”, “İki damcı yağ”, “Kimin nəyi varsa”, “Allahı razı salmağın yolu” kimi kiçik hekayələr xalq misallarına, daha çox Molla Nəsrəddin və ya Bəhlul Danəndə əhvalatlarına bənzər dildə və üslubda, ruhumuza yaxın olduğu üçün daha çox oxunacağına inanıram.

 

İnsanları xeyirxahlığa, sağlam düşüncəyə, çağırışla bərabər əldə olunan xoşbəxtliyin ölçü-biçisini düzgün anlayaraq “İki damcı yağ”ı əldə saxlamağın bacarıq düsturunu unutmamaq, eləcə də onu başqalarına öyrətməyə can atmaq hər kəsin həyatının mənasına çevrilməlidir. Yaşamağın, insan kimi yaşamağın, cəmiyyətə gərəkliyini hər zaman düşüncə və əməldə göstərmək Paulonun kiçik hekayələrindən işıqlı yol olaraq oxucunun könlünə qovuşur.

 

Mənim fikrimcə, sizin dünya ədəbiyyatına münasibətinizdə dövrlər, mərhələlər, ədəbi cərəyanlar üzrə şair və yazıçıların həyat və yaradıcılığı ilə oxucuların tanışlığına çalışmanız çox müsbət nəticələr verəcək. Məsələn, daha çox Şərq ədəbiyyatı, onun müxtəlif mərhələləri, xüsusilə Şərqin qadın yazarları,Kərkük ədəbiyyatına,  Cənubi Azərbaycan ədəbiyyatına aid materialların hər nömrədə çap olunması çox maraqla izlənər. Türkdilli xalqların ədəbiyyat nümunələri ilə oxucuların tanışlığı çox sevindirici olardı. Məncə, sadaladığım ədəbiyyat nümunələrinin “Ulduz”da yer alması ruh, can, qan yaddaşının ehtiyacı kimi qarşılanacaq.

 

Nəsr bölməsində tanış olduğum İlqar Rəsulun “Çəhrayı telefon” hekayəsini maraqla oxudum. Çox maraqla qarşılanası ədəbi tapıntılar diqqətimi çəkdi. Sevginin, əşyayi-dəlil kimi, telefon halında qəsdən unudulduğu yerdə, özü də hər gün unudulduğu yerdə, mütləq əbədi olacaq bir şeyin, məhəbbətin olmasını anlamaq necə çətin ola bilərdi ki?...

 

Sevgi etirafları bəzən gecikdiyindən yerində ağrılı xatirələrlə əvəz olunacaq bir yük qalır. O yük elə ağır olur ki, Rəsulun qəhrəmanı kimi o yükü yerə qoyub dincəlməyə macal tapmamış, çəhrayı telefon ömrünə, gününə hədiyyə olunub, həyatının hər anında xatirələrdən telefon açaraq ona gecikmiş, itirilmiş sevginin kədərini yaşadır.

 

Qalib Şəfaətin poeziyası ilə tanışlığım mənə yadda qalan ifadələrə münasibət bildirməyimi tələb etdi. “İçimi sərdim küləyə” deyən Qalib Şəfaət

 

“Qoy gözümün qəmi getsin,

Qoy içimin nəmi getsin,

İçimi sərdim küləyə”

 

deyərək həyatda olanlara, keçənlərə özünəməxsus münasibəti sübut etməyə çalışır. “Yalandan adam olur adamlar, yalandan doğulur yalanlar, bircə gerçəkdən ölür insanlar” – deyərək həyatın gerçəkliyini fəlsəfi tərəziyə qoyaraq, həyatın əvvəlinin elə sondan başladığını söyləyir. Son dərk olunan yerdə insan oğlu heç nəyin yalan olmasına yol verməz!

 

Bax, bu ideya həyatın əsl mənası olan səmimiyyətin, ədalətin ömrün əvvəlindən ölçüsünü dərk etməyə çağırışdır.

