Multikulturalizm-mədəniyyət fəlsəfəsinin
yeni inkişaf mərhələsi kimi
(Əvvəli
ötən sayımızda)
Multikulturalizm
Şərq nəzəri-fəlsəfi bir məsələ
olmadığına, cəmiyyət həyatının demək
olar ki bütün sahələri ilə əlaqəli, eləcə
də inkişaf etməkdə, dəyişməkdə olan təcrübi
prosessual bir məsələ olduğuna görə onun elmi
şəkildə müəyyənləşdirilməsi, təsnifləşdirilməsi
və s. üçün yanaşmalar müxtəlifdir.
Multikulturalizmin genetik təhlili bizi bir neçə əsr əvvəldən
günümüzə qədər - Maarifçilik
dövrünə və klassik rasional, metafizik fəlsəfənin
bir sistem kimi yekunlaşdığı, beləliklə, tarix və
mədəniyyət fəlsəfəsinin
formalaşdığı, sistem çərçivəsindən
çıxaraq çox müxtəlif yanaşmalarla müxtəlif
inkişaf istiqamətlərinin geniş bir spektrinə yönəltsə
də, tam bir ictimai-siyasi hadisə kimi, bir elmi-fəlsəfi
kateqoriya kimi yarandığı, zəruri olaraq tələb
olunduğu dövrün düşüncə məktəbləri
təfəkkür sistemləri anlayışları çərçivəsində
öyrənilməlidir. Bu baxımdan multikulturalizmi son
yarım əsrin mürəkkəb inkişaf proseslərinin,
bu inkişafın cəmiyyətdə və təfəkkürdə
gətirib yaratdığı xaos və böhran fəlsəfəsi
kimi meydana çıxan, Qərbin dar, birtərəfli,
mürtəceləşmiş şəkildə təəssübkeş,
dərinləşməkdə və misilsiz şəkildə
inkişaf etməkdə olan həyat və təfəkkür
sərhədlərini özünə
sığışdıra bilməyən, onları izah etməkdə
son dərəcə zorlanan təfəkkür çərçivəsini
qırıb dağıdan, az qala orta əsrlərin ortodoksal
dini ehkamları kimi sabitləşmək, mütləq həqiqət
rolunu oynamağa çalışan klassik rasional
düşüncə tərzini və
anlayışlarını dekonstruksiyaya məruz qoyaraq
onları ali həqiqət mərtəbəsindən salan, beləliklə
də düşüncədə Avropa mərkəzçiliyinə
son öldürücü zərbəni vuran, zaman və məkan
etibarilə heç bir fərq qoyulmadan insanlığın
yaratdığı bütün düşüncə tərz və
sistemlərinə, mədəniyyətlərə bərabər
hüquq, bərabər status tanıyan postmodernizm fəlsəfəsinin
nailiyyətlərindən biri kimi də baxmaq olar. Bu baxışaçısından multikulturalizm mədəniyyət
fəlsəfəsinin postmodernist diskursu kimi başa
düşülə, nəzərdən keçirilə bilər.
Klassik Avropa metafizikasının
rasionallığına, loqomərkəzçiliyinə
totallıq və universallıq iddiasına, xətti,
strukturlaşdırılmış düşüncə
quruluşlarına qarşı mübarizənin ifadəsi kimi
meydana çıxan bu diskurs mədəniyyət sahəsində
Avropamərkəzçiliyin, rasizm və müxtəlif
formalı diskriminasiyaların tənqidinin ifadə meydanına
çevrilir. Bu diskursun yaranmasını şərtləndirən,
onu tarixin və təfəkkürün axınının əsas
macəralarından birinə çevrilməsində
başlıca rol oynayan fikir istiqamətləri - K.Levi Strossun
struktur antropologiyası, J.Derridanın dekonstruksiyası, J.Delez
və F.Qvattarinin rizoma ideyası, nomadologiyası, C. de Bovuar və
Y.Kristevanın gender tədqiqatları, M.Buber, E.Levinas,
M.Baxtinin dialogizm ideyası, J.Lakanın struktur psixioanalizi, eləcə
də bütövlükdə postmodernist düşüncəyə
xas olan binar düşüncənin tənqidi, metatəhkiyələrin
və binar quruluşların dekonstruksiyasıdır.
