Süleyman Dəmirəl Muzeyi yaxud 769  

 

 

Noyabrın 1-də Türkiyənin Doqquzuncu Cümhur Başqanı, çağdaş dünyanın görkəmli siyasətçilərindən Süleyman Dəmirəlin 90 yaşı tamam olur. Bakan, Başbakan, millət vəkili, müxalifət lideri və nəhayət, Cümhur Başqanı olaraq sayın Dəmirəl 50 ildən artıq bir müddətdə türk siyasi həyatına damğasını basmış, türk dünyasının siyasi həyatında iz qoymuş böyük dövlət adamıdır. Unudulmaz Öndərimiz Heydər Əliyevin şəxsi yaxın dostu olan Süleyman bəy Azərbaycana çox bağlıydı, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda əvəzsiz xidmətlər göstərmişdir və bu xidmətləri müqabilində Azərbaycanın fəxri vətəndaşlığına layiq görülmüşdür. Süleyman bəy dəfələrlə ölkəmizdə olmuş, müxtəlif səviyyəli nümayəndələrimizi Ankarada qonaqpərvərliklə qəbul etmişdir.

S.Dəmirəllə şəxsən tanışlıq mənə də nəsib olub. Ankarada, Bişkekdə, Naxçıvanda, Bakıda qısa görüşlərimizi, Bilkəntdə Füzuli yubileyində çıxışımdan sonra məni xüsusi təbrik etdiyini: “çok duyqusal konuşdunuz” –deməsini heç vaxt unutmuram. “Kitabi-Dədə Qorqud” yubileyinə gələrkən hava alanında onu qarşılamağa Prezident Heydər Əliyev Yusif Səmədoğlunu, Elçini, məni də dəvət etmişdi və bizi xoş sözlərlə qonağımıza təqdim etdi.

Axşam indi Heydər Əliyevin adını daşıyan sarayda Dədə Qorqud bayramı keçirildi. Rəsmi hissədən sonra səhnələşdirilmiş tamaşanın ssenarisini mən yazmışdım. Tamaşa Süleyman bəyin fövqəladə xoşuna gəlmişdi, bizi təbrik edəndən sonra “Mütləqa bu tamaşanı Türkiyədə də göstərmək lazımdır” – dedi.

Amma nə yazıq ki, bir az mənim təşəbbüssüzlüyüm, daha çox da əlaqədar təşkilatların ətaləti sayəsində bu xoş niyyət baş tutmadı. Bu tamaşayla bağlı bir məzəli ayrıntı da var. Tamaşada Dədə Qorqudun diliylə “Bu meydanda çox ər qırıldı, az ər qaldı, –deyilir,- qoy az ərlər çox olsun, qoy azərlər çoxalsın”. Təbii ki, bu mənim yazdığım sözlər idi – Süleyman bəyin yadında qalıb. Heydər Əliyevə həsr olunmuş “Tarixə məktub” adlı məqaləsində S.Dəmirəl yazır: “Dədə Qorqud demişdir: “Oğul! Sənin adını Azər qoydum, qoy azərilər çoxalsın!” (“Hürriyyət” qəzeti, 24 dekabr 2007)

S.Dəmirəl Prezident kürsüsünü tərk edəndən sonra Ankarada olduğum zaman onu ziyarət etməyi özümə borc bildim. Əlaqə saxladıq və o vaxt səfirliyimizdə çalışan oğlum Tural və nəvəm Rəsulla Süleyman bəyin mənzilinə getdik. Bizi çox mehriban qarşıladı, Azərbaycanla Türkiyənin mədəni əlaqələrinin daha da möhkənlənməsi barədə ətraflı söhbət etdik. “Dəmirəl və dünya” adlı müxtəlif ölkələrdə, dövlət başçılarıyla çəkdirdiyi şəkillər, səfərlərinə, görüşlərinə aid mətnlər olan iri albomu isti bir avtoqrafla mənə bağışladı.

Gedən zaman bizi ötürməyə qalxdı və ətrafında bir neçə adam da vardı, birdən onlardan aralanıb “Bir şəkil çəkdirək” – dedi. Təklif ondan gəldi və şəxsi fotoqrafı dördümüzün bir neçə şəklini çəkdi. Vidalaşıb ayrıldıq, küçəyə çıxanda Tural “Bildinmi niyə şəkil çəkdirmək adıyla bizi o biri adamlardan araladı? – dedi, – Fikirləşib ki, bəlkə şəxsi deyiləsi bir sözün ya xahişin var”.

