Bu gün III Bakı Beynəlxalq Teatr
Konfransı işə başlayır
Artıq
bir neçə gündür ki, haqqında söz
açdığımız, hazırlıqlarından
danışdığımız III Bakı Beynəlxalq Teatr
Konfransının başladığı gün yetişdi. Və
təşkilatçıların da vəd etdiyi kimi, konfransdan
bir gün öncə - dünən Azərbaycan Musiqili Komediya
Teatrında mətbuat nümayəndələri ilə
görüş keçirildi.
Mətbuat
konfransında Mədəniyyət və turizm nazirinin
müavini Ədalət Vəliyev, Teatr Xadimləri
İttifaqının sədri Azər Paşa Nemətov, Litva
Musiqi və Teatr Akademiyasının professoru, "Trimitas"
Litva Dövlət nəfəs alətləri orkestrinin rəhbəri
Deyvitas Staponkus, Hindistandan Beynəlxalq
Kukla Teatrları Festivalının bədii rəhbəri
Ayşa Rau, ABŞ-dan teatr rəssamı İosif Yusupov
iştirak etdilər.
Tədbiri
giriş sözü ilə açan nazir müavini Ədalət
Vəliyev bu konfransın ölkəmizdə artıq
üçüncü dəfə keçirildiyini diqqətə
çatdırdı və
qonaqların hər birini salamladı. Nazir müavini,
Teatr Konfransının ölkəmizin sənət həyatında
böyük hadisə olduğunu bir daha vurğuladı, 40-dan
çox ölkədən 150 nəfərə yaxın teatr və
sənət adamını paytaxtımızda görməkdən
məmnunluğunu bildirdi. Daha sonra Ədalət Vəliyev III
Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində
görüləcək işlər haqqında qısa məlumat
verdi: "Budəfəki konfransımız "Teatr sənətinin
multikulturalizm - universal dəyərlər
sistemində yeri"
mövzusunda olacaq. Lakin sənət sərbəstlik tələb
edir. Biz də son dərəcə sərbəst şərait
yaradacayıq ki, sənətə, teatra aid istənilən
mövzuda fikirlərə, məruzələrə yer verilsin.
İki gün ərzində müxtəlif mövzularda təxminən
45-46 məruzə dinləniləcək. Qarşıdakı
üç gündə bir neçə mütəxəssis tərəfindən
treninqlər, master-klasslar keçiriləcək, ikitərəfli
görüşlər nəzərdə tutulub. Bütün
bunlar Azərbaycan teatrının inkişafı istiqamətində
mühüm işlərdir. Teatr-konsert müəssisələrində,
muzeylərdə bizim mədəniyyətimizlə, incəsənətimizlə
yaxından tanış olmaq üçün hər cür
şərait yaradılıb".
Sonra tədbir
media nümayəndələrinin sualları və
qonaqların cavabları ilə davam etdi.
Elə
ilk suallara cavablardan qonaqların ovqatı və Azərbaycana
sevgisi, münasibəti hiss olunurdu. Onlardan hindistanlı
xanım Ayşa Raunun Bakıya heyranlığı gülərüz
simasından, səmimi cavablarından açıq-aydın
duyulurdu. Müxbirlərdən birinin "Xanım Raunun Azərbaycan
teatrı və ümumiyyətlə, bizim uşaq teatrları
haqda məlumatı varmı?" - sualına
qonağımız emosional və təsirli bir cavab verdi:
"İlk dəfədir ki, Bakıdayam. Fantastik, çox
gözəl şəhəriniz var. Qonağa münasibətiniz
də çox maraqlıdır. Burda insanlardan
aldığım pozitiv, xoş münasibət mənə sənət
adamı olaraq təsir edir. İlham alıram sizlərdən.
Etiraf edim ki, bu konfransa dəvət alana qədər Azərbaycan
haqqında heç bir məlumatım yox idi. Amma dəvətdən
sonra maraqlandım və bilgisizliyimə görə xeyli təəssüfləndim.
İndi əsas istəyim və konfransa qatılmağımda
məqsədim burdakı uşaq teatrları ilə əməkdaşlıqdır.
İstərdim ki, Hindistada növbəti Beynəlxalq Kukla
Teatrları Festivalında Azərbaycan da iştirak eləsin.
Baxın, mən nə rus, nə də Azərbaycan dillərini
bilmirəm. Amma bilmədiyim dildə tamaşaya baxanda da onu
anlayıram, aktyor oyunu gözəldirsə, təsirlənirəm.