 

Qulu müəllim, mən inanıram ki, siz də nə zamansa Abdulla Şaiqin “Tıq-Tıq xanımın nağılı” təhlil etmisiniz. Bu qədər milli koloritli bir nağıl üçün münasibətin rəngarəngliyi çox başa düşüləndir.  Hicran Hüseynova təqdimatında Sevinc Mürvətqızının “Dost tapmadım, tək qaldım” təhlilindən bəlli olur ki, əvvəllər onun da bu mövzuya münasibəti dərc olunub. Çox qəribədir, mənim də illər öncə bu mövzuya yazılı münasibətim oldu.

 

Amma çap etmədim, arxivimdə qaldı. Sevinc məndən çox cəsarətli imiş. Özünə, şəxsiyyətinə və yaradıcılığına dərin hörmətimi bildirərək cəsarətini bir daha alqışlayıram. Elə mövzular var ki, biz onlara münasibətimizdə zərərli vərdişlərin dəyişilməzliyinin səbəbini mütləq araşdırmalıyıq. Sevincin də elə səmimi məqsədi bundan ibarətdir. Səbəb isə hər bir şəxsin fərdi düşüncə və intellektində baş verərək ictimailəşməyə gedən yolda milli şüurun formalaşmasına gətirib çıxarmalıdır. Yoxsa bu günün Tıq-Tıq xanımı dünən də eyni şüurla dost axtarışına çıxmışdısa, bu gün daha irəli gedərək ekran, efir məkanında dost axtarışının məqsədini  açıqca söyləyirsə, onda yerdə qalanların münasibəti öyrənilməlidir. Dərd orasıdır ki, Sevincin təhlil etdiyi Tıq-Tıq xanımın təbliğatçı dostları bəzən onu efirə qonaq çağıraraq “ideal kişi”, “ideal qadın” mövzusunu da onunla müzakirə edirlər. Ömrünü, gününü ailəsinə həsr edib, isti ocaq quraraq neçə-neçə oğul böyüdüb Vətənə xidmətə yola salan, öyüd-nəsihətli qız böyüdüb gəlin köçürən ağbirçək ana bu proqramı abırlı-həyalı geyimi ilə reytinqdən salacaqmı görəsən? Təki bütün kötülüklər nağıllarda qalsın. Amma unutmayaq ki, nağıllar həm də tərbiyəvi əhəmiyyətə malikdir. Mən düşünürəm ki, bu nağılın cizgi filmi variantında İntiqam Qasımzadənin sonda dəyişdirdiyi ssenaridə “başına bir daş əndərəcək” fikrinin “mən də sənə quyruq göstərəcək” fikri ilə əvəz olunması da Moskvanın narazılığından irəli gəlsə də, müasir Tıq-Tıq xanımların sonrakı dost axtarmasına yeni bir fürsətdir. Dost axtarışında “yerdən çıxmadığını”, arxalı olduğunu da qarşısındakı dosta xatırladır. Sevinc Mürvətqızının qələminə dəyər verdiyim üçün, həm də mövzuya öz münasibətim olduğu üçün, mövzuya biganə qala bilmədim. Sizə həm də cəsarətli yazılara yer ayırdığınıza görə təşəkkür edirəm. Milli düşüncəyə xidmət edən cəsarəti var olsun! Unutmayaq ki, insan bütün dövrlərdə ata-anasından çox zəmanəsinin övladıdır. Zəmanəni isə ziyalı qələmi tərbiyə edib yetişdirir. Təranə Vahidlə Vüsal Nurunun Azərbaycan Yazıçılar Birliyinin yaradıcı işlər üzrə katibi, yazıçı-dramaturq İlqar Fəhmi ilə müsahibəsini də diqqətlə oxudum. İlqar Fəhminin özünü ədəbi mühitdə tanımasından başlayaraq oxucuların onu tanımasına qədərki zaman kəsiyindəki müxtəlif ədəbi janrlardakı fəaliyyəti oxucularla dərin tanışlıq təəssüratı yaşadır.