Təbii ki, heç bir şəxsi sözüm, ya xahişim yoxdu. Amma təcrübəli siyasətçinin bu həssaslığı da yaddaşıma həkk olundu.

Bir müddət bundan əvvəl S.Dəmirəlin şəxsən imzaladığı bir məktub aldım:

 “Aziz kardeşim, Anar bey.

Sizi “Süleyman Demirel Demokrası və kalkınma müze” və Külliyesinin, İsparta Vilayətinin İslamköy Belgesində 26 ekim 2014 tarixində gerçekləşdirilecek olan resmi açılış merasiminə davet etməkdən onur və mutluluk duyuyorum. Demokrası və Kalkınma müzesi sadəcə türk milleti üçün degil, insanlıq üçün də hayatımı adadığım yüce dəgərlər olan demokrasi, hürriyət və medeniyyət uğrunda bir ömrə yayılmış uzun bir mücadilenin bütün izlerini taşımakdadır... Türkiyədə bir ilk olma özəlliginə haiz olan Demirel Kütübhanesi 50 yılı aşan dövlət və siyasət həyatım boyunca bir araya gətirilmiş və korunmuş şahsi və resmi evrak, arşiv, hatire və diger eserleri ehtiva etmekdedir.

Bu vesileylə, bu qürurumuzu və mutluluğumuzu Sizinlə paylaşmakdan onur duyacağımı ifadə etmək isterim. Sadəcə şahsim üçün deyil, türk milləti üçün də özəl bir anlamı olan bu gözəl gündə, Sizi aramızda görmə imkanına sahib olağacıma ümit ediyorum.

Bu duyğularla, aziz dostum, Sizə və aileniz üçün ən iyi dileklerimi ve hissiyatımı ifadə etməkdən mutluluq duyuyorum.

Sayğılarımla Süleyman Demirel

T.C. 9. Cümhurbaşkanı”.

Başa düşürəm ki, bu sayaq dəvətlər standart qəliblərdə yazılır, amma qonaq çağırılan tanınmış siyasətçilərin, dövlət rəsmilərinin arasında Süleyman bəyin bir azəri yazarını unutmaması məni mütəəssir etdi.

Bu günlərdə səfər qrafiklərim çox gərgin idi. Oktyabrın 22-də Macarıstandakı hörmətli səfirimiz Vilayət Quliyevin dəvətiylə Budapeştdə “Sübhün səfiri” filminin baxışında iştirak etməli, Macarıstan Yazıçılar Birliyində və Mədəniyyət Naziriyində görüşlərim olmalıydı. Oktyabrın 28-də Moskvada elə həmin “Sübhün səfiri” filminin nümayişinə getməliydim. Noyabrın 1-də isə Alma-Ataya Qazaxıstan Yazıçılar İttifaqının 80 illik yubileyinə dəvət olunmuşdum. Amma bütün bu vacib səfərlərin sırasında Süleyman bəyin tədbirində mütləq iştirak etməliydim.

Oktyabrın 25-də Budapeştdən İstanbula, İstanbuldan Ankaraya uçdum (Macar paytaxtından Ankaraya birbaşa uçuş yoxdu).

Dəyərli dostum, Avrasiya Yazarlar Birliyi Başqanı Yaqub Öməroğlu hava alanına avtomobil göndərmiş, oteldə mənimçün nömrə ayarlamışdı. Uzun və yorucu yolçuluqdan sonra axşam 9-da oteldə yerləşdim. Səhərə yaxın saat 4-də Spartaya yola düşməli, tədbirə vaxtında çatmaq üçün 400 kilometr yol qət etməliydik. Bir az dincəlmək istəsəm də, televizoru qurdum.

Haber türk proqramında “Tarix odası” adlı verilişdə başqa bir dəyərli türkiyəli dostumu, görkəmli alim Əhməd Bican Ercilasunu görüb izləməyə başladım. Əhməd bəy uzun illər ərzində böyük zəhmətlə hazırlayıb yenicə nəşr etdiyi bir kitabdan – Mahmud Kaşğarinin “Divani-lüğət üt türk” əsərindən danışırdı. Söhbəti o qədər maraqlı, mənimçün də yeni olan faktlarla zəngin idi ki, gecə dördə qədər davam edən bu proqramı gözümün çimirini almadan sonunacan seyr etdim.