Müasir
cəmiyyətlər birgə yaşamaq zərurətində
olan müxtəlif milli, dini və s. qrupların
konqlomeratlarıdır. Mədəniyyət bu
qruplar arasında həm ümumi olan, həm də təkcə,
xüsusi olanı üzə çıxarır. "Mədəniyyət insanları həm birləşdirir,
həm də onları ayırır". Vaxtilə
T.Hobbsun ifadə etdiyi "hamının hamıya qarşı
müharibəsi" fikri mədəniyyətlər və
identikliklər çoxluğu olan müasir qloballaşma
dövründə milli dini və digər zəminlərdə
özünü bəzən bütün
amansızlığı ilə göstərir. Eyni zamanda bir tərəfdən bunun da şahidi
oluruq ki, A.A.de Bonuanın qeyd etdiyi kimi,"cəmiyyət
öz mədəni potensialına görə nə qədər
mürəkkəb olarsa, mədəniyyət o dərəcə
böyük ölçüdə orada tərbiyə və təhsil
rolunu oynayır".
Multikulturalizm nəzəriyyəsi multimədəni
mühitdə konfliktsiz birgə mövcudluğun əxlaqi
şərtləri, mədəniyyətin ayırıcı
deyil, birləşdirici, "tərbiyə və təhsil rolu
oynadığı" şərtlər üzərində təmərküzləşir. Eyni zamanda,
yuxarıda qeyd etdiyimiz postmodernist ideyaların
bütünlüklə multikulturalizm çətiri altında
gerçəkləşdirilməsi təcrübəsi də
minillərin rasionalist, loqomərkəzçi, mühafizəkar
düşüncə və mentalitetini daşıyan, başda
elə Avropa topluluqları olmaq üzrə, cəmiyyət tərəfindən
asanlıqla həzm olunmur. Hər bir düşüncə
axını kimi postmodernizmin də müəyyən dəyərlər
qoyaraq başa çatma ehtimalı, nisbi, keçici xarakteri,
indinin özündə artıq modernə yeni
qayıdış çağırışlarının daha
yüksək səslə, daha elmi məntiqlə ifadəsi
multikulturalizmin də gerçəklik şərtlərini nəzərə
almasını və öz daxilindəki təmayüllərin
mövcud cəmiyyətlərin durumuna, inkişaf perspektivlərinə
daha müvafiq olanın önə çəkməsini səciyyələndirir.
Multikulturalizmin əsasında duran mədəniyyətlərin
müxtəlifliyi ilə yanaşı həm də onların
bərabər dəyərliliyini ifadə edən pluralizm
prinsipi özünün bir çox təcrübi gerçəkləşmə
nümunəsində çoxluq və azlıq binar əksliyinə
söykənən, çoxluq elementinin əsas struktur mərkəzi
dominant element olduğu milli dövlətlərin quruculuq əsaslarını,
postmodernist təbirlə deyilərsə, onların "metatəhkiyələri"ni
dekonstruksiyaya məruz qoya bilir. Ona görə də
hazırda multikulturalizm nəzəriyyəsində mədəni
birliklərin, qrupların bərabərdəyərlilik
prinsipindən daha çox "başqa mədəni təcrübələrin
dəyərlərini nəzərə almaq, onları öyrənmək
və dialoq aparmaq" təmayülü ön plana
çıxır. Bu təmayül həm
də onu əsas götürür ki, dəyər
anlayışı son dərəcə fərdi səciyyə
daşıyır və bu və ya digər tarixi ənənənin
mədəni təcrübənin
daşıyıcılarına aidiyyəti ilə şərtlənmişdir,
ona görə də mədəni təcrübələrə
əvvəlcədən bərabərdəyərli kimi baxmaq
hansısa bir əsasa söykənir. Amma hər
hansı bir mədəni təcrübənin öyrənilməsi,
onunla dialoq aparılması onun həqiqətən dəyərə
malik olmasını və bu dəyərin səviyyəsini
göstərə bilir. Məhz bu zaman həmin
mədəniyyətin saxlanılması, onun müdafiə
olunması zərurəti yaranır. Dialoq
müxtəlif mədəni təcrübələrin qorunub
saxlanılmasına, inkişaf etdirilməsinə yönəlik
qurucu bir fəaliyyətdir. Dialoqsuzluq daim
öz xüsusi mədəni dəyərlərini ən
üstün, universal, hamı üçün mühüm dəyərlər,
başqa dəyəri isə qəbulolunmaz hesab etməklə
konfliktə gətirib çıxarır. Birgə
mövcudluq zərurəti dialoqu da zəruri edir. Fərdlər
və mədəniyyətlərarası dialoqun qurulması prosesində
başlıca prinsip "Başqası"nı
necə özünün xüsusi təcrübəsinin
subyekti kimi başa düşə bilməkdir.
