"Cəngi"
Estrada Folklor Ansamblının
növbəti uğuru
Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət
Fondunun birgə təşkilatçılığı ilə keçirilən
"Bakı Beynəlxalq
Caz Festivalı -
2014" başa çatdı. Festival çərçivəsində ölkəmizə müxtəlif
xarici ölkələrdən
gəlmiş cazmenlər,
dünyaca məşhur
musiqiçilər konsertlər
verib Bakı cazsevərlərini sevindirdilər.
Lakin festivalın sonuncu iki günü yerli musiqiçilərimizin,
"Cəngi" Estrada Folklor
Ansamblı və Arslan Növrəslinin konsertləri baş tutdu.
Ümumiyyətlə, dünyada cazın tarixi elə qədim deyil. Bu musiqi təxminən XIX əsrin sonlarından
ABŞ-da yaranmağa başlayıb. Azərbaycan
cazının bünövrəsi
isə 30-cu illərin
sonunda Niyazi və Tofiq Quliyevin
yaratdığı "Dövlət
Cazı" adı ilə tanınan Dövlət estrada
Orkestri tərəfindən
qoyulub. Orkestrin ilk konsert proqramına
klassik cazla bərabər Niyazinin və Tofiq Quliyevin
əsərləri də
daxil edilib.
Azərbaycan cazı muğam üzərində qurulub. Əfsanəvi
60-cı illərdə Qara
Qarayev, Niyazi, Tofiq Quliyev və
Rauf Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada və caz musiqisi
daha da inkişaf
edir. Elə o illərdə Rafiq
Babayevin kvarteti yaranır. Rafiq Babayev Azərbaycanda
caz musiqisinin inkişafına, yayılmasına
öz töhfələrini
vermiş sənətkardır.
Bütün bu siyahı
dahi və bənzərsiz Vaqif Mustafazadə adı ilə davam edir. Vaqif Mustafazadə sonradan
"caz-muğam" adlandırılmış
Azərbaycan klassik cazının banisidir.
O, şərq muğamını
qərb dinləyicisi üçün anlaşılan
dildə - yəni caz dilində, şərqli dinləyici üçün
isə cazı doğma muğam dilində səsləndirir.
Adı çəkilən sənətkarlar
tərəfindən əsası
qoyulan, inkişaf etdirilən və bu günki nəslə
ötürülən caz
ənənələri, musiqinin
bu istiqaməti bu gün də
qorunur, uğurla davam etdirilir. 1992-ci ildə yaradılan
və günümüzdə
də dünyada Azərbaycan cazını təmsil, təbliğ edən "Cəngi" qrupu bu mənada
musiqi tariximizdə böyük hadisələrdən
biridir. Rafiq Babayev tərəfindən
yaradılmış ansambla
bəstəkarın vaxtsız
vəfatından sonra Xalq artisti Siyavuş
Kərimi rəhbərlik
edib. 2002-ci ildən isə ansamblın rəhbəri Əməkdar artist Mircavad
Cəfərovdur. Son illərdə
"Cəngi" qrupunun
kifayət qədər
uğurları, nailiyyətləri
var. Ölkədə və
xaricdə konsertlər,
musiqimizi müxtəlif
layihələr və
festivallar çərçivəsində
dünyada təmsil etmək və s. Elə son bir neçə ildə Parisdə, Ankarada və başqa şəhərlərdə verdikləri
maraqlı konsert proqramları diqqətəlayiqdir.
Caz spesifik musiqidir, hər zövqdə adamın, dinləyicinin anlayacağı, hiss edə biləcəyi sənət növü deyil, desək yanılmarıq. Yəqin elə buna görə çox vaxt Caz konsertləri kiçik auditoriya üçün nəzərdə tutulur, xudmani konsert salonlarında keçirilir. Eyni zamanda cazın özünün sərbəstliyi və çərçivəsizliyi bir növ onun dinləyicisinə də təsir edir. Bu mənada caz konsertlərində mühit, aura bir az daha fərqli, həm də sirli, yarıqaranlıq olur. Və bütün bunlar cəm halında insanın ovqatına, halına da təsir edir. Üstəlik musiqinin izaholunmaz təsiri, sehri.
Həmin gün, 30 oktyabrda Rəşid Behbudov adına Mahnı Teatrında da bu sərbəst, həm də yarıqaranlıq aura hiss olunurdu. Hələ konsert başlamazdan öncə musiqiçilərin, qrupun rəhbəri Mircavad Cəfərovun sadəliyini düşünürəm. Bəlkə elə bu sadəliyin, konsert öncəsi təşkilati işlərlə məşğul olmağın, qonaqları qarşılamağın özü də cazdan gəlir, bilmirəm.
