Türk dünyasının Astanasında beynəlxalq
tədbir
Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə “Türk dünyası: Böyük şəxsiyyətlərin irsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutundan AzərTAc-a bildiriblər ki, konfransda ölkəmizi AMEA-nın vitse-prezident, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli və professor Asif Rüstəmli təmsil ediblər.
Konfransın gündəliyinə böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin anadan olmasının 150, ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin doğulmasının 130, türk dünyasının birlik rəmzinə çevrilmiş İsmayıl bəy Qaspıralının vəfat etməsinin 100 və qazax xalqının görkəmli ictimai-siyasi xadimləri Turar Rıskılovun və Sultan bəy Kojanovun 120 illik yubileyləri münasibətilə mövzular daxil edilib.
Tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti, tarix elmləri doktoru, professor Darxan Kıdırəli akademiyanın yaranma tarixinə nəzər salaraq 2009-cu il oktyabrın 3-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısında bu istiqamətdə qəbul edilən Naxçıvan Bəyannaməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
TİKA-nın Qazaxıstan təmsilçisi Əli Öztürk beynəlxalq konfransın türk xalqlarının birliyinə, inteqrasiya prosesinin genişlənməsinə xidmət etdiyinə əminliyini bildirib.
Beynəlxalq konfransda Naxçıvan Bəyannaməsindən söhbət açan akademik İsa Həbibbəyli “Böyük mütəfəkkir Əli bəy Hüseynzadə və müasirlik” mövzusunda məruzə edib.
İ. Həbibbəyli Prezident İlham Əliyevin Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamını xatırladıb, ölkəmizdə bu istiqamətdə yüksək səviyyəli tədbirlərin keçirildiyini söyləyib.
Akademik deyib: “Əli bəy Hüseynzadə Azərbaycan ədəbi-ictimai fikrinin Türk dünyasına bəxş elədiyi görkəmli ədəbi simalardan biridir. O, türkologiya baxımından Türkiyədə, türk dünyasında böyük yeri olan Ziya Gökalp tərəfindən böyük müəllim kimi qiymətləndirilən, türk dünyasının ümumi problemlərini elmi-fəlsəfi cəhətdən, nəzəri dərinliyi etibarilə əks etdirməyi bacaran nadir simalardan biridir. Azərbaycanda türkologiyanı həm kulturoloji baxımdan, həm ədəbiyyat və sənət istiqamətində Əli bəy Hüseynzadə qədər geniş əhatə edən ikinci böyük bir şəxsiyyət göstərmək çətindir. Fikrimcə, Əli bəy Hüseynzadənin fəlsəfi baxışlarını, ictimai-siyasi görüşlərini, həm də ədəbiyyat düşüncəsini mükəmməl şəkildə ifadə edən ”Siyasəti–fürusət” (“At oynatmaq siyasəti”) əsəri Azərbaycan ictimai fikri tarixində, bütövlükdə türk dünyasında böyük Mirzə Fətəli Axundzadənin “Kəmalüddövlə məktubları” ilə müqayisə oluna bilinən möhtəşəm sənət əsəridir.”
İsa Həbibbəyli məruzəsində Cəlil Məmmədquluzadə və Əli bəy Hüseynzadə, “Molla Nəsrəddin” və “Füyuzat” jurnalları məsələsinə də aydınlıq gətirib, böyük şəxsiyyətləri Azərbaycanın türk dünyasına bəxş etdiyi qoşa zirvələr kimi təqdim edib.
Konfransda professor Asif Rüstəmlinin “Məhəmməd Əmin Rəsulzadənin ədəbi-ictimai fəaliyyəti” mövzusunda məruzə edib.
Tədbirdə digər çıxış edən alimlər də türk dünyasının problemlərindən və inkişaf meyillərindən söhbət açıblar.
525-ci qəzet.-
2014.- 6 noyabr.- S.7.