Azərbaycan
xalçaçılığı - milli və bəşəri
mədəniyyətin nadir nümunəsi
Xalça
sənəti Azərbaycan xalqının milli mənəvi dəyərlərindən
biri olduğu kimi, maddi mədəni
sərvətlərimiz sırasında da müstəsna
yer tutur. Tarixi mübarizələrlə dolu keçmişi
olan xalqımız yaşam tərzini, mənəviyyat tarixini
xalı-xalçalara köçürərək yüzillər
boyu nəsillərdən-nəsillərə
ötürüb, bu günə kimi yaşadıb. Bu sənətin
ümumxalq sənəti kimi yaşaması, inkişaf etdirilməsi,
mədəniyyətimizdə, milli dəyərlər sistemində
layiqli yer tutması onun əzəli və əbədi mahiyyətilə
bağlıdır. İlkin, ibtidai şəklini havadan, oddan,
sudan və torpaqdan - bu dörd ünsürdən
aldığı iddia edilən xalça sənətinin dəqiq
tarixi hələ də bəlli deyil. Hətta bu sənətin
ilkin himayəçilərinin peyğəmbərlər
olduğu da qeyd edilir.
Əlinə
qələm alıb bir xalça əsəri yaratmaq istəyən
rəssamın keçirdiyi hisslər, qarşısına
qoyduğu ideyalar necə mühümdürsə, toxunacaq
xalça layihəsinin hazırlanması da o qədər vacib
mərhələdir, bu iş çox böyük zəhmət,
bilik və zövq tələb edir.
Xalq sənətlərinin
ən geniş yayılmış növü Azərbaycan
xalqının məişətində özünəməxsus yer tutan və az qala xalqın rəmzinə
çevrilən xalça sənətidir. Müxtəlif
naxış elementləri və təsvirlərlə bəzədilən
xovlu və xovsuz xalçalar çadırların, alaçıqların,
habelə yaşayış evlərinin və digər
binaların divar bəzəklərində, döşənməsində
istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət
kəsb edir. Hələ qədim dövrlərdən
xalqımızın xalçalarımıza verdiyi qiymət
danılmazdır. Böyük ədibimiz Mir Cəlalın qələmində
ölümsüzləşən "...Yada satmaram" deyimi
də məhz xalçalarımıza verdiyimiz dəyərin,
qiymətin sübutudur, xalçaçılığın azərbaycanlılar
üçün necə mənəvi qiymət kəsb etdiyini
göstərir.
Azərbaycanda
xalçaçılığın inkişafı haqqında
Herodot və başqa qədim dünya tarixçiləri məlumat
veriblər. Bu barədə electron və digər tipli mənbələrdə
göstərilir ki, hələ Sasanilər dövründə
(III-VII əsrlər) Azərbaycanda xalça sənəti
güclü inkişaf edib, ipəkdən,
qızıl-gümüş saplardan nəfis xalçalar
toxunub. Alban tarixçisi Musa Kalankatlı (VII əsr) Azərbaycanda
toxunan ipək parçalar və rəngarəng xalçalar
haqqında məlumat verib. Qızıl-gümüş saplarla
toxunan və qaş-daşla bəzədilən xalça
istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter
alıb. Bu cür xovsuz xalçaların əsas istehsal mərkəzləri
Təbriz, Şamaxı və Bərdə şəhərləri
idi. Baha başa gəldiyindən əsasən feodallar
üçün hazırlanan belə xalçalar "zərbaf"
adlanırdı. Azərbaycanın xalça məmulatları
və onların bədii xüsusiyyətləri haqqında
orta əsrlərə aid yazılı mənbələrdə
maraqlı məlumatlara rast gəlinir. X əsrə aid
"Hüdud əl-aləm" ("Dünyanın sərhədləri")
əsərində naməlum müəllif Muğanda toxunulan
palas və çullardan, Naxçıvanın zili toxunuşlu
xalılarından məlumat verir, "Kitabi-Dədə
Qorqud" dastanında Azərbaycanın ipək
xalçaları, Əbül Üla Gəncəvi, Nizami,
Xaqaninin (XII əsr) əsərlərində xovlu və xovsuz
xalçalar tərənnüm olunur.