 

Həqiqətən də bu belədir, dərin intellektə, geniş yaradıcılıq erudisiyasına malik olan çox yaradıcı insan tanıyıram ki, İlqar Fəhmi özü demişkən, yaradıcılığın müxtəlif sahələrində axtarışlar edərək nəhayət ən iri çapda özünütəsdiqə nail olurlar.

 

Laura Cəbrayıllının “Abi Körpüsü” Tofiq Abdinə həsr olunmuş  düşüncələrindən çox duyğulandım. Xatırlamaq, dəyər vermək hissləri insanın bir gün özünə qayıdan qədir-urvat borcudur. Eşq olsun ürəklərdən ürəklərə körpü salan söz adamlarına! Özləri bir gün dünyalarını dəyişsələr belə, qurduqları sevgi körpüləri, söz körpüləri onlarsız heç nəyin mövcud olmadığını sübut edir. Bir şeirimdə mən də ölüm haqqında demişdim:

 

Şükür, Allah

Ölməmişəm, elə-belə

Bu dünyadan köçmüşəm.

 

Tofiq Abdin xatırlanırsa, şeiri, sözü, baməzəliyi, zarafatları ilə birgə xatırlanırsa ölməyib, “elə-belə bu dünyadan gedib”. Hər xatırlandıqca özü də, ruhu da ölmədiyinə, dünyasını dəyişdiyinə inanacaq. Biz xatırlasaq, nə zamansa bu dəyər bizim özümüzə qayıdacaq.

 

Ziyadxan Əliyevin gənc rəssam Günay Mehdizadənin yaradıcılığına baxış oxucular tərəfindən maraqla qarşılanası bir təqdimatdır. Maraqlı odur ki, Günay Mehdizadə professional rəssam  deyil, kompyuter mütəxəssisidir. Bu münasibət Ziyadxan müəllim kimi yaradıcı məsuliyyətin, sənət estetikasının bilicisi, rəssam və sənətşünasın gənc sənətkara uğurlu yol diləyidir...

 

Qulu müəllim, hərdən mənə müasir dövrün ədəbi mühitinə aid suallar verilir: – “Sizin yeni nəsil yazarlarına münasibətiniz?” Cavab verirəm ki, istedadın qarşısı heç zaman qapana bilmir. İstər məqsədli, istərsə də elə belə... Ədəbi və milli ənənələrə sadiq qalaraq yaradıcılığın məsuliyyət ağırlığını daşımaq üçün elə milliliyə əsas istinad kimi söykənmək ədəbi inkişafın gələcəyinin əmin əllərdə olduğuna inam yaradır. Milli olan sənət nümunəsi getdikcə həm də bəşəri olmağı qazana bilir.

 

Gülnarə İlhamın yaradıcılığı ilə tanışlığım ilk dəfə olsa belə, sanki illər öncə dönə-dönə oxuduğum əsərlər kimi mənə çox duyğulu anlar yaşatdı. Nəsrin yeni bir forması kimi “İtim, pişiyim, tutuquşum” hekayəsi – “Bunlardan başqa mənim heç bir kəsim  yoxdur” – cümləsi ilə başlayır...

Və ya “Bir gözüm bağlıdır, anadan gəlmə, heç qapağı da yoxdur. Hərdən istəyirəm ordan deşik açım bəlkə içindən göz çıxar deyə...”           

 

“Anamgil məni atanda ağıllı-başlı adamlarmış. Neynirlərmiş guya... iki sağlam uşaqdan sonra doğulmuşam. Nənəm də mənə baxdı, qocaldı, yoruldu, öldü...” deyə davam edir.