Dünyada hər şey bir-biriylə necə də bağlıdır. Əhməd Bican bəy “Lüğət-üt türk”dən danışırdı, mənsə xatırlayırdım ki, Ramiz Əsgərin böyük səylə hazırladığı həmin kitabın Azərbaycan nəşrinə Süleyman Dəmirəl maddi yardım göstərib. Bu da Süleyman bəyə azərilər adından daha bir minnətdarlıq üçün tutarlı səbəbdir. Bu kitab hər bir türkdilli xalqın təməl əsərlərindəndir və indiyəcən müxtəlif illərdə göstərilən təşəbbüslərə rəğmən Azərbaycanda nəşr edilməməsi dözülməz fakt idi. Nə yaxşı ki, bu məsələ axır ki həll olundu, Ramiz Əsgərə də, Süleyman Dəmirələ də bir daha təşəkkür.

Səhər 4-də Avraziya Yazarlar Birliyinin əməkdaşı İlyas Erənin sürdüyü maşınla Spartaya yollandıq. Yollar sıx duman içində idi və özü də spartalı olan İlyas söz verdi ki, bir az yavaş sürsə belə, tədbirə vaxtında çatacayıq.

Tədbir isə Spartanın özündə yox, ondan 20 kilometr aralı İslamköy kəndində keçirilməliydi. Süleyman Dəmirəl dünyaya bu kənddə göz açıb.

İslamköyə yetişirik, kiçik kənd (indi artıq bəlkə də qəsəbə adlana biləcək məkan) bayram ab-havası içindədir. Yol boyu müxtəlif təşkilatların, şirkətlərin, universitetlərin, ayrı-ayrı şəxslərin göndərdikləri dəmətlər yan-yana düzülərək əlvan mənzərə yaradır. Süleyman Dəmirəlin kiçik qardaşı Şövkət bəyin başqanlıq etdiyi vəqf bu kiçik kənddə bütöv bir kompleks yaradıb. Dəmirəllərin ata-baba evləri restorə edilib ailə müzeyinə çevrilib, yanında analarının adını daşıyan came ucalır, daha sonra “Süleyman Dəmirəl Demokrası və Kalkınma” müzeyində Türkiyənin S.Dəmirəl dövründə keçdiyi inkişaf yolu və bu inkişafın təməlində demokratiyanın durduğu əyani şəkildə əks etdirilir.

Kitabxanaya Süleyman bəyin illərlə topladığı 25 mindən artıq kitab, kino, foto və video kasetlər bəxş olunub. Keçiddə suvenir əşyalar, meyvələr, çərəzlər satılır.

Yuzlərlə, bəlkə minlərlə qonağı bura çatdıran maşınlar, qonaqlara qatılan demək olar bütün kənd sakinləri qələbəlik yaradır və açığını deyim, bu izdiham yetgililər tərəfindən yetərincə yaxşı təşkil olunmamışdı. Səsgücləndirən cihazlarla dəfələrlə toplaşanlara, basın mənsublarına, hətta jandarma və polislərə müraciət olunurdu ki, yolu açsınlar, bir koridor yaratsınlar, heç olmasa tədbirin səbəbkarı içəri keçə bilsin.

Tədbir iri bir mağarda keçirilirdi, ayaq üstə qalanlar oturanlardan çox idi, həm də içəri çox isti idi, dışarıda da stullar qoyulmuş və mağarda baş verənlər çöldə ekranlarda əks etdirilirdi. Səhnədə yalnız iki iri portret asılmışdı – Kamal Atatürkün və Süleyman Dəmirəlin şəkilləri. Həyatda olduğu kimi portretində də Süleyman bəy əfsanələrə və rəyavəytlərə daxil olmuş məşhur şapkasını əlində tutub.

Tədbir Atarükün və şəhidlərin anımına sayğı duruşuyla və Milli marşın (himnin) ifasıyla başladı. Böyük Millət Məclisinin başqanı Cəmil Çiçək, müxalifət partiyalarının liderləri Kamal Qılıncdaroğlu, Dövlət Bahçeli, bəzi indiki və sabiq bakanlar, çox sayda millət vəkilləri, valilərin qatıldıqları mərasimdə başqa ölkələrin də bir çox hazırda fəaliyyət göstərən dövlət başçıları və sabiq prezidentləri, baş nazirləri iştirak edirdilər.

