Arifli günlərin hekayəti
Bu gün - bir payız günü onun xatirəsi bir daha anılacaq. Özü də
payızda dünyaya gəlmişdi. Amma mən
heç vaxt onu payız adamı kimi xatırlamıram. Üz-gözündə, təbəssümündə sanki
baharın gəlişini
xatırladan cizgilər
yuva salmışdı.
Bəlkə də bu, subyektiv fikrimdi, amma Arifin gülər
üzü, bütün
dostlarına işıqlı
münasibəti məndə
belə bir təəssürat oyadıb.
İndi ölüm haqqında, dünyadan köç edən adamlar barədə yazılar dərc edilir. Amma bu yazıda mən Arifin ölümündən
doğan nisgilimi, kədərimi ifadə etməyəcəyəm. Onsuz
da "Dünyaya gələn getmək üçündür, bu
nə qəmdir" (S.Əzim)... Onsuz da nə qədər özümüzə
təsəlli versək
də, Arifi geri qaytara bilməyəcəyik.
Arif haqqında, onun şəxsiyyəti, alimliyi,
natiqliyi, tənqidçiliyi
barədə düşündüklərimi
yazmaq istəyirəm.
Biz ədəbiyyata yetmişinci
illərdə gəlmişik. Aydın
Məmmədov, Kamil Vəli, Nadir Cabbarlı, Cahangir Məmmədli, İsa Həbibbəyli, Rəhim Əliyev, Şirindil Alışanlı,
Nizaməddin Şəmsizadə,
Qurban Bayramov, Rahid Ulusel, Məryəm
Əlizadə, İlham
Rəhimli və əlbəttə, Arif Əmrahoğlu. Mən onun tələbəlik illəri barədə heç bir söz deyə bilmərəm-necə oxuyub,
necə seçilib.
Amma onu deyə bilərəm
ki, Arif elə ilk yazılarından
professionallığı ilə
seçilirdi. Adətən,
hər bir qələm əhlinin, xüsusilə, tənqidçinin
böyük ədəbiyyat
qapısı ağzında
"məşqləri" olur, sonra formalaşma
dövrü və nəhayət, o qapıdan
şəstlə içəri
girirsən. Arif böyük ədəbiyyat
qapısına məşqsiz
daxil oldu. Yazılarındakı məntiqi təfəkkür,
mətn ardıcıllığı,
fikir bütövlüyü
dərhal nəzərə
çarpırdı və
bu sistem son yazılarına qədər
onun qələmini tərk etmədi.
Bizim ədəbi
prosesdə xalis, sırf tənqidçi
tipi tapmaq çətindir
və mən deyim ki, ədəbiyyatşünasların
heç də hamısı tənqidçi
deyil, amma tənqidçilərin hamısı
həm də ədəbiyyatşünasdırlar. Arif özündə
bu iki fəaliyyət
sahsini birləşdirmişdi.
Daha doğrusu, o, elə əvvəldən sintez halında idi. Ədəbi tənqidə xas olan müasirlik hissini, emosionallığı
Arifin "Nəsrin poetikası", "Epik sözün bədii gücü" monoqrafik tədqiqatlarında da hiss
edirik. Eyni zamanda, ədəbiyyatşünaslıqdan
gələn konseptuallıq,
fakta, informasiyaya, mənbə və məxəz qaynaqlarına
istinad edilməsi onun tənqidi yazılarına də təsir edirdi. Arifin şəxsində ilk növbədə,
bir nəzəriyyəçi
-alim tipini görürük. Bu ən mühüm amil bir çoxlarına
müəssər deyildi.
Nəzəriyyə ilə silahlanmadan
nə ədəbiyyat
tarixini, nə də müasir ədəbi prosesi anlamaq və qiymətləndirmək mümkün
deyil.