Dialoq bir fəlsəfi konsepsiya kimi müxtəlif fəlsəfi
cərəyanlarda bariz şəkildə təşkil
olunmuşdur.
Bu anlayışın fəlsəfi səciyyəsi M.M.Baxtin tərəfindən
belə ifadə edilir: "...dialoq münasibətləri-kompozisiya
şəklində ifadə olunmuş dialoq replikaları
arasındakı münasibətlərdən daha geniş bir
hadisədir, bu, demək olar ki, bütün insan nitqinin və
insan həyatının bütün münasibət və təzahürlərinə
nüfuz edən universal bir hadisədir, ümumiyyətlə,
məna və əhəmiyyəti olan hər bir şeydir. Şüurun başladığı yerdə... dialoq
başlayır".
Multikulturalizm fenomeninin təhlilində mövzu
qoyuluşu müxtəlifliyi ilə əlaqədar olaraq vahid nəzəriyyəyə
istinad etmək mümkün deyil. Multikulturalizm adətən sol radikal
ideologiyaları ideyalarının, həyat fəlsəfəsi,
hermenevtika, fenomenologiya və s. kimi bəzi ənənəvi
ideyaların poststrukturalizm, neofreydizm kimi postklassik ənənəvi
fəlsəfi istiqamətlərin, müasir Qərb siyasi fəlsəfəsinin,
postsosiologiyanın eklektik sintezi kimi nəzərdən
keçirilir. Bu ona gətirib
çıxarır ki, multikulturalizm özlüyündə
tamamlanmış bir konstruksiyadan daha çox yeni yaranan ideya və
konsepsiyaların daim əlavə olunaraq prosessual bir təşkilat
kimi özünü göstərir. Bir tərəfdən
tədqiqat predmetinin qeyri-müəyyənliyi, bu fenomenin hələ
təşkil prosesində olması, digər tərəfdən
postklassik fəlsəfəsinin anlayışlarının hələ
refleksləşməməsi, yeni postmodernist fəlsəfi
anlayışların fəlsəfi diskursa nifuz edərək
onun forma və məzmununu dəyişdirməsi
multikulturalizmin bir prosessual situasiyalılığını
şərtləndirir. Klassik fəlsəfə
ənənənin subyekt monoluqu üzərində qurulmuş
diskursundan fərqli olaraq multikulturalizm dialoq ideyasını
başlıca istiqamətə çevirir. Dialoq ideyası - Başqasını öz xüsusi
təcrübəsinin subyekti kimi başa düşmək
problemi keçən əsrin fəlsəfi fikrində müxtəlif
istiqamətlərdə həll edilməyə
çalışılmışdır. Bu təcrübənin
mövcudluğu və təbiətinin fəlsəfi
inandırıcılıq meyarı ilə
uzlaşdırılması probleminin E. Qusserl, R. Karnap, M.
Haydegger, E.Levinasın əsərlərində müxtəlif
yönlərdə təhlil edilmişdir. E.Qusserl
fenomenoloji baxış çərçivəsində
Başqasının duyğu və hissləri
anlayışı ilə fəlsəfi
inandırıcılıq meyarı ilə birləşdirə
bilməmişdir. R.Karnap bu problemin tədqiqi
üçün biheviorizm metodologiyasına müraciət
etmişdir. Lakin bu metodologiya fəlsəfi
tədqiqatlar üçün olduğu kimi bu problemin də həllində
yetərsiz qalmışdır. M. Haydegger hər bir şəxsi
varlığın özünə Başqasını başa
düşmək kimi fitri bacarıqlı varlığı
daxil etməsi fikri ilə məsələni irəliyə
götürməyə çalışmışdlr. E.Levinas şəxsiyyətin transendent fəallığının
həddini müəyyənləşdirmək istəmişdir.
