"Cəmil Əlibəyov Universiteti"
Cəmil
Əlibəyov 87 il öncə, 1927-ci ilin dekabr ayının
5-də dünyaya gəlmişdi. Bu gün, 2014-cü ilin
oktyabrın 27-də isə 87 yaşında son mənzilə
yola saldıq Cəmil müəllimi. Əzablı-əziyyətli,
enişli-yoxuşlu illər onun ömür kitabına nələr
yazmamışdı?!
Dünyaya
göz açdığı vaxtdan daşıdığı
Əlibəyov soyadındakı "bəy" titulu onu
olmazın əzabları ilə üzbəüz qoyub. Hətta
5 il təhsil aldığı fakültənin - Azərbaycan
Dövlət Universitetinin şərq filologiyası fakültəsinin
sonuncu kursundan elə bu səbəbdən xaric edilib. Sonra yenidən
universitetin tarix fakültəsinin birinci kursuna "ekstern"
yolla qəbul olunub və təhsilini davam etdirib...
1949-cu
ildə sınaq qaydası ilə "Azərbaycan gəncləri"
qəzetinə işə götürülüb. Üç
ildən sonra isə ictimai keçmişi "ləkəli"
olduğuna görə işdən kənarlaşdırılıb
və bir də Stalinin ölümündən sonra əvvəlki
işinə bərpa olunub. İyirmi il ərzində həmin
qəzetdə ədəbi işçi, şöbə
müdiri, məsul katib, son on iki ildə isə qəzetin
baş redaktoru vəzifəsində çalışıb. Həmin
illər ərzində qəzetin tirajı 20 mindən 450 minə
qədər artıb. Və Cəmil Əlibəyov
Ümumittifaq və Respublika qurultaylarına nümayəndə
seçilib...
1970-ci
ildən onun həyatının aktiv fəaliyyət
dövrü başlayıb, daha məsul vəzifəyə, Azərbaycan
Respublikası Radio və Televiziya Verilişləri Komitəsinə
sədr müavini vəzifəsinə irəli çəkilib.
Yeni vəzifədə həyata keçirdiyi ilk iş Azərbaycan
Televiziyasının Moskvada xüsusi müxbir məntəqəsinin
təsis edilməsi olub. Elə həmin illərdə radioda
"Bulaq" verilişinin yaradılmasına görə
"Qızıl qələm" mükafatına layiq görülüb.
Qəzetdə
işlədiyi illərdə ilk oçerklərini ("Əmək
və qəhrəmanlıq", "İlk addımlar",
"Üç bacı") - yazıb çap etdirən
C.Əlibəyovun 1964-cü ildə qələmə
aldığı "Sınaq" romanı azərbaycanlı
geoloq, Sosialist Əməyi Qəhrəmanı Fərman
Salmanovun rəhbərliyilə neftçilərimiz tərəfindən
Sibirdə "qara qızıl" axtarışına həsr
olunmuşdu.
1970-ci
illər C.Əlibəyovun ədəbi
yaradıcılığında yüksəliş illəri
olub. Onun bir-birinin ardınca çap olunan romanları - "Mənim
analı dünyam", "Həyatın özü",
"Dözümlü məhəbbət" böyük
oxucu məhəbbəti qazanıb. "Sınaq" və
"Qayaların göz yaşı" əsərləri rus
dilinə tərcümə olunaraq, "Molodaya qvardiya" nəşriyyatında,
"Mənim analı dünyam" trilogiyası isə
1990-cı ildə "Sovetski pisatel" nəşriyyatında
çap olunub.
C.Əlibəyov
həm də tərcüməçiliklə məşğul
olub və Çingiz Aytmatovun "Ana tarla", "Ağ gəmi",
"İlk müəllim", fransız
yazıçısı Jorj Sandın "İndiana" əsərlərini
dilimizə çevirərək, Azərbaycan oxucularına təqdim
edib...
Özü
haqqında "Mən ilk növbədə özümlə
mübarizə aparıb, bəy və mühacir oğlu
olmağıma baxmayaraq, cəmiyyətə xidmət etmək
üçün gərək olan keyfiyyətləri
özümə aşılamağa
çalışmışam", - deyən Cəmil Əlibəyov
1974-cü ildə C.Cabbarlı adına "Azərbaycanfilm"
Kinostudiyasının direktoru vəzifəsinə təyin
olunub. Onun kinostudiyaya rəhbərlik etdiyi 10 il ərzində ərsəyə
gələn "Dədə Qorqud", "Babək",
"İstintaq", "Ad günü", "Uzun
ömrün akkordları", "Dərviş Parisi
partladır", "Dantenin yubileyi", "Qaynana" filmlərindən
bəziləri müxtəlif kinofestivallarda beynəlxalq
mükafatlara layiq görülüb...