Teatrın dili yoxdur. Biz
Hindistanda bu teatr festivalını da məhz buna görə
keçiririk. Uşaqlarımız lap kiçik
yaşlarından hətta dillərini bilmədikləri
xalqların tamaşalarına baxsınlar, onların mədəniyyətlərini
öyrənsinlər. Və mən çox istəyərdim
ki, müasir hindli uşaq Azərbaycan və onun mədəniyyəti
haqqında mənim kimi bu yaşda, gec öyrənməsin, hər
şeyi öz zamanında bilsin".
Daha sonra
hindistanlı Ayşa xanım uşaq teatrlarının
yaşadığı maliyyə problemlərindən, maddi
çətinliklərdən də danışdı:
"Bizim ən böyük problemimiz maliyyə ilə
bağlıdır. Nədənsə prodüsserlər,
aidiyyatı təşkilatlar böyüklər
üçün olan tamaşalara daha çox diqqət edirlər.
Biz onların maliyyə dəstəyindən ötrü xeyli
danışıqlar aparmalı, əziyyət çəkməli
oluruq. Maddi çətinliyimiz olanda yaxşı aktyorları,
səriştəli mütəxəssisləri də cəlb
eləmək problemli olur. Çünki yaxşı aktyor
yüksək qonorar istəyir. Təəssüflər olsun ki,
biz sənət adamları mənəvi
aləmdə, ruh dünyasında yaşasaq da, çox vaxt maddi
məsələlərdən asılı oluruq".
...
Görünür, çağdaş dünyada sənətin
maddiyyatdan, incəsənət adamının sponsordan
asılılığı
hamının ümdə problemi, ağrılı yeridi.
ABŞ-dan gəlmiş qonaq, teatr rəssamı İosif Yusupov
da eyni mövzuda narahatlıqlarını bildirdi. İosif
Yusupov dünyanın bir çox məşhur teatrlarında
tamaşalara rəssamlıq edib. Amma onun bioqrafiyasında bizlərdən
ötrü maraqlı məqam 80-ci illərdə bir müddət
Bakıda yaşaması və Səməd Vurğun adına
Rus Dram Teatrı ilə əməkdaşlığıdır.
O illərdə İosif Yusupov Rus
Dram Teatrı səhnəsində
bir neçə tamaşanın səhnə tərtibatını
verib. İndi o uzaq 80-ci illəri xatırlayan qonaq
Bakının və teatrların müqayisəsini də edir:
"Hələ o vaxtlar, 80-ci illərdə burada işləyəndə
Bakıya vurulmuşdum, bu şəhəri və onun sakinlərini
çox sevmişdim. Amma dörd il öncə ilk dəfə
Teatr Konfransına gələndə Bakı məni heyrətləndirdi.
Şəhər necə dəyişib, necə gözəlləşib,
sadəcə möcüzədir. Amma təsəvvür edin
ki, iki il sonra da və nəhayət bu dəfə də eyni
hissləri keçirdim. Bakı sürətlə inkişaf edir,
dəyişir. Teatrlar haqda isə onu deyə bilərəm ki,
Sovet dövründə məni əsasən bir məqam
sıxırdı, qıcıqlandırırdı. O da bədii
şuralar idi. Yəni müəllif, rejissor tamaşa
hazırlayırdı, amma sonra bədii şura müzakirə
edirdi ki, əsəri tamaşaçıya təqdim etmək
olar, ya yox. Mənim düşüncəmdə bu
yanlış yanaşma idi. Sənət azad olmalıdır və
əsas, son sözü müəllif,
rejissor deməlidir. İndi isə prodüsser mərkəzləri,
prodüsserlər bir növ bu işi davam etdirirlər.
Dramaturq, rejissor əziyyət çəkir, ruhunu,
istedadını, zamanını sərf edib tamaşa
hazırlayır, amma bəlkə sənəti o qədər də
dərindən bilməyən prodüsser son qərarı
verir. Sənət adamı nə qədər məşhur və
nüfuzlu olmalıdır ki, onun sözü keçsin. Bu mənada
mən xanım Ayşa Raunun fikirləri ilə şərikəm,
sənət adamının maddi məsələlərdən
asılılığı, hansısa güzəştlərə
getmək məcburiyyəti heç yaxşı deyil".
İosif Yusupov Azərbaycan teatrı ilə bağlı fikirlərini də bildirdi və eyni zamanda dramaturqlarımızın əsərlərinin xarici ölkə səhnələrində oynanılmamasından təəssüfləndiyini dilə gətirdi: "Burda çoxlu dostlarım, tanışlarım var. Onlar son illərdə Azərbaycan teatrında gedən inkişafdan çox danışıblar mənə. Amma təəssüf edirəm ki, sizin dramaturqların əsərləri xarici dillərə az tərcümə olunur. Bildiyimə görə postsovet ölkə teatr səhnələrində və Avropada bir neçə dəfə Azərbaycan pyeslərinə quruluş verilib. Lakin Amerikada bu işi başlamaq lazımdır. Mən öz növbəmdə əlimdən gələn köməyi edərəm, əlaqələrin qurulmasına vasitəçi olaram ki, Amerikada da Azərbaycan mədəniyyəti, incəsənəti tanınsın".