XIII - XIV əsrlərdə
Azərbaycandan xarici ölkələrə çoxlu
xalça və xalça məmulatı ixrac edilirdi. İncə
ornamentləri, zərif və nəfis naxışları ilə
diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarının
əsərlərində, miniatürlərdə öz əksini
tapır. XV əsr Niderland rəssamları Hans Memlinqin "Məryəm
öz körpəsi ilə" tablosunda "Şirvan"
xalçası, Van Eykin "Müqəddəs Məryəm"
əsərində "Zeyvə xalçası", Alman rəssamı
Hans Holbeynin (XV əsr) "Səfirlər" əsərində
"Qazax" xalçasının təsvirləri verilib.
Müxtəlif
naxış elementləri və təsvirlərlə zəngin
Azərbaycan xalçaları təkcə
görünüşü, keyfiyyəti, gözəlliyinə
görə yox, həm də orijinallığı, fəlsəfiliyinə
görə dünyada məşhurdur. Azərbaycan
xalçaları öz texniki xüsusiyyətlərinə
görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin
ən erkən dövrünə təsadüf edir. Azərbaycan
xalça sənəti öz yüksək bədii texniki
keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə
görə fərqlənir. Xovsuz xalçaların və
ümumiyyətlə xalça sənətinin
yaranmasının əsasını onların ilk sadə
nümunələri olan həsir, çətən, buriya təşkil
edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya
quruluşuna, ornament zənginliyinə və rəng koloritinə
görə bir-birindən fərqlənən 8 növə
bölünür. Bunlar palaz, cecim, ladı, kilim, şəddə,
vərni, zili və sumax adlanır. Sadalanan xalça növləri
ilmələrinin sıxlığı, rəng
çalarları, toxunuşu və ornamentlərinə görə
bir-birindən fərqlənir. Xovlu xalçalar ilmə toxuma
üsulu ilə yaradılır ki, bura yer və divar
xalçaları, gəbələr, dəst-xəli gəbələr,
namazlıqlar və s. nümunələr daxildir. Xovlu
xalçalar toxuculuq sənətinin ən yüksək
inkişaf mərhələsini təşkil edir. Toxunma
üsuluna görə xovlu xalçalar xovsuzlardan daha mükəmməldir.
Bu toxuma prosesi həm simmetrik ilmə
ilə, həm də asimmetrik üsulu ilə əməl
edilir. Kompozisiya və motivlərinə
görə çox mürəkkəb ornamentlə zəngin bəzədilən
xovlu xalçalar digər xalça növlərindən fərqlənir.
Müxtəlif ölçülü xovlu xalçalar bu gün də bir
çox ənənəvi toxuculuq mərkəzlərində
istehsal edilir. Azərbaycan xalçaları daim xarici ölkələrdə
təşkil olunan sərgilərdə yüksək yerlər
tutub, qızıl və gümüş medallara layiq
görülüb.
Xalça
sənəti tarixən iki istiqamətdə inkişaf edib.
Onlardan biri evdə - xalq ustalarının toxuduqları, digəri
isə peşəkar - ustad rəssamların yaratdıqları
xalçalardır. Xalçaçılıq sənətində
toxucularla yanaşı rəssamların da zəhməti
danılmaz fakdır. Xalçaçı rəssamın zəngin
dünya görüşü olmalıdır. Azərbaycanda
bir çox xalçaçı rəssamlar var ki, onların
adını çəkməmək mümkün deyil.
Görkəmli
xalçaçı-rəssam Kamil Əliyev Azərbaycan rəssamlıq
sənətində, o cümlədən,
xalçaçılıq sənətində də
özünəməxsus yeri olan sənətkardır. Bakı
Rəssamlıq Məktəbində (BRM) tanınmış rəssam
Əzim Əzimzadənin tələbəsi olub. Kamil Əliyev 1946-cı ildən
Respublika Bədii Fonduna (RBF) rəhbərlik edib. 1950-ci illərdən
etibarən, K.Əliyevin yaradıcılığında
süjetli xalıların və portret-xalçaların
yaradılması aparıcı mövqe tutub.