Arifin tənqidçi-alim üslubu hamımızın yazdıqlarından seçilirdi və bu məqamda mənə doğma olan bir insanın - Cavanşir Yusiflinin Arif haqqında çox dəqiq bir mülahizəsini xatırlatmaq istəyirəm: "Onun bütün yazılarından adi söhbət zamanı necə ağır-ağır danışırsa, dərinlərdən gələn inamlı səsini eşidirsən. Qəribə deyilmi: son dərəcə ağır, çətin başa düşülən üslub və adi danışıq tonu, müəllifin öz səsi... Qəribə deyil, son dərəcə orijinal bir üslub bəlirtisidir. Bu üslub ənənəvi və moderndir, bu ikisinin gözəl vəhdətidir. Arif hər hansı bir əsərdən, yaxud ədəbi hadisədən bəhs edərkənçox uzaqlardan başlayır və çox uzaqlara gedir, ortada, oxunun hansı məqamındasa hiss edirsən ki, daha əsər, əsas mətləb yaddan çıxdı, ancaq bir azdan mahir ümumiləşdirmə qabiliyyəti üzə çıxır, mətnin bu və ya digər xüsusiyyətləri haqqında elə mülahizələr irəli sürülür ki, indiyə qədər deyilənlərin hədər olmadığına bir daha qəti şəkildə inanırsan".
Ariflə əməkdaşlığım səksəninci illərdən başlandı. "Azərbaycan" jurnalında tənqid və ədəbiyyatşünaslıq şöbəsi mənə tapşırılmışdı və mən yaşıdım olan, ya məndən yaşca kiçik olan cavan həmkarlarımla tez dil tapdım. İlk növbədə, Arifə müraciət etdim. Yaxşı yadımdadır ki, Ramiz Rövşənin "Göy üzü daş saxlamaz" şeirlər kitabı haqda bir neçə tənqidçiyə sifariş verdim, amma heç kim yazmadı. Arifsə yazdı. O, Ramiz Rövşənin təkcə şeirlərindən danışmadı, həm də onun şair portretini yaratdı. Ramiz Rövşəndən çox məqalələr yazılıb, amma deyərdim ki, Arifin yazısı onların hamısından seçilir. O məqalədən bir neçə cümləni yaddaşımda əbədi həkk eləmişəm: "Şərti olaraq poeziyanı iki yerə ayırmaq mümkündür: qapının kandarına qədər gəlib çıxan - dünyanın çölündən danışan poeziya və qapını açıb keçən - dünyanın içindən danışan poeziya. Ramiz Rövşənin şeirləri dünyanın içindən, insanın təfəkkür dramından, anlamaq faciəsindən danışan poetik nümunələrdir. Yəqin elə buna görədir ki, şair, cavabını insanın ömrü boyu tapa bilmədiyi suallara meyl göstərir, adi, vərdiş eləmədiyimiz düşüncə tərzinə, anlayışlara yeni gözlə, qapının arxasındakı dünyanın məntiqinə və özünəməxsusluğuna uyğun mövqedən yanaşmağa üstünlük verir. Onun şeir dünyası real həyatın ölçülərinə, məntiqinə və prinsiplərinə uyğun gəlmir".
Əgər belə demək mümkünsə, Arif Əmrahoğlu istər tənqidçi, istərsə də ədəbiyyatşünas kimi mühakimə yürütməyi çox sevirdi, ancaq bu mühakimələr quru bir tonda aparılmırdı, Arif ona emosional ovqat qatmağı bacarırdı. Mən bunu "Natəvan" klubunda keçirilən tədbirlərdə Arifin aparıcı olduğu məqamlarda daha çox hiss etmişəm. O, bu tədbirlərdə həmişə sözü birinci deyirdi, yəni tədbirin məzmununu şərh edirdi. Bu, adicə şərh deyildi, həm də haqqında danışılan əsərin ya yazıçının yaradıcılığının düsturu idi. Yaxşı yadımdadır: Arif mərhum şair İsa İsmayılzadənin xatirə gecəsində mümkün qədər qısa, amma son dərəcə maraqlı giriş sözü söylədi. Sonralar, İsanın 70 illiyində Arif "Azərbaycan" jurnalında İsa İsmayılzadənin xatirəsini yad edən bir yazı ilə çıxış etdi. O yazıdan bir neçə sətri burada misal gətirmək istəyirəm: "Şeir İsa İsmayılzadə üçün həyatın hələ adiləşməmiş tərəflərinin ifadə vasitəsi idi. Onun şeirlərini oxuduqca bəzən mənə elə gəlir ki, o, bir çoxları kimi sadəcə olaraq bu gün hökmən şeir yazmalıdır deyə əsər yaratmamışdır. Gündəlik ömründə bəzən susaraq hirsini içinə töküb, bəzən etiketlərə əməl etməklə boğula-boğula qalıb, bəzən başqasını qızartmamaq üçün özünü görməməzliyə, eşitməməzliyə, bilməməzliyə vurub, bəzən də normal insani kodeksə uyğun gəlməyən halları norma kimi təqdim etməyə çalışanların əvəzinə utanıb... İsa İsmayılzadə şairliyin Siziflik olduğunu dərk edə-edə yazıb-yaratmağını davam etdirirdi. Yox, özünü aldatmırdı, susmağa üstünlük verdiyi fərqli bir mənəvi dünya yaradırdı. Yaratdığı mənəvi dünyada bəndə termos şüşəsi kimi çilik-çilik olub içinə tökülmür, bir zaman qanadlarının olduğunu etiraf edə bilir, sevinc oyuncağının xiffətini dilinə gətirə, payızın fikrini bilmək üçün ağac, yarpaq, budaq olmaq lazım gəldiyini deyə bilir".