Sonralar
"Azərnəşr", "Yazıçı" kimi nəşriyyatlarda
baş redaktor, direktor vəzifələrində
çalışmış C.Əlibəyov ən nəhayətdə,
"Elm və həyat" nəşriyyatının təsisçi
direktoru olub...
Cəmil
müəllimin ömürnaməsinin qısaca
arayışı yuxarıda deyilənlərdən ibarət
olsa da, onun insanpərvərliyi, xeyirxahlığı, mərdliyi,
vətənpərvərliyi, düzlüyü,
mehribançılığı, qayğıkeşliyi, bir
sözlə, əsl insana xas olan yüksək keyfiyyətləri
haqqında deyilənlərdən kitablar yazılsa da, yenə
az olar.
Son
20 il müddətində onu yaxından tanıyan insanlar arasında
nə yaxşı ki, biz də ("Elm və həyat"
jurnalının üç əməkdaşı - Ülkər
Hüseynova, Mehparə Axundova və mən - M.P.) olmuşuq.
Cəmil
müəllimlə ilk dəfə 1973-cü ildə Azərbaycan
Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib təyinatla
Az.TV-yə işə göndərildiyim zaman tanış
olmuşdum. O, həyat yoldaşıma və mənə
"sakit bir yerdə iş tapsanız, yaxşı olar", -
deyib bizi yola saldıqdan 20 il sonra onunla ikinci dəfə
çalışdığım jurnalın redaksiyasında -
onun dediyi kimi "sakit iş yerində" yenidən
görüşdük. Doğrusu, həmin anlarda heç
ağlıma gəlməzdi ki, bir gün mən də Cəmil
müəllimin ailəsinə yaxın insanlardan biri olaram. Amma
bütün bunlar baş verdi (o, əvvəlcə baş
redaktoru olduğu "Vahid" qəzetini bizim redaksiyanın
binasında yerləşdirdi) və sonra "Elm və həyat"ın
kollektivi ilə qəzetin jurnalist kollektivi elə
qaynayıb-qarışdı ki, kimin qəzetdə, kimin
jurnalda işlədiyini ilk baxışdan ayırd etmək
çətin olurdu. Qəzet bağlandıqdan sonra "Elm və
həyat" nəşriyyatının təsis edilməsi və
Cəmil müəllimin də direktor kimi yenidən fəaliyyətə
başlaması, bizləri də nəşriyyatın işinə
cəlb etməsi, onunla jurnalın əməkdaşları
arasında doğma bir münasibət yaratdı.
1996-97-ci
illərdə müvəqqəti olaraq "525-ci qəzet"in
redaksiyası da bu binaya köçəndən sonra,
redaksiyanın yerləşdiyi ünvan - İstiqlaliyyət
küçəsi, Adil Babayev döngəsi 5 ünvanı Azərbaycanın
tanınmış ziyalılarının - alimlərin,
yazıçı və şairlərin, jurnalistlərin,
naşirlərin üz tutduğu doğma ünvana
çevrildi.
Yeri
gəlmişkən, 7 il bundan əvvəl Azərbaycan
Yazıçılar Birliyinin "Natəvan" klubunda
C.Əlibəyovun 80 illik yubiley tədbirində
çıxış edən görkəmli ədəbiyyatşünas
alim, akademik, nəcib insan Bəkir Nəbiyevin dediyi sözləri
xatırlamaq istəyirəm. Cəmil müəllimin qəzetdə
işlədiyi illəri yada salan Bəkir müəllim onun xeyirxahlığından
danışarkən, müəllif yazıları üzərində
necə diqqət və həvəslə işləməyindən
və hətta kömək məqsədilə bir ştatı
2 yerə bölərək, 2 nəfərin işləməsinə
şərait yaratmağından, "qonorar" almaları
üçün onların əvəzinə məqalə
yazmasından danışdı. Bəkir müəllim
çıxışını belə tamamlamışdı:
"Cəmil Əlibəyovdan danışanda, mənim
yaddaşımda bir söz birləşməsi canlanır: Cəmil
Əlibəyov Universiteti. Bu, insanlıq universitetidir. Eyni zamanda, adama tək yazar
yox, adam olmağı öyrədən
universitetdir. Böyük iftixarla deyə bilərəm
ki, mən də bu universitetin məzunuyam".
O vaxt
çıxış edənlərin hər biri - Xalq
yazıçısı Anar, Çingiz Abdullayev, Seyran Səxavət,
Rəşad Məcid, sənətşünas Aydın
Dadaşov, Xalq artisti Amalya Pənahova, kinoşünas Aydın
Kazımov, jurnalist Tahir Aydınoğlu Cəmil müəllim
barədə çox yüksək fikirlər söyləmişdilər...
