"İki mətbu
orqanı yaşatmaq həm çətin,
həm də məsuliyyətli işdir"
"Milli İrsi
Mədəni Tarixi Araşdırmalar"(MİMTA) Fondu dövlətimizə və millətimizə faydalı olmaq amalı ilə 2005-ci ildə təsis edilib, əsas məqsədi milli, irsi, mədəni, tarixi dəyərlərin qorunub saxlanılmasına,
inkişafına kömək
etməkdir. Bu məqsədlərə
nail olmaq üçün
bugünədək bir
sıra layihələr
həyata keçirmişik.
"Füyuzat" və
"İşıq" jurnallarının
bərpa edilərək
yenidən nəş olunması, müxtəlif
mövzulara həsr olunmuş 10-dan çox kitabın nəşri, keçirdiyimiz seminarlar və tədbirlər buna misal ola bilər.
Müsahibimiz Milli, İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirovdur.
- 2007-ci ildən "Füyuzat"
jurnalının yenidən
nəşrinə başlanıldı.
Siz bu uğuru necə
əsaslandırırsınız?
- Elə 2007-ci ildən də biz fond olaraq rəsmi fəaliyyətə
başlamışıq. "Füyuzat" jurnalının
yenidən bərpa edilməsi fondumuzun
ilk elmi araşdırmasıdır.
Bu dərgi XX əsr milli mətbuat orqanları içərisində sayılıb-seçilmiş,
nəinki mətbuat, eləcə də ictimai fikir tariximizdə
özünəməxsus bir
iz buraxmışdır.
100 il əvvəl nəşr olunmuş və 32 sayı çap olunduqdan sonra milli ideologiyaya
xidmət etməsi səbəbi ilə müstəbid çar hökuməti tərəfindən
fəaliyyətini dayandırmış
jurnal, 100 il sonra MİMTA Fondunun təşəbbüsü və
"Respublika" qəzetinin
baş redaktoru, dəyərli ziyalımız
professor Teymur Əhmədovun
rəhbərliyi ilə
yenidən işıq
üzü görmüşdür.
Bu jurnal xalqımızın
və o dövrün digər müsəlman xalqlarının əsrlərdir
davam edən adət-ənənəsini, milli-mənəvi
dəyərlərini, yaşayışını,
həyatlarındakı çətinlik
və problemləri özündə təcəssüm
etdirmişdir. Müasir dövrümüzdə,
mətbuat və informasiya azadlığı
şəraitində mətbuatımızın
incilərindən olan
bu dərgini yenidən bərpa etmək və onu azərbaycançılıq,
müasirlik ruhunda nəşr etdirmək doğrudan da çətin və məsuliyyətli bir addım idi. Ancaq fondumuzun məqsəd və məramına uyğun gəldiyi üçün heç bir çətinliyə baxmadan qərara gəldik ki, belə bir dərginin
yenidən bərpa edək və bu gün biz qürur duyuruq ki, "Füyuzat"a yenidən həyat verməyə müvəffəq
olmuşuq.
- "Füyuzat"la yanaşı fondunuz "İşıq" jurnalını
da bərpa edib. Niyə məhz "İşıq"?
Tarixi
"İşıq" qəzeti
bugünkü "İşıq"
jurnalından nə ilə fərqlənir?
Bugünkü "İşıq" hansı mövzuları əhatə edir?
- Sizin də bildiyiniz
kimi, "İşıq"
milli mətbuatımızın
ilk qadın mətbu orqanı kimi mədəni irs
tariximizdə önəmli
bir mövqeyə malikdir. Hələ bir əsr əvvəl - 1911-ci ildə
maarifpərvər ziyalılarımız
Xədicə Əlibəyovanın
redaktorluğu və həyat yoldaşı
Mustafa bəy Əlibəyovu
naşirliyi ilə nəşr olunan bu qəzet dövrün
ədəbi-ictimai mühitində
böyük marağa
səbəb olmuşdu.
O dövrdə Azərbaycan
qadınının hüquqsuzluğunu,
təhsildən uzaq qalmasını xatırlasaq,
bu marağın səbəbini daha yaxşı anlayarıq. "İşıq" jurnalını nəşr
edənlər ilk öncə
qadınların təhsilə
yiyələnmələri, öz hüquqlarını
bilib cəmiyyətdə
layiqli yerlərini tutmaları üçün
fədakarlıqla çalışırdılar.