İsa İsmayılzadə ilə uzun müddət bir redaksiyada işləmişəm, məni onun redaktor müavini kimi fəaliyyəti deyil (bu sahədə əvəzsiz idi), bir insan və şair kimi xarakteri daha çox maraqlandırırdı və baxıb görürəm ki, Arif Əmrahoğlunun İsa haqqında mülahizələri necə də doğrudur, yüzdə yüz həqiqətdir.
Arif Əmrahoğlu o böyük tənqidçi-ədəbiyyatşünas potensialı ilə müqayisədə çox az yazdı. Bəlkə də uzun illər BDU-da müəllimlik fəaliyyəti, Yazıçılar Birliyində katib işləməsi ona imkan vermədi düşündüklərini yaza bilsin. Amma nə yazdısa, yaxşı yazdı. O, tənqidçi Nadir Cabbarlının ölümünə çox təəssüflənirdi, amma bilmirdi ki, qaşla göz arasında olan ölüm bir gün onu da yaxalayacaq.
Arif Əmrahoğlunu vəzifə adamı kimi səciyyələndirmək istəmirəm. Ancaq Katiblik karyerasında onun necə işgüzar və təşkilatçı olduğunu dönə-dönə izləmişəm. O, Yazıçılar Birliyinin sadəcə Katibi deyildi, həm də bu müqəddəs ocağın fanatiki idi. Təsadüfi deyil ki, ölümündən az əvvəl Ədəbiyyat İnstitutundakı şöbə müdirliyi vəzifəsindən də imtina etdi, "Birlikdə görülməli işlər çoxdur" dedi. Həmişə gənclərlə ünsiyyət qurur, onların Birliyə üzv qəbul olunmasında, kitablarının işıq üzü görməsində səyini əsirgəmirdi.
Və burada bir məqamı da qeyd edim: Arif Əmrahoğlu çox təvazökar insan idi. Bizim nəsil arasında professor olanı da, EA-nın müxbir ya həqiqi üzvü olanları da var. O, bir il asudə vaxt tapsaydı, doktorluğunu da yazıb tamamlayardı. Amma istəmədi və bu məsələni ona söyləyəndə eyni cavabı verirdi: "Dostların canı sağ olsun, onların doktorluğu elə mənim sevincimdir". Bəli, zahirən çox ciddi adam təsirliyi bağışlayan bu adam təvazö mücəssiməsiydi. Dostlarımızdan biri həmişə çıxış eləyəndə "mən" kəlməsini işlətməkdən, özünün adi bir xidmətini qeyri-adi bir iş kimi nəzərə çarpdırır. Arif isə iş görürdü, amma "mən-mən" demirdi. Dostlarımızdan biri ortabab yazıçılardan monoqrafiyalar hasilə gətirir, ədəbiyyata az dəxli olan o yazıçıları az qala Tolstoya bənzədir. Arif isə ömründə belə prinsipsizliyə yuvarlanmayıb. O, təmiz idi.
İndi Arif yoxdur. Altmış yaşını görmədən, qeyd etmədən, onun sevincləri ilə yaşamadan dünyanı tərk etdi. Amma bir təsəllimiz var ki, biz Arifli günlər yaşamışıq, biz onu sevmişik, biz onu bir tənqidçi-ədəbiyyatşünas kimi etiraf etmişik, biz onun səsini eşitmişik, mənalı sözlərinə qulaq asmışıq. Elə bilirəm, ömrümüzün sonuna kimi Arifli günlərimiz davam edəcək...
Vaqif YUSİFLİ
525-ci qəzet.-
2014.- 7 noyabr.- S.8.