Xanım aparıcı S.Dəmirələ çoxlu təbriklər göndərildiyini söyləyir və göndərənlərin adlarını çəkir. İlk olaraq Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin təbriki oxunur və gurultulu alqışlarla qarşılanır. İlham Əliyevin təbrikindən sonra yalnız bir təbrik – Türkyiə Cümhuriyyətinin 11 Cümhurbaşkanı Abdulla Gülün məktubu oxundu. Çıxışçılardan da yalnız iki nəfər danışdı. S.Dəmirəl vəqfinin Başqanı Şövkət Dəmirəl və sonda Süleyman bəyin özü.

Şövkət Dəmirəl muzeyin yaranma təşəbbüsündən söz açdı, uzun zaman qardaşının yanında olaraq onun müxtəlif sənədləri, vərəqləri, məktubları toplayıb qoruduğunu müşahidə edirmiş, zəngin kitabxanaya sahib olduğunu bilirmiş. Özündən sonra bu arxivin, bu mənəvi sərvətin itib batmaması üçün onları bir yerə toplayıb müzey və kitabxana yaratmaq fikri burdan doğulub. Təşəbbüsü abisi (böyük qardaşı) də dəstəkləyib. İndi “Süleyman Dəmirəl Demokrası və kalkınma müzey”ində minlərlə dokuman, şəkil, foto, Dəmirelin təltif olunduğu nişanlar, əşyalırı və hətta ona çəkilən onlarca karikatür toplanıb. Deyildi ki, bəzi siyasilər özlərinə çəkilmiş karikatürlərdən rəncidə olur, hətta karikaturust rəssəmları məhkəməyə verənlər də var. S.Dəmirəl isə öz karikatürlərini böyük həvəslə toplayıb, qoruyub saxlayıb və indi muzeyində də əks olunmasını istəyib.

Şövkət bəy basın mənsublarının verə biləcəyi suallarını qabaqlyaraq dedi ki, bu müzeyin və kompleksin yaranmasına nə dövlətdən, nə hər hansı sponsordan bir quruş belə alınmayıb, hamsı S.Dəmirəl vəqfinin öz hesabınadır.

Arada iki konsert nömrəsi də səsləndi. Süleyman Dəmirəlin sevdiyi şarkıları ifa edən müğənni həm də millət vəkiliymiş, alqışlarla qarşılanan ifasında günün siyasi mövzularına da tənqidi münasibəti aydın sezilrdi. İkinci konsert nömrəsi Amerikada yaşayan gənc türk skripkaçısı Canan Andersonun çıxışı oldu. Canan xanım ifasından əvvəl çixış edərək dedi ki, Amerika vətəndaşı olsa da, vətəni Türkiyədir və hər yerdə bunu qürurla söyləyir. ABŞ-da təhsil alıb, uzun illlər orda yaşayan Cananın bu yurdsevərlik duyğularıyla bərabər həm də səlis türkcə danışması adama xoş təsir bağışlayır. Xatırlayıram ki, bir müddət Azərbaycandan kənar düşmüş bəzi məşhurlarımız öz dillərində danışmağı belə man bilirlər. Hələ ölkəmizin öz içində bərbad bir dildə danışanları demirəm.

Canan xanım Albinioninin Adajiosunu ifa edəndə mənəvi bağların insanları necə yaxınlaşdırmasına bir daha əmin oldum. Demə, bu gözəl melodiya Süleyman bəyin də sevimli musiqi əsəri imiş.

Sonda Süleyman Dəmirəl çıxış etdi.

Çıxışının ilk cümləsindən böyük Atatürkə – bəlkə də bir az nümayişkaranə şəkildə – dərin ehtiramı hiss olundu. Türkiyə bu gün belə güclü, sivil, çağdaş bir məmləkət olmasıyla böyük Atatürkə borcludur, – dedi,- Türkiyəmiz Atatürkün əsəridir. Mən də ömrüm boyu ölkəmizə göstərdiyim hizmətlərimlə Atatürkə olan borcumuzun bir qismini qaytarmağa çalışdım. Amma ona nə qədər minnətdar olsaq da, azdır – dedi Süleyman Dəmirəl.