Dialoq nəzəriyyəsi problemini Levinas
Başqasının avtoritetinin qəbulu və onun
üçün məsuliyyət hissinin yaranması kimi Mən
vəziyyəti prizmasından tədqiq edir. Məhz bu düşüncə multikulturalizm ontoloji əsaslanmasını
təşkil edir. Dialoq fəlsəfəsinin
müasir düşüncəyə tətbiqi
düşüncədə fundamentalizmdən imtinanın səbəblərindən
biridir. Fundamentallıqdan imtina intellektual fəallığı
artırır, fəlsəfə "sosial tənqid"
rolunda çıxış edir. XX əsrin
sonlarını əhatə edən müxtəlif
multikulturalist nəzəriyyələr bir-birindən
radikallığı və mötədilliyi ilə fərqlənir.
Radikal baxış multimədəniyyəti
daimi, keçilməz bir dəyər hesab edərək
tolerantlıq və mədəni identiklik ideyalarına əsaslanır.
M.Maruyamanın və E.Sankovskinin
çalışmalarında bu istiqamət dominant səciyyə
daşıyır. E. Cems və digərlərinin
aparıcı olduğu mötədil multikulturalizm hər bir mədəniyyətdə
özünəməxsus təzahür formasını tapan
müsbət və mənfi tolerantlığın sərhədləndirilməsi
nəzəriyyəsini inkişaf etdirir. Özünün
postmodernist səciyyəsi ilə multikulturalizm modernizmin monomədəniyyətinə
qarşılıq olaraq açıqlılıq və
dialoqluluq, metatəhkiyələrin olmaması yeni tipli mədəniyyətin
mövcudluq şərtidir. Subyekt
haqqında yeni təsəvvürlər yaradılmadan
multikulturalizmə keçid mümkün deyil. Tarixin fəal hərəkətverici qüvvəsi
olan insanın daxili azadlığı ən müxtəlif
istiqamətlərdə mədəniyyətin təkamülünü
mümkün edən başlıca səbəbdir. Multikulturalizmdə subyekt problemi müxtəlif
düşüncə istiqamətlərində yenidən şərh
olunmaqla, müasir epistomologiya özünü postsubyekt-subyekt
sonrası düşüncə tipi kimi təqdim edir. Son dərəcə gözlənilməzliklə
müşaiyət olunan dəyişikliklərə məruz qalan
subyekt anlayışı biloloji, psixoloji, ruhi struktur kimi önə
çıxır. Gerçəkliyin
subyekt-obyekt kimi dualist şərhindən imtina multikulturalizmi ənənəvi
modernist miflərin əvəzinə yeni mifologiyanın
yaranmasına gətirib çıxarır. Yeni Avropa mədəniyyətinin danışan
subyekti dağıdılır, yeni subyekt tip cinsi və irqi əlamətlərinə
görə dəqiqləşdirilir. Postmodernizmin
iddialı termini "subyektin ölümü" müasir fəlsəfənin
sərhədlərində subyekt-obyekt ikilisinin əvəzlənmə
ənənəsinin qaldırılması üçün tətbiq
edilir. Çağdaş düşüncənin
"subyektin ölümü" əqli nəticəsi
subyektin xalis rasionallığını
daşıyıcısı kimi klassik fəlsəfənin
inkişafı ilə bağlıdır. Subyektin
monolit vahidliyi hələ postmodernizmdən öncə,
psixioanalizin Mən və O qarşıdurmasının hərəkililiyi
ilə, postmarksizmdə cəmiyyətin mücərrədliyi,
fenomenologiyada intensionallıq anlayışı,
poststrukturalizmdə şəxssiz mətnlə
dağıdılır. Lakin qeyri-klassik fəlsəfədə
subyekt-obyekt ikilisini tamamilə aradan qaldırmır. Struktur psixoanaliz, dekonstruktivizm, multikulturalizm kimi bir
sıra yeni, postmədəniyyət dövrü fəlsəfələri
adlandırılan istiqamətlərin düşüncə sərhədlərinin
daxilində subyekt-obyekt dixotomiyası əriməyə
başlayır.