Azərbaycanın Avropa ölkələri ilə mədəni əlaqələrindən danışmışkən litvalı qonağımız Litva Musiqi və Teatr Akademiyasının professoru, "Trimitas" Litva Dövlət nəfəs alətləri orkestrinin rəhbəri Deyvitas Staponkus da söhbətə qoşulub fikirlərini bildirdilər: "Mən də Bakıda, sizlərlə bərabər olmağımdan məmnunam. Artıq bir neçə dəfə müxtəlif tədbirlərdə iştirak etmişəm və burda özümü qonaq kimi, yad kimi hiss etmirəm. Hörmətli, İosif Yusupovun sözlərinə qoşulub demək istəyirəm ki, məncə, indi Azərbaycan teatrı özünün renesans dövrünü yaşayır. Ötən iki konfransdan da bu nəticələrə gəldim. Bu gün Musiqili Komediya Teatrının binasına daxil olanda çox böyük məmnunluq və heyrət hissi keçirim. Dünyanın çox az ölkəsində belə teatr binası ola bilər. Heç Avropada da belə binalar yoxdur. Bu, dövlətin sənətə münasibətinin göstəricisidir. Ötən dəfəki konfransdan çox böyük təəssüratlarla ayrılmışdıq. Yeri gəlmişkən, mən Azərbaycan dövlətinə, Mədəniyyət və Turizm Nazirliyinə ötən teatr konfransı çərçivəsində Litva Respublikasının Xalq artisti Yuozas Budraytis və SSRİ Xalq artisti Ryaqimantas Adomaytisin Rus Dram Teatrında yaradıcılıq gecələrini keçirdiklərinə görə təşəkkürümü bildirirəm. Bu Litva mədəniyyətinə böyük sayğının göstəricisi idi. Görüşdən sonra mən böyük aktyorlarımızla söhbət edəndə onlar Bakı haqqında, burdakı publika haqqında zövqlə, məmnunluqla danışdılar. Əlaqələrə gəldikdə isə, onu deyim ki, Litva və Azərbaycan arasında mədəni əlaqələrin qurulması istiqamətində çox işlər görülüb. Məsələn, elə bir "Baltik-Xəzər" layihəsi çərçivəsində nə qədər konsertlər verilib, görüşlər keçirilib. Elə iki il öncə litvalı rejissor, Sovet İttifaqı Dövlət Mükafatı laureatı Yonas Vaitikus Rus Dram Teatrında Nizaminin "Yeddi gözəl" əsəri əsasında tamaşa hazırladı. Amma yenə də məqsədimiz bu cür əməkdaşlıqların sayını artırmaqdır. İnanıram ki, bu dəfəki konfrans da bir çox əlaqələrin yaranmasına, mədəni əməkdaşlıqlara kömək etmiş olacaq".
İki il öncə Teatr Konfransının sonuncu günü Deyvitas Staponkusla geniş söhbət etmişdik və söhbətimiz "525-ci qəzet" də yayımlanmışdı. Elə o zamandan qonağın nikbin cavabları, ölkəmizə xoş münasibəti diqqətimi çəkmişdi. Bu dəfə də Deyvidasın pozitiv aurası məclis iştirakçılarına təsir etdi və Ədalət Vəliyev jurnalistin sonuncu konfransdan bu yana, iki il ərzində görülən işlər və ümumiyyətlə, konfransın faydası haqda sualına eyni nikbin ruhda cavab verdi: "Ümumiyyətlə mən son illərə aid rəqəmlərə nəzər salanda yaxşı mənada təəccüblənirəm. Səmimi etiraf edirəm ki, biz ilk dəfə bu konfransı keçirəndə bu qədər nikbin və inamlı yanaşmırdıq işimizə. Amma görürsünüz ki, hər dəfə daha da çox adamın diqqəti bu konfransa yönəlir. Məhz bu konfrans sayəsində biz bir çox ölkə teatrları ilə əməkdaşlıqlara başlamışıq. Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Gənc Tamaşaçılar Teatrları festivalına üzv seçilib və bir neçə dəfə xaricdə festivallarda uğurla çıxış edib. Kukla Teatrı Beynəlxalq Kukla Teatrları Assosiasiyasına üzv seçilib və son Kukla Teatrları festivalına ev sahibliyi edib. Musiqili Komediya Teatrı da həmçinin Beynəlxalq Musiqili Komediya Tearları Assosiasiyasının üzvü olub. Görkəmli tənqidçimiz Məryəm Əlizadənin rəhbərliyi ilə tənqidçilərimiz Beynəlxalq Teatrlar Tənqid Assosiasiyasına