Cəmi iki il nəşr
olunsa da, qəzet ictimaiyyətdə
önəmli rol oynaya bildi. Bunu qəzetin
transliterasiya edilərək
indiki "İşıq-qadın"
jurnalında zaman-zaman
dərc edilən məqalələrindən də
görə bilərsiniz.
"İşıq" qəzetini
niyə jurnal şəklində bərpa
etdiyimizə gəlincə,
bunun əsasən iki səbəbi vardır: "İşıq"
qəzetinin 1911-12-ci illərdə
nəşr olunan saylarına baxdıqda onun poliqrafik cəhətdən o dövrdə
nəşr edilən jurnalların
formatına daha yaxın olduğunu görə bilərsiniz. Bunu fondumuzda çalışan
mütəxəssislər "İşıq" qəzetini
araşdırarkən təsbit
ediblər. İkincisi, günümüzdə
jurnalın mövzu baxımından daha əhatəli olduğunu nəzərə alıb bu addımı atdıq. "Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi"nin sədr müavini Sədaqət Qəhrəmanovanın baş
redaktorluğu ilə çıxan bu günün "İşıq"
jurnalını ailə
və övlad tərbiyəsi, Azərbaycan
qadınının milli
kimliyi, keçdiyi tarixi yolu, mənəvi-mədəni
irsimiz və s. bu kimi önəmli
mövzulardan bəhs etməklə öz sələfinin layiqli davamçısına çevrilib.
Artıq
3-cü ildir ki, nəşri davam edən "İşıq"
qadın jurnalının
oxucu sayının günü-gündən artması
bunun bariz sübutudur.
- Fondunuzun keçirdiyi seminarlardan da danışardınız. Belə tədbirlərin
keçirilməsində məqsəd
nədir?
- MİMTA Fondunun əsas vəzifələrindən biri də maariflənmək və marifləndirməkdir. Bu məqsədlə vaxtaşırı müxtəlif mövzularda seminarlar təşkil olunur. Milli vətənpərvərlik, dilçilik, tarix, təhsil, mədəniyyət, mətbuat və s. mövzularda keçirilən seminarlar buna misal ola bilər. Seminarlarımıza tanınmış ziyalıları, mütəxəssisləri dəvət edirik. Auditoriyanı isə əsasən fondumuzun əməkdaşları və müxtəlif universitetlərin tələbələri təşkil edir.
- Bu gün Azərbaycanda sizin fondunuzla bərabər, çoxlu sayda Qeyri-hökumət təşkilatları (QHT) fəaliyyət göstərir. Sizcə, bu QHT-lərin fəaliyyət istiqaməti hansı yöndə olmalıdır?
- Bu gün ölkəmizdə III sektora ayrılan diqqət və qayğı həqiqətən də çox ürəkaçandır. Bu qayğı günü-gündən həm artır, həm də daha böyük auditoriyanı əhatə edir. Bu isə bizlərdən daha da çox çalışqanlıq və əzmkarlıq tələb edir. Vurğulamaq istərdim ki, fəaliyyət göstərdiyi sahədən asılı olmayaraq, bütün QHT-lər öncə dövlətçiliyimizin inkişafına, müstəqilliyimizin qorunub saxlanmasına xidmət etməlidir. Bu gün Azərbaycanda müxtəlif istiqamətlərdə, müxtəlif profillərdə fəaliyyət göstərən QHT-lər var. III sektorun güclənməsi ölkəmizdə gedən demokratik inkişafın bariz nümunəsidir. Fikrimzcə QHT-lərin əsas məqsədlərində Azərbaycanın inkişafına və tərəqisinə töhfə vermək şüuru üstünlük təşkil etməlidir.
- Fondun nəşr etdirdiyi kitablar haqqında məlumat verərdiniz.
- İlk nəşr etdirdiyimiz kitab "Eşq pərvanəsi"dir. Bu kitabin
birinci nəşri
2007-ci ildə oldu. Həmin
il YUNESKO tərəfindən
Mövlana Cəlaləddin
Rumi ili elan edilmişdi. Biz də bu əlamətdar hadisəyə
qatılmaq niyyəti ilə Mövlanə Cəlaləddin Ruminin əsərlərindən seçmələr
olan bu kitabı
nəşr etdirdik.