Struktur pisixoanaliz
kontekstində J.Lakan şüursuzluğun dil formasını
Başqasının nitqi kimi üzə
çıxarmışdır. Burada Mən
şüursuzluğun impulslarından çox, onun ümumi
simvolik düzənə determinə edilir. Şüursuz
arzuların mədəni normativlərə tabe olması kimi
pisixoanalitik tezis J.Lakan tərəfindən arzuların dilin
maddi formaları tərəfindən verilməsi haqqında
tezisdə yenidən formulə edilmişdir. Subyekt gerçəklik, təsəvvür olunan və
məcazi olan arasında bağlayıcı halqa kimi
çıxış edir. Fikrin
mövcudluqdan özgələşməsi nəticəsində
qeyri-mərkəzləşmiş kimi səciyyələnir.
Şüursuzluq dil kimi, realliq isə mətn
kimi durur. "...Mətnlər pluralist cəmiyyətdə
yaranan, baş verən sosial və tarixi transformasiyaları əks
etdirən səslərin multiplisitliyini təcəssüm
etdirir.
Klassik fəlsəfənin rasional subyekti mədəni mənaların
təcəssüm aləti kimi çıxış edən
subyektlə əvəzlənir. Multikulturalizmdə bu
subyekt mədəni mənaların mövcud pluralizmini təcəssüm
etdirən multi-subyekt kimi çıxış edir.
Mədəniyyətdə pluralizmin multimədəni ideyasını oxucuya, mətnə, şərhə maraq yaradan poststrukturalizmin "açıq əsər" anlayışı qabaqlayır. Bədii formaların strukturlaşdığı üsul müasir mədəniyyətin reallığı qəbul etdirən üsulu əks etdirdiyi üşün açıq əsər modeli əvvəllər mövcud olmayan kodu təsdiq edərək paradiqmaların bir-birini əvəz etməsini əks etdirməlidir. Şərt qaydanın qoyuluşu informasiyanın alınmasını məhdudlaşdırdığından qaydasızlıq faydalı olur, xaos konstruktiv rol oynayır. Açıq əsər birtərəfli kodsuzlaşmanı istisna edir, şərhlər çoxluğuna yol açır. Sonsuz şərhlər ideyası mədəniyyətin mövcudluğunun əsası kimi qeyri-məhdud semiozis ideyasına transformasiya edilir. Bu ideya multikulturalizim mədəniyyət fəlsəfəsinə mədəniyyətin çoxluğu və açıqlığı ideyasının yaranması formasında təsir göstərmişdir. Klassik rasionalizm mədəni məkanda mövcud olan tarixən verilmiş mənaları inkişaf etdirmişdir. Modernizmin metatəhkiyələri yeganə düzgün və yeganə məqbul statusa iddia edən müəyyən tip diskursu təsdiq edir. J.F.Liotarın səciyyələndirdiyi kimi, postmodernizm böyük təhkiyələrin qürub dövrü kimi mədəniyyətə bütün dil və rasionallıq növlərinin legitimləşməsini təklif edir. Belə bir şəraitdə mətnin klassik şərhi mümkün deyil, şərh yalnız mətni müəyyən semiotik düyünlərin ətrafında mərkəzləşdirə bilər. Dekonstruksiya mətnin əvvəlcədən məqsədliyini pozmağı nəzərdə tutur. Rekonstruksiya daha irəli gedir və mətnin yeni strukturunu işləyir. Subyekt və obyekt mətnin içində əriyir. Postmodernist mədəniyyətdə, R.Bartın ifadə etdiyi kimi, "müəllif heç də mətnin ona münasibətdə predikat ola bildiyi subyekt deyildir". Postmodernizmin nəzəriyyəçiləri subyekt və obyekt kimi mücərrəd anlayışları dağıdırlar, multikulturalizmin nəzəriyyəçiləri isə bu anlayışları mədəniyyətin intermətnliyinin çoxölçülü məkanında yenidən bərpa etməyə çalışırlar.