üzv seçiliblər. Bu il ilk dəfə Şəkidə Beynəlxalq Teatr Festivalı keçirmişik. Dünyanın müxtəlif ölkələrindən 11 teatr rəssamı Azərbaycan teatrlarında tamaşaların səhnə tərtibatını veriblər. Yeddi nəfər gənc Azərbaycan rejissoru xarici ölkələrdə treninqlərə qatılıb. Teatrlarımız bu müddət ərzində 25 ölkədə qastrol səfərlərində olub. Bütün bu rəqəmlər əlbəttə ki, bizdə bir nikbinlik yaradır. Amma yenə də bu işlər davam etdirilməlidir. Ölkə başçımızın teatra, mədəniyyətə qayğısı, dəstəyi bizlərə arzularımızı gerçəkləşdirməkdə böyük imkanlar yaradır. Bilirsiniz ki, bütün bu layihələr, işlər "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən həyata keçirilir. Elə bu teatr konfransı da həmin proqramın bir bəndi idi. Amma dediyim kimi, bu layihənin belə geniş vüsət alacağını gözləmirdik. Deməli, biz xarici ölkələrin mədəniyyəti, teatrı ilə maraqlandığımız kimi, onlar da bizimlə maraqlanır, əməkdaşlıq qurmaq istəyirlər. Bir açıqlamanı da verim ki, biz gələn il möhtəşəm Edinburq Teatr Festivalının Bakıda keçirilməsini planlaşdırırıq. Ediburq festivalı mahiyyətinə görə incəsənət festivalı hesab olunur. Edinburq incəsənət festivalında çoxlu sayda opera, teatr, müzikl, konsert və vörkşoplar keçirilir. Həmin festivalda bir ay ərzində 2000 tamaşa nümayiş olunur. Artıq bu məsələ ilə bağlı danışıqlara başlanılıb, addımlar atılıb, müqavilə hazırlanıb. Biz bu festivalın bir qolunu ya "Bakı-2015 Avropa Oyunları" ərəfəsində, ya da ondan sonra keçirmək istəyirik. Bununla da möhtəşəm festivalın tamaşalarını Bakı tamaşaçılarına göstərmək imkanı əldə edəcəyik".
Daha sonra Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov Teatr Konfransının incəsənətimizə, müxtəlif sənət əlaqələrinin qurulmasına, xarici ölkə teatrları ilə əməkdaşlıqların yaranmasına faydası ilə bağlı fikirlərini bildirdi, həm Teatr Xadimləri İttifaqının sədri, həm də bir rejissor kimi bu məsələlərə baxışlarını bölüşdü. Azər Paşa müəllim Azərbaycan teatrının yaranması və inkişafını üç mərhələyə bölüb, hər mərhələnin məziyyətlərindən danışdı: "Yüz qırx iki yaşlı Azərbaycan teatrı hələ də inkişaf yolundadır. Teatr sənəti üçün bu rəqəm çox kiçik rəqəmdir. Azərbaycan Teatrının yaranması və inkişafını üç mərhələyə bölmək olar. Birinci mərhələ Sovet dövrünə qədərki, ikinci mərhələ Sovet dövrü, üçüncü mərhələ isə müstəqillik dövrüdür. Bir az dərin düşünüb, kiçik araşdırma aparanda görürsən ki, müstəqillik əldə ediləndən sonra teatrımız çox sürətlə inkişaf edib. Son on ildə isə görülən işlər göz qabağındadır. Biz hələ də inkişaf yolundayıq, hansısa iş çox uğurlu ola bilər, hansısa tamaşa alınmaya bilər. Sənətdə bütün bunlar təbiidir. Amma əsas odur ki, bizim kifayət qədər istedadlı sənətkarlarımız və onlara hər cəhətdən dəstək olan dövlətimiz var. Teatr konfransı da Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət, incəsənət adamları üçün yaratdığı daha gözəl bir fürsətdir".
Mətbuat konfransının sonunda iştirakçılar, qonaqlar media nümayəndələrinə təşəkkürlərini çatdıraraq hər kəsə uğur arzuladılar.
Sabah - yəni artıq bu gün sənətsevərləri xüsusi, əlamətdar bir gün gözləyir; öncə konfransın rəsmi açılışı, daha sonra müxtəlif xarici və yerli teatr xadimlərinin məruzələri, diskussiyalar və daha nələr, nələr...
PƏRVİN
525-ci qəzet.- 2014.- 5 noyabr.- S.4.