Nəhayət konsert başlanır və aparıcı Rahib Azəri Caz Festivalından, ölkəmizdə cazın tarixindən danışır. Bir azdan meydan musiqiçilərin ixtiyarına verilir. Konsert boyu müxtəlif bəstəkarlardan 15 kompozisiya səsləndirilir. Onu deyim ki, ansamblın repertuar seçimi və hər il tamaşaçıları qarşısına yeni kompozisiyalarla çıxmaları ayrıca bir mövzudu. Eyni zamanda rəngarənglik və bir çox unudulmuş klassik melodiyalara da müraciət etmələri təqdirəlayiqdir. Bu dəfəki konsertdə də Qara Qarayev, Tofiq Quliyev, Səid Rüstəmov, Siyavuş Kərimi, Aqşin Əlizadə kimi bəstəkarlarımızın musiqiləri ilə yanaşı Motsartın sonataları da səsləndi. Amma bu klassik nümunələrlə bərabər gənc pianoçu Vasif Hüseynlinin "Rafiq Babayevə ithaf" və "Mənim yuxularım" kompozisiyaları da dinləyicilərə təqdim olundu. Konsertdə qrupun rəhbəri bu melodiyaların yaranma tarixçəsindən söz açdı və bildirdi ki, Vasif doğrudan da ölməz Rafiq Babayevi yuxularında görüb, bu melodiyalar da onun beyninə yuxuda gəlib. Həm musiqiləri, həm də arada hansısa melodiyaların yaranma tarixçələrini dinlədikcə yaradıcılıq prosesinin sirri haqqında düşünürəm. Qəribə və izaholunmaz məqamdı. Bəzən ağlına gəlməyən anda, tamam unutduğun bir detal yadına düşər və yeni əsərin yaranmasına səbəb ola bilər. Yaxud bir yuxu, yuxu ilə oyaqlığın arasındakı naməlum halın, gözünə görünən hadisədən ən yaxşı əsərin başlanğıc götürər.
Ümumiyyətlə, caz musiqisi insanı dalğınlaşdıran, bir az da həzin, "rahat" xəyallara aparan musiqidi. Ansamblın ifaçısı Arzu Həsənova Səid Rüstəmovun musiqisi əsasında hazırlanmış "Danışaq" mahnısını oxuyur və mən sözün, səsin, musiqinin harmoniyasına heyrət edirəm. Qəribə bir rahatlıq var bu musiqidə. Sanki yupyumşaq kürsüdə əyləşib düşüncələrə dalırsan, yaxud da sənə əziz, doğma bir adamla danışır, asta-asta söhbət edirsən. Səid Rüstəmov musiqisinin bu cür müasir, amma həm də aşıqsayağı üslubda təqdimatı son dərəcə təsirlidi. Eyni zamanda peşəkarlıq, işinə məsuliyyətlə yanaşma da öz effektini verir. "Cəngi" qrupunun hər bir üzvü öz sahəsində peşəkardı və hiss olunur ki, durmadan öz üzərlərində çalışırlar. Qrupun ən gənc üzvü, Mircavid Cəfərovdan ən yaşlı üzvlərinə kimi hamısının peşəkarlığı, professional musiqi savadı özünü göstərir. Bir sözlə bu qrupun konsertini dinlədikcə əsl komanda işini, birliyi hiss edirsən. Mircavad Cəfərovun rəhbərliyi altında zərb alətlərində İskəndər Ələsgərovun, gitarada Ruslan Hüseynovun, nağarada Kamran Kərimovun, tarda Mircavid Cəfərovun, pianoda Vasif Hüseynli və Tural Qasımlının, balabanda Coşqun Sadıqovun və vokalist Arzu Həsənovanın yaratdığı birliyi.
Kompozisiyalara ardıcıl qulaq asdıqca həm musiqimizin zənginliyini, dərinliyini, hər üslubda, hər tərzdə gözəlliyini, həm də bu insanların bir-birini necə tamamlamasını düşünürdüm. Hələ hər uğurlu, təsirli məqamdan sonra Mircavad Cəfərovun öz yetirmələrinə heyranlıqla baxması, zövqünü gizlətməməsi xüsusi effekt verirdi.
Konsert bitmək üzrə
idi. Belə konsertlərin qısa və bir göz
qırpımında keçməsi, amma təsirinin
də uzun zaman
qalması maraqlıdı. Musiqidən tam doyduğunu hiss etmirsən
və görünür elə bir sirr də bundadı.
Yaxşı nə varsa, az
olur. Sabah isə festival çərçivəsində sonuncu, Bakı Caz Mərkəzində
Arslan Növrəslinin konserti
olacaq. Və bununla da Bakıda
növbəti Caz Festivalı sona yetir.
PƏRVİN
525-ci qəzet.- 2014.- 4 noyabr.- S.7.