Multikulturalizmin formalaşmaqda olan çoxgörüşlüyü Avropa mədəniyyətində yüksək dəyər sayılan vahid zəka obrazını dağıtmaqda davam edir. Gerçək zəka yekcins deyil, müxtəlif variantlıdır, bəzən şüuraltı impulslar və instinktlərlə idarə edilir. Rasionallığın multikulturalizm tərəfindən yenidən bərpası çoxmənalılığın və variantlılığın təsdiqinə yönəlmişdir və bir istiqamətdə klassik rasionallığın multimədəni alternativləri formalaşır, digər istiqamətdə isə yeni metodologiyanın-metodoloji fərdiyyətçiliyin yaranması prosesi gedir. Multikulturalizmdə vahid və universal zəkanın mövcudluğunu inkar edən baxış təsdiq edilir. Rasionallığın müxtəlif tiplərinin pluralizmi ümumiyyətlə rasionalizmin mövcudluğunu şübhə altında qoyur, anlayışın özü isə "qeyri-müəyyən predmet-məna sahəli bulanıq ideallaşmaya çevrilir". Klassik rasionallığın iflasından sonra yeni rasionallıq axtarışları bir çox baxımdan köhnə sxemin üzərində yenidən düşünməsi ilə müəyyənləşdirilir. Rasionallıqdan imtina edilmir, onu genişləndirir və tamamlayırlar.
Rasionallığın genişləndirilməsi yollarından biri reduksionizmin dəf edilməsidir. Reduksionizm sadə obyektləri universum haqqında bütöv bir supersistem kimi təsəvvürlərə söykənən antireduksionist şərhlərin çoxluğunun təhlili ilə əvəzləməni nəzərdə tutur. Kainatın qoloqrafik mənzərəsinin yaranması və məna anlayışının yeni mərhələlərə çıxışı bunun nəticəsidir.
Yeni rasionallığın idraki situasiyasının ziddiyyətliliyi irrasionallaşmaya doğru güclənən təmayülü dərinləşdirir. Rasionallığın irrasionallıqdan fərqi fərqləndirilməsi meyarları getdikcə daha kövrək, daha əsassız olur, rasionallığa qədər-rasional, mistik rasional "hibrid-obyektlər"i meydana çıxır. Konnor rasionallıq-irrasionallığın fərqlənməsinə dair müzakirəni bu qarşıdurmaya qeyri-rasional fon adlı yeni bir anlayış əlavə edərək daha da genişləndirir. Rasionallıq irrasionallıq meyarları yalnız qeyri-rasional fonla qarşıdurmada funksiya göstərə bilər. Bu yeni anlayışın rasionallığın şərhində mütləqləşdirmədən və nisbiləşdirmədən qaçmağa imkan verir.
Rasionallıq bir anlayış kimi öz şərhindən müxtəlif variantlara bölünür və yeni qarşıqoymalarda; rasional tarixi, zəka-zəkalar çoxluğu kimi qarşıdurmalardan tutmuş həqiqətin metafizik iştirakını nəzərdə tutan rasionallıqla təcrübi xarakterli rasional məhsul - əsərlər arasındakı qarşıdurmalara qədər bir aralıqda müəyyənləşdirilməyə çalışılır.
Çağdaş fəlsəfi müzakirələrdə çoxölçülü dünya ontologiyasının qurulması prosesindəki rasionallığı və mədəni pluralizmin multimədəni görünüşünün təsdiqinə olan təmayülü qeyd etmək olar. Multimədəni rasionallığın tipologiyalaşdırılması prosesində yaranan dilemma suveren tipli zəkaların mövcudluğu və ya müxtəlif tipli rasionallıqların ziddiyyətli vəhdət kimi qiymətləndirilməsinin tanınmasıdır. Hər iki yanaşma rasionallığın müxtəlif şərhlərinə münasibətdə tolerantlığa əsaslanan rasionallığın antireduksionist şərhinin pluralizmini təsdiq edir. Rasionallığın dar və genişləndirilmiş nəzəriyyələri təsdiq edilir. Rasionallığın dar şərhi rasional başlanğıc elmi rasionallığın müxtəlif kəsimləri kimi başa düşülməsi üzərində qurulur. Elmi rasionallıq kəsimləri dedikdə tənqidilik, aydınlaşdırma, izah etmə vasitələri, paradiqmal standartlar və s. başa düşülür. Genişləndirilmiş nəzəriyyə isə rasionallığı iki cür şərh edir: ya sosial - mədəni fenomen kimi, ya da mədəniyyətdə daim artan informasiya axını üzərində nəzarət sistemi qismində. Rasionallığın digər bir genişləndirilməsi isə klassik fəlsəfi rasionallığa münasibətdə tənqidi ustanovkalardan çıxır və onu digər tip rasionallıqlarla - mif, incəsənət, tamamlamaq cəhdi ilə müşayiət edilir.
Afaq Əsədova
525-ci qəzet.-
2014.- 5 noyabr.- S.7.