Bu gün
də, yəni oktyabrın 27-də, Cəmil Əlibəyovu
son mənzilə yola salanların sırası elə 7 il əvvəlkinə bənzəyir. Ancaq
çöhrələrə həkk olunmuş hüzn və kədər
vida mərasiminin sona çatdığını bildirirdi...
Bu gün
çıxış edənlər - Yazıçılar
Birliyinin katibi Rəşad Məcid, yazıçı Seyran Səxavət,
kinoşünas Aydın Kazımov, "Xalq" qəzetinin
redaktor müavini Tahir Aydınoğlu bir daha Cəmil müəllim
haqqında xoş xatirələrini dilə gətirdilər.
Rəşad Məcid Cəmil müəllim haqqında
danışarkən, 1996-97-ci illərdə onu daha yaxından
tanıdığını vurğulayaraq, qeyd etdi ki, Cəmil
Əlibəyov elə bir şəxsiyyətdir ki, onunla
yaşlı nəsil də, orta və gənc nəsil də fəxr
edə bilər. Çünki o, yaşından asılı olmayaraq, hər
kəslə "öz dilində" danışmağı
bacarırdı və ünsiyyətdə olduğu
insanları maqnit kimi özünə cəlb edirdi...
Seyran Səxavət
isə hələ 55 il bundan əvvəl Cəmil
Əlibəyov o vaxt bizlərə möcüzə kimi
görünən Amerikanı səyahət edəndə, bizlər
onunla görüşməyə, onun söhbətlərini dinləməyə
məqam axtarardıq, - dedi. Seyran müəllim
böyük fəxrlə "Azərbaycan gəncləri"
qəzetinin 60-cı illər nəslinin bir araya gəldiyi ən
doğma, ən əziz ocaq olmasından, həmin illər ədəbi
nəslinin yetişməsində Cəmil Əlibəyovun əvəzolunmaz
rolundan həvəslə, yana-yana danışdı. Onun elə bu dünyadakı əməlləriylə
"cənnətin ən gözəl bir guşəsində"
özünə yer tutduğunu vurğuladı.
"Xalq"
qəzetinin baş redaktorunun müavini Tahir Aydınoğlu isə
C.Əlibəyovun xidmətlərindən danışarkən,
onun Qarabağ hadisələri zamanı (o dövrdə
C.Əlibəyov "Xalq" qəzetinin baş redaktoru idi)
xalqla birliyindən və bu yolda gördüyü işlərdən
danışdı...
7 il əvvəl,
80 illik yubiley tədbirində olduğu kimi, sonda yenə Cəmil
müəllimin ailəsi adından yaxın qohumu, professor Sərdar
Quliyev çıxış edərək, mərasim
iştirakçılarına təşəkkür etdi və
beləcə, nəmli gözlər, kədərli
baxışlar əziz bir insanı son mənzilə yola
saldı...
"İstiqlal
tariximizin yeni səhifələri açılarkən,
"Elm və həyat" jurnalı seçim yerimiz, isti
yaradıcılıq yuvamız oldu", - deyən Cəmil
Əlibəyov həqiqətən də o "yuva"da elə
ab-hava yaratmışdı ki, hər kəs özünü
rahat hiss edir, hətta çətinliklərlə
rastlaşanda da, Cəmil müəllimin məlhəm məsləhətləri
hər birimizin gərəyi olardı. Cəmil müəllimin
yanına istər kitab çap etdirmək üçün,
istərsə də hər hansı bir iş üçün
gələn insanlar tez bir zamanda onunla dostlaşardılar. Sonda bizim də "qazanc"ımız yeni
insanlarla tanışlıq olardı. Bu səmimi
münasibətlər Cəmil müəllimi bizə çox
doğmalaşdırmışdı. O, nəşriyyata
kənardan yeni işçi cəlb etmədən, jurnal əməkdaşlarının
köməyi ilə nəşriyyatın işlərini elə
planlaşdırmışdı ki, sanki bizim hər birimiz elə
əvvəldən onunla birlikdə işləmişdik.
Rəhbərliyi və yaradıcı kollektivi gənclərdən
ibarət olan "525-ci qəzet"in əməkdaşları
da Cəmil müəllimi özlərinə doğma hesab
edirdilər.
Cəmil müəllimin yaxın dostu, jurnalist həmkarı
Azad Şərif həmişə onunla bir yerdə olardı. Azad müəllimin
özünəməxsus duzlu-məzəli zarafatlarını
Cəmil müəllim çox məmnunluqla qəbul edər və
bizlərin də onunla ünsiyyətdə
olmağımızı, "canlı ensiklopediya"dan
faydalanmağımızı tövsiyə edərdi.