Çıxışı bir çox məqamlarıyla mənə maraqlı gəldi. Dedi ki, mən bax bu kənddə, yoxsul bir ailədə dünyaya göz açmışam, anam uzaq bir bulaqdan səhənglə evimizə su daşıdığı üçün çiyinləri yağır, əlləri qabar olmuşdu. Atam da başqa kəndlilər kimi Allaha yağmur duası edirdi ki, cadar-cadar olmuş torpaqlarımızı yağışla sulasın. Elə o vaxtlar mən su mühəndisi olmağı qarşıma məqsəd qoydum, bu sahədə Türkiyədə və ABŞ-da təhsil alaraq istəyimə çatdım.

Bundan sonra Süleyman bəy hakimiyyətdə olduğu dövrdə Türkiyədə neçə-neçə sü barajları tikdirməsini xatırlatdı, Türkiyənin su və elektrik probleminin məhz onun iqtidarda olduğu illərdə həll olunduğunu vurğuladı. Süleyman bəyi dinləyir və təəccüb qalırdım – 90 yaşlı ixtiyar kağızsız, qeydsiz, heç bir yazıya baxmadan hafizəsində saxladığı bütün rəqəmləri bir saat ərzində bir-bir sadalayırdı. 50-ci illərə qədər Türkiyədə neçə avtomobil olduğunu, indi neçə olmasını, o vaxt barmaqla sayılası neçə nəfərin telefondan istifadəsini, indi bu əlaqə vasitəsinin kütləviləşməsini müqayisə etdikcə bu dövrdə baş vermiş qalxınmanın əyani mənzərələri canlanırdı. Demokrasi və qalxınma müzeyinin əsas məqsədi də elə buydu – dövlətin əlli il ərzində möcüzəvi bir sürətlə irəliləməsini, ciftçi, aqrar ölkənin yüksək sənayə məmləkətinə çevrilməsini, Karsdan Ədirnəyə, Ağ dənizdən Qara dənizə qədər sosselərin-atobanların, dəmir yollarının çəkilməsini, yeni neçə-neçə zavodların inşasını göstərmək... Amma bunu da altını çızaraq söylədi ki, bir ölkəni yalnız sənaye qalxınması-inkişafı, ziraət məhsullarının kalitəsi-keyfiyyəti, güclü ordusuyla deyil, ilk növbədə mədəniyyət sahəsində üğürlarıyla tanıyırlar. Türkiyənin adını dünyada şöhrətləndirən böyük sənətçilərimizə şükran borcumuz var – dedi.

Süleyman bəy konkret faktlarla danışdıqca başımdan başqa fikirlər də keçirdi. Son vaxtlar milyonlarla insanın faciəsinə bais olmuş, bütöv xalqları əzəli yerlərindən-yurdlarından dədərtmiş, didərgin salmış, sürgünlər, məhbəslər, edamlarla demək olar ki, zədələnməmiş, yaralanmamış ailə qoymayan Stalinə bəraət qazandırmaq istəyənlər tapılır, ən populyar tezisləri də budur: Stalin kotanlı, xışlı ölkəni təhvil alıb atom, nüvə silahlı süper dövlətə çevirdi.

Yalnız hədə-qorxu, kiməsə xox gəlmək, açıqca şantaj aləti olan silahları bir yana qoyaq, demək məmləkətin sənayəlişdirilməsi, qalxınması-inkişafı, qababcıl dövlətlər səviyyəsinə çatmasının hansısa-başqa, dinc yolları da varmış. Qanlı-qadalı çevrilişlərsiz, qırğın törədən inqilablarsız, vətəndaş müharibəsində qırılmadan, milyonlarla insanı, bütöv xalqları bədbəxt etmədən ağıllı, insansevər siyasətlə, ardıcıl təkamüllə ən yüksək nəticələrə nail olmaq mümkünmüş. Süleman Dəmirəl məhz bu mesajı, bu ismarışı çatdırmaq istəyirdi dinləyicilərinə.

Daha bir maraqlı məqam – Dəmirəllər nədən bu muzeyi İstanblulda, Ankarada, qonaqlı-qaralı yerlərdə, minlərlə xarici türisti cəlb edəcək bir məkanda yox, ucqar bir kənddə yapdılar? Özü özünə verdiyi suala Süleyman bəy belə cavab verdi: Əvvəla, qalxınmanın əsas səbəbinin demokrasi olduğunu bir daha isbata yetirmək üçün. Ancaq demokrasi olan bir toplumda yoxsul köylü ailəsində dünyaya gəlmiş çoçuq məmləkətinin ən üst mənsəbinə – cümhur başqanlığına çata bilər və qoy bu kəndin çocuqları da bunu dərk etsinlər, bilsinlər ki, demokrası hökm sürən ölkədə hər kəsin qabiliyyəti, yorulmaz zəhməti sayəsində ən uca yerləri fəth etmək şansı var.

