Bəstəkarlar
İttifaqının 80 illiyi qeyd olunub
Noyabrın 2-də Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunan musiqi festivalının açılış mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək qurumun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, əsası dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qoyulan bu qurum 80 illik fəaliyyəti dövründə böyük işlər görüb, bir sıra nailiyyətlər əldə edib.
Festivalın proqramının rəngarəng olduğunu bildirən sədr deyib ki, ayrı-ayrı konsert salonlarında təşkil ediləcək tədbirlərdə 70 müəllifin müxtəlif janrlarda bəstələdikləri musiqilər səslənəcək.
F.Əlizadə əlavə edib ki, festivalda xarici ölkələrdən musiqişünaslar və bəstəkarlar da iştirak edirlər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, Bəstəkarlar İttifaqının 80 illiyi bir ilə yaxındır ki, müxtəlif tədbirlərlə qeyd olunur. Nazir bildirib ki, bu qurumun öz yaradıcılıq potensialını gücləndirərək ölkəmizin mədəni həyatında özünəməxsus yer tutması təqdirəlayiq haldır. Klassik Azərbaycan musiqisinin, yaradıcılıq potensialının inkişafında Bəstəkarlar İttifaqı çox böyük rol oynayıb. Müxtəlif dövrlərdə bu quruma rəhbərlik edən Qara Qarayev, Tofiq Quliyev və digərləri Azərbaycan musiqisinin inkişafına dəyərli töhfələr veriblər.
Vurğulanıb ki, bu gün Azərbaycan musiqisi ölkəmizin hüdudlarından kənara çıxıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə Azərbaycan mədəniyyətinin təqdimatları keçirilir. Sözsüz ki, bu təqdimatlar çərçivəsində musiqimiz ən əsas qüvvədir.
Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətini yüksək qiymətləndirən nazir musiqimizin tanınmasında və daha geniş təbliğ olunmasında, yeni əsərlərin ərsəyə gəlməsində, müxtəlif maraqlı layihələrin həyata keçirilməsində qurumun böyük rolu olduğunu söyləyib. Diqqətə çatdırıb ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan müxtəlif festivalların keçirilməsində Bəstəkarlar İttifaqı da fəal iştirak edir.
Azərbaycan bəstəkarlarından yeni yaradıcılıq nailiyyətləri gözlədiklərini vurğulayan nazir deyib ki, ölkəmizi tanıtmaqda, insanlarda ruh yüksəkliyi yaratmaqda musiqinin böyük rolu var. İnanırıq ki, bəstəkarlarımız öz yaradıcılıq axtarışları ilə buna nail olacaqlar.
Musiqiçilərə dövlət tərəfindən dəstək verildiyini söyləyən Ə.Qarayev həm yaşlı, həm də gənc nəslin nümayəndəsi olan bəstəkarlara xüsusi təqaüdlər təsis edildiyini diqqətə çatdırıb.
Sonra Ü.Hacıbəyli adına Azərbaycan Simfonik Orkestrinin konserti olub. Orkestrə Əməkdar İncəsənət
Xadimi Fəxrəddin Kərimov dirijorluq edib.
Konsertdə, həmçinin Xalq Artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası da çıxış edib.
Bundan başqa, Sərdar Fərəcovun “Türk şöləni”, Dadaş
Dadaşovun qanun ilə simfonik orkestr üçün konserti, Cəlal Abbasovun “If I could see you again” (“Kaş
səni yenidən görə biləydim”) simfoniyası, Mobil Babayevin
viola və simfonik orkestr üçün konserti, Rəna Qədimovanın “Sarı gəlin” balladası, Həsən Adıgözəlzadənin
“Bursa” kantatası, Məmməd
Cəfərovun “Vətən
dedim” kantatası, Tofiq Bakıxanovun “Həmişə bizimləsən”
simfonik poeması, Cövdət Hacıyevin “Sülh uğrunda” simfonik poeması səsləndirilib.
Festival noyabrın 5-dək davam edəcək.
S.Abdullayeva
525-ci qəzet.-
2014.- 5 noyabr.- S.7.