Əbülfəs Qarayev
macarıstanlı həmkarını qəbul edib
Mədəniyyət və Turizm Nazirliyində Azərbaycanın
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarton ilə görüşü olub. Nazirliyin
mətbuat xidmətindən
verilən məlumata görə, Peter Siyarton qonaqpərvərliyə görə
nazir Əbülfəs
Qarayevə minnətdarlığını
bildirərək qeyd edib ki, Azərbaycan
ilə Macarıstanı
bir çox sahələrdə, o cümlədən
mədəniyyət sahəsində
möhkəm əlaqələr
birləşdirir.
Görüş zamanı Əbülfəs
Qarayev Azərbaycanda təşkil olunmuş beynəlxalq mədəniyyət
tədbirlərindən - forumlardan,
konfranslardan, festivallardan,
sərgilərdən və
başqa tədbirlərdən
bəhs edib. Ə.Qarayev xüsusi
vurğulayıb ki, bugünlərdə Azərbaycanda
III Bakı Beynəlxalq
Teatr Konfransı keçirilir. Konfransda dünyanın
hər yerindən tanınmış teatr kollektivlərinin nümayəndələri,
mütəxəssislər, mədəniyyət və
incəsənət xadimləri
iştirak edirlər.
Həmin
gün Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin və Macarıstanın ölkəmizdəki
səfirliyinin dəstəyi
ilə çap olunan "Azərbaycan-Macarıstan
mətbəxi" kitabının
təqdimatı da baş tutub. Təqdimat mərasimində
Azərbaycan ilə Macarıstan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə
əlaqələrin inkişaf
etdiyi bildirilib, Heydər Əliyev Fondunun beynəlxalq layihələr çərçivəsində
Macarıstanda da bir sıra layihələr
reallaşdırdığı qeyd olunub, bu
il bu ölkədə
əlil uşaqlar üçün yeni reabilitasiya korpusunun təməlinin qoyulduğu
vurğulanıb.
Tədbirdə qeyd olunub ki,
xalqları bir-birinə
tanıdan, sevdirən
dəyərlərdən biri
də mətbəx mədəniyyətidir: "Hansı
xalqın mətbəxi
daha qədim və zəngindirsə onun dünyada daha geniş coğrafiyada tanınmaq şansı da bir o qədər böyükdür. Son illər mətbəx mədəniyyətinin təbliği,
tanınması istiqamətində
ciddi işlər görülür, festivallar
keçirilir, yeni nəşrlər hazırlanır".
Macarıstanın Azərbaycandakı səfiri
Jolt Çutora Heydər
Əliyev Fondunun həyata keçirdiyi layihələri yüksək
qiymətləndirib: "Azərbaycan
və macar dillərində işıq
üzü görən
nəşrdə hər
iki xalqa məxsus milli yeməklər, zəngin mətbəx nümunələri
barədə ətraflı
məlumatlar verilir".
Azərbaycan mətbəxinə böyük
sevgi ilə yanaşdığını deyən
diplomat vurğuladı ki,
bu sevgi onu ölkəmizə daha çox bağlayıb.
"Azərbaycanda Macarıstanı
yaxşı tanıyırlar",
- deyən səfir qeyd etdi ki,
ikitərəfli münasibətlərin
inkişafı çoxsaylı
yüksək səviyyəli
səfərlərlə bağlıdır:
"Azərbaycan-Macarıstan mətbəxi barədə
ilk kitabı tərtib
etmək mənim üçün çətin
olmadı. Mən həm yeməyi,
həm də bişirməyi xoşlayıram
və həmçinin
bir-birinə çox yaxın olan Azərbaycan və macar mətbəxini hədsiz dərəcədə
sevirəm".
Səfir kitabın hazırlanmasında
böyük dəstəyə
görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını
bildirib. Tədbirdə ölkəmizdə səfərdə
olan Macarıstanın
xarici işlər və ticarət naziri Peter Siyarto qonaqlara macar mətbəxi nümunələrinin
dadına baxmağı
tövsiyə edib:
"Azərbaycana beşinci
dəfədir ki, səfər edirəm. Ölkələrimiz arasında siyasi,
iqtisadi, mədəni və digər sahələrdə əlaqələr
dinamik inkişaf edir. Ölkələrimizi və xalqlarımızı
dostluq münasibətləri
bağlayır, bir çox ortaq xüsusiyyətlərimiz var
və bu, sevindirici haldır. Kitabın nəşrini iki ölkə arasında olan dostluq əlaqələrinə
töhfədir, ümid
edirəm ki, yeni nəşri oxuyan hər bir kəs hər
iki xalqı daha yaxından tanıyacaq və sevəcək".
P.Siyarton Macarıstan mədəniyyət
müəssisələrinin fəaliyyəti barədə
məlumat verib və bu sahədə
iki ölkə arasında əməkdaşlığın
daha da genişlənəcəyinə
əminliyini ifadə edib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 5 noyabr.- S.7.