Süleyman bəy qısa zamanda İslamköyün bu bölgənin mədəniyyət mərkəzinə çevriləcəyinə əmin olduğunu da bildirdi.

Arada Süleyman Dəmilərin həyatının müxtətlif anlarını, səfərlərini, görüşlərini, çocuqluq fotolarını, ilk gənclik kino-kadrdarını əks etdirən film göstərilirdi. Bu kadrlar burda, bu tədbirdə canlı Süleyman Dəmirəlin görüntülərinə calanırdı. İndi burda, ömrünün bu sinni çağında ekrandakıları seyr edərkən hansı hissləri keçirirdi görəsən Süleman bəy? Bir neçə il əvvəl itirdiyi vəfalı həyat yoldaşı Nəzmiyyə xanımı (onun ölümünə Dəmirəl “Həyatımın yarısını qeyb etdim” – deyib) əks etdirən, ilk gənclik kadrları göstərilərkən ixtiyar siyasətçinin gözlərinin dolduğunu görürdük. İndi Bakıda bu yazını tamamlayarkən, türk televizionundan kişi müğənninin mülayim səslə ifa etdiyi həzin bir mahınnı dinləyirəm.

Nə qədər gözəlsən,

yaşın on doqquz.

Gəl bura sarılalım,

bu gün var, yarın yoxuz.

Bu mahnı, bu sözlər qəribə bir anımla mənə Süleyman bəyin o tədbirdə keçmişin kadrlarına baxarkən yaşarmış gözlərini xatıratdı. Bilmirəm, bəlkə də yanılıram...Yəqin ki, yanılıram, amma mənə elə gəlir ki, o anlar Süleyman bəy qazandığı bütün yüksək mənsəbləri, ucaldığı ən yüksək zirvələri, minlərin, milyonların sevgisini, rəğbətini, hörmətini verərdi ki, heç olmasa bir neçə anlığa o gənclik illərinə, Nəzmiyəsiylə birlikdə yaşadığı günlərə qayıtsın. Əfsus... Həyatın qanınları amansızdır. Birin verib, birin alır...

Yazımın sonunda bir məsələnin üstündən keçə bilməzdim: Süleyman Dəmirəlin Nazım Hikmətə münasibəti. Nazım Hikmət ölum təhdidiylə və real təhlükəsiylə üzləşib Türkiyədən qaçmalı olduğu zaman məmləkətində onu demək olar ki, hamı qınadı. O cümlədən, Süleyman Dəmirəl də. Hətta Başbakan olduğu zaman Nazım Hikmətə türk vətəndaşlığının qaytarılması məsələsi qaldırılanda S.Dəmirəl məclis kürsüsündən: “Oğlunu Türkiyə Kommunist Partisinə əmanət edən adam türk vətəndaşı olamaz” – demşdi.

İllər keçdi və İstanbulda ən böyük dünya dövlətlərinin başçıları iştirak etdiyi toplantının açılışında S.Dəmirəl Mehmet Akif Ersoyun, qapanışında Nazım Hikmətin şeirini böyük coşquyla və qürur hissiylə oxudu.

Zaman hər şeyi yerinə qoyur və əminəm ki, gəncliyində Anadolu topraqlarından keçərkən xalqının səfalətini, aclığını, yoxsulluğunu öz gözləriylə görmüş və bu səbəbdən kommunist əqidəsinə tapınmış Nazım Hikmət də Türkiyənin bugünkü qalxınmasına şahid olsaydı, inkişafın başqa, daha dinc, qansız-qadasız təkamül yoluyla getməsinin mümkünlüyünü qəbul edərdi.

Qaldı bir başlığa çıxardığım 769 rəqəminin izahı. Müzeydə karikatürlərin birinin altında verilib bu rəqəm. Süleyman Dəmirəldən bu rəqəmin mənasını soruşanda belə cavab verib: 7 dəfə iqtidara gəlib Başbakan olmuşam, 6 dəfə Başbakanlıqdan getmişəm, Türkiyənin 9-cu Cümhurbaşqanıyam.

28 oktyabr 2014

 

ANAR

525-ci qəzet.- 2014.- 1 noyabr.- S.10-11.