Dünyada
portret-xalçaların ən yaxşı nümunələrini
Kamil Əliyev yaradıb. Bu sahədə ilk işi
"Füzuli" xalçası olub. Rəssamın əsərlərindən-
Atatürkün, ABŞ-ın eks-prezidenti Bill Klinton və
xanımının, İndira Qandinin, Şota Rustavelinin,
Puşkinin portret-xalçaları yaxın-uzaq ölkələrdə
yüksək dəyərləndirilib.
Azərbaycanın
Əməkdar rəssamı Aydın Rəcəbov 1944-cü
ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə
Ə.Əzimzadə adına Rəssamlıq məktəbini
bitirib. 1966-1972-ci illərdə M.Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsində
təhsil alıb. 1975-ci ildə Azərbaycan Rəssamlıq
İttifaqının üzvü olub. Beynəlxalq və
respublika sərgilərinin iştirakçısı olub. Rəssamın
əsərləri Almaniyada, Norveçdə, Rusiyada şəxsi
kolleksiyalarda saxlanılır.A.Rəcəbov Azərbaycanda
milli xalça sənəti ənənələrinin
davamçısı sayılır, əsərləri daha
çox XXI əsrin yeni tekstil nümunəsi hesab edilir, Soltan
Məhəmməd mükafatının laureatı, Azərbaycan
Mədəniyyət Fondunun təqaüdçüsü, Rəssamlar
İttifaqında "Dekorativ-tətbiqi sənət"
bölməsinin sədridir.
Görkəmli
xalça ustası Cəbrayıl Əhmədov "Azərxalça"
İstehsalat Birliyinin yaradıcısıdır. Onun fəaliyyəti
dövründə Bakı xalça artelində yüksək
kefiyyətə malik bir sıra xalçalar (Nizaminin "Xəmsə"si
və sairə) ölçüsünə görə Azərbaycanda
toxunan ən böyük xalçalar olublar.
Xalça
rəssamı Cavanşir Əliyev yaratdığı sənət
əsərlərin görə sıra beynəlxalq miqyaslı
diplom və mükafatlara layiq görülüb. O,
çoxsaylı fərdi sərgilər müəllifidir.
Əsərlərinin 50 faizə qədəri xarici ölkələrdə
tanınır.
Eldar
Mikayılzadə məhz xalçaçı-rəssam kimi bu
sənəti yaşadan, dünyaya tanıtdıran sənətkarlardan
biridir. O, 1956-cı ildə
Bakının Əmircan kəndində anadan olub. Əzim
Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq
fakültəsini əla qiymətlərlə bitirdikdən
sonra təhsilini o vaxtkı
Leninqrad Rəssamlıq Akademiyasında davam etdirib. Onun
xalçaçılıq sənətinə marağı
Leninqradda təhsilini başa vurub Bakıya qayıtdıqdan
sonra başlayıb. Eldar Mikayılzadə əvvəlcə Azərbaycan
Elmlər Akademiyasında xalçaçılıq
şöbəsində işləyib, daha sonra isə "Azərxalça"
Elmi Yaradıcılıq İstehsalat Birliyində baş rəssam
kimi fəaliyyət göstərib. Rəssam əmək fəaliyyətini
həmin birlikdə baş direktorun müavini, baş direktor vəzifələrinin
icraçısı olaraq davam etdirmiş, sonralar
özünün "Xalı" şirkətini
yaratmışdır. Eldar Mikayılzadə Dövlət Rəssamlıq
Akademiyasının müəllimidir. O, 1986-cı ildən
SSRİ Rəssamlar İttifaqının, 2004-cü ildən
Rusiya Rəssamlar İttifaqının və YUNESKO yanında Rəssamlar
Birliyinin üzvüdür. Müəllifi olduğu
"Yaranış" xalçası Frankfurtda keçirilən
beynəlxalq sərgidə qızıl medala layiq
görülüb. Əsərləri Rusiya, Böyük
Britaniya, Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı,
Küveytdə şəxsi kolleksiyalarda saxlanılır.
(Ardı var)
Samirə
QULİYEVA
Vəfa
MƏMMƏDLİ
525-ci qəzet.-
2014.- 4 noyabr.- S.6.