Nədənsə Seyran Səxavətin, Mövlud Süleymanlının nəsrindəki poetik dil, duyğusallıq məni Gülnarənin yazılarına dönə-dönə qayıtmağa sövq etdi.

 

Gözü olmamaq, görməmək deyil, qolu qısa doğulmaq şikəstlik deyil. Vay o günə insanların xarakterindən başlayan mənəvi naqislik, şikəstlik ailələrdə doğmalar arasında övlad atılmasına qədər yol aça, onda laqeyd bir cəmiyyətdə hamının “gözü bağlanar”, nənələr – ən xeyirxah varlıqlar da “qocalıb, yorulub, ölürlər”. Bax onda, müdriklik, böyüklük qəhətə çıxan yerdə kimsəsizliyə bənzər, hətta ondan betər laqeydlik meydan sulayar. Gülnarə: “...Heyvanları sevirəm. Guya başqa çarəm var ki, kimisə, nəyisə sevməliyəm, ya yox?”deyə hər üç heyvanına olan sevgisinin səbəbini izah edir. Sən demə, iti də, pişiyi də ona oxşayırmış, – deyir.

 

Sevgisizlik, ünsiyətsizlik, laqeydlik, doğmaların bir-birindən uzaqlaşmasına – insanlığın müasir bəlasına qarşı üsyanın çox təsirli vasitəsi  kimi bu kiçik hekayə dünya ədəbiyyatının nümunəsi timsalında təsirli  ifadələrlə doludur.

 

Yer üzündə insanların ən azı əlli faizi antidepresson dərmanlar qəbil edir, Səbəbini “Gülnarə itim, pişiyim, tutuquşum” hekayəsində çox sadə dillə oxucuları ilə dərdləşərək söyləyir.

 

“Ovqat” bölməsində “Ulduz”un əməkdaşı Fərqanə xanımın Gədəbəy, Gəncə, Şəmkir əbədi mühitinə özü demişkən “baş cəkməsi”,  yerlərdə ədəbi mühitlə tanış olması, onların ədəbi proseslə bağlı istək və giley-güzarlarını qələmə alması, həm də yaradıcılıqları ilə oxucuları tanış etməsi xoş ovqat yaratdı.

 

Qulu müəllim, “Ulduz”un son səhifələrində sizin “Selfie”nizdən Rəşad Məcidin  həmişə gülümsünən simasını görüncə yenə də  onun 50-dən sonra da şeir yazacağına çox inandım. “Özü yazmır axı, lütf edib yazdıran var”...

 

Lap elə hər şey “təzə sətirdən, abzasdan başlasa” belə məncə, şeir yazılacaq. Çünki Tanrının qapısı üzümüzə açıqdır, düşünürəm, bəlkə Rəşad Məcid qapısını ona görə elə açıq qoyur...

 

Səni anlamağa

Çalışdım

Gördüm ki,

Səhər açılır.

 

Sonra yenə də Rəşadın “xilaskara” – siqaretə üz tutduğu yerdən:

 

Dırnaqlarım dayanmır

Sığallayır

Tellərinin ucunu

Sənə görə yeriyir,

Sənə görə gəzirəm.

Səhər tezdən yanındayam

Bir qurtum su ilə,

Bir qaşıq balla

Axşam səninlə bağlanır

göz qapağım –

 xilaskarım

 

deyə düşmən nikotinə şeirlər həsr edən Rəşad Məcidin həmişə şeir yazmağa ümidlə gülümsəyən siması göründü.

 

Məncə, mənim bu yazım ekspert rəyindən çox ədəbi mühitlə bağlı ürək boşaltmağa bənzədi.

 

Hər zaman “Ulduz”un dəyərli yaradıcı kollektivinə sonsuz ehtiram və təşəkkürlərimi, müvəffəqiyyət diləklərimi bildirirəm.

 

Sona VƏLİYEVA

525-ci qəzet.- 2014.- 1 noyabr.- S.14-15.