Düşündürən cazibədarlıq
Bu il Azərbaycan
Radiosu və Televiziyasının müvafiq
olaraq 88-ci və 58-ci ildönümü tamamlanır.
Özündə elm, mədəniyyət,
incəsənət, siyasət,
jurnalistika və sair bu kimi
fundamental sahələri birləşdirən
radio və televiziya məkanında çalışmaq
böyük istedad və zəhmətsevərlik
tələb edir.
Yeri gəlmişkən,
teleradio jurnalistikasını
"ən cazibədar
peşə" adlandırsaq,
yanılmarıq.
İstənilən sənət sahibi Azərbaycan teleradiosuna qibtə edə bilər. Çünki bütün sənətlərə
məxsus korifeylər
məhz bu məbəddə birgə
fəaliyyət göstəriblər.
Azərbaycan radiosunun yaranmasında və inkişafında bu gün adlarını fəxarətlə və qürurla andığımız
Üzeyir Hacıbəyli,
Müslüm Maqomayev,
Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Mustafa Mərdanov
və başqaları
böyük rol oynayıblar. Məhz bu məktəbin
yetirmələrinin daha
sonra Azərbaycan Televiziyasının (AzTV) təşəkkülündə yaxından iştirak etmələri böyük
teleradio ailəsinin formalaşması ilə nəticələnib.
Lakin milli teleradio məkanının
tarixində yeni, dönüş mərhələsinin
başlanması yalnız
dövlət müstəqilliyinin
bərpasından sonra
mümkün oldu. Azərbaycan teleradiosu
nəhayət ki, əyalət mediası statusundan qurtularaq, müstəqil və qürurlu bir dövlətin əsas elektron kütləvi informasiya vasitəsinə çevrildi.
Əgər milli lider Heydər Əliyevin dövründə dövlət
televiziyası ilə yanaşı özəl telekanalların formalaşması
prosesi başlandısa,
prezident İlham Əliyevin dönəmində
öncə İctimai
Televiziya, daha sonra qısa müddət ərzində
Azərbaycan Teleradio Verilişləri QSC-nin (AzTV) nəzdində "Mədəniyyət" və
"İdman Azərbaycan"
telekanalları yaradıldı,
regional telekanallar bütün
məmləkəti əhatə
etdi, enerji resurslarından əldə
olunan gəlirlər isə teleradionun maddi-texniki bazasının
güclənməsinə gətirib
çıxardı. Bu faktlar hakimiyyətin kütləvi informasiya vasitələrinə necə
böyük önəm
verməsinin göstəricisidir.
Hazırda AzTV Qafqazın
və daha geniş məkanın ən güclü telekanalları ilə rəqabət aparmaq iqtidarındadır.
Elə bu yaxınlarda AzTV-nin təşkilatçılığı ilə Bakıda keçirilmiş "TEFİ-Sodrujestvo"
4-cü Beynəlxalq Televiziya
Festivalı da bunu sübut etdi. AzTV-nin təqdim etdiyi
"Heydər Əliyev
Fondu 10 il" sənədli filmi bu festivalın mükafatına layiq görüldü.
Təbii
ki, bu günün
televiziya və radio əməkdaşlarının iş
şəraitini və
fəaliyyət spektrini
sələflərinki ilə
müqayisə etmək
qeyri-mümkündür. Zaman çox
dəyişib. İndiki rejissor,
operator və jurnalistlər
əvvəlki nəslin
xəyalına belə
gətirə bilmədiyi
qabaqcıl texnika ilə çalışır
və ekran-efirdə istənilən vizual və audio effektlərə
nail olurlar. Hazırda aparıcıdan
təkcə gözəl
səs, zahiri görünüş və
statik duruş deyil, həm də pafosdan kənar səlis nitq qabiliyyəti, hazırcavablıq, müasirlik,
çeviklik, peşə
virtuozluğu tələb
edilir.
Qarabağ müharibəsinin törətdiyi
fəlakətlər təkcə
ölkəmizin ictimai-siyasi
həyatını yox,
həm də cəmiyyətimizin aynası
olan televiziya məkanını iflic vəziyyətinə salmışdı. Və bu,
cəmiyyətdə, xüsusilə
ziyalılar arasında
ciddi və haqlı narazılıq doğurmuşdu. Amma hazırda
həmin arzuolunmaz məqamlar aradan götürülməkdədir. Bu, əsasən, AzTV-nin,
"Mədəniyyət"in və İctimai Televiziyanın fəaliyyətində
aşkar görünür.
Məhz həmin televiziyaların efiri cəmiyyətdə tanınmış şəxslərin
tribunasına çevrilib.
Onların proqram siyasətində
bütün sahələri
əhatə edən rəngarəng, düşündürücü
verilişlərin sayının
artması, keyfiyyətinin
yüksəlməsi vətəndaş
cəmiyyəti tərəfindən
təqdirlə qarşılanır.