Artıq
dördüncü nəşrinə
hazırlaşdığımız bu əsər hələ də sevilərək oxunur.
İkinci kitabımız Qərb-Şərq
dahilərinin aforizmlərindən
tərtib edilmiş
"Ağıla və
qəlbə işıq
saçan sözlər"
kitabıdır. Bu kitabın da yaxın günlərdə
üçüncü nəşri
işıq üzü
görəcəkdir. Bunlardan
başqa, böyük
Azərbaycan şairi Məhəmməd Hüseyn
Şəhriyarın əsərlərinə
tanınmış rəssam
Fəxrəddin Əlinin
çəkdiyi
miniatür rəsmlərdən
ibarət olan "Şəhriyar" adlı
albom-kitab, "Dünya
siyasəti" dərsliyi,
Məhəmməd Füzulinin
"Rind və Zahid"
əsəri, mərhum
publisist və əməkdar mədəniyyət
işçisi, sənətşünas
Elmira Qasımovanın müəllifi
olduğu "Qəlbimin
aynası", Ağa
Hacıbəylinin müəllifi
olduğu, "Füyuzat"
jurnalında dərc edilmiş silsilə məqalələrdən ibarət
"Səadət ocağı - ailə" kitabı, ingilis dili dərsliyi,
BDU-nun dosenti Atamoğlan
Məmmədlinin müəllifi
olduğu milli qəhrəmanımız Mübariz
İbrahimova həsr olunmuş "Şəhidlərə
kəfən lazım deyil" pyesi çap edilmişdir. Yaxın gələcəkdə də
fondumuzun yeni kitab layihələri ilə oxucuları sevindirəcəyik.
- Professor Teymur Əhmədov
ölkədə tanınmış
ziyalılardan biridir. Klassik Azərbaycan
ədəbiyyatı və
yazıçıları onun
əsas tədqiqat obyektləridir. Elə bu
günlərdə Bakı
Dövlət Universitetində
böyük yazıçı
Mir Cəlalla bağlı
tərtib etdiyi möhtəşəm ikicildliyin
təqdimat mərasimində
onun əməyi mötəbər alimlər
tərəfindən qiymətləndirildi.
Belə bir alimin yanında
olmaq sizə nə verir?
- Teymur Əhmədov həm "Füyuzat"
jurnalının baş
redaktoru, həm "İşıq-qadın" jurnalının
qurucusu, eyni zamanda fondumuzun həmtəsisçilərindən
biridir. Demək olar ki, fondun bütün uğurlarında onun əməyi var. Elə bir layihəmiz yoxdur ki, biz onu Teymur müəllimlə
məsləhətləşməmiş həyata keçirək.
Azərbaycanın vətənpərvər ziyalılarından biri kimi, ondan öyrəndiyimiz
və hələ öyrənəcəyimiz çox
şeylər var.
- Sizin Fond "Füyuzat"
və "İşıq"
qəzetlərinə yeni
nəfəs verdi.
Gələcək layihələriniz içərisində bərpasını
düşündüyünüz milli-mənəvi dəyərləri
özündə ehtiva
edən bir mətbu orqanı varmı?
- Əslində çalışırıq
ki, fondun yeni nəfəs verdiyi mətbu orqanlara layiqincə sahib çıxaq. Eyni zamanda iki mətbu orqanı ayaqda saxlamaq və yaşatmaq həm çətin, həm də məsuliyyətli bir işdir. Fond olaraq çalışırıq
ki, jurnalların əməkdaşları sırasına
həm bu gün ictimaiyyətdə öz sözünü demiş ziyalılarımız,
həm də istetadlı gənclərimiz
toplansın. Biz kəmiyyətə deyil, keyfiyyətə üstünlük
veririk. Eyni zamanda araşdırmalarımızı
davam etdiririk. Gələcəkdə belə bir şərait yaranarsa, əlbəttə, bu imkanı dəyərləndirməyə
çalışacağıq.
Nurlan SƏLİM
Bakı Dövlət Universiteti,
Jurnalistika fakültəsinin II kurs tələbəsi
525-ci qəzet.-
2014.- 6 noyabr.- S.4.