Vaxtilə vəzifə pillələrini yalnız öz
istedadı və yüksək təşkilatçılıq
bacarığı ilə fəth etmiş Cəmil müəllimin
insanları müşahidə etməklə fərqləndirmək
qabiliyyəti də başqalarından fərqlənirdi. Ancaq heç
kəsə münasibətini açıq-aydın bildirməzdi.
Doğrusu, Cəmil müəllim bizim kollektivdə
Bacılar adlandırdığı üç nəfərə
- jurnalın baş redaktoru Ülkər Hüseynova,
şöbə müdiri Mehparə Axundovaya və mənə
daha çox etibar edirdi. Hər üçümüz nəşriyyatda
çapa hazırlanan onlarla kitabın redaktoru olmuşuq və
Cəmil müəllimdən nəşriyyat işlərini incəliklərinə
qədər öyrənməyə
çalışmışıq. (Yeri gəlmişkən,
indi hər üçümüz AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər
şöbəsində elmi jurnalları nəşrə
hazırlayırıq. - M.P.) Son illərdə
Cəmil müəllimin səhhətində yaranan problem (o, səsini
itirmişdi) bizləri ona daha diqqətli olmağa vadar etdi,
çünki o, fikirlərini yalnız yazılı şəkildə
tam çatdıra bilirdi...
Sonralar nəşriyyatın ünvanını dəyişsə
də, (artıq "Elm və həyat" nəşriyyatı
Cəmil müəllimin yaşadığı binada fəaliyyət
göstərirdi) bizimlə olan əməkdaşlığını
davam etdirirdi.
Sevimli qızı, təcrübəli həkim,
tibb elmləri namizədi Nigar xanımın vasitəsilə
bizi axtarıb tapırdı. Biz də
(M.Axundova ilə mən) ona baş çəkməyi
özümüzə borc hesab edərdik). 2007-ci ildə
Cəmil müəllim bizi çağırtdırıb dedi:
- Bilirsiniz ki, mən neçə illərdir Ömürnaməmi
hazırlamaqla məşğulam. Bu işdə
Nigar da mənə çox kömək edir. İstəyirəm ki, kitabın son variantını
siz ikiniz oxuyasınız, razılaşmadığınız
şeylər olsa, birlikdə yoluna qoyarıq. Beləliklə, Cəmil müəllim kitabı
oxumaq üçün bizə verib xahiş etdi ki, nə qədər
tez oxusanız, o qədər yaxşı olar. O,
kitabın tərtibatı zamanı da bizim fikirlərimizi
soruşub öyrənirdi. Hər ikimiz Cəmil
müəllimin "Zəmanələrlə üz-üzə"
adlı 480 səhifəlik kitabını səbr və maraqla
oxuyub sona çatdırdıq və 2008-ci ildə çox
gözəl tərtibat və səliqə-səhmanlı bir
kitab işıq üzü gördü. C.Əlibəyov
bu kitab barədə yazırdı: "300 il əvvəldən
başlayıb, neçə zəmanənin içindən
keçən şəcərə həyatımız, nəhayət
ki, kağıza köçürüldü".
Onu yaxından tanıdığımız müddət ərzində
müşahidə etmişdim ki, Cəmil müəllim kiməsə
kitab bağışlayanda, heç vaxt sözə xəsislik
etməzdi. Hər kəsə özünə uyğun və
ürəkdən gələn sözlər yazardı. Mənə
bağışladığı kitaba yazdığı son
"məktubu" kiçik bir ixtisarla təqdim edirəm:
"Əzizimiz Maral xanım!
Artıq az qala iyirmi ilə yaxındır ki, biz "Elm
və həyat"ın səmimi ailəsində isti bir
mühitin övladlarıyıq. Burada, kürsülü otaqda
dünyanın yaxşısını-pisini görmüş
sizlərlə birlikdə zəmanələrin dərd-sərini
çəkmişik...
...Tale səni
nələrləsə sındırmaq istəyib, ancaq sən
öz mübarizliyinlə bizə örnək olmusan! Bir vaxtlar
radioda birgə işləməyə məmur kimi
razılıq vermədiyimin
peşmançılığını isə çəkmirəm!
Orada işləmiş olsaydın, ömrümün
yaşlı vaxtında mehriban insanlara ehtiyac duyduğum zaman səninlə
bacı-qardaş münasibətimizdən məhrum olardım!
Qoy
redaktoru olduğunuz bu kitab bizim ailəvi
yaxınlığımızı sizə daim
xatırlatsın!
Zəhmətinizi
halal eləyin!
Sizin Cəmil müəllim. 2008".
Əzizimiz
Cəmil müəllim! Təəssüf ki, bizim Sizdən
halallıq almaq imkanımız olmadı!
Ruhunuz
şad olsun!
6 noyabr 2014-cü
il.
Maral Poladova
525-ci qəzet.-
2014.- 7 noyabr.- S.8.