Qısa yazıda bütün verilişlərin adlarını
çəkmək qeyri-mümkün
olsa da, son illər ərzində tamaşaçı rəğbətini
qazanmış bəzi
proqramları sadalamaq yerinə düşər.
AzTV-nin
"Əsas məsələ",
"Günün nəbzi",
"Poeziya", "Nə?
Harada? Nə vaxt?", "Mədəniyyət"
kanalının "Məclisi-üns",
İctimai Televiziyanın
"Yeni gün",
"Yadigarlar", "Ortaq
məxrəc" kimi
maraqlı layihələri
tamaşaçılar arasında
populyarlığı ilə
seçilir.
"Əsas məsələ"
verilişində əməkdar
jurnalist İbrahim Məmmədovun yeni ampluada çıxış
etməsi, polemika mədəniyyətinin sərgilənməsi,
ən əsası, problemlərin tamaşaçıya
hay-küysüz çatdırılması,
yeni studiyanın tərtibatı və sair diqqəti cəlb edir. Hazırda "Əsas məsələ"
tok-şousu ölkə
teleməkanının ən
samballı proqramlarından
biri hesab edilə bilər.
Tanınmış yazıçı-dramaturq İlqar
Fəhminin apardığı
"Məclisi-üns" verilişi
xüsusi maraq doğurur. Klassik şairlərimizin həyat və yaradıcılığına yenidən
və çağdaş
dövrün prizmasından
nəzər salınan
bu verilişdə İlqar Fəhmi televiziyaçıdan tələb
olunan bütün keyfiyyətlərə malikdir.
Verilişə baxarkən dərhal
aydınlaşır ki,
aparıcı bu sahə üzrə mükəmməl bilik, zəngin dünyagörüşü
sahibidir, müasirdir, nitqi səlisdir. Verilişin sabit baxımlığını
təmin edən cəhətlərdən biri
də onun daimi səriştəli qonaqlarının (tənqidçi
Əsəd Cahangir, fəlsəfə doktoru
Nail Yaqub, şair Vaqif Yusifli) olmasıdır. Belə veriliş
düşünən və
zövqlü tamaşaçı
üçün əsl
mənəvi qidadır.
Bu sözləri İTV-nin "Yeni Gün" proqramının
aparıcıları Saleh
Bağırov və Azər Məmmədov haqqında da demək olar. Onların ikisinin
də danışığı,
davranışı, hərəkətləri,
mövzulara bələdliyi,
qonaqlarla ünsiyyəti
və söhbətləri
çox səmimi təsir bağışlayır.
Bakı Dövlət Universitetinin 90 illiyini bu təhsil ocağının geniş
müəllim heyəti,
"Bilik Günü"nü
böyük müəllim-şagird
kollektivi, "Əsrin
müqaviləsi"nin 20 illiyini
neftçilərin böyük
qrupu ilə birlikdə təntənəli
şəkildə keçirməsi
son dövrdə "Yeni
Gün"də yaradılmış
gözəl ənənələrdən
biridir.
"Yadigarlar" proqramı
da efirə çıxdığı qısa
müddət ərzində
haqlı olaraq İTV-nin yüksək reytinqli verilişlərindən
birinə çevrilib. Qeyd edək
ki, verilişin formatı teleməkanda ilk
dəfə həyata keçirilib. Əməkdar jurnalist Flora Xəlilzadə
telejurnalistikadakı xələfi
ilə birlikdə görkəmli elm, mədəniyyət,
incəsənət adamlarının
və ictimai xadimlərin yadigarlarından
müsahibə götürür.
İTV-nin yenicə ərsəyə gətirilmiş
kitabxanasında çəkilən
bu verilişin sayəsində tamaşaçıları,
şübhəsiz, yaxşı
tanıdıqları şəxsiyyətlərin
həyatının bu
vaxtadək görünməyən
tərəfləri ilə
tanış edirlər. Əslində, onları yada
salmaqla, müəlliflər
Azərbaycan xalqının
necə böyük mənəvi sərvət
sahibi olduğunu bir daha seyrçilərin
nəzərinə çatdırırlar.
Bir sözlə, teleradio məkanındakı bütün
mövcud müsbət
və mənfi reallıqlara baxmayaraq,
1926-cı il noyabrın 6-da olduğu kimi, efir öz
izləyicilərini hələ
də cəzb edir, sevindirir və düşündürür.
Buna görə bütün
çətinliklərə və sınaqlara fədakarcasına sinə
gərən böyük
teleradio ailəsini peşə bayramı münasibətilə təbrik
edir, onun hər bir üzvünə
yaradıcılıq uğurları
arzulayırıq!
Orxan Qasımbəyli
tələbə
525-ci qəzet.- 2014.- 6 noyabr.- S.7.