Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Bakıya qastrola gəlib

 

Dağıstanın Dərbənd Azərbaycan Dövlət Dram Teatrının yaradıcı kollektivi  Azərbaycanda qastrol səfərindədir. Lent.az-ın məlumatına görə, səfər çərçivəsində kollektiv noyabr ayının 6-da saat  15:00-da yazıçı-dramaturq, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ədəbi-dram hissə müdiri Rafiq Rəhimlinin "Sönmüş talelər" tamaşası ilə çıxış edəcək.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Azərbaycanın əməkdar mədəniyyət işçisi və Dağıstanın əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.

Narkotik və narkomanlığa qarşı mübarizəyə həsr olunmuş tamaşada rolları əməkdar artistlər Mahir Məlikov, Əliyar Hüseynov, aktyorlar Şükufə Məlikova, Diləfruz Şıxməmmədova, Rəhilə Ömərova, Səbuhi Ömərov, Hörmət Aslanov, Təhminə Ömərova, Səidə Əliyeva və başqaları ifa edəcəklər.

Qeyd edək ki, Dərbənd teatrı noyabrın 20-dək Azərbaycanın bir sıra bölgələrində sözügedən tamaşa ilə çıxış edəcək.

 

S.Abdullayeva

525-ci qəzet.- 2014.- 6 